Məhkəmə qərarları › İş №e-2-2(113)-1368/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1368/2021

14.07.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1368/2021 14.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs LPO "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs LPO "xxxx" ASC) qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbi barədə kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 13.11.2020-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 12604,99 manat, Dövlət Sosial Müdafiə Fonduna 161,89 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 200000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan Cavabdeh MMC Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin büdcəyə ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də büdcəyə ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 13.11.2020-ci il tarixə yaranan borcuna görə 200000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə 03.12.2020-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 13.11.2020-ci il tarixə olan borc məbləğindən dövlət büdcəsinə 12604,99 manat və Dövlət Sosial Müdafiə Fonduna 161,89 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs LPO "xxxx" ASC-nin nümayəndəsi X2 izahatında bildirmişdir ki, vergi orqanı tərəfindən siyahıya alınmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak bankdan götürülən kreditin təminatı kimi Yasamal Rayon Məhkəməsinin 2(004)-624/2010 saylı 01.10.2010-cu il tarixli icra vərəqəsinə əsasən 03.11.2017-ci il tarixdə keçirilən hərracda "xxxx" ASC-yə satılmış və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 30.01.2018-ci il tarixli çıxarışa əsasən bankın mülkiyyətindədir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh MMC-nin nümayəndəsi (direktor) X3 iddianı qəbul etməyərək, izahatında sözügedən siyahıya alınmış əmlakın onların mülkiyyətində olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmiş, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi isə məhkəməyə ərizə ilə müraciət edərək, iddianın təmin edilməsini və məhkəmə iclasını vergi orqanının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5 və 185.6-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin və iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 03 noyabr 2017-ci il tarixli, 70/02 nömrəli hərracın yekunları barədə protokolun və 03 noyabr 2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, Cavabdeh MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binası "xxxx" ASC tərəfindən alqı-satqı əsasında əldə edilmişdir. Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 13.11.2020-ci il tarixli protokol və əlavədən, həmçinin vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında 13.11.2020-ci il tarixli aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi dəyəri 200000 manat məbləğində qiymətləndirilən daşınmaz əmlak (qeyri-yaşayış binası) siyahıya alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 06 iyul 2021-ci il tarixli məktubundan və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası "xxxx" ASC-nin adına tam mülkiyyət hüquqi üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixi 30.01.2018-ci il olmaqla 5 nömrəli reyestr kitabının 486 nömrəli vərəqində qeydiyyata alınmışdır və hazırda onun mülkiyyətindədir. Sözügedən qeyriyaşayış binası 07.09.2018-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin: 23.1.6-cı maddəsinə əsasən, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-ci maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.9-ci maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, vergi ödəyicisi olan Cavabdeh MMC vergi öhdəliyini lazımınca yerinə yetirməyərək, vergi borcunun dövlət büdcəsinə ödənilməsini təmin etməmişdir. Bu səbəbdən də Cavabdeh MMC-nin dövlət büdcəsinə ödənilməmiş 12604,99 manat və Dövlət Sosial Müdafiə Fonduna 161,89 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 200000 manat dəyərində əmlak siyahıya alınmışdır. Lakin məhkəmə gedişatında müəyyən edilmişdir ki, vergi orqanı tərəfindən siyahıya alınmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak "xxxx" ASC-dən götürülən kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş, daha sonra 03.11.2017-ci il tarixdə keçirilən hərracda "xxxx" ASC-yə satılmış və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 30.01.2018-ci il tarixli çıxarışa əsasən siyahıya alınmış əmlak "xxxx" ASC-nin mülkiyyətindədir. Göründüyü kimi vergi orqanı tərəfindən siyahıya alınmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak Cavabdeh MMC-nin deyil, LPO "xxxx" ASC-nin mülkiyyətindədir. Belə olan halda Cavabdeh MMC-nin 13.11.2020-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 12604,99 manat, Dövlət Sosial Müdafiə Fonduna 161,89 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 30.01.2018-ci il tarixdən LPO "xxxx" ASC-nin mülkiyyətində olan siyahıya alınmış əmlak ixtisaslaşdırılmış açıq hərracda satıla bilməz. Odur ki, siyahıya alınmış əmlakın LPO "xxxx" ASC-nin mülkiyyətində olduğunu nəzərə alan məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin 13.11.2020-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 12604,99 manat, Dövlət Sosial Müdafiə Fonduna 161,89 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı 13.11.2020-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 12604,99 manat, Dövlət Sosial Müdafiə Fonduna 161,89 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbi barədə iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən sonra 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar