Məhkəmə qərarları › İş №e-2-2(113)-136/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-136/2024

24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-136/2024 24.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, X4 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, X4 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 28 fevral 2022-ci il tarixli, TZM0022005/001 saylı müqaviləsi üzrə 391687,91 manat əsas, 18885,47 manat faiz, 28180,05 manat dəbbə, cəmi 438753,43 manat, 02 mart 2022-ci il tarixli, TZM0022005/002 saylı müqaviləsi üzrə 631561,42 manat əsas, 36645,33 manat faiz, 42835,99 manat dəbbə, cəmi 711042,74 manat, 01 mart 2022ci il tarixli, TZM0022005/003 saylı müqaviləsi üzrə 482979,82 manat əsas, 24852,68 manat faiz, 32908,04 manat dəbbə, cəmi 540740,54 manat (bütün tələblərin cəmi 1690536,71 manat) məbləğində pulun, dövlət rüsumu kimi ödənilmiş 1235 manat pulun və mediasiya xərci kimi ödənilmiş 400 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barəd barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 23 fevral 2022-ci il tarixli, TZM0022005 saylı Maliyyələşdirmə limitimüqaviləsinə əsasən illik 16 % faiz dərəcəsi olmaqla 60 ay müddətinə ******* (ikimilyon) manat məbləğində cavabdehlərə invoys, sifariş,anbar və sair maliyyələşdirmə məqsədilə kredit limiti verilmişdir (müqavilənin 1.1.1., 1.1.2. və 1.1.3. maddələri). Həmin maliyyələşdirmə limiti müqaviləsi üzrə İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında 28 fevral 2022-ci il tarixli, TZM0022005/001 saylı, illik 13 % faiz dərəcəsi olmaqla 06 ay müddətinə 600000 manat məbləğində sifariş maliyyələşməsinə dair razılaşma bağlanmışdır (Razılaşma müqaviləsinin 1,4 və 5-cimaddələri). Həmin maliyyələşdirmə limiti müqaviləsi üzrə İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında 02 mart 2022-ci il tarixli, TZM0022005/002 saylı, illik 13 % faiz dərəcəsi olmaqla 06 ay müddətinə 710000 manat məbləğində sifariş maliyyələşməsinə dair razılaşma bağlanmışdır (Razılaşma müqaviləsinin 1, 4 və 5cimaddələri). Həmin maliyyələşdirmə limiti müqaviləsi üzrə İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında 01 mart 2022-ci il tarixli, TZM0022005/003 saylı, illik 13 % faiz dərəcəsi olmaqla 06 ay müddətinə 610000 manat məbləğində sifariş maliyyələşməsinə dair razılaşma bağlanmışdır (Razılaşma müqaviləsinin 1, 4 və 5-cimaddələri). Həmin maliyyələşdirmə limiti müqaviləsi və razılaşmalar üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq İddiaçı ASC ilə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 arasında 23 fevral 2022-ci il tarixli, TZM0022005/001saylızaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələr üzrə Zaminlər razılaşmalar üzrə öhdəliklər tam icra olunana qədər borclu ilə birlikdə məsuliyyət daşıyacaqları barədə öhdəlik götürmüşdülər. Lakin cavabdehlər müqavilələr üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə Cavabdeh1 MMC və digər cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. xx.xx.2023-cü il tarixli X3 Barədə Təklif məktubuna əsasən cavabdehlərə mübahisənin məhkəmədən kənar qaydada mediasiya vasitəsilə həll edilməsi təklif edilmişdir. Lakin cavabdehlər ilkin mediasiya sessiyasına dəvət edilsələr də iştirak etməmişlər. 400 manat ilkin mediasiya xərciİddiaçı ASC tərəfindən tam ödənilmişdir. 9 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli Arayış təqdim edilmişdir. Məhkəməyə təqdim olunan maliyyə arayışlarına əsasən cavabdehlərin xx.xx.2023-cü il tarixinə 28 fevral 2022-ci il tarixli, TZM0022005/001 saylı müqaviləsi üzrə borcunun məbləği 391687,91 manat əsas, 18885,47 manat faiz, 28180,05 manat dəbbə, borcun cəmi məbləği 438753,43 manat, 02 mart 2022-ci il tarixli, TZM0022005/002saylı müqaviləsi üzrə borcunun məbləği 631561,42 manat əsas, 36645,33 manat faiz, 42835,99 manat dəbbə, borcun cəmi məbləği 711042,74 manat, 01 mart 2022-ci il tarixli, TZM0022005/003 saylı müqaviləsi üzrə borcunun məbləği 482979,82 manat əsas, 24852,68 manat faiz, 32908,04 manat dəbbə, borcun cəmiməbləği 540740,54 manat təşkil edir.

