Məhkəmə qərarları › İş №e-2-2(113)-135/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-135/2024

27.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-135/2024 27.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 Cavada qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: vurulmuş ziyanın ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 Cavada qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. 12.12.2022-ci il tarixli X2 Şəhadətnaməsinə əsasən “Mercedes Bens GLE 350” markalı, ** AE *** dövlət qeydiyyat nömrəli avtomobil İddiaçı MMC-nin xüsusi mülkiyyətindədir.

2. 08.11.2022-ci il tarixli X2 Şəhadətnaməsinə əsasən “Geely Emgrand” minik markalı, **-AG-*** dövlət qeydiyyat nömrəli avtomobil Cavabdeh1 MMC-nin xüsusi mülkiyyətindədir.

3. Xəzər rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən “Geely Emgrand” minik markalı, ** AG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh2 Cavad xx.xx.2023-cü il tarixdə Mərdəkan-Buzovna yeni yol ərazisində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməklə AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyindən 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.

4. Cavabdeh2 Cavadın xx.xx.2023-cü il tarixli izahatı ilə müəyyən olunur ki, R. Yousefzadehkhameneh etibarnamə ilə idarə etdiyi “Geely Emgrand” minik markalı, ** AG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsini törətmiş, və Mercedes Bens markalı avtomobilə ziyan dəymişdir.

5. X5 xx.xx.2023-cü il tarixli izahatı ilə müəyyən olunur ki, K.Şirinli yol vərəqəsi ilə idarə etdiyi “Mercedes Bens GLE 350” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə “Geely Emgrand” minik markalı, ** AG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qəflətən yola çıxan və ona yol verməmiş, nəticədə avtomobillər toqquşmuş və onun avtomobilinə ziyan dəymişdir.

6. 16.02.2023-cü il tarixli vəkalətnamədən görünür ki, Cavabdeh1 MMC sürücüsü Cavabdeh2 Cavada şirkətə məxsus “Geely Emgrand” minik markalı, ** AG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı vəkalətnamə verilmiş və vəkalətnamə xx.xx.2023-cü il tarixinə qədər etibarlıdır.

7. Minik avtomobili üçün 010 nömrəli yol vərəqəsindən görünür ki, İddiaçı sürücü X4 “Mercedes Bens GLE 350” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı xx.xx.2023-cü il tarixdə yol vərəqəsi verilmiş və yol vərəqəsi xx.xx.2023cü il tarixinə qədər etibarlıdır.

8. "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktına əsasən “Mercedes Bens GLE 350” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtomobilinin ehtiyat hissələrinə tələb olunan xərc 15165 manat, işçilik (digər) xərclər 3720 manat olmaqla, cəmi 18885 manat təşkil edir.

9. 13.04.2023-cü il tarixli ödəniş tapşırığı ilə müəyyən edilir ki, sığorta ödənişinə görə 5000 manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən İddiaçı hesabına ödənilmişdir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2024-cü il tarixli, 9/8944 saylı ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 3 №-li qüsur aktı məlumatlarına əsasən 2015-ci il buraxılışlı mühərrik həcmi 3000 sm3, "Mercedes Benz” markalı, “GLE 350” model, ** AE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir:

1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 16875 manat, o cümlədən: Dəyişilməli hissələrin qiyməti - 14045 manat; Təmir- bərpa işlərinin qiyməti - 2740 manat.

2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 12872 manat, o cümlədən: Dəyişilməli hissələrin qiyməti - 10132 manat; Təmir- bərpa işlərinin qiyməti - 2740 manat. Nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422 nömrəli məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan, 2015-ci il buraxılışlı mühərrik həcmi 3000 sm3, “Mercedes Benz” markalı, “GLE 350” model, ** AE *** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı e- 2-2(113)-3642/2023 nömrəli mülki iş materiallarında olan qüsur aktı əsasında hesablanır.

11. İddiaçı MMC tərəfindən Cavabdeh1 MMC-yə xx.xx.2023-cü il tarixli pretenziya məktubu ünvanlanaraq borcun xx.xx.2023-cü ilədək ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir.

12. Cavabdeh1 MMC-yə aid Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ƏMAS portalından çıxarışdan görünür ki, Cavabdeh1 MMC-nin işçilərinin arasında Cavabdeh2 Cavadın adı keçmir (yoxdur).

II. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

13. İddiaçı Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC tərəfindən törədilmiş delikt nəticəsində vurulmuş maddi ziyan üzrə 13.885 manat, mediasiyanın həyata keçirilməsi üçün çəkilmiş xərclərin əvəzi olaraq 200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 148 (133 manat iddia ərizəsi üçün, 15 manat da müvəqqəti təminat tədbirinin verilməsinə görə) manat məbləğində pul vəsaitinin, ümumilikdə 14.233 manat məbləğində pul vəsaitinin Cavabdeh1 MMC-dən tutularaq (alınaraq) İddiaçı MMC-yə ödənilməsi (verilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, MERSEDES BENZ, GLE 350 minik, ** AE *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsusdur. Nəqliyyat vasitəsinin idarə olunması X3 olmuş və bu barədə də müvafiq 010 nömrəli yol vərəqəsi verilmişdir. Nəqliyyat vasitəsi Kənan Şirinlinin xx.xx.2023-cü il tarixdə yenə də sahiblik və idarə etməsində olan zaman, saat 11:35 radələrində, hazırki iş üzrə cavabdehə məxsus olan, GEELY-EMGRAND MİNİK markalı, ** AG *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini isdarə edən, İran İslam Respublikasının vətəndaşı, Cavabdeh2 yol hərəkəti qaydalarını pozmaqla qəza törətmişdir. Qəzanın törədilməsindən sonra müvafiq qaydada inzibati araşdırma aparılmış və müəyyən olunmuşdur ki, cavabdehin adından çıxış etmiş, Cavabdeh2 əməllərində AR-nın İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tərkib əlamətləri vardır və o həmin maddənin tələbləri üzrə 40 (qırx) manat məbləğində cərimə olunmuşdur. Bu barədə Xəzər RDYPŞnin əməkdaşı polis leytenantı X6 tərəfindən xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə barədə qərar qəbul olunmuşdur. Qeyd olunan qərarın verilməsinə qədər araşdırma zamanı, yol nəqliyyat hadisəsinin sxemi, tərəflərin izahatları və bu kimi digər hüquqi prosedur addımlar atılmış və yekunda da qeyd olunan qərar qəbul olunmuşdur. Qeyd olunan hadisə zamanı iddiaçıya məxsus olan avtomaşın zədələnmiş və mühüm zərər vurulmuşdur. Bu hal ilk növbədə DYPŞ-nin 043379 nömrəli arayışı ilə təsdiq olunmuşdur. Baş vermiş hadisədən sonra iddiaçıya məxsus olan avtomaşına vurulmuş ziyanın nə qədər təşkil etməsinin dəqiqləşdirilməsi üçün iddiaçı nəqliyyat vasitəsini "xxxx" şirkətinə aparmış və orada yoxlandıqda müəyyən edilmişdir ki, nəqliyyat vasitəsini əvvəlki vəziyyətinə qaytarılması, yəni tam düzəldilməsi üçün ümumilikdə 18.885 manat məbləğində vəsait lazımdır. Qeyd olunan vəsaitin 5.000 manat məbləğini "xxxx" ASC tərəfindən ödənilmiş və vurulmuş maddi ziyan məbləğindən 13.885 manat borc qalmışdır. Hal-hazrda, cavabdehin bu hərəkətləri onun borcunun ödənilməsi üçün müvafiq məhkəmə qərarının çıxarılması üçün əsasdır. Odur ki, verilmiş iddia tələbi təmin olunmalı və cavabdeh tərəfindən delikt nəticəsində vurulmuş ziyan iddiaçıya ödənilməsi barədə müvafiq qətnamə qəbul olunmalıdır.

15. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 və 1099-cu maddələrinə istinad etmişdir

b) İddiaya qarşı etirazın dəlilləri

16. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

c) İşdə iştirak edən şəxslər və onların izahatları

17. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh1nə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iş üzrə Cavabdeh2 Cavad müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

18. Daha sonra müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Cavabdeh2 Cavad cavabdeh qismində işə cəlb edilmişdir

19. Cavabdeh2 Cavad məhkəməyə ərizə ilə müraciət edərək, bildirmişdir ki, iddiaçıya maddi ziyan onun tərəfindən yetirilmiş və ekspert tərəfindən müəyyən edilmiş ümumi ziyanın məbləği olan 12872 manatı qəbul etmək şərti ilə iddianı qismən qəbul edir və sığorta şirkəti tərəfindən ödənilmiş məbləğ çıxıldıqdan sonra yerdə qalan məbləği ödəməyə hazırdır.

20. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Nümayəndə məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, onlar iddianı həm hüquqi, həm fiziki şəxsə qarşı irəli sürmüşlər. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Cavabdeh1 MMC tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi üçün sürücüyə verilmiş etibarnamə X7 qeydiyyata alınmamışdır və iddiaçı bununla qanun pozuntusuna yol vermişdir. Bu səbəbdən iddianı hər iki cavabdehə qarşı qaldırmışlar. Etibarnamənin qeydiyyata alınmamasını təsdiq edən sənədi məhkəməyə təqdim edəcəkdir.

21. Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, ekspert rəyində qeyd edilən məbləğlə razıdırlar. Çünki hazırki dövrdə hamı istifadə olunmuş ehtiyat hissələrini istifadə edir, yenisi ilə əvəz etmirlər. Həmin maşının təmirinə 10000 manat, maksimum 12000 manat xərc çəkilə bilərdi. Vəkil2 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, hesab edirlər ki, pul vəsaiti sürücüdən tutulmalıdır. Həmin sürücü şirkətin işçisi olmayıb. Cavabdeh2 Cavad Cavabdeh1 şirkətinin işçisi olmayıb. O “İmperial Seramik” şirkətinin işçisidir. Sadəcə olaraq Cavabdeh1 şirkəti onun işlədiyi şirkətlə Luxen Plaza biznes mərkəzində bir ofisdən istifadə edirlər. İki şirkətin müəyyən iş birliyi olanda bir-birinin texniki vasitələrindən istifadə edirlər. Bu səbəbdən hansısa bir iş birliyi olanda onların nəqliyyat vasitəsindən istifadə edə bilməsi üçün onlar həmin şəxsə etibarnamə vermişlər. Yol hadisəsi baş verən zaman Cavabdeh2 Cavad onların şirkətinin tapşırığını icra etmirdi, həmin günü o, avtomobildən şəxsi məqsədlər üçün istifadə etməsi ilə bağlı onlara müraciət etmiş, onların rəhbərliyi etiraz etməmişdir. Cavabdeh2 Cavadın “İmperial Seramik” şirkətində hansı vəzifədə işləməsi barədə dəqiq məlumatı yoxdur.

22. Cavabdeh2 Cavad məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

23. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh2 Cavadın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

24. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

25. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)

IV. TƏTBİQ EDİLƏN HÜQUQ

26. AR Mülki Məcəlləsinin: - 362.5-ci maddəsinə görə hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilir. - 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1097-ci maddəsinə görə mülki hüquq pozuntusunun (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. - 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. - 1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

27. AR MPM-in: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokola qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir . - 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. - 106.3-ci maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1-ci maddəsinə görə 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 220.4-cü maddəsinə əsasən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

28. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

29. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

30. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, Cavabdeh1 MMC-nin mülkiyyətində olan “Geely Emgrand” minik markalı, ** AG *** dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsü Cavabdeh2 Cavad tərəfindən törədilmiş mülki hüquq pozuntusu delikt nəticəsində "xxxx" ASC-də nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış İddiaçı mülkiyyətində olan “Mercedes Benz” markalı, “GLE 350” model, ** AE *** dövlət qeydiyyat nömrəli avtomobilə maddi zərər dəymişdir. "xxxx" ASC tərəfindən nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləyə əsasən sığortalanmış avtomobilə dəymiş zərərdən 5000 manat məbləğində sığorta ödənişi etmişdir. Hazırda iddiaçı yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərdən sığorta şirkəti tərəfindən ödənilmiş 5000 manat məbləğ çıxıldıqdan sonra yerdə qalan 13.885 manat məbləğində pulun ödənilməsini cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 Cavaddan tələb edir.

31. İşin mübahisəli halları vurulmuş zərərin məbləği və vurulmuş zərərə görə kimin məsuliyyət daşıması ilə bağlıdır.

32. Vurulmuş zərərə görə kimin məsuliyyət daşıması məsələsinə gəldikdə məhkəmə qeyd etməyi zəruri sayır ki, yol-nəqliyyat hadisəsini törədərkən Cavabdeh2 Cavadın “Geely Emgrand” minik markalı, ** AG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ verən etibarnaməsi (vəkalətnaməsi) olmuş, yəni sonuncu avtomobilə qanuni əsasla sahiblik etmişdir.

33. Belə olan halda isə Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələblərinə uyğun olaraq yüksək təhlükə mənbəyi olan avtomobilin vurduğu zərərə görə məsuliyyət avtomobilə qanuni əsasla sahiblik edən şəxs olan Cavabdeh2 Cavadın üzərinə qoyulmalıdır.

34. Cavabdeh1 MMC-nin adından Cavabdeh2 Cavada verilmiş etibarnamə X7 qeydiyyata alınmadığından sonuncunun avtomobilə qanuni əsasla sahiblik edən şəxs olmaması barədə iddiaçının dəlillərinə münasibətdə qeyd edilməlidir ki, hüquqi şəxsin adından verilmiş sözügedən etibarnamə həmin hüquqi şəxsin rəhbərinin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla, yənui Mülki Məcəllənin 362.5-ci maddəsində nəzərdə tutulmuş forma tələblərinə uyğun şəkildə verilmişdir.

35. Bundan əlavə Cavabdeh2 Cavad məhkəməyə yazılı ərizə ünvanlayaraq ümumi ziyanın məbləği olan 12872 manatı qəbul etmək şərti ilə iddianı qismən qəbul etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh2 Cavadin iddianı qismən etiraf etməsi qanunazidd deyildir və üçüncü şəxslərin qanunla qorunan hüquqlarını pozmur.

36. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı avtomobilin mülkiyyətçisi Cavabdeh1 MMC-yə qarşı iddia tələbinə əsas kimi Mülki Məcəllənin 1099.1-ci maddəsinə də istinad etmişdir.

37. Həmin maddəyə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

38. Göstərilən dəlilə münasibətdə məhkəmə qeyd edir ki, hazırkı halda avtomobilin idarə edən Cavabdeh2 Cavadın Cavabdeh1 MMC-nin işçisi (əmək müqaviləsi əsasında iş görən fiziki şəxs, habelə mülki hüquq müqaviləsi üzrə iş görən şəxs) olmaqla mülki-hüquq pozuntusunu əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı törətməsi iş materialları ilə öz təsdiqini tapmır.

39. Belə olan halda isə məhkəmə hesab edir ki, hazırkı işin faktiki halları 1099.1ci maddənin dispozisiya şərtləri ilə uzlaşmadığından həmin maddə hazırkı mübahisəyə tətbiq edilə bilməz.

40. Cavabdeh1 MMC-nin dəymiş zərərə görə onun da məsuliyyət daşımalı olması barədə dəlilinə münasibətdə məhkəmə həmçinin qeyd edir ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinin ikinci cümləsinə görə isə qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

41. Göründüyü kimi zərər vurmayan şəxs yalnız qanunla nəzərdə tutulmuş hallarda zərərin ödənilməsinə görə məsuliyyət daşıyır.

42. Hazırkı işdə isə Cavabdeh2 Cavad tərəfindən törədilmiş deliktə görə Cavabdeh1 MMC -nin məsuliyyət daşıması üçün əsas ola biləcək qanunda göstərilən hallardan hər hansı birinin mövcud olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, Cavabdeh1 MMC-yə qarşı olan hissədə iddia əsassız olduğundan rədd edilməlidir.

43. Yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin məbləğinə gəlincə isə bu səbəbdən məhkəmə tərəfindən yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş maddi zərərin məbləğinin müəyyən edilməsi məqsədilə məhkəməəmtəəşünaslıq ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2024-cü il tarixli, 9/8944 saylı ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 3 №-li qüsur aktı məlumatlarına əsasən 2015-ci il buraxılışlı mühərrik həcmi 3000 sm3, "Mercedes Benz” markalı, “GLE 350” model, ** AE *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 12872 manat, o cümlədən: Dəyişilməli hissələrin qiyməti - 10132 manat; Təmir- bərpa işlərinin qiyməti - 2740 manat olması müəyyən edilmişdir.

44. Ekspert rəyinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmənin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2024-cü il tarixli, 9/8944 saylı ekspert rəyi ilə razılaşmaması üçün heç bir əsas yoxdur, odur ki, həmin rəy iş üzrə mötəbər sübut kimi qəbul edilməlidir.

45. Beləliklə, iddia qismən təmin edilməli, Cavabdeh2 Cavaddan yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə vurduğu maddi zərərin əvəzi olaraq (12872 manat dəymiş ziyandan 5000 manat ödənilmiş sığorta ödənişi çıxıldıqdan sonra yerdə qalan məbləğ) 7872 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödəniməli, Cavabdeh1 MMC-yə münasibətdə iddia tələbi rədd edilməlidir.

46. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 133 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

47. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 131,66 manat təşkil edir.

48. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir.

49. Odur ki, iddiaçı tərəfindən iddia verilərkən ödənilmiş 133 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

50. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 130 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

51. İddiaçı iddia ərizəsində həmçinin müvəqqəti təminat tədbirinin tətbiq edilməsi ilə bağlı tərəfindən ödənilmiş 15 manat dövlət rüsumunun cavabdehdən tutulmasını da xahiş etmişdir.

52. Bununla bağlı məhkəmə qeyd edir ki, MPM-in tələblərinə uyğun olaraq müvəqqəti təminat tədbirinin tətbiq edilməsi məsələsinə hazırki iş üzrə icraat çərçivəsində deyil, müstəqil icraatda (e-16(113)-246/2023 nömrəli iş üzrə) baxılmış, belə olan halda isə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə verilərkən ödənilmiş dövlət rüsumu hazırkı iş üzrə məhkəmə xərclərinə daxil olmadığından həmin xərcin cavabdehə aid edilməsi məsələsinə hazırkı iş çərçivəsində baxılması üçün də əsas yoxdur..

53. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh2 7.872 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 130 manat məbləğində pul vəsaiti tutularaq İddiaçıMMC -yə ödənilsin. Qalan hissədə, eləcə də Cavabdeh1 MMC-yə qarşı olan hissədə iddia rədd edilsin. İddia verilərkən artıq ödənilmiş 133 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar