Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1352/2025 20.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “quraşdırılmış sayğacın aktivləşdirilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: qaz sayğacının aktivləşdirilməsi və smart kartla təmin edilməsi, müqavilə öhdəliyinin məcburi icrası) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxsin nümayəndəsi X3 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X1 Agentliyi” X10) “quraşdırılmış sayğacın aktivləşdirilməsi və s.” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən obyektə 16 noyabr 2023-cü il tarixdə ******* nömrəli aktla və 7-252-11 nömrəli işçi layihə, 07899 nömrəli müqavilə ilə quraşdırılmış, həmçinin plomb nömrəsi 10060233 olan **********888 nömrəli sayğacın aktivləşdirilməsi və sayğacın smart kartla təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsində iddianın faktiki əsası olaraq göstərilmişdir ki, ünvan 2 ünvanında yerləşən obyekt iddiaçıya məxsusdur. Həmin obyekt üçün cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə sayğac quraşdırılmış və plomb da vurulmuşdur. Lakin həmin tarixdən bir neçə ay keçməsinə baxmayaraq, hələ də sayğac aktivləşdirilməmişdir. Bununla bağlı plomb vurulan kimi həm cavabdehə, həm də “Asan Kommunal” mərkəzinə müraciət edilmiş, heç bir nəticə olmamışdır. Nəticə etibarilə iddiaçı aylardır ki, ona məxsus ünvan 1 ünvanında yerləşən obyektdə qazdan istifadə edə bilmir. İddiaçının sayğacının aktivləşdirilməməsi nəticəsində qazdan istifadə edə bilməməsi cavabdeh tərəfindən onun hüququnun pozulmasını göstərir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1, 135.8-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə “X1 Agentliyi” X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
II. İşdə iştirak edən şəxslərin mövqeləri:
5. İddiaçı məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, texniki şərt almış, müqavilə bağlamışdır. 2016-cı il tarixdən 2023-cü il tarixədək sayğac iddiaçının adına olmuş, lakin 2023-cü il tarixdə sayğac çıxarılaraq yoxlama üçün laboratoriyaya göndərilmiş, müvəqqəti sayğac qoyulmuş, sonuncu da 2023-cü ilin avqust ayında çıxarılmışdır. Daha sonra smart tipli sayğac quraşdırılsa da, sayğac aktivləşdirilməmiş, smart kart da verilməmişdir.
6. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdi və eyni zamanda göstərdi ki, iddiaçı smart kartın verilməsi və sayğacın aktivləşdirilməsi barədə cavabdehə müraciət etmiş, sənədlər qaydasında olmadığından cavabdeh tərəfindən tələbin icrasından imtina edilmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, hansı sənədlərin qaydasında olmadığı və sayğacın aktivləşdirilməməsinin dəqiq səbəbi məlum deyildir.
7. Üçüncü şəxsin nümayəndələri X5 və X6 məhkəmə iclaslarında iştirak edərək göstərdi ki, cavabdeh tərəfindən layihə əsasında baxış keçirilib, baxış əsasında sənaye qaz qurğusunun istismarına qəbul və ya imtinası barədə nəticə bildirilməlidir. Hazırkı işdə texniki şərt verilib, layihələndirilib, sayğac da quraşdırılıb. Əgər layihədə yanlışlıq olsa, istimara qəbuldan imtina olunmalı, buraxılan səhvlər abonentə bildirilməlidir.
8. Məhkəmənin suallarına cavab olaraq üçüncü şəxsin nümayəndəsi X6 bildirdi ki, birinci texniki şərt olur, texniki şərtin əsasında layihə tərtib edilərək icra edilir, daha sonra sayğac quraşdırılır, istismara qəbul olunur. Plombun vurulması sayğacın istismara tam hazır olduğunu göstərir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) İddia tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (obyektin) qazlaşdırılması üçün cavabdeh tərəfindən 13 yanvar 2011-ci il tarixli texniki şərt verilmiş, texniki şərt əsasında tərtib edilmiş işçi layihə üzrə işlər həyata keçirilmiş, xx.xx.2011-ci il tarixdə “G-4” markalı 1002AQ**********2 nömrəli (plomb nömrəsi: ********) sayğac iddiaçının istifadəsinə verilmişdir. Tərəflər arasında xx.xx.2019-cu il tarixli AMX-2731/19 nömrəli qazın alqısatqısı müqaviləsi bağlanmışdır. Daha sonra iddiaçı ilə cavabdeh arasında 20 oktyabr 2023-cü il tarixli qaz sayğacının alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı “Zenner G4” markalı smart tipli **********888 nömrəli sayğacı cavabdehdən almış, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında həmin sayğac iddiaçının obyektinə quraşdırılaraq sayğaca plomb vurulmuşdur.
13. İddiaçı “Zenner G4” markalı **********888 nömrəli sayğacın aktivləşdirilməsi və sayğacın smart kartla təmin olunmasını xahiş edir.
14. Cavabdeh iddiaya etiraz edərək sənədlər qaydasında olmadığından sayğacın aktivləşdirilməsindən imtina edildiyini bildirir. Lakin bu imtinanın dəqiq əsasları barədə məhkəməyə məlumat təqdim edə bilmir.
15. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
16. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 6-cı hissəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. Fiziki şəxs sənaye qaz qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qaz qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur.
18. Göründüyü kimi, qazın alqı-satqı qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqavilədə qaz paylayıcısı və istehlakçının vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər göstərilir. Eyni zamanda nəzərə alınmalıdır ki, qeyd edilən müqavilə birtipli olub şərtləri bilavasitə Qaydalarda əks olunmuş, təbii inhisar subyekti olduğundan həmin müqavilənin qaz paylayıcısı tərəfindən ləğvi imkanı nəzərdə tutulmamışdır.
19. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli AMX-2731/19 nömrəli qazın alqı-satqısı müqaviləsi bağlanmış, müqavilənin hər iki tərəfdən imzalandığı andan qüvvəyə minməsi və tərəflər üçün məcburi olması, müqavilənin müddətinin tərəflərin qarşılıqlı razılığı ilə 45 gün müəyyən edilməsi, istehlakçının müqavilənin ləğv edilməsi barədə müqavilə müddətinin bitməsinə bir ay qalmış təşəbbüs göstərmədiyi halda, müqavilənin müddətinin hər növbəti il üçün uzadılmış hesab olunması, bu halda yeni müqavilənin bağlanılmasının tələb olunmaması, məhz istehlakçının müqavilənin vaxtından əvvəl ləğv edilməsi hüququnu özündə saxladığı razılaşdırılmışdır.
20. Hazırda cavabdeh tərəfindən iddiaçının müqavilənin ləğv edilməsi barədə təşəbbüs göstərməsi barədə hər hansı sübut təqdim edilmədiyindən məhkəmə qeyd edir ki, adıçəkilən müqavilə qüvvədədir və qaz paylayıcısı kimi cavabdeh üçün vəzifələr yaradır.
21. Həmin müqavilənin 2.1.1 və 2.1.2-ci bəndlərinə əsasən isə istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri (tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər) dövlət standartlarının tələblərinə (DÜST-5542-87) uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək və istehlakçını tərəflərin razılığı ilə müəyyən edilmiş, bu müqaviləyə əlavə olunmuş və müqavilənin tərkib hissəsi olan əlavədə göstərilən həcmdə qazla təchiz etmək qaz paylayıcısının vəzifəsidir.
22. Bu mənada cavabdeh tərəfindən iddiaçını qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək bilavasitə onun müqavilə öhdəliyidir.
23. Digər tərəfdən, adıçəkilən müqavilənin 2.1.13-cü bəndinə əsasən, “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə uyğun olaraq istehlakçının zədələnmiş qaz sayğacını təmir etmək, həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq, habelə dövlət yoxlanılmasından keçirmək də qaz paylayıcısının vəzifəsidir.
24. Müqavilədə təsbit edilmiş vəzifələr eyni zamanda quraşdırılmış və plomblaşdırılmış qaz sayğacının istehlakçının qazla fasiləsiz və etibarlı şəkildə təmin edilməsinə rəvac verəcək formada aktivləşdirilməsini də ehtiva edir.
25. Belə ki, Qaydaların 4.1-ci bəndinə əsasən, qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
26. Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
27. Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
28. Hazırkı işin müəyyən olunan halı ondan ibarətdir ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında “Zenner G4” markalı smart tipli **********888 nömrəli sayğac ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsində quraşdırılmış, 10060233 nömrəli plomb vurulmuşdur.
29. Bu mənada, iddiaçıya qazın verilişini dayandıran, plomb vurulmuş qaz sayğacını aktivləşdirməkdən və istismara qəbul etməkdən imtina edən cavabdeh həmin imtinanın əsaslarını və onu təsdiq edən sübutları məhkəməyə təqdim etməli idi. Lakin cavabdeh tərəfindən qaz sayğacını aktivləşdirməkdən və istismara qəbul etməkdən imtina barədə hər hansı dəlil məhkəməyə təqdim edilməmiş, formal olaraq sənədlərin qaydasında olmadığı qeyd edilmiş, dəqiq səbəbləri bildirilməmişdir.
30. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, cavabdeh qaz paylayıcısı kimi qüvvədə olan xx.xx.2019-cu il tarixli AMX-2731/19 nömrəli qazın alqı-satqısı müqaviləsi üzrə iddiaçını qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək öhdəliyini pozmuşdur. Bu isə iddiaçıya müqavilə öhdəliyinin məhkəmə qaydasında məcburi icrasını tələb etmək hüququnu verir.
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən ünvan 4 ünvanında 16 noyabr 2023-cü il tarixli ******* nömrəli akt ilə quraşdırılmış plomb nömrəsi 10060233 olan “Zenner Smart” tipli “G4” markalı **********888 nömrəli sayğacın aktivləşdirilməsi (istismara qəbulu) və smart-kartla təmin edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır.
b) Məhkəmə xərcləri ilə bağlı
32. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən ********** nömrəli mədaxil qəbzi əsasında 100 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsinə ödənilmişdir.
33. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
34. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
35. Beləliklə, məhkəmə iddia tələbinin təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, Cavabdeh İB-dən 100 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir.
V. Nəticə:
36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh tərəfindən ünvan 4 ünvanında 16 noyabr 2023-cü il tarixli ******* nömrəli akt ilə quraşdırılmış plomb nömrəsi 10060233 olan “Zenner Smart” tipli “G4” markalı **********888 nömrəli sayğacın aktivləşdirilməsi (istismara qəbulu) və smart-kartla təmin edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Cavabdehndən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova