Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1366/2021 05.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı MTK-nın cavabdeh “xxxx” ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MTK (bundan sonra – iddiaçı) cavabdeh “xxxx” ASC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 20.269 manat məbləğində elektrik enerjisinə görə borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə 05.05.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında tərəflərin səlahiyyətli nümayəndələri məhkəməyə tərəflər arasında imzalanmış barışıq sazişi təqdim edərək, sazişin şərtlərinin məhkəmə tərəfindən təsdiq edilməsini və bununla əlaqədar iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Barışıq sazişinin məzmununa görə:
1. Cavabdeh tərəfindən tərtib edilmiş 25 noyabr 2019-cu il tarixli, 006803 №-li akt əsasında iddiaçıya 20.000 manat məbləğində pulun hesablanması ilə bağlı iddiaçı və cavabdeh arasında yaranmış mübahisənin həlli məqsədi ilə iddiaçı 2 ay müddətində, hər ay 5000 manat olmaqla, cəmi 10.000 manat məbləğində pulu cavabdehə ödəməyi öhdəsinə götürür.
2. Cavabdeh onun tərtib etdiyi 25 noyabr 2019-cu il tarixli 006803 №-li akt əsasında hesabladığı və ödənilməmiş iddiaçıya 20.000 manat məbləğində borcun 10.000 manat məbləğində hissəsini iddiaçının şəxsi hesabından silməyi, iddiaçıdan 2 ay müddətində cəmi 10.000 manat pulu (5.000 manat pulu hazırkı sazişin məhkəmə tərəfindən təsdiq edildiyi gün, qalan 5.000 manat pulu isə növbəti 1 ay müddətində) qəbul etməyi, mübahisəni məhkəmədən kənar həll etməyi və gələcəkdə 25 noyabr 2019-cu il tarixli, 006803 №-li akta əsasən hesablanmış borcu tələb etməməyi, həmin tələblə bağlı məhkəmədə iddia qaldırmayacağını öhdəsinə götürür.
3. Tərəflərdən birinin sazişin şərtlərini pozduğu və öhdəliyini yerinə yetirmədiyi halda, sazişin şərtlərinin məcburi icra edilməsi üçün ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət ediləcəkdir. Məhkəmə barışıq sazişini müzakirə edərək, tərəflərin nümayəndələrinin fikirlərini dinləyərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tətəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı MTK ilə cavabdeh “xxxx” ASC arasında bağlanmış barışıq sazişinin aşağdakı şərtləri məhkəmə tərəfindən təsdiq edilsin və iş üzrə icraata xitam verilsin.
1. Cavabdeh “xxxx” ASC tərəfindən tərtib edilmiş 25 noyabr 2019-cu il tarixli, 006803 №-li akt əsasında İddiaçı MTK-ya 20.000 (iyirmi min) manat məbləğində pulun hesablanması ilə bağlı İddiaçı MTK və cavabdeh “xxxx” ASC arasında yaranmış mübahisənin həlli məqsədi ilə İddiaçı MTK 2 (iki) ay müddətində, hər ay 5000 (beş min) manat olmaqla, cəmi 10.000 (on min) manat məbləğində pulu cavabdeh “xxxx” ASC-yə ödəməyi öhdəsinə götürür.
2. Cavabdeh “xxxx” ASC onun tərtib etdiyi 25 noyabr 2019-cu il tarixli 006803 №-li akt əsasında İddiaçı MTK-ya hesabladığı və ödənilməmiş 20.000 (iyirmi min) manat məbləğində borcun 10.000 (on min) manat məbləğində hissəsini İddiaçı MTK-nın şəxsi hesabından silməyi, İddiaçı MTK-dan 2 (iki) ay müddətində cəmi 10.000 (on min) manat pulu - 5.000 (beş min) manat pulu hazırkı sazişin məhkəmə tərəfindən təsdiq edildiyi gün, qalan 5.000 (beş min) manat pulu isə növbəti 1 (bir) ay müddətində qəbul etməyi, mübahisəni məhkəmədən kənar həll etməyi və gələcəkdə 25 noyabr 2019-cu il tarixli, 006803 №-li akta əsasən hesablanmış borcu tələb etməməyi, həmin tələblə bağlı məhkəmədə iddia qaldırmayacağını öhdəsinə götürür.
3. Tərəflərdən birinin sazişin şərtlərini pozduğu və öhdəliyini yerinə yetirmədiyi halda, sazişin şərtlərinin məcburi icra edilməsi üçün ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət ediləcəkdir. İddiaçı MTK və cavabdeh “xxxx” ASC-yə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Ülkər Həsənova