İİ.Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi M.Osmanov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, sonuncu ekspert rəyi ilə razıdır. Belə ki, ilk rəy verilən zaman iddiaçı tərəfindən kredit müqavilələrinin uzadılması barədə razılaşmalar təqdim edilmədiyi üçün ekspert tərəfindən təqdim edilmiş sənədlərə uyğun rəy verilmişdir. Daha sonra tərəflərindən həmin razılaşmalar məhkəməyə təqdim edilmiş, vəsatətətləri əsasında keçirilmiş təkrar ekspertiza zamanı obyektiv və hərtərəfli rəy verilmişdir. Cavabdehlər tərəfindən edilmiş ödənişlərin bəziləri ilk öncə faiz borca silinməli olduğu halda, yalnız əsas borca silindiyi, lakin bu barədə tərəflər arasında yazılı razılaşma olmadığı üçün rəylə tələb arasında fərq yaranmışdır.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə də məhkəməyə məlumat verməmişlər.

5. Məhkəmə iclasının cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

İİİ.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin:

7. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

8. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

9. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

10. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

11. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

12. İddiaçı və Cavabdeh1 MMC arasında bağlanmış 23 fevral 2022-ci il tarixli TZM0022005 nömrəli maliyyələşdirmə limiti müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə gələcəkdə veriləcək sifariş orderi və invoys maliyyələşmələri üzrə bağlanan müqavilələr üzrə sifariş orderlərinin və invoysların maliyyələşməsi məqsədi ilə 60 ay müddətinə illik 16% dərəcəsi ilə 2.000.000 manat bərpa olunan kredit limiti ayrılmışdır.

13. İddiaçı cə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli TZM00022005/001 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 iddiaçı və Cavabdeh1 MMC arasında bağlanmışTZM0022005/001 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə limiti müqaviləsinə əsasən kredit almış borc alanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

14. İddiaçı cə Cavabdeh2 Kazim oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli TZM00022005/001 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 iddiaçı və Cavabdeh1 MMC arasında bağlanmışTZM0022005/001 saylı xx.xx.2022-ci il tarixli maliyyələşdirmə limiti müqaviləsinə əsasən kredit almış borc alanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

15. İddiaçı və Cavabdeh1 MMC arasında bağlanmış sifariş maliyyələşdirilməsi və tələbin güzəştinə dair razılaşma müddətinin uzadılması haqqında xx.xx.2022-ci il tarixli əlavə sazişə əsasən xx.xx.2022-ci il tarixli TZM0022005/001 saylı sifariş maliyyələşdirilməsi və tələbin güzəştinə dair razılaşma üzrə hesablanmış dəbbənin müddətin sonunda ödənməsi şərti ilə razılaşmanın müddəti 18 ay müddətinə xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinə kimi uzalıdır.

16. İddiaçı və Cavabdeh1 MMC arasında bağlanmış sifariş maliyyələşdirilməsi və tələbin güzəştinə dair razılaşma müddətinin uzadılması haqqında xx.xx.2022-ci il tarixli əlavə sazişə əsasən xx.xx.2022-ci il tarixli TZM0022005/002 saylı sifariş maliyyələşdirilməsi və tələbin güzəştinə dair razılaşma üzrə hesablanmış dəbbənin müddətin sonunda ödənməsi şərti ilə razılaşmanın müddəti 18 ay müddətinə xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinə kimi uzadılır.

17. İddiaçı və Cavabdeh1 MMC arasında bağlanmış sifariş maliyyələşdirilməsi və tələbin güzəştinə dair razılaşma müddətinin uzadılması haqqında xx.xx.2022-ci il tarixli əlavə sazişə əsasən xx.xx.2022-ci il tarixli TZM0022005/003 saylı sifariş maliyyələşdirilməsi və tələbin güzəştinə dair razılaşma üzrə hesablanmış dəbbənin müddətin sonunda ödənməsi şərti ilə razılaşmanın müddəti 18 ay müddətinə xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinə kimi uzalıdır.

18. İddiaçı və Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli maliyyələşdirmə limiti müqaviləsi üzrə sifariş maliyyələşdirilməsinə və tələbin güzəştinə dair razılaşmaya əsasən Cavabdeh1 MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Bazarstore MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli BTM/0514/2021 nömrəli müqavilələrdən irəli gələn pul tələbinin Banka güzəşti müqabilində bu razılaşmanın 19-cu bəndində göstərilmiş sifariş və ya orderlər əsasında pul tələbini güzəşt edir.

19. İddiaçı və Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli maliyyələşdirmə limiti müqaviləsi üzrə sifariş maliyyələşdirilməsinə və tələbin güzəştinə dair razılaşmaya əsasən Cavabdeh1 MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Davudoğlu NN MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli nömrəli müqavilələrdən irəli gələn pul tələbinin Banka güzəşti müqabilində bu razılaşmanın 19-cu bəndində göstərilmiş sifariş və ya orderlər əsasında pul tələbini güzəşt edir.

20. İddiaçı və Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli maliyyələşdirmə limiti müqaviləsi üzrə sifariş maliyyələşdirilməsinə və tələbin güzəştinə dair razılaşmaya əsasən Cavabdeh1 MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Davudoğlu NN MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli nömrəli müqavilələrdən irəli gələn pul tələbinin Banka güzəşti müqabilində bu razılaşmanın 19-cu bəndində göstərilmiş sifariş və ya orderlər əsasında pul tələbini güzəşt edir.

21. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli RB02/PK-1983 nömrəli arayışdan görünür ki, iddiaçı və Cavabdeh1 MMC arasında bağlanmış 25 fevral 2022-ci il tarixli TZM 0022005/001 saylı müqavilə üzrə cavabdehin 05 iyun 2023-cü il tarixə əsas borcu 391687,91 manat, faiz borcu 18885,47 manat, cərimə borcu 28180,05 manat olmaqla, ümumilikdə 438753,43 manat təşkil edir.

22. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli RB02/PK-1982 nömrəli arayışdan görünür ki, iddiaçı və Cavabdeh1 MMC arasında bağlanmış 25 fevral 2022-ci il tarixli TZM 0022005/002 saylı müqavilə üzrə cavabdehin 05 iyun 2023-cü il tarixə əsas borcu 631561,42 manat, faiz borcu 36645,33 manat, cərimə borcu 42835,99 manat olmaqla, ümumilikdə 711042,74 manat təşkil edir.

23. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli RB02/PK-1981 nömrəli arayışdan görünür ki, iddiaçı və Cavabdeh1 MMC arasında bağlanmış 25 fevral 2022-ci il tarixli TZM 0022005/003 saylı müqavilə üzrə cavabdehin 05 iyun 2023-cü il tarixə əsas borcu 482979,82 manat, faiz borcu 24852,68 manat, cərimə borcu 32908,04 manat olmaqla, ümumilikdə 540740,54 manat təşkil edir.

24. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 oktyabr 2023-cü il tarixli 3-16-16/2-9/6056/2023 saylı ekspert rəyindən görünür ki, 28 fevral 2022-ci il tarixli TZM0022005/001 saylı razılaşmada qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixə əsas borcu 380040,81 manat, faiz borcu 1266,80 manat təşkil edir. 02 mart 2022-ci il tarixli TZM0022005/002 saylı razılaşmada qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixə əsas borcu 617372,07 manat, faiz borcu 7503,34 manat təşkil edir. 01 mart 2022-ci il tarixli TZM0022005/003 saylı razılaşmada qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixə əsas borcu 469893,46 manat, faiz borcu 5744,19 manat təşkil edir.

25. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 fevral 2024-cü il tarixli 3-16-16/2-9/276/2024 saylı ekspert rəyindən görünür ki, 28 fevral 2022-ci il tarixli TZM0022005/001 saylı razılaşmada qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixə əsas borcu 401662,36 manat, faiz borcu 7229,70 manat təşkil edir. 02 mart 2022-ci il tarixli TZM0022005/002 saylı razılaşmada qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixə əsas borcu 636668,22 manat, faiz borcu 29139,85 manat təşkil edir. 01 mart 2022-ci il tarixli TZM0022005/003 saylı razılaşmada qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixə əsas borcu 490256,11 manat, faiz borcu 18151,10 manat təşkil edir.

26. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

27. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

28. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

29. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

30. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

31. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

32. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

33. Beləliklə, işin hallarından məlum olur ki, iddiaçı və Cavabdeh1 MMC arasında xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il və xx.xx.2022 tarixli kredit müqavilələri imzalanmış, həmin müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təminatı qismində iddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri imzalanmışdır. Cavabdehlər kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etməmişlər.

34. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehlərdən yaranmış kredit borcu məbləğləri tutulmalıdır.

35. Məhkəmə qeyd edir ki, cavabdehlərdən kredit müqavilələri üzrə tutulacaq əsas borclar xx.xx.2024-cü il tarixli ekspert rəyinə uyğun müəyyən edilməlidir.

36. Məhkəmə qeyd edir ki, cavabdehlərdən kredit müqavilələri üzrə tutulacaq faiz borcları isə iddia tələbi həddində müəyyən edilməlidir.

37. Belə ki, xx.xx.2024-cü il tarixli ekspert rəyində cavabdehlərin kredit müqavilələri üzrə faiz borclarının məbləği iddia ərizəsində tələb edilən məbləğlərdən artıq müəyyən edilsə də, məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

38. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış 28 fevral 2022-ci il tarixli, TZM0022005/001 saylı kredit razılaşmasına əsasən hesablanmış 28180,05 manat, 02 mart 2022-ci il tarixli, TZM0022005/002 saylı kredit razılaşmasına əsasən hesablanmış 42835,99 manat, 01 mart 2022-ci il tarixli, TZM0022005/003 saylı kredit razılaşmasına əsasən hesablanmış 32908,04 manat cərimə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

39. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

40. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

41. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq cərimə 28 fevral 2022-ci il tarixli, TZM0022005/001 saylı kredit razılaşmasına əsasən 15000 manat, 02 mart 2022-ci il tarixli, TZM0022005/002 saylı kredit razılaşmasına əsasən 25000 manat, 01 mart 2022- ci il tarixli, TZM0022005/003 saylı kredit razılaşmasına əsasən 19000 manat müəyyən edilməlidir.

42. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə kredit müqavilələri üzrə iddiaçıya borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən birgə qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 391687,91 manat əsas borc, 7229,70 manat faiz borcu, 15000 manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 631561,42 manat əsas borc, 29139,85 manat faiz borcu, 25000 manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 482979,82 manat əsas borc, 18151,10 manat faiz borcu, 19000 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 1325 manat dövlət rüsumu cavabdehlərə, 400 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

45. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının xərcinə dair bildirişlərdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri ümumilikdə 200 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ekspertiza xərci cavabdehlərdən birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.

V. Nəticə:

46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3 birgə qaydada xx.xx.2022ci il tarixli kredit müqaviləsi üzrə 391687,91 manat əsas borc, 7229,70 manat faiz borcu, 15000 manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 631561,42 manat əsas borc, 29139,85 manat faiz borcu, 25000 manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 482979,82 manat əsas borc, 18151,10 manat faiz borcu, 19000 manat dəbbə pulu, ödənilmiş 1325 manat dövlət rüsumu, ümumilikdə 1621074,80 (bir milyon altı yüz iyirmi bir min yetmiş dörd manat səksən qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 400 (dörd yüz) manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatları ilə bağlı 200 (iki yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3 birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar