Məhkəmə qərarları › İş №e-2-2(113)-137/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-137/2025

01.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-137/2025 01.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: vurulmuş ziyan) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən avtomobillərə vurulmuş zərərə görə ƏDV daxil 22.619,9 (iyirmi iki min altı yüz on doqquz manat, doxsan qəpik) manat, avtomobillərin icarə müddətinin bitməsindən əvvəl qaytarılmasına görə ƏDV daxilcərimə 15488 (on beş min dörd yüz səksən səkkiz ) manat, avtomobilin illik limitdən artıq sürülməsinə görə 5128,24 (beş min yüz iyirmi səkkiz manat, iyirmi dörd qəpik) manat, toplam 43236,14 (qırx üç min iki yüz otuz altı min, on dörd qəpik) manat alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə İddiaçı arasında bağlanılmış AV- 219/2021 №li, xx.xx.2021-ci il tarixli uzun müddətli avtomobil icarə müqaviləsinə, həmin müqaviləyə edilmiş xx.xx.2022-ci il tarixli AV-004/2022№li, xx.xx.2022-ci il tarixli AV- 042/2022№li, xx.xx.2022-ci il tarixliAV-085/2022№li və xx.xx.2022-ci il tarixliAV- 169/2022№li Əlavlərə əsasən illik sürülmə limiti 50.000 (əlli min) kilometr, aylıq icarə haqqı 1660(min altı yüz altmış) manat olmaqla İddiaçı mülkiyyətində olan 5 (beş) ədəd Mitsubishi L200 MİD 4WD2021 markalı avtomobillər 24 ay müddətinə cavabdehə icarəyə verilmişdir. Dəfələrlə müraciət edilməsinə baxmayaraq cavabdeh qeyd edilən icarə müqaviləsinin şərtlərini pozaraq icarə predmeti olmuş 3 ədəd avtomobilin illik limitdən artıq sürülməsinə və həmin avtomobillərə vurulmuş zərərin əvəzinin ödənilməsinə görə borcunu tam olaraq ödəməmiş və müqavilədə göstərilən icarə müddətləri bitmədən avtomobilləri qaytarmışdır. Cavabdeh İddiaçınə43236,14 (qırx üç min iki yüz otuz altı manat, on dörd qəpik) manat borcu vardır. Qeyd edilən uzun müddətli avtomobil icarə müqaviləsinin ikinci bəndinə və həmin müqaviləyə edilmiş Əlavələrə əsasən icarə predmeti olmuş avtomobillərin illik sürülmə limiti 50.000 km müəyyən edilmişdir. İcarəçi həmin limiti aşmış və qeyd edilən bəndə əsasən “İcarəçi” limitdən artıq hər km üçün əlavə olaraq 0,12 manat ödəməyi öhdəsinə götürmüşdür. İcarə müddətində “İcarəçi” tərəfindən icarə predmeti olmuş avtomobillər illik limitdən artıq sürülmüşdür.

II. Tərəflərin mövqeləri:

3. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. məhkəmə iclasında iştirak etməməsi barədə məhkəməyə məlumat verməmişdir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddiaya etiraz edərək, rədd edilməsini məhkəmədən xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsaəsn delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

7. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

8. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMC (icarəyə verən) ilə "xxxx" MMC (icarəçi) arasında xx.xx.2021-ci il tarixli uzunmüddətli avtomobil icarə müqaviləsi bağlanmışdır.

9. Müqavilənin 3-cü bəndinə əsasən mövcud razılaşmanın müddəti avtomobil təhvil verilmə günündən 24 ay müddətinə müəyyən edilir.

10. Müqavilənin 5-ci bəndinə əsasən əgər icarəçi icarə müqaviləsini bu müqavilə imzalandıqdan sonra və ya icarə müddəti bitməmişdən əvvəl birtərəfli qaydada ləğv edərsə və ya razılaşmaya xitam verilmədən icarəyə götürülmüş avtomobillərin bir qismini müqavilə müddətinin bitməsindən əvvəl icarəyə verənə qaytararsa, icarəçi icarəyə verənə icarə müqaviləsinin qalan müddətinin ödənilməli olan icarə haqları məbləğinin 50% məbləğini cərimə olaraq ödəyir.

11. Müqavilənin 6.4-cü bəndinə əsasən icarəçinin təqsirli əməli nəticəsində icarə predmeti olan avtomobilə zərər dəydikdə və/və ya siğortaçı tərəfindən avtomobilə vurulmuş zərər siğorta ödənişi ilə qarşılanmadıqda avtomobilə vurulmuş zərərə görə icarəçi icarəyəverən qarşısında tam olaraq öhdəlik daşıyır və bu cür zərərin qarşılığı icarəçi tərəfindən ödənilir.

12. Tərəflər uzunmüddətli icarə müqaviləsinə xx.xx.2022-ci il tarixli, AV-004/2022 saylı, xx.xx.2022-ci il tarixli, AV-042/2022 saylı, xx.xx.2022-ci il tarixli AV-085/2022 saylı və xx.xx.2022-ci il tarixli AV-169/2022 saylı razılaşmalar ilə icarəyə verilən avtomobilin modeli, icarə müddəti, illik km. Limiti, aylıq icarə haqqı barədə razılığa gəlmişlər.

13. Hazırda iddiaçı cavabdehdən icarəyə verilmiş 3 avtomobilin (Mitsubishi L200 MİD 4WD2021 markalı ** PZ *** dövlət qeydiyyat nişanlı, ** PN *** dövlət qeydiyyat nişanlı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobillər) vaxtından əvvəl qaytarılmasına görə cərimə borcunun, avtomobillərə dəymiş zərərin, avtomobilin illik limitdən artıq sürülməsinə görə cərimə borcun tutulmasını tələb edir.

14. İş materiallarından görünür ki, 0364 nömrəli avtomobilin təhvil formasına əsasən ** PZ *** dövlət qeydiyyat nişanlı Mitsubishi L200 MİD 4WD2021 markalı avtomobil xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-yə təhvil verilmiş və avtomobil xx.xx.2023-cü il tarixdə geri qaytarılmışdır.

15. 9231 nömrəli avtomobilin təhvil formasına əsasən ** PN *** dövlət qeydiyyat nişanlı Mitsubishi L200 MİD 4WD2021 markalı avtomobil xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-yə təhvil verilmiş və avtomobil xx.xx.2023-cü il tarixdə geri qaytarılmışdır.

16. 9478 nömrəli avtomobilin təhvil formasına əsasən ** PR *** dövlət qeydiyyat nişanlı Mitsubishi L200 MİD 4WD2021 markalı avtomobil xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-yə təhvil verilmiş və avtomobil xx.xx.2023-cü il tarixdə geri qaytarılmışdır.

17. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 2023.xx.xx- 2023.09.30 dövrləri əhatə edən xidmətlərə görə ** PZ *** dövlət qeydiyyat nişanlı, ** PN *** dövlət qeydiyyat nişanlı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobillərin kirayə haqqı ilə bağlı EBDO seriyalı 275574 nömrəli xx.xx.2023-cü il tarixli sonuncu elektron qaimə göndərilmişdir.

18. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçı ilə müqavilə bağlansa da, avtomobillərin faktiki olaraq "xxxx" MMC-nin istifadəsində olduğunu bildirmiş, iddianın rədd edilməsini xahiş etmişdir.

19. Məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edir.

20. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-1792/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin İV bölməsindən görünür ki, Məhkəmədə tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki, “Otokoç Azərbaycan" MMC tərəfindən 2021-ci ilin dekabr ayından 2022-ci ilin aprel ayınadək olan dövr ərzində sürülməmiş 5 ədəd Mitsubishi L200 MİD 4WD2021 markalı və 1 ədəd Renault Duster 1.5 M/T markalı avtomobilləri icarə müqaviləsinə əsasən “Otokoç Azərbaycan" MMC tərəfindən hazırki iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən Cavabdeh MMC-yə Bakı şəhərində təhvil verilmiş və müvafiq təhvil-təslim aktları tərtib edilmişdir, daha sonra "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixdə icarə müqavilə imzalanmış, lakin 5 ədəd Mitsubishi L200 MİD 4WD2021 markalı və 1 ədəd Renault Duster 1.5 M/T markalı avtomobillər Bakı şəhərində deyil, Qarabağ bölgəsində tikintiquraşdırma işləri aparan Cavabdeh MMC-nin istifadəsində olduğuna görə həmin avtomobilləri “Otokoç Azərbaycan" MMC-nin əməkdaşları "xxxx" MMC-yə faktiki təhvil verə bilməmiş və bununla bağlı müvafiq təhvil-təslim aktları tərtib edilmiş, iddiaçının izahatına əsasən 5 ədəd Mitsubishi L200 MİD 4WD2021 markalı və 1 ədəd Renault Duster 1.5 M/T markalı avtomobilləri Cavabdeh MMC Qarabağ bölgəsində "xxxx" MMC-yə təhvil vermişdir……… Bu isə o deməkdir ki, iddiaçı icarə haqqı borcu, yanacaq xərci, cərimə, vurulmuş zərərə görə, dövlət qeydiyyat nişanının itirilməsinə görə, avtomobillərin icarə müddətinin bitməsindən əvvəl qaytarılmasına və avtomobilin illik limitdən artıq sürülməsinə görə pul tələb edirsə, sonuncu öncə avtomobillərin "xxxx" MMC-yə təhvil verilməsi ilə bağlı təhviltəslim aktları təqdim etməlidir. Belə ki, avtomobillər "xxxx" MMC-yə təhvil verildiyi təqdirdə, avtomobillərin yürüşü, aksessuarlar və əlavə avadanlıqların mövcudluğu, həmçinin avtomobillərin zədələnməsi və nasazlıqları barədə məlumat olmadığına görə avtomobillərin hansı müddətlərdə "xxxx" MMC-də icarədə olmasını, bununla yanaşı məhz "xxxx" MMC tərəfindən avtomobillərin illik limitdən artıq sürüldüyünü, dövlət qeydiyyat nişanının itirildiyini və avtomobillərə zərər vurmasını müəyyən etmək mümkün deyil.

21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 noyabr tarixli 2-2(103)-757/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 02 may 2023-cü il tarixli, e-2-2(113)- 1792/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-2(102)-156/2024 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin X1 2023-cü il 4 noyabr tarixli 2-2(103)-757/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

23. Göründüyü kimi, nəqliyyat vasitələri cavabdehin istifadəsində olmuşdur, bu halı həmçinin də, ona son olaraq göndərilmiş xx.xx.2023-cü il tarixli sonuncu elektron qaimədə də, təsdiq edir.

24. Qeyd olunanları, iddiaçı ilə cavabdeh arasında bağlanmış icraə müqaviləsinə əsasən avtomobillərin 2022-ci ildə cavabdehə 24 ay müddətinə icarəyə verilməsini, lakin avtomobillərin cavabdeh tərəfindən vaxtından əvvəl 2023-cü ilin sentyabr ayında geri qaytarılması nəzərə alındığında, məhkəmə hesab edir ki, cavabdehin müqavilənin 5-ci bəndinə əsasən (vaxtından əvvəl qaytardığı üçün) cərimə ödəmək öhdəliyi yaranmışdır.

25. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

26. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən 800 manat məbləğində dəbbə pulunun tutulması daha ağlabatan və ədalətlidir.

27. Məhkəmə digər limitdən artıq sürmə ilə bağlı bağlı cərimə məbləğinin tutulması ilə bağlı qeyd edir ki, iddia qeyd edilən hissədə təmin edilə bilməz. Belə ki, müqavilənin 5ci bəndinə istinad edilərək cərimə məbləği tutulmuş və digər bəndi fərqli məzmunda olsa da, cərimə borcunun tutulmasına zərurət yoxdur.

28. Məhkəmə iddianın dəymiş zərərin əvəzinin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.

29. Cavabdeh iddianın bu hissəsinə də etiraz edərək, zərərin Cavabdeh MMCnin yoxsa "xxxx" MMC-nin istifadəsində olduğu müddətdə dəydiyini müəyyən etməyin mümkün olmadığını bildirmişdir.

30. Məhkəmə qeyd edir ki, yuxarıda da qeyd olunduğu kimi, avtomobillərin "xxxx" MMC-yə icarəyə verilməsi ("xxxx" MMC tərəfindən avtomobillərdən istifadə edilməsi), iş materiallarında mövcud olan hər hansı bir sənədlə sübut olunmamış, cavabdeh etirazını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir.

31. Beləliklə məhkəmə hesab edir ki, sözügedən avtomobillər Cavabdeh MMCnin istifadəsində olmuşdur.

32. Məhkəmə qeyd edir ki, hazırkı iddianın dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı hissəsi üçün müəyyən edilməli olan digər məqam, avtomobillərə dəymiş zərərin məbləğinin nə qədər təşkil etməsidir.

33. Məhkəmə tərəfindən "xxxx" MMC və "xxxx" MMC tərəfindən verilmiş qiymət cədvəllərində göstərilmiş 03 ədəd nəqliyyat vasitələrinin hər biri ayrı-ayrılıqda göstərilməklə təmiri üçün nə qədər vəsait tələb olunduğunun, 03 ədəd aktda qeyd edilmiş işlərdən hansı periodik təmirə aid olduğunun və dəyərinin nə qədər təşkil etdiyinin, 03 ədəd aktda qeyd edilmiş işlərdən hansı periodik təmirə aid olmadığınınl və dəyərinin nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə, məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

34. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki: - ** PR *** dövlət qeydiyyat nişanlı Mitsubishi L200 MİD 4WD2021 markalı avtomobilə dəymiş ziyan üçün çəkiləcək xərcin dəyəri 11.170 manat; - ** PN *** dövlət qeydiyyat nişanlı Mitsubishi L200 MİD 4WD2021 markalı avtomobilə dəymiş ziyan üçün çəkiləcək xərcin dəyəri 4.100 manat; - ** PZ *** dövlət qeydiyyat nişanlı Mitsubishi L200 MİD 4WD2021 markalı avtomobilə dəymiş ziyan üçün çəkiləcək xərcin dəyəri 2.030 manat məbləğində müəyyən edilmişdir.

35. Məhkəmə hesab edir ki, avtomobillərə dəymiş zərərin əvəzi olaraq ümumilikdə 17.300 (11.170+4.100+2.030) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir.

36. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

37. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Avtomobillərə dəymiş zərərin əvəzi olaraq 17.300 (on yeddi min üç yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Avtomobillərin icarə müddətinin bitməsindən əvvəl qaytarılmasına görə cərimə məbləği üzrə 800 (səkkiz yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar