Məhkəmə qərarları › İş №e-2-2(113)-1376/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1376/2025

06.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1376/2025 06.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6rşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamış yoxlamanın nəticəsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6rşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6rşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, giriş 78 ünvanında yerləşən sahəsinə hesablanmış 3648 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ev 8 (yeni qaydalarla AZ1132, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini icarəyə götürmüş, həmin təsərrüfat subyekti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində “hamam” kimi qeydiyyatdan keçmişdir. Həmin obyekt bir neçə ay bundan əvvələ kimi təmir üçün bağlanmış, son vaxtlar fəaliyyətə başlamışdır. Həmin qeyri-yaşayış sahəsinə dair cavabdeh ilə sudan istifadəyə dair müqavilə həmin obyektin əvvəlki sahibi ilə bağlanmış müqavilədir və kommunal ödənişlər, həmçinin cavabdeh tərəfindən tərtib olunmuş akt da həmin qeyriyaşayış sahəsinin əvvəlki mülkiyyətçisinin adına tərtib olunur. Lakin təqdim edilən sənədlərdən görünür ki, qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi X3r. İddiaçı fərdi sahibkar kimi və VÖEN əsasında faəliyyət göstərərək həmin sahəni icarəyə götürmüş, həmin təsərrüfat subyekti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində “hamam” kimi qeydiyyatdan keçmişdir. Cavabdeh tərəfindən tərtib olunmuş akt “Ruslan KM – Şadlıq Evi” adına tərtib olunsa da, fəaliyyət növü qrafasında “hamam” kimi qeyd edilmişdir. Hazırda cavabdehə müraciət edilərək sudan istifadəyə dair müqavilənin yeni mülkiyyətçi və ya sahibkarla bağlanması xahiş edilsə də, cavabdeh hazırkı borc ödənilmədən belə müqavilə bağlamağın mümkün olmadığını bildirmişdir. 2.2. Qeyd olunan sahədə suyun verilməsi, yaxud sudan istifadəyə görə kommunalların ödənilməsi ilə bağlı hər hansı problem olmamışdır. xx.xx.2024-cü il tarixdə cavabdehin əməkdaşları iddiaçı tərəfindən dəvət olunmuşdur ki, sayğaca baxış keçirsinlər və lazım olsa, sayğacı dəyişdirsinlər. Cavabdehin əməkdaşları yerində baxış keçirərək müəyyən etmişlər ki, sayğacın istismar vaxtı bitməyib, lakin buna baxmayaraq əsassız və qanunsuz olaraq sayğacı götürüb aparmışlar. Həmin vaxt əməkdaşlar qeyri-yaşayış sahəsinin su xəttinə baxış keçirmiş, guya ki kənar xəttin olması və sudan qeyri-qanuni istifadə aşkar edib, 603118 saylı akt tərtib etmiş və 3648 manat borc hesablamışlar. Halbuki qeyd olunan obyektdə sayğaca daxil olan əsas xətt açıq-aşkar görünür və orada hər hansı kənar xəttin qoşulmasından söhbət gedə bilməz. Sadəcə olaraq obyektin daxilində iki ədəd qazanxana yerləşir ki, həmin qazanxanalardan su çəninə gedən su xəttinə bağlı su kranı mövcud idi və hazırda da mövcuddur. Cavabdehin əməkdaşları sayğaca bağlı olan xətdə qazanxanalardan su çəninə gedən su kranını bağlamadan yoxlanış apardıqlarından hesab etmişlər ki, kənar qoşulma mövcuddur. Belə ki, sayğaca daxil olan əsas su xətti cavabdehin əməkdaşları tərəfindən bağlansa da, sayğaca qoşulmuş xətdə qazanxanalardan su çəninə gedən su kranını bağlamadıqlarından və qazanxanalardan su çəninə doğru dövr edən suyun axmasına və sayğacda hərəkət olduğuna görə zənn etmişlər ki, kənar qoşulma var, ona görə də yuxarıda qeyd edilən akt tərtib olunmuşdur. Həmin vaxt audio-video görüntü də lentə alınmışdır. Lakin kənar qoşulmanın olması heç cür mümkün ola bilməz, çünki obyektə daxil olan əsas su xətti açıq-aşkar şəkildə sayğaca qoşulub, əgər su xəttinin sayğaca qoşulmasına qədər hər hansı kənar xətt mövcud deyilsə, sayğaca qoşulan xətdə kənar qoşulmadan sohbət gedə bilməz. 2.3. Hazırda sayğac cavabdehin əməkdaşları tərəfindən yenidən quraşdırılmışdır və bütün xətlər xx.xx.2024-cü il tarixdə audio-video lentə alınmış qaydada qalmışdır. Əgər əvvəlki video çəkiliş ilə müqayisəli şəkildə yenidən baxış keçirilsə, görünən o olacaq ki, xətlərdə heç bir dəyişiklik yoxdur və heç bir kənar qoşulma yoxdur. Qeyd olunan hallar cavabdehin əməkdaşlarına da sayğacı quraşdıranda bildirilmiş və onlara qazanxanalardan su çəninə gedən su xəttinə dair su kranını bağlamalı olduqları izah edilmişdir. Cavabdehin əməkdaşları yanlış anladıqlarını və borcu səhvən hesabladıqlarını qəbul etsələr də, tərtib olunmuş aktın ləğv edilməsi və həmin akt üzrə hesablanmış borcun silinməsi səlahiyyətinin onlara aid olmadığını bildirmişlər. 2.4. Göründüyü kimi, heç bir kənar və ya qanunsuz qoşulma olmamışdır, ona görə də hesablanmış borc məbləği qanunsuz və əsassız olmuşdur. Odur ki cavabdehə pretenziya məktubu göndilərək, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli 603118 saylı aktın ləğv edilməsi və həmin akt üzrə hesablanmış 3648 manat borcun silinməsi xahiş edilmişdir. Həmçinin suyun verilməsi ilə bağlı hər gün iddiaçı tərəfindən smart kart vasitəsilə ödəniş edilsə də, həmin ödənişlər cavabdeh tərəfindən hesablanmış borca silinir və nəticə etibarilə obyektə suyun verilməsində məhdudiyyətlər yaranır ki, bu da sahibkar kimi iddiaçının hüquqlarını pozur. Halbuki həmin borc əsassız və qanunsuz hesablandığından silinməlidir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 12, 49, 65-ci maddəsi, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 13, 17, 20-ci maddəsi, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4, 1.5, 5.2-ci bəndlərinə istinad edilmişdir.

4. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddiaya etiraz təqdim edərək göstərmişdir ki, iş üzrə iddiaçı 3648 manat borcun silinməsini məhkəmədən xahiş etmişdir. Bununla əlaqədar olaraq, iddiaçının hal-hazırda cavabdehə 3484,80 manat borcu vardır. Həmin borcun 2172,80 manat hissəsi sudan qanunsuz istifadəyə görə tərtib edilmiş akt üzrə yaranmış borc məbləğidir. Borcun 1312 manat hissəsi isə su təchizatı və kanalizasiya xidmətlərindən istifadə görə sayğac üzrə yaranmış borc məbləğidir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

6. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.

7. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya etiraz etdi və eyni zamanda göstərdi ki, su təchizatına baxış keçirilən zaman sayğacın mənfiyə getdiyi müəyyən olunmuş, həmçinin qanunsuz istifadə halı aşkar edilmişdir.

8. Məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi bildirdi ki, yoxlama vahid məlumat reyestrində qeydiyyata alınmayıb.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Əsassız hesablanmış borcun silinməsi tələbi ilə bağlı

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

12. İş materiallarında olan sübutlar əsasında işin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası xx.xx.2018-ci il tarixdən X5 mülkiyyətində olmuş, sonuncu qeyri-yaşayış binasını xx.xx.2022-ci il tarixdən İddiaçı icarəsinə vermiş, qeyri-yaşayış binasına dair xx.xx.2024cü il tarixdən X2 mülkiyyət hüququ qeydiyyata alınmış, sonuncu xx.xx.2024-cü il tarixdə iddiaçı ilə icarə müqaviləsi bağlamış, iddiaçı həmin müqavilə əsasında binanın 300 kv.m. hissəsindən istifadəni davam etdirmişdir. Cavabdehin əməkdaşları tərəfindən adıçəkilən ünvana 13 noyabr 2024-cü il tarixdə baxış keçirilmiş, baxış zamanı sudan qeyri-qanuni istifadə aşkar edilmiş, d=20 mm-lik xəttdən istifadə edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli 603118 nömrəli akt tərtib edilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixli ********* nömrəli qanunsuz istifadə fakturasına əsasən sudan qanunsuz istifadəyə görə 1824 manat, çirkab suyunun qanunsuz axıdılmasına görə 1824 manat olmaqla ümumilikdə 3648 manat qanunsuz istifadəyə görə sərfiyyat hesablanmışdır. İddiaçıya məxsus 010276 saylı abonent kodu üzrə xx.xx.2024-cü il tarixli abonent haqqında məlumata əsasən, sudan qanunsuz istifadəyə görə 3300 manat, çirkab suyunun qanunsuz axıdılmasına görə 3300 manat olmaqla ümumilikdə 6600 manat qanunsuz istifadəyə görə sərfiyyat daxil edilmişdir.

13. İddiaçı xx.xx.2024-cü il tarixli 603118 nömrəli akt əsasında aparılmış hesablamanın qanunsuz olduğunu, yoxlamaların reyestrdə qeydə alınmadığını bildirir və qanunsuz istifadəyə görə hesablanmış 3648 manat borcun silinməsini xahiş edir.

14. Cavabdeh yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadığını bildirir, lakin iddianın rədd edilməsini xahiş edir.

15. Məhkəmə kommersiya mübahisəsinin aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

16. “Su təchizatı və tullantı suları haqqında” Qanununun 12-ci maddəsinə əsasən, su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

17. Həmin Qanunun 34-cü maddəsinin 3-cü bəndinə əsasən, kanalizasiya müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

18. Həmin Qanunun 5-ci maddəsinin 3-cü bəndinə əsasən, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

19. Su təchizatı və kanalizasiya sistemlərindən (sudan) istifadə sahəsində su təchizatı və kanalizasiya müəssisəsi ilə istehlakçı arasında qarşılıqlı münasibətləri və bununla əlaqədar digər məsələləri tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 6.18-ci bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

20. Göründüyü kimi, su təchizatı və tullantı sularının axıdılması sahəsində tənzimləməni həyata keçirən qanunvericilik aktlarında birbaşa təsbit edilmişdir ki, su təchizatı və kanalizasiya müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir və sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) halları müəyyən edildikdə, məhz həmin Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi təşkil edilməlidir.

21. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.

22. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

23. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır.

24. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

25. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

26. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

27. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır.

28. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, reyestr sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsi, iqtisadi tərəqqinin təmin edilməsi, sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması, sui-istifadələrin, o cümlədən korrupsiya və ya korrupsiyaya şərait yaradan hüquqpozmaların qarşısının alınması baxımından mühüm və səmərəli dövlət nəzarəti mexanizminin bir elementi kimi nəzərdə tutulmuşdur. Bu səbəbdən də qanunvericiliyə əsasən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

29. Nəzərə alınmalıdır ki, həm “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda, həm də Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də hər hansı istisna olmadan, imperativ şəkildə bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) müvafiq Reyestrdə qeydiyyata alınmasının təmin edilməsi təsbit edilmişdir.

30. İş materiallarında görünür ki, cavabdeh iddiaçıya xx.xx.2024-cü il tarixli akt əsasında 3648 manat sərfiyyat hesablamış, lakin yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlamalar vahid məlumat reyestrində qeydə alınmamışdır. Bu səbəbdən cavabdeh tərəfindən aparılan yoxlamalar qanunsuz olduğundan yoxlamanın nəticəsi də qanunsuzdur.

31. Cavabdeh iddiaya etirazında borcun 2172,80 manat hissəsi sudan qanunsuz istifadəyə görə tərtib edilmiş akt üzrə yarandığını, akt əsasında hesablanmış borcun qalan hissəsinin ödənildiyini bildirsə də, əvvəla qeyd olunmalıdır ki, abonent tərəfindən edilmiş ödənişin silinmə istiqamətini müəyyən edərək silinməni həyata keçirən cavabdehdir. Belə olan halda, abonentin iradəsini ifadə etməyən silinməyə istinad edərək akt əsasında hesablanmış borcun bir hissəsinin silindiyinə istinad etmək əsassızdır. Digər tərəfdən, qətnamə çıxarılan tarixə borc məbləğinin 3784,8 manat olması açıq məlumat mənbələri ilə öz təsdiqini tapır. Həmin borc məbləğinin hansı hissəsinin akt əsasında hesablanması, hansı hissəsinin istehlakla bağlı olması isə yekun borc məbləği formalaşarkən akt əsasında hesablanmış 3648 manat məbləğində pulun borcun tərkibinə daxil olduğu faktına təsir etmir.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerdə cavabdeh tərəfindən aparılan yoxlamalar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadığından onun hüquqi nəticəsi yoxdur. Bu səbəbdən də iddiaçıya məxsus 010276 saylı abonent koduna hesablanan 3648 manat borc silinməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

33. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 57 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmişdir.

34. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

35. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Beləliklə, iddia tələbinin təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 57 manat məbləğində pul cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 tutularaq İddiaçı ödənilməlidir.

V. Nəticə:

37. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. 010276 saylı abonent koduna 13 noyabr 2024-cü il tarixli 603118 saylı akta əsasən hesablanmış 3648 manat məbləğində borcun silinməsi öhdəliyi cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 üzərinə qoyulsun. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 57 manat məbləğində pul cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar