Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-136/2021 07.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, məhkəmə iclas katibi X11, İlkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili X12 və Vəkil2, ilkin iddia üzrə üçüncü şəxsin nümayəndəsi və vəkili X12 iştirakları ilə, İddiaçı "X23 Təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X7 qarşı (X3 və oğlu X4 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “icarə müqaviləsi üzrə öhdəliyin icrası və dəymiş maddi ziyan ödənilməsi” tələbinə dair ilkin iddiası, iddiaçı X5 cavabdeh "X23 Təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə müqaviləsinin ləğv edilməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə işə Bakı şəhərində Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "X23 Təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh X7 qarşı (X3 və oğlu X4 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X23 Təsərrüfatı” MMC ilə X13 arasında bağlanmış 16.05.2019-cu il tarixli icarə müqaviləsinin şərtlərinə əməl edilməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində Cəmiyyətə dəymiş 110.000 manat maddi zərərin cavabdeh X2 tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “X23 Təsərrüfatı” MMC ilə X13 arasında bağlanmış 16.05.2019-cu il tarixli icarə müqaviləsinə əsasən X13 ona məxsus Bakı şəhəri, 1 nömrəli Zeytunçuluq sovxozunun ərazisində yerləşən 6891.61 kvm sahədən ibarət olan quşçuluq obyektini 3 (il) müddətinə yəni 16.05.2022-ci il tarixinədək “X23 Təsərrüfatı” MMC-yə icarəyə vermişdir. İcarə müqaviləsi Bakı şəhərinin 11 saylı notariat kontorunun notariusu X14 tərəfindən təsdiq edilmişdir. İcarə haqqı olaraq müqavilənin 4-cü bəndinə əsasən aylıq 2500.00 manat müəyyən edilmiş və ödənişin ilkin tarixi kimi 16.05.2019-cu il tarixi göstərilmişdir. “X23 Təsərrüfatı” MMC həmin icarəyə götürdüyü sahədə quşçuluq təsərrüfatı ilə məşğul olmaq məqsədilə 25.10.2019-cu il tarixdə Öhdəlik Müqaviləsi” bağlamışdır. Həmin müqaviləyə əsasən X18, X8 və X9 arasında üçtərəfli müqavilə bağlanaraq aralarında təsərrüfat ilə bağlı vəzifə bölgüsü edilmişdir. Müqaviləyə əsasən müəssisə quş əti istehsalı ilə məşğul olmalı idi. Bütün bu fəaliyyətin həyata keçirilməsi və müqavilənin 3 illik olmasına güvənərək maddi imkan olmadığından müxtəlif banklardan kreditlər götürərək gəlir əldə etmək məqsədilə təsərrüfata investisiya qoyulmuşdur. Lakin 2020-ci ilin yanvar ayında icarədarın həyat yoldaşı X3 və X4 təsərrüfat yerləşən yerə gələrək həmin yeri boşaltmağı tələb etmiş, səbəbini soruşduqda bildirmişlər ki, həmin obyekti 8500 manata ayrı bir şəxsə icarəyə vermək niyyətindədirlər. İddiaçı hal-hazırda icarədarla aralarında bağlanmış müqavilənin qüvvədə olduğunu bildirdikdə 2 gün vaxt verərək həmin ərazinin boşaldılmasını tələb etmişdir. Daha sonra iddiaçı mübahisənin həlli üçün hüquq mühafizə orqanlarına müraciət etmişdir. Aralarında uzun gedən söhbətlərdən sonra 01.05.2020-ci il tarixdə X4 yanında bir neçə şəxslə əraziyə hücum edərək odlu və soyuq silahlardan istifadə etməklə ərazidəki işçiləri qorxutmuş və ərazini boşaltmağı tələb etmişdir. Bu qanunsuz hərəkətlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilmişdir. Hazırki mübahisə mülki xarakterli olduğundan yerli məhkəmədə mübahisələndirilməlidir. Bundan başqa, cavabdehin və üçüncü şəxslərin icarə müqaviləsinin şərtlərini kobud surətdə pozmaqla mane olduğundan iddiaçıya 110.000 (bir yüz on min) manat zərər dəymişdir. Fəaliyyətinin yenidən bərpa etməyi üçün külli miqdarda maddi vəsait tələb olunur. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, “X23 Təsərrüfatı" MMC ilə X13 arasında bağlanmış 16.05.2019-cu il tarixli icarə müqaviləsinin şərtlərinə əməl edilməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində Cəmiyyətə dəymiş 110.000 manat maddi zərərin və Cəmiyyətə əldən çıxmış fayda şəklində vurulmuş 150.000 manat maddi zərər olmaqla ümumilikdə 260.000 manat pul vəsaitinin cavabdehdən “X23 Təsərrüfatı” MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin cavabdeh X13 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X23 Təsərüffatı” MMC-dən 16.05.2019-cu il tarixində bağlanmış icarə müqaviləsinin ləğv edilməsi, icarə üzrə 25.000 manat borcun, qazdan istifadəyə görə 8949,20 manat, işıqdan istifadəyə görə 1796,31 manat borcun və dəymiş zərərə görə 1330 manat borcun, cəmi 37.052,2 manat borcun tutularaq iddiaçı X7 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, X13 ilə “X23 Təsərüffatı” MMC arasında 16.05.2019-cu il tarixində icarə müqaviləsi bağlanmış, X7 məxsus olan Abşeron rayon İcra Hakimiyyətinin 14.11.2011-ci il tarixli, 2335 nömrəli sərəncamı əsasında ona ayrılmış 4.98 ha torpaq sahəsi üzərində həmin icra hakimiyyətinin 1217 nömrəli, 03.08.2012-ci il tarixli sərəncamı ilə tikintisinə icazə verilmiş Bakı şəhəri 1 nömrəli Zeytunçuluq Savxozunun ərazisində yerləşən sahəsi 6891,61 kv. metr olan quşçuluq obyekti tərəfindən cavabdehə icarəyə verilmişdir. İcarə müqaviləsi 3 il müddətinə bağlanmış, 16.05.2022-ci ilə qədər qüvvədə qüvvədədir. Aylıq icarə haqqı isə 2500 (iki min beş yüz) manat olaraq müəyyən edilmişdir. Lakin icarəçi tərəfindən mütamadi olaraq müqavilə üzrə öhdəliklərin icrası pozulmuşdur. İddia ərizəsinə əlavə edilmiş bank hesabından çıxarışda da göründüyü kimi icarəçi cəmi 2 dəfə icarə haqqını ödəmişdir. Bununla bağlı olaraq müqaviləyə xitam verilməsi, ərazinin boşaldılması və icarə haqqının ödənilməsi ilə bağlı olaraq tərəfindən 30 yanvar 2020-ci il tarixində icarəçiyə teleqram vurularaq xəbərdarlıq edilmişdir. Eyni zamanda cavabdeh müqavilənin 6-cı bəndinin tələblərini pozaraq, ona məxsus olan sözügedən əmlakı digər şəxslərə də icarəyə vermişdir. Ancaq bütün səylərinə baxmayaraq icarəçi ona müqavilə əsasında təhvil verdiyi obyekti 1 il sonra , 2020-ci ilin may ayında hüquq mühafizə orqanlarına edimiş müraciəti əsasında daxili işlər orqanlarının əməkdaşlarının iştirakı ilə boşaltmışdır. Lakin “X24 Təsərüffatı” MMC-nin əməkdaşları yenidən son 2 ayda X7 məxsus olan qeyri-yaşayış obyetinə daxil olmuşdur. Tərəfindən 05.08.2020-ci il tarixində 3 gün ərzində icarə müqaviləsinin ləğv edilməsi və “X24 Təsərüffatı” MMC-nin əməkdaşlarının, onların icarə verdiyi 3-cü şəxslərin ona məxsus olan qeyri-yaşayış sahəsindən çıxarılması üçün bildiriş göndərilsə də, cavabdeh nə həmin ərazini boşaltmamış, nə də bildirişə rəsmi münasibət bildirməmişdir. İcarəçi və onun işə cəlb etdiyi şəxslər X7 məxsus olan icarəyə verilmiş əmlakdan istifadə etmiş, orada cücə və toyuq yetişdirərək onları sataraq gəlir əldə etsələr də, bütün 1 il ərzində kommunal xidmətləri, konkret olaraq qaz və işıqdan istifadə etdiklərinə görə də yaranmış borcu tam ödəməmişdir. Nəticədə qazdan istifadəyə görə 8949,20 manat, işıqdan istifadəyə görə isə 1796,31 manat borc yaranmışdır. İddia ərizəsinə əlavə edilmiş arayışlar bunu sübut edir. Bundan başqa icarəçi və onun işə cəlb etdiyi şəxslər bütün bu müddət ərzində quşçuluq obyektində olan icarəyə verənə məxsus olan avadanlıqları da istismar edərək yararsız vəziyyətə salmışdır, nəticədə icarəyə verənə 1330 manat maddi ziyan dəymişdir. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, “X23 Təsərüffatı” MMCdən 16.05.2019-cu il tarixində bağlanmış icarə müqaviləsinin ləğv edilməsi, icarə üzrə 38.333 manat, qazdan isitfadəyə görə 14.497.2 manat, işıqdan istifadəyə görə isə 3762 manat və dəymiş zərərə görə 1330 manat borcun, cəmi 57.922 manat borcun tutularaq iddiaçı X5 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında ilkin iddia ərizəsini müdafiə edərək və qarşılıqlı iddia ərizəsini qəbul etməyərək bildirmişdir ki, icarə müqaviləsi üzrə aylıq müəyyən edilmiş ödənişlər tərəflərindən ödənilmiş, hətta İmanov Məhəbbətə artıqlaması ödənişlər edilmişdir, müəssisə fəaliyyətdə olduğu dövr ərzində kommunal xərclər ödənilmişdir, əks təqdirdə elə həmin dövrdə qaz və işıq təminatı kəsilərdi. 1 may tarixində ərazidən çıxarıldıqdan sonra İmanova Züleyxa həmin ərazini başqasının istifadəsinə vermiş, daha sonra tərəflərindən 28 avqust tarixində icra məmurları ilə birgə əraziyə gedilərək aktlaşdırılmış, Bəhruz adlı şəxs ərazidən çıxmaq üçün vaxt istəmiş, həmin vaxtdan sonra da əraziyə girmək mümkün olmamışdır. Bu səbəbdəndə 1 may – 28 avqust tarixlərində Candahar Kəndli Fermer Təsərüffatı” MMC orada fəaliyyət göstərməmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında qarşılıqlı iddia ərizəsini müdafiə edərək və ilkin iddiaya etiraz edərək izahatında bildirdi ki, ilkin iddia ərizəsində göstərilən tələb əssasız və qanunsuz olduğuna görə iddianı qəbul etmir. Belə ki, 2020-ci ilin mart ayından “X25 Təsərüffatı” MMC-nin direktoru Babayev Vaqif icarə obyektindən çıxdığını və icarəyə verənin raziliği olmadan icarə obyektini cavabdehin tanımadığı X9 və X1 aralarında bağladıqları 3 tərəfli müqavilə əsasında təhvil verdiyini bildirdi. Faktiki olaraq "X23 Təsərüffatı” MMC X13 ilə aralarında bağlanmış 16.05.2019-cu il tarixli müqavilənin 4-cü, 6-cı,7-ci, 12-ci bəndlərinin tələblərini pozaraq icarə obyektini vaxtından əvvəl özü tərk etmişdir. İcarəyə verən tərəfindən obyektin boşaldılması barədə dəfələrlə həmin şəxslərə xəbərdarlıq edilmiş və 01 may 2020-ci il tarixində obyektin mühafizəçisi və Züleyxa xanımın oğlu obyekti bağlamışlar. Sonra razılıq əsasında həmin şəxslər orada olan mallarını çıxartmışlar. Daha sonra X9 və X6 DİN-in aidiyyəti qurumlarından cavadehin oğlundan şikayət etmiş guya cavadehin oğlu onları zor tətbiq edərək obyektdən çıxarmışdır, lakin daha sonra bu fakt öz təsdiqini tapmamış, cinayət işinə xitam verilmişdir. Daxili İşlər orqanlarına da “X27 Təsərüffatı” MMC deyil məhz icarə obyektini qanunsuz istifadədə saxlayan, əmlak sahibinin obyekti boşaltmaları barədə tələblərinə məhəl qoymayan, icarə obyektini istifadə etdikləri dövrdə kommunal xərcləri, icarə haqqinı ödəməyən bu iki şəxs müraciət etmişdir. Qeyd etdiklərini nəzərə alaraq ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili X19 qarşılıqlı iddia ərizəsinə uyğun izahat verdi və ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə üçüncü şəxsin nümayəndəsi və vəkili X19 ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib iş materiallarını araşdıraraq, hesab edir ki, ilkin iddia tələbi aşağıdakı əsaslara görə rədd edilməli, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - X13 ilə “X23 Təsərrüfatı” MMC adından X18 arasında bağlanmış 16.05.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, X13 ona məxsus Bakı şəhəri 1 nömrəli Zeytunçuluq Sovxozunun ərazisində yerləşən, sahəsi 6891,61 kv. metr olan quşçuluq obyekti “X23 Təsərrüfatı” MMC-yə icarəyə verilmişdir. İcarə müqaviləsi 3 il müddətinə bağlanmış, 16.05.2022-ci ilə qədər qüvvədə olması , aylıq icarə haqqının isə 2500(iki min beş yüz) manat olması müəyyən edilmişdir. - Həmin müqavilənin 6-ci bəndinə əsasən icarəçi icarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə verə bilməz. - Həmin müqavilənin 10-cu bəndinə əsasən icarə obyektində texniki təhlükəsizlik qaydalarına əməl olunması vəzifələri “icarəçi” tərəfindən həyata keçirilir. - Həmin müqavilənin 12-ci bəndinə əsasən kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqqları icarəçi tərəfindən ödənilir. - 25.10.2019-cu il tarixli öhdəlik müqaviləsindən görünür ki, icarəçi “X23 Təsərrüfatı” MMC adından X18, X10, X9 öz aralarında, X7 məxsus Bakı şəhəri 1 nömrəli Zeytunçuluq sovxozunun ərazisində yerləşən quşçuluq obyektində quşçuluq təsərrüfatı ilə məşğul olmaq üçün razılığa gəlmişlər. - 04.06.2020-ci il tarixli hesabatdan görünür ki, X23 Təsərrüfatı” MMC tərəfindən X5 hesabına 13.12.2019-cu il tarixdə 2500 AZN, 14.02.2020-ci il tarixdə 2500 AZN məbləğində vəsait ödənilmişdir. - Qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktından görünür ki, X13 ilə Suraxanı Xidmət sahəsi qazın alqı-satqısı üzrə yaranmış Debitor borcun və aparılmış ödənişlərin 31.12.2019-cu il tarixə olan qalıq məbləği 11285,60 AZN, 02.06.2020-ci il tarixə 8949,20 AZN təşkil etmişdir. - İş materiallarına əlavə edilmiş Abunə haqqında məlumatdan görünür ki, Hövsan qəsəbəsində yerləşən”xxxx” MMC “xxxx” ASC tərəfindən abunə olaraq qeydiyyata alınaraq elektrik enerjisinin istifadəçisidir. - “X23 Təsərrüfatı” MMC tərəfindən X7 ünvanlanan 21.05.2020-ci il tarixli məktubdan görünür ki, pretenziya qaydasında xəbərdarlıqla X7 müraciət edilərək 110.000 manat borcun ödənilməsi xahiş edilmişdir. Əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-cü maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin maddənin məzmunundan göründüyü kimi, tərəflər arasında müqavilədə ayrı qayda nəzərdə tutulduğu hallar istisna olmaqla, öhdəliyin icra edilməməsi ilə əlaqədar yaranmış zərərə görə məsuliyyət yalnız o zaman borclunun üzərinə qoyula bilər ki, həmin zərər borclunun qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində yaranmış olsun, başqa sözlə desək, borclu həmin zərərin yaranmasında təqsirli olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərarına görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə ilkin iddia üzrə iddia tələbinə münasibətdə qeyd edir ki, zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur ki, iddiaçı iddia tələblərinin əsası kimi istinad etdiyi halları-icarə müqaviləsinin şərtlərinin cavabdeh tərəfindən pozulmasını və bunun nəticəsində maddi zərər çəkməsini sübuta yetirə bilmədiyindən iddia tələbi əsassız olduğundan təmin edilməməlidr. Azərbaycan Respbulikasının Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Qeyd olunan Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə uyğun olaraq, müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. İş materiallarında olan 05.08.2020-ci il tarixli bildirişdən görünür ki, X13 3 gün ərzində icarə müqaviləsinin ləğv edilməsi və “X24 Təsərüffatı” MMC-nin əməkdaşlarının, onların icarə verdiyi 3-cü şəxslərin ona məxsus olan qeyri-yaşayış sahəsindən çıxarılması üçün müvafiq tədbirlərin həyata keçiriləcəyi ilə cavabdehi xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, “X23 Təsərrüfatı” MMC ilə X13 arasında bağlanmış 16.05.2019-cu il tarixli icarə müqaviləsinə əsasən X13 ona məxsus Bakı şəhəri, 1 nömrəli Zeytunçuluq sovxozunun ərazisində yerləşən 6891.61 kvm sahədən ibarət olan quşçuluq obyektini 3 (üç) il müddətinə yəni 16.05.2022-ci il tarixinədək “X23 Təsərrüfatı” MMC-yə icarəyə vermişdir. Lakin icarəçi tərəfindən mütamadi olaraq müqavilə üzrə öhdəliklərin icrası pozulmuşdur. İş materiallarından göründüyü kimi icarəçi cəmi 2 dəfə icarə haqqını ödəmişdir. Bununla bağlı olaraq müqaviləyə xitam verilməsi, ərazinin boşaldılması və icarə haqqının ödənilməsi ilə bağlı olaraq tərəfindən 30 yanvar 2020-ci il tarixində icarəçiyə teleqram vurularaq xəbərdarlıq edilmişdir. “X23 Təsərrüfatı” MMC-nin nümayəndəsi ödənişlərin edildiyini bildirsə də sübut təqdim edə bilməmişdir. Məhkəmə qarşılıqlı iddia tələbinin icarə müqaviləsinin ləğv edilməsi hissəsinə münasibətdə hesab edir ki, “X23 Təsərrüfatı” MMC tərəfindən 16.05.2019-cu il tarixli icarə müqaviləsinin tələbləri pozulduğundan qarşılıqlı iddia həmin hissədə əsaslıdır.İddia tələbi həmin hissədə təmin edilməli icarə müqaviləsi ləğv edilməli, icarə haqqı “X23 Təsərrüfatı” MMC-nin faktiki istifadə etdiyi aylar üçün icarə haqqı tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, qazdan isitfadəyə görə 14.497.2 manat, işıqdan istifadəyə görə isə 3762 manat və dəymiş zərərə görə 1330 manat qarşılıqlı iddia təbbi qazdan istifadəyə görə yaranmış 14.497.2 manat borcun cavabdehdən tutulması hissəsində iddia tələbi sübut olunmadığından rədd edilməlidir. Belə ki, təqdim edilmiş Qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktından görünür ki, X13 ilə Suraxanı Xidmət sahəsi qazın alqı-satqısı üzrə yaranmış Debitor borcun və aparılmış ödənişlərin 31.12.2019-cu il tarixə olan qalıq məbləği 11285,60 AZN, 02.06.2020-ci il tarixə 8949,20 AZN təşkil etmişdir.İş materiallarına əlavə edilmiş Abunə haqqında məlumatdan görünür ki, Hövsan qəsəbəsində yerləşən ”xxxx” MMC “xxxx” ASC tərəfindən abunə olaraq qeydiyyata alınaraq elektrik enerjisinin istifadəçisidir.Qarşılıqlı iddiaçı tərəfindən qeyd edilən qaz və enerji istehlakçılarının icarəyə verilmiş sahə ilə əlaqəsi ilə bağlı sübut təqdim edilməmişdir.Dəymiş zərərə görə 1330 manat tələbə münasibtədə məhkəmə qeyd edir ki, tərəf 07 may 2020-ci il tarixli akt təqdim edərək sındırlmış və xarab edilmiş avadanlıların sayı və məbləğini göstərərək aktlaşdırsa da qeyd edilən avadanlıqların onların sayını və çeşidini, qiymətinin hansı şəkildə müəyyən edilməsini təsdiq edən sübutlarını təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, "X23 Təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin X7 qarşı “icarə müqaviləsi üzrə öhdəliyin icrası və dəymiş maddi ziyan ödənilməsi” tələbinə dair ilkin iddiası təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməli, “X23 Təsərüffatı” MMC ilə X13 arasında bağlanmış 16.05.2019-cu il tarixli icarə müqaviləsi ləğv edilməli, icarə haqqı üzrə 15000 manat tutularaq X5 xeyrinə ödənilməli, qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "X23 Təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin X7 qarşı “icarə müqaviləsi üzrə öhdəliyin icrası və dəymiş maddi ziyan ödənilməsi” tələbinə dair ilkin iddiası təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. “X23 Təsərüffatı” MMC ilə X13 arasında bağlanmış 16.05.2019-cu il tarixli icarə müqaviləsi ləğv edilsin. "X23 Təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətindən icarə haqqı üzrə 15000 manat tutularaq X5 xeyrinə ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-136/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-136/2021
07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver