Məhkəmə qərarları › İş №e-2-2(113)-1350/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1350/2025

27.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1350/2025 27.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Hafiz oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələblərinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələblərinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlərdən müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 021R********** saylı krеdit razılaşması üzrə 101057,56 manat məbləğində krеdit bоrcu, 7401,47 manat məbləğində faiz bоrcu və 2979,78 manat məbləğində cərimə olmaqla, ümumilikdə 111438,81 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 401,44 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqının tutulması; tələbin Cavabdeh3 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251, 39 saylı mənzilə yönəldilməsi, həmin torpaq sahəsi və yaşayış evinin açıq hərracdan satılması və ümumilikdə 111438,81 məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 401,44 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdеhlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh4 "xxxx" QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 021L**********60 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə ******* (beş milyon) ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 "xxxx" QSC ilə bağladığı xx.xx.2023-cü il tarixli 021R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 120000 (yüz iyirmi min) manat məbləğində krеdit götürmüşdür. Cavabdeh4 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2024-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh4 götürdüyü krеdit bоrcundan 18942,44 manat ödəmiş, onun 101057,56 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, Cavabdeh4 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 147 gün üçün hesablanmış faiz borcu 7401,47 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 147 gün üçün hеsablanmış cərimə 2979,78 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh4 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə borc alan Cavabdeh4, ipoteka qoyan Cavabdeh3 və bank arasında bağlanılmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi (Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilib) əsasında Cavabdeh4 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251-də xüsusi mülkiyyətli 39 saylı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh3 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251-də xüsusi mülkiyyətli 39 saylı mənzilin Cavabdeh4 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka predmetində qeydiyyatda olan, yetkinlik yaşına çatan X5, Cavabdeh1, X6 və ipoteka predmetində qeydiyyatda olan, yetkinlik yaşına çatan və ipoteka qoyanın həyat yoldaşı Cavabdeh3 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251-də xüsusi mülkiyyətli 39 saylı mənzili İddiaçı QSC-yə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək, həmin əmlakı qeyd-şərtsiz boşaldacağı barədə öhdəlik götürmüşdür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh – ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə təqdim olunmuş və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı QSC ipoteka Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 mаnаt dövlət rüsumu və 36 manat xidmət haqqı ödəmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 445.2.1,448.1, 465.2, 467, 472.1, 472.2, 501-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4, 34.1.1-34.1.3, 39.1, 59.3-cü maddəsinə istinad olunmuşdur.

4. Cavabdehlər tərəfindən iddiaya etiraz daxil olmamışdır.

5. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinin tələblərinə uyğun olaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı QSC, kredit alan Cavabdeh4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 021L**********60 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinin məzmunundan müəyyən olunur ki, müqaviləyə əsasən Cavabdeh4 bank tərəfindən 120 (yüz iyirmi) ay müddətinə, kredit limiti üzrə faiz dərəcəsi 28% olmaqla, 500000 (beş yüz min) manat məbləğində kredit limitinin ayrılması barədə razılıq əldə olunmuşdur. Müqavilə tərəflərin imzası və İddiaçı QSC-nin möhürü ilə təsdiq edilmişdir.

8. Həmin müqavilə çərçivəsində İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 021R********** nömrəli kredit razılaşmasının məzmunundan müəyyən olunur ki, Cavabdeh4 36 ay müddətinə, aylıq 1,3333 faiz dərəcəsi ilə 120000 manat kredit verilmişdir. Razılaşma tərəflərin imzası və İddiaçı QSC-nin möhürü ilə təsdiq edilmişdir.

9. İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli kreditin verilməsi – köçürmə adlı sənədin məzmunundan müəyyən olunur ki, Cavabdeh4 120000 manat kredit verilmişdir.

10. xx.xx.2018-ci il tarixli, 021R********** saylı kredit müqaviləsinə əsasən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh4 tərəfindən İddiaçı QSC-yə xx.xx.2018-ci il tarixli, 021R********** nömrəli kredit müqaviləsi üzrə xx.xx.2026-cı il tarixinə qədər ümumilikdə 120000 manat əsas, 32565,78 manat faiz borcu olmaqla, ümumilikdə 152565,78 manat pul vəsaiti ödənilməlidir.

11. Kredit verən İddiaçı QSC ilə zamin qismində Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 021S**********02 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh4 uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Cavabdeh3 bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. Müqavilə tərəflərin imzası və İddiaçı QSC-nin möhürü ilə təsdiq edilmişdir.

12. Kredit verən İddiaçı QSC ilə zamin qismində Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 021S**********201 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh4 uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Cavabdeh1 bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. Müqavilə tərəflərin imzası və İddiaçı QSC-nin möhürü ilə təsdiq edilmişdir.

13. Kredit verən İddiaçı QSC ilə zamin qismində Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 021S**********501 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh4 uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Cavabdeh2 bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. Müqavilə tərəflərin imzası və İddiaçı QSC-nin möhürü ilə təsdiq edilmişdir.

14. İpoteka saxlayan – İddiaçı QSC ilə ipoteka qoyan – Cavabdeh3 və borc alan – Cavabdeh4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 021M**********01 nömrəli ipoteka müqaviləsinin məzmunundan müəyyən olunur ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 021L**********60 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh3 tərəfindən onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri – ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 91000 manat təşkil edir. Müqavilə tərəflərin imzası ilə təsdiq edilmişdir.

15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmalkın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh3 məxsusdur.

16. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmalkın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir. Bu barədə məlumat daşınmaz əmlak dövlət reyestrində 2358 nömrəli reyestr kitabının 219573 nömrəli vərəqində qeydiyyata alınmışdır.

17. Cavabdeh4 tərəfindən notarial qaydada verilmiş ərizənin məzmunundan müəyyən olunur ki, Cavabdeh4 Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən mənzilin kredit öhdəliklərinin təminatı olaraq İddiaçı QSC-nin xeyrinə yüklü edilməsinə razılıq vermişdir.

18. X6 tərəfindən notarial qaydada verilmiş ərizənin məzmunundan müəyyən olunur ki, X1 Sevda İsaq qızına məxsus ünvan 1 ünvanında yerləşən mənzilin kredit öhdəliklərinin təminatı olaraq İddiaçı QSC-nin xeyrinə yüklü edilməsinə razılıq vermişdir.

19. Rzayev Hafiz Qərbalı oğlu tərəfindən notarial qaydada verilmiş ərizənin məzmunundan müəyyən olunur ki, Rzayev Hafiz Qərbalı oğlu arvadı Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən mənzilin kredit öhdəliklərinin təminatı olaraq İddiaçı QSC-də və ya onun hər hansı filialında ipoteka ilə yüklü edilməsinə razılıq vermiş və mənzilə ödəniş mənzilə yönəldiyi halda mənzili heç bir məhkəmə orqanına müraciət etmədən tərk edəcəyinə dair öz üzərinə öhdəlik götürmüşdür.

20. Cavabdeh1 tərəfindən notarial qaydada verilmiş ərizənin məzmunundan müəyyən olunur ki, Cavabdeh1 Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən mənzilin kredit öhdəliklərinin təminatı olaraq İddiaçı QSC-də və ya onun hər hansı filialında ipoteka ilə yüklü edilməsinə razılıq vermiş və mənzilə ödəniş mənzilə yönəldiyi halda mənzili heç bir məhkəmə orqanına müraciət etmədən tərk edəcəyinə dair öz üzərinə öhdəlik götürmüşdür.

21. X5 tərəfindən notarial qaydada verilmiş ərizənin məzmunundan müəyyən olunur ki, X2 Sevda İsaq qızına məxsus ünvan 1 ünvanında yerləşən mənzilin kredit öhdəliklərinin təminatı olaraq İddiaçı QSC-də və ya onun hər hansı filialında ipoteka ilə yüklü edilməsinə razılıq vermiş və mənzilə ödəniş mənzilə yönəldiyi halda mənzili heç bir məhkəmə orqanına müraciət etmədən tərk edəcəyinə dair öz üzərinə öhdəlik götürmüşdür.

22. xx.xx.2024-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizənin məzmunundan müəyyən olunur ki, ipoteka saxlayan İddiaçı QSC tərəfindən ipoteka qoyan Cavabdeh3 müvafiq bildiriş göndərilmişdir. İpoteka predmetinə (ünvan 1 ünvanında yerləşən mənzil) tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə təqdim olunmuş və həmin idarədə qeydə alınmışdır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə əlaqədar İddiaçı QSC tərəfindən 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı ödənilmişdir.

23. İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh4 021R********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixinə olan borcu 101057,56 manat əsas borc, 7401,47 manat faiz borcu, 2979,78 manat cərimə borcu olmaqla, ümumilikdə 111438,81 manat təşkil edir (gecikdirilmiş günlərin sayı-147 gün).

24. İddiaçı tərəfindən iş materiallarına hesabdan çıxarışlar əlavə edilmişdir.

25. İddiaçı QSC tərəfindən Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun məzmunundan müəyyən olunur ki, kredit müqaviləsi üzrə yaranmış borcun xx.xx.2024-cü il tarixə qədər ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1607 saylı ekspert rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları, xx.xx.2023-cü il tarixdə bağlanmış 021R********** nömrəli kredit razılaşmasında qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh4 İddiaçı QSC-yə olan borcu xx.xx.2024-cü il tarixə əsas borc üzrə 101943,18 manat, faiz borcu üzrə 5572,89 manat təşkil edir. Qeyd edilir ki, iş materiallarında xx.xx.2023-cü il tarixli, 021R********** saylı kredit razılaşması üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırkı ekspertiza tədqiqatı ilə Cavabdeh4 cərimə hesablanmadı.

27. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, ƏEM/S-81-574/25 nömrəli ekspert rəyi ilə müəyyən olunur ki, aparılmış hesablamalara və təhlillərə əsasən ünvan 1 ünvanında yerləşən mənzilin xx.xx.2025-ci il tarixinə bazar dəyəri 185000 manat, likvid dəyəri 176000 manat təşkil edir. Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

29. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 6.1-ci maddəsinə əsasən ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər. 3.1-ci maddəsinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. 34-cü maddəsində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar kimi nəzərdə tutulur. 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3) İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi

32. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı QSC, kredit alan Cavabdeh4 arasında xx.xx.2018-ci il tarixli, 021L**********60 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh4 bank tərəfindən 120 (yüz iyirmi) ay müddətinə, kredit limiti üzrə faiz dərəcəsi 28% olmaqla, 500000 (beş yüz min) manat məbləğində kredit limitinin ayrılması barədə razılıq əldə olunmuşdur. Həmin müqavilə çərçivəsində İddiaçı QSC ilə Cavabdeh4 arasında xx.xx.2023-cü il tarixli, 021R********** nömrəli kredit razılaşması bağlanmış və həmin razılaşmaya əsasən Cavabdeh4 36 ay müddətinə, aylıq 1,3333 faiz dərəcəsi ilə 120000 manat kredit verilmişdir. İpoteka saxlayan – İddiaçı QSC ilə ipoteka qoyan – Cavabdeh3 və borc alan – Cavabdeh4 arasında xx.xx.2019-cu il tarixli, 021M**********01 nömrəli ipoteka müqaviləsi bağlanmış və həmin müqavilə ilə İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 021L**********60 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh3 tərəfindən onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit verən İddiaçı QSC ilə zaminlər qismində Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 arasında ayrı-ayrılıqda eyni məzmunlu zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən Cavabdeh4 uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. Kreditor kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zaminlər müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar.

33. İddia tələbinin bir hissəsini cavabdеhlərdən müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 021R********** saylı krеdit razılaşması üzrə 101057,56 manat məbləğində krеdit bоrcu, 7401,47 manat məbləğində faiz bоrcunun tutulması təşkil edir.

34. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zaminlər) müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin yaranmış borcu iddiaçıya ödəmək vəzifəsi daşımasını, işdə olan sübutları, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1607 saylı ekspert rəyini, MPM-in 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində tam (tələbə uyğun) və faiz borcunun tutulması hissəsində isə qismən təmin olunmalı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 021R********** saylı krеdit razılaşması üzrə 101057,56 manat (yüz bir min əlli yeddi manat əlli altı qəpik) əsas bоrc, 5572,89 manat (beş min beş yüz yetmiş iki manat səksən doqquz qəpik) faiz bоrcu tutularaq iddiaçıya ödənilməli, faiz borcunun tutulmasına dair iddia qalan hissədə təmin olunmamalıdır. Faiz borcu ilə bağlı hazırkı nəticəyə gələrkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1607 saylı ekspert rəyi nəzərə alınmışdır. Qeyd edilən rəyə əsasən 021R********** saylı kredit razılaşması üzrə Cavabdeh4 İddiaçı QSC-yə xx.xx.2024-cü il tarixə faiz borcu 5572,89 manat təşkil edir.

35. İddia tələbinin digər hissəsini cavabdehlər cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin хеyrinə 2979,78 manat məbləğində cərimə borcunun tutulması təşkil edir.

36. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

37. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğlərinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, 2979,78 manat (iki min doqquz yüz yetmiş doqquz manat yetmiş səkkiz qəpik) cərimə məbləği cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.

38. İddiaçı borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini irəli sürmüşdür.

39. Həmin tələblə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqaviləsinə əsasən Cavabdeh3 tərəfindən onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmişdir.

40. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğundan və ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yarandığından iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, tutma Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh3 qaytarılmalıdır.

41. Məhkəmə tərəfindən ipoteka predmetinin likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır. Həmin rəyə əsasən ipoteka predmeti olan Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilin likvid dəyəri 176000 manat müəyyən edilmişdir.

42. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 176000 manat məbləğində müəyyən edilməlidir.

43. İddia tələbinin hərracdan əldə olunmuş vəsait borcların tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin ümumi müştərək qaydada tutulması hissəsinə münasibətdə qeyd edir ki, bütünlükdə borc məbləğinin həmin cavabdehlərdən müştərək qaydada tutulması elə hərracdan əldə olunmuş vəsait borcların tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulmasını da özündə ehtiva edir. Ona görə də həmin hissənin ayrıca göstərilməsinə zərurət yoxdur.

44. Həmçinin iddiaçı cavabdehlərdən müştərək qaydada məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 401,44 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqının onun xeyrinə tutulmasını xahiş etmişdir.

45. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə uyğun ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 394,85 manat (üç yüz doxsan dörd manat səksən beş qəpik) dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu, 36 manat xidmət haqqı cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

46. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 98,40 manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada, 1,60 manat hissəsi isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

47. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pulun 295,10 manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada, 4,90 manat hissəsi isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ68İBAZ**********981193205, Bank: ABB ASC, VÖEN: **********, müxbir hesab: AZ03NABZ013501**********2944, kod: 805711, SWİFT: İBAZAZ2X) köçürülməlidir.

48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 021R********** saylı krеdit razılaşması üzrə 101057,56 manat (yüz bir min əlli yeddi manat əlli altı qəpik) əsas bоrc, 5572,89 manat (beş min beş yüz yetmiş iki manat səksən doqquz qəpik) faiz bоrcu, 2979,78 manat (iki min doqquz yüz yetmiş doqquz manat yetmiş səkkiz qəpik) cərimə olmaqla, cəmi 109610,23 manat (yüz doqquz min altı yüz on manat iyirmi üç qəpik) məbləğində bоrc və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu, 36 manat xidmət haqqı, ödənimiş dövlət rüsumunun əvəzi olaraq 394,85 manat (üç yüz doxsan dörd manat səksən beş qəpik) olmaqla, ümumilikdə 110056,08 manat (yüz on min əlli altı manat səkkiz qəpik) məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma ipoteka predmeti olan, Cavabdeh3 məxsus, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251-də xüsusi mülkiyyətli 39 saylı mənzilə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilsin, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh3 qaytarılsın. İpoteka predmeti olan, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251- də xüsusi mülkiyyətli 39 saylı mənzilin ilkin satış qiyməti 176000 (yüz yetmiş altı min) manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 98,40 manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada, 1,60 manat hissəsi isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pulun 295,10 manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada, 4,90 manat hissəsi isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ68İBAZ**********981193205, Bank: ABB ASC, VÖEN: **********, müxbir hesab: AZ03NABZ013501**********2944, kod: 805711, SWİFT: İBAZAZ2X) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar