Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1356/2024 04.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: daxili lizinq müqaviləsi, lizinq müqaviləsi və kredit müqaviləsinin nisbəti, lizinq obyektinin qaytarılması, dəbbə pulunun azaldılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması və s.” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə yaranmış 24503,28 manat əsas borc, 8845 manat mükafat borcu, 1243,04 manat cərimə olmaqla ümumilikdə 34591,32 manat məbləğində pulun və 200 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması, iddiaçıya məxsus “Mercedes Benz S600” minik markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-ci il tarixli 06/2429/DİLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən iddiaçı təsviri müqavilədə göstərilən 1 ədəd, 2014-ci il buraxılışı olan, “Mercedes Benz S600” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehin istifadəsinə vermişdir. Cavabdehin sözügedən müqavilənin 9.4-cü bəndinə əsasən iddiaçıya ödəməli olduğu lizinq ödənişlərinin ümumi dəyəri 185495 manat təşkil etmişdir. Bu ümumi məbləğdən 52385 manat iddiaçının mükafatını təşkil edir. Lizinq ödənişləri tərəflərin razılığı əsasında müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Belə ki, hər ay 5152,65 manat ödəniş edilməlidir. Lizinq müqaviləsi üzrə illik faiz dərəcəsi 25% olmaqla lizinq 36 ay müddətinə verilmişdir. 2.2. Cavabdeh müqaviləyə əlavə edilmiş lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişləri aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Belə ki, cavabdeh xx.xx.2019-cu il tarixdən etibarən hər ay 5152,65 manat olmaqla ödəniş etməli olduğuna baxmayaraq, sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə olmuşdur. Həmin tarixdən etibarən heç bir ödəniş etməmişdir. Yaranmış borcla bağlı iddiaçı tərəfindən cavabdehlə müxtəlif tarixlərdə yazılı və şifahi əlaqə saxlanılaraq xəbərdarlıqlar edilmiş, əks halda yaranmış borcun məhkəmə qaydasında tələb edilməsi məqsədi ilə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixdə cavabdehin (vergi ödəyicisinin) şəxsi kabinetinə pretenziya məktubu göndərilmişdir və tərəflər arasında bağlanmış maliyyə lizinq müqaviləsinə xitam verilmişdir. Həmçinin işin mediasiya qaydasında həll edilməsi üçün xx.xx.2023-cü il tarixdə Mediasiya Şurasında müraciət edilmişdir, mediator tərəfindən xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 448, 748-10, 748-1.12-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, cavabdeh lizinqə götürdüyü əmlakı üçüncü şəxs vasitəsilə hissələrə ayırmışdır. Bu barədə polisə müraciət edilsə də, məsələ məhkəmənin icraatında olduğunda hər hansı tədbir görülməmişdir.
6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi göstərdi ki, lizinqə verilən nəqliyyat vasitəsi 153 000 manata alınıb, bu zaman cavabdeh tərəfindən satıcıya 19000 manat avans ödənişi edilmişdir. Lizinq müqaviləsi üzrə isə cavabdeh tərəfindən ümumilikdə 160 161 manat ödəniş edilmiş, həmin ödənişlər köçürmə yolu ilə deyil, nağd qaydada həyata keçirilmişdir. Hazırda cavabdehdən 24503,28 manat əsas, 8845 manat mükafat borcu tələb edilir. Mükafat borcunun edilən ödənişlərdən çox olmasının səbəbi ödənişlərin vaxtlı-vaxtında edilməməsidir. Belə ki, bu zaman elektron sistem vasitəsilə gecikdirmə faizi hesablanır.
7. Məhkəmənin hazırlıq iclaslarında iştirak edən cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə qeyd etdi ki, cavabdeh nəqliyyat vasitələrini iddiaçıdan lizinqə götürür, sonra üçüncü şəxslərə “satırdı”. Bu qaydada 30 yaxın nəqliyyat vasitəsi iddiaçıdan lizinqə götürülmüş, iddiaçı da bu məsələdən xəbərdar olmuşdur. xx.xx.2019-ci il tarixli müqavilə üzrə lizinqə götürülən nəqliyyat vasitəsi isə Emil adlı şəxsə verilmiş, sonuncu da həmin avtomobili üçüncü şəxsə vermişdir, lakin hal-hazırda lizinq obyektinin harada olması ilə bağlı məlumatı yoxdur. Nəqliyyat vasitəsinin axtarılması məqsədilə polisə müraciət etsə də, avtomobil tapılmamışdır.
8. Məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi göstərdi ki, əsas borcu hissə-hissə ödəyə bilər, lakin faiz borcu çox hesablanmışdır və güzəşt edilməlidir.
9. Cavabdeh növbəti məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdeh tərəfin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Lizinq müqaviləsi üzrə lizinq ödənişlərinin tutulması tələbi ilə bağlı
11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
13. İşin müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-ci il tarixli 06/2429/YDLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı “Mercedes Benz S600” minik markalı, 2014-cü il buraxılışı, WDD2221761A145481 ban nömrəli, əvvəlcədən lizinq vermək məqsədilə öz vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan avtomobili cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verməyi, cavabdeh isə müqavilənin şərtlərinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə iddiaçıya şərtləşdirilmiş muzd ödəməyi (xx.xx.2022-ci ilədək) öz öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, cavabdeh tərəfindən 36 ay müddətinə aylıq 5152,65 manat olmaqla ümumilikdə 185 495 manat (133 110 əsas məbləğ, 52 385 manat lizinq mükafatı olmaqla) lizinq ödənişinin edilməsi şərtləşdirilmişdir. xx.xx.2019-cu il tarixdə təhvil-təslim aktı əsasında “Mercedes Benz S600” minik markalı, WDD2221761A145481 ban nömrəli avtomobil cavabdehə təhvil verilmişdir.
14. İddiaçı xx.xx.2019-cu il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə 24503,28 manat əsas borc, 8845 manat mükafat borcunu tələb edir.
15. Cavabdeh əsas borcun hissə-hissə ödənilməsinə razı olduğunu, lakin faiz borcunun (mükafat borcunun) azaldılmasını xahiş edir.
16. Məhkəmə mübahisənin həlli üçün əvvəla lizinq müqaviləsinin hüquqi təbiəti, lizinq ödənişlərinin təyinatının şərh edilməsini zəruri sayır.
17. Lizinq müqaviləsinin hüquqi məzmunu Mülki Məcəllənin 747.1-ci maddəsində əks olunmuşdur. Həmin maddəyə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
18. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
19. Konstitusiya Məhkəməsi göstərmişdir ki, beynəlxalq təcrübədə geniş tətbiq olunan maliyyələşdirmə alətidir. Bu alətin unikallığı ondan ibarətdir ki, o özündə icarə, kredit və alqı-satqı müqavilələrinin elementlərini birləşdirərək bazar və mülki dövriyyənin çevikliyini yüksək dərəcədə artırır. Bu müqavilə konstruksiyasının hər üç tərəfi onun faydalarından mikrosəviyyədə, dövlət və iqtisadiyyat isə makrosəviyyədə yararlanırlar. Belə ki, lizinq alan maliyyələşmə alətindən istifadə etməklə, bu və ya digər əmlakı daha sürətlə ödəmə qabiliyyətinin daha az maliyyə analizinə cəlb etməklə nisyə satın alır, lizinq verən lizinq obyektinin lizinq müddətində onun mülkiyyətində qalmaqla daha təminatlı şəkildə maliyyələşməsini həyata keçirir, satıcı isə bu üsulla daha məhsuldar satışlar həyata keçirir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 28 dekabr 2020-ci il tarixli qərar).
20. Göründüyü kimi, mülki qanunvericilikdə lizinq müqaviləsi müxtəlif mülki-hüquqi müqavilələrin elementlərini ehtiva etməklə müstəqil müqavilə kimi təsbit edilmiş, əmlakın alınması üçün müvafiq maliyyənin ayrılması, əmlakın alqı-satqısı, istifadəyə verilməsi və istifadə haqqının alınması kimi kompleks məsələləri rəsmiləşdirməyin hüquqi forması kimi çıxış etmişdir. Bu zaman lizinq alan tərəfindən lizinq ödənişlərinin edilməsinin hüquqi əsası qismində isə Mülki Məcəllənin 747.1-ci maddəsi çıxış edir.
21. xx.xx.2019-ci il tarixli 06/2429/YDLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinin 9.4-cü bəndinə əsasən, Lizinq alanın Lizinq verənə ödəməli olduğu lizinq ödənişlərinin ümumi məbləği 185 495 manat təşkil edir. Bu ümumi məbləğdən 52 385 manat Lizinq verənin mükafatını təşkil edir.
22. İddiaçı tərəfindən təqdim edilən hesabdan çıxarışdan və maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən xx.xx.2019-ci il tarixli 06/2429/YDLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə 108 606,72 manat əsas borc, 51127,99 manat mükafat məbləği ödənilmişdir.
23. Belə olan halda, məhkəmə 133 110 manat əsas borcdan 108 606,72 manat, 52385 manat mükafat məbləğindən 51127,99 manat ödəniş edildiyini nəzərə alaraq hesab edir ki, xx.xx.2019-ci il tarixli 06/2429/YDLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə qalıq əsas borc 24503,28 manat (133 110-108 606,72), mükafat məbləği isə 1257,01 manat (52385 -51127,99) təşkil edir.
24. İddiaçının mükafat məbləğinin gecikdirilməsi üçün faizin hesablanması ilə bağlı mövqeyinə münasibətdə isə göstərilməlidir ki, lizinq müqaviləsi və kredit müqaviləsinin nisbəti ilə bağlı Konstitusiya Məhkəməsinin hüquqi mövqeyincə, lizinq müqaviləsinin bağlandığı an əşyanın lizinq alanın mülkiyyətinə keçməsi və bununla da, mülkiyyətçinin dəyişməsi baş vermir. Satın alma şərtləşdirildiyi halda (bir qayda olaraq lizinqin cəlbediciliyi bu şərtə görə mövcud olur) həmin əşya sonda lizinq alana satılır. Lizinq müqaviləsi lizinq verənin öz əmlakından daha yüksək dəyər əldə etməsinə, lizinq alanın isə aylıq haqq ödənişi müqabilində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən istifadə etməsinə) imkan yaradır. Beləliklə, lizinq daha çox mülkiyyətçinin öz əmlakını nisyə alqı-satqı yolu ilə hissəvi ödəniş əsasında satılmasına yönələn hərəkəti kimi xarakterizə edilir. Kredit şərtləri və ya hər hansı digər əsasla əldə olunan əmlakdan fərqli olaraq, lizinq şərtləri ilə əldə olunan əmlak üzərində onun mülkiyyət hüququ dərhal yaranmır. Qeyd edildiyi kimi, lizinq obyekti üzərində mülkiyyət hüququ lizinq ödənişinin tam ödənilməsindən və müqavilə şərtlərinin tam icra olunmasından sonra lizinq verənin iradəsi ilə lizinq alana keçir. Lizinq alan ödənişi geri tələb etmir və lizinq alan müqavilənin hər hansı şərtini icra etmədiyinə görə lizinq verənin tələbi ilə lizinq obyekti üzərində sahiblik və istifadə hüquqlarından əvəzsiz olaraq məhrum edilə bilər. Kredit zamanı borclu kredit şərtləri ilə əldə etdiyi əmlak üzərində həmin an mülkiyyət hüququ (həmin əmlak üzərində kredit verənin xeyrinə yüklülüyün qoyulması istisna olmaqla) əldə edir və borcun ödənilmədiyi qalıq məbləği həcmində mülki məsuliyyət daşıyır. Kredit müqaviləsindən fərqli olaraq lizinqdə girov tələb olunmur. Göstərilənlərdən aydın olur ki, lizinq müqaviləsi iqtisadi, bank və vergi qanunvericiliyi baxımından kreditləşmə modeli sayılsa da, mülki hüquq baxımından lizinq əmlakının istifadəyə verilməsi üzrə öhdəliklər qrupuna aiddir və Mülki Məcəllənin 38-ci fəsli ilə tənzimlənir. Kredit müqaviləsi isə borc müqaviləsi hesab edilir və Mülki Məcəllənin ayrıca fəsli ilə nizamlanır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 28 dekabr 2020-ci il tarixli qərar).
25. Beləliklə, kredit müqaviləsindən fərqli olaraq, lizinq müqaviləsində lizinq alanın (borclunun) öhdəliyinin əsas məzmunu lizinq obyektindən məhz istifadəyə görə ödənişlərin edilməsidir. Qeyd edilən yanaşma, mülki qanunvericilikdə də birbaşa göstərilmişdir. Belə ki, Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
26. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçının kredit müqaviləsi üzrə gecikdirilmiş müddət üçün faizin hesablanması qaydasını lizinq müqaviləsi üzrə mükafatın hesablanması zamanı tətbiqi üçün hüquqi əsas yoxdur və bu barədə iddiaçının mövqeyi əsassızdır.
27. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, xx.xx.2019-cu il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə 24503,28 manat əsas borc, 1257,01 manat mükafat məbləği Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Lizinq müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
28. İddia ərizəsində iddiaçı 1243,04 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.
29. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 4.1.2-ci bəndinə əsasən, müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər «Lizinq alan» tərəfindən vaxtında icra edilmədiyi təqdirdə hər gecikdirilən gün üçün ödənilməmiş məbləğin 0,3% həcmində cərimə tələb etmək lizinq verənin hüququdur.
30. Həmin müqavilənin 4.1.3-cü bəndinə əsasən, tərəflər arasındakı müqavilə münasibətlərinə «Lizinq alan» tərəfindən vaxtında və lazımi qaydada icra edilməməsi ilə bağlı xitam verildiyi zaman lizinq obyekti «Lizinq alan» tərəfindən geri qaytarılmazsa və ya vaxtında geri qaytarılmazsa ödənilməmiş ümumi məbləğin hər günü üçün 3% məbləğində ödəniş tələb etmək lizinq verənin hüququdur.
31. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
32. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
33. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
34. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin mübahisə məhkəməyəqədər mərhələsində və yaxud mediasiya mərhələsində həll olunmamışdır.
35. Kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri, öhdəliyin pozulma dərəcəsi, borclu və kreditorun davranışları nəzərə alındığında məhkəmə belə hesab edir ki, cərimə məbləğinin 1243,04 manat müəyyən olunması ağlabatan və ədalətlidir.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, cərimənin tutulması tələbi təmin edilməli, 1243,04 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
c) Lizinq obyektinin qaytarılması tələbi ilə bağlı
37. İddia ərizəsində iddiaçıya məxsus “Mercedes Benz S600” minik markalı **-PB- *** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehdən alınaraq iddiaçıya verilməsi tələbi də irəli sürülmüşdür.
38. Mülki Məcəllənin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.
39. Həmin Məcəllənin 748-2.5-ci maddəsinə əsasən, maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.
40. xx.xx.2019-ci il tarixli 06/2429/YDLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinin 5.3-cü bəndinə əsasən, lizinq obyektinə mülkiyyət hüququ bütün lizinq ödənişlərinin verilməsi və «Lizinq alan»ın «Lizinq verən» qarşısında mövcud olan digər bütün öhdəlikləri icra edildikdən sonra «Lizinq alan»a keçir.
41. Həm mülki qanunvericiliyin, həm də tərəflər arasında bağlanmış lizinq müqavilələrinin şərtlərinə əsasən lizinq obyekti üzərində mülkiyyət hüququnun lizinq verəndən lizinq alana keçməsinin əsas şərti lizinq alan tərəfindən bütün lizinq ödənişlərinin aparılmasıdır. Başqa sözlə, lizinq alanın lizinq ödənişlərini icra etmədiyi halda lizinq müqaviləsi lizinq alan tərəfindən vaxtından əvvəl, yəni öhdəliyin icra müddəti başa çatmadan ləğv edilərsə, lizinq verən müqavilənin ləğv edildiyi tarixədək yaranmış borcu tələb etməklə yanaşı, eyni zamanda lizinq obyektinin geri qaytarılmasını tələb etmək hüququna malik olur.
42. Hazırkı halda isə iddiaçı lizinq müqaviləsinə vaxtından əvvəl xitam vermədiyindən, lizinq obyektinin dəyəri tam ödənildikdən sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilməsi razılaşdırıldığından və iddia ərizəsi ilə cavabdehdən lizinq obyektinin dəyərinin tam ödənilməsi (öhdəliyin tam icrasını) tələb edildiyindən məhkəmə hesab edir ki, lizinq verənin eyni zamanda lizinq obyektinin geri qaytarılmasını tələb etmək hüququ yoxdur.
43. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, lizinq obyektinin qaytarılması hissəsində iddiaçının tələbi təmin edilməməlidir.
d) Məhkəmə xərcləri ilə bağlı
44. İddiaçı ödənilmiş 200 manat mediasiya xərcinin cavabdehdən tutulmasını xahiş edir.
45. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MSB2-03691/2023 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2023cü il tarixində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş, iddiaçı sessiyada iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 410 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir.
46. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).
47. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
48. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyası ilə bağlı müraciət olunarkən və mediasiya sessiyası keçirilərkən (2023-cü ilin noyabr-dekabr ayı) Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsinin tələbinə əsasən ilkin mediasiya sessiyasında iştirak qanunun tələbi olmuşdur. Cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən və iştirak etməsinin səbəbləri və ya mümkünsüzlüyünün üzrlü olması barədə məlumat vermədiyindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə uyğun olaraq bütün mediasiya xərcləri (iddia tələbi nəzərə alınmaqla) cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.
49. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 200 manat Cavabdeh MMC-dən tutularaq İddiaçı MMCyə ödənilməlidir.
V. Nəticə:
50. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə 24503 (iyirmi dörd min beş yüz üç) manat 28 (iyirmi səkkiz) qəpik əsas borc, 1257 (bir min iki yüz əlli yeddi) manat 01 (bir) qəpik mükafat məbləği, 1243 (bir min iki yüz qırx üç) manat 04 (dörd) qəpik cərimə məbləği olmaqla ümumilikdə 27003 (iyirmi yeddi min üç) manat 33 (otuz üç) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova