Məhkəmə qərarları › İş №e-2-2(113)-1377/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1377/2021

07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1377/2021 07.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, QYSİ36/2020 saylı 01.05.2020-ci il tarixli icarə müqaviləsi üzrə Cavabdeh MMC tərəfindən öhdəliklərin icra edilməsi, İddiaçı MMC-nin hüquqi ünvanında icarəçi kimi fəaliyyətinə Cavabdeh MMC tərəfindən qoyulan məhdudiyyətin nəticəsi olaraq 1.549.446 manat miqdarında maddi zərərin və 1 000 000 (bir milyon) manat əldən çıxmış faydanın, işgüzar nüfuza vurulmuş zərərə görə 5 000 000 (beş milyon) manat həcmində pulun cavabdehdən alınıb iddiaçıya ödənilməsi və 30 manat dövlət rüsumunun, bundan əlavə məhkəməyə müraciət edilməsi ilə bağlı olan çəkilən xərclər, vəkillə bağlanan müaqavilə üzrə 20000 (iyirmi min) manatın alınıb İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 11.01.2021-ci il tarixdən etibarən iddiaçının hüquqi ünvanında fəaliyyətinə qadağan qoymuşdur, icarə obyekti üzərində sahiblik və istifadə hüquqları tam məhdudlaşdırmışdır. Nəticədə, müqavilənin predmeti olan «xxxx» ASC-yə məxsus 8529,13 kv metr anbar və ofis sahələrinə iddiaçının rəhbər və təsisçilərinin, işçilərinin girişi tam qadağan edilmiş, ərazidə mülkiyyətlərində olan xammal və hazır məhsulları götürmək, istifadə etmək, girişləri tam məhdudlaşdırılmış, məhsulların məhv olma təhlükəsi yaranmışdır, bir sözlə bütün biznes fəaliyyəti iflic vəziyyətinə düşmüşdür. Bundan əlavə işçilər öz əmək müqaviləsi üzrə əmək funksiyalarını yerinə yetirə bilmirlər,100 nəfərə yaxın işçi işsiz qalmışdır. Bağlanmış müqavilələr üzrə öhdəlikləri icra edə bilmirlər, yəni istehsal edilmiş məhsullar anbardan qalıb onları müştərilərə çatdıra bilmir, xammal da anbarda qalıb xarab olur. Vergi və s. öhdəliklər də artıq şirkəti ağır vəziyyətə gətirib. Xüsusilə də bu məqsədlər üçün banklardan kredit cəlb edilmişdir. Bank kreditin təcili geri qaytarılmasını tələb edir və kreditlə bağlı faizlərin ödənilməsini tələb edir. Bütün bu problemlər cavabdehin qanunsuz əməlləri nəticəsində baş vermişdir və işgüzar adətlərə, biznes partnyorluğuna, danışıqlara, imzalanan razılıqlara, qanunvericiliyə zidd olaraq bizim istehsal prosesi məhkəmə qərarı olmadan tam dayandırılmışdır. Cavabdehin hərəkətləri, qanuna ziddir. Qısa müddətə baxmayaraq, ayrılmış böyük investisiyalar, idarəetmədə köklü islahatlar və xüsusən də təchizat, satış və nəzarətin səmərəliliyinin gücləndirilməsi nəticəsində böyük müvəfəqiyyətlər əldə edilmişdir. İş yerləri qorunub-saxlanılmış, istehsal və satış həcmi artırılmış və nəticə etibarilə müəssisə mənfəətə çıxmışdır. Cavabdeh tərəfdən süni şəkildə yaradılan maneələr ümumi maraqlarla zidiyyət təşkil edir. Hazırda “Çipsim” adlı brend ilə istehlak bazarında əcnəbi mənşəli digər beynəlxalq səviyyədə tanınmış məhsullarla çox böyük uğurla rəqabət aparır. Həmçinin xarici bazardan asılılığı azaltmaq və Ölkə iqtisadiyyatında strateji istiqamət olan aqrar sahədə də payımız olsun deyə kartof və digər ana xammalların məhz Azərbaycanda əkilib-becərilməsi işini də təşkil edilmişdir. İddiaçı ilə cavabdeh arasında QYSİ 36/2020 saylı 01.05.2020-ci il tarixli icarə müqaviləsi imzalanmışdır. Müqavilənin 3.1-ci maddəsinə əsasən, İcarə müqaviləsi 11 (on bir) ay müddətinə bağlanır, 01 may 2020-ci il tarixdən başlayır və 31 mart 2021-ci il tarixdə başa çatır. 3.2. İcarə müqaviləsi ümumilikdə 5 (beş) il müddətinə bağlanır. Bu Müqavilə tərəflər arasında iri miqyaslı biznes layihəsinin tərkib hissəsi olaraq, 22.07.2020-ci il tarixli birgə fəaliyyət və iştirak Müqaviləsinin icrası məqsədilə uzunmüddətli bağlandığından, habelə iddiaçı tərəfindən böyük investisiyalar qoyulması nəzərdə tutulduğundan (və artıq qoyulduğundan) 5 il müddətinə bağlanmışdır, müqavilə şərtinə əsasən icarə haqqı qabaqcadan 11 aylıq 1500 manat məbləğində tam şəkildə ödənilmişdir. Bundan əlavə müqavilə də daxil olmaqla ərazinin yaxşılaşdırılmasına xərc çəkilmişdir, abadlaşdırılmışdır. 01.05.2020-ci il tarixli 36/2020 saylı icarə müqaviləsinin 3.4-cü maddəsinə görə, tərəflər 2 (iki) ay əvvəlcədən yazılı xəbərdarlıq etməklə istənilən vaxt Müqaviləyə xitam verə bilərlər. Bizə heç ərazini əmlaklarımızdan boşaltmağa belə imkan və şərait yaradılmadı və qadağa qoyduqdan sonra bildiriş göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış QYSİ36/2020 saylı 01.05.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyəverən (Cavabdeh MMC) ona məxsus olan, Qəbələ şəhəri, E.Kərimov küçəsində yerləşən “xxxx” ASC-yə məxsus 8529,13 kv.m anbar və ofis sahələrini icarəçi İddiaçı MMC-yə icarəyə verir, icarəçi isə icarəçi isə icarə sahəsini icarəyə qəbul edir. QYSİ36/2020 saylı 01.05.2020-ci il tarixli icarə müqaviləsinin: - 3.1-ci bəndinə əsasən icarə müqaviləsi 11 (on bir) ay müddətinə bağlanır, 01 may 2020-ci il tarixdən başlayır və 31 mart 2021-ci il tarixdə başa çatır. - 3.2-ci bəndinə əsasən icarə müqaviləsi ümumilikdə 5 (beş) il müddətinə bağlanır. - 3.3-cü bəndinə əsasən müqavilənin sonrakı müddətə uzadılması hər iki tərəfin razılığı ilə həyata keçirilə bilər. - 3.4-cü bəndinə əsasən tərəflər 2 (iki) ay əvvəlcədən yazılı xəbərdarlıq edilməklə istənilən vaxt müqaviləyə xitam verə bilərlər. İş materiallarında olan Cavabdeh MMC tərəfindən İddiaçıxxxx“Az-Pack MMC”-nin payçısına və “X1” MMC-yə ünvanlanmış 19 mart 2021-ci il tarixli icarə müqaviləsinin ləğvinə dair bildirişdən görünür ki, İddiaçı” MMC tərəflər arasında olan icarə hüquq münasibətinə 01.06.2021-ci il tarixdən etibarən xitam veriləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 02 iyun 2021-ci il tarixli pretenziya məktubundan görünür ki, 01.06.2021-ci il tarixdən icarə hüquq münasibətlərinə xitam verildiyindən icarərəyə verilmiş anbar və ofis sahəsinin İddiaçı MMC tərəfindən boşaldılması tələb edilmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə ilk öncə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Hazırki iddia tələbində isə iddiaçı tərəf icarə hüquq münasibətlərindən irəli gələn öhdəliyin icra edilməsini tələb etsə də, tərəflər arasında artıq icarə hüquq münasibətləri mövcud olmadığından yuxarıda qeyd olunan maddələrin dispozisiya şərtləri mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (1) və ya bu Məcəllədə (2) və ya müqavilədə nəzərdə tutulan digər hallarda (3) dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Sadalanmış maddələrin tələblərindən göründüyü kimi, müqavilənin ləğv edilməsi tərəflərin razılaşması ilə, tərəflərdən birinin tələbi ilə, həmin müqavilənin ləğv olunmuş sayılması və şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız üç şərtdən birinin müvcud olduğu halda ləğv oluna bilər. Onlara aiddir: müqaviləni əhəmiyyətli dərəcədə pozulması (1), Məcəllədə (2) və ya müqavilədə nəzərdə tutulan (3) hallar. Müqavilənin ləğv edilmiş sayılmasının şərtləri müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edilməsi, belə imtinaya Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verilməsi aiddir. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 1-ci bəndinə əsasən, icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, müqavilənin ləğv edilməsi ilə tərəflərin öhdəliklərinə xitam verilir. Həmin andan etibarən tərəflər öhdəlik əsasında onlara məxsus olan hüquqdan məhrum olurlar və həvalə edilmiş vəzifələri daşımaqdan azad edilirlər. İşin hallarına münasibətdə yuxarıda qeyd edilmiş qanunvericilik müddəalarının tələbləri tətbiq edilərkən belə müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış olan QYSİ 36/2020 saylı 01.05.2020-ci il tarixli icarə müqaviləsinin 3.4-cü bəndində tərəflərin 2 (iki) ay əvvəlcədən yazılı xəbərdarlıq edilməklə istənilən vaxt müqaviləyə xitam verə bilmə imkanı öz əksini tapmışdır. İşin müəyyən olunmuş hallarından da göründüyü kimi, Cavabdeh MMC tərəfindən İddiaçı MMC ilə icarə hüquq münasibətlərinin 01.06.2021-ci il tarixdən xitam verilməsi barədə sonuncuya 19 mart 2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Bundan əlavə həmçinin qeyd edilməlidir ki, QYSİ 36/2020 saylı 01.05.2020-ci il tarixli icarə müqaviləsinin 3.1-ci bəndindən də göründüyü kimi, icarə müqaviləsi 11 (on bir) ay müddətinə bağlanmış, 01 may 2020-ci il tarixdən başlamış və 31 mart 2021-ci il tarixdə başa çatmışdır. Müqavilədə onun sonrakı müddətə uzadılmasının hər iki tərəfin razılığı ilə həyata keçirilə bilməsi imkanı göstərilsə də, işin araşdırılmış hallarından da göründüyü kimi, tərəflər arasında icarə hüquq münasibətlərinin davam etdirilməsi niyyətləri olmamış, əksinə Cavabdeh MMC tərəfindən müqavilənin xitamına yönəlmiş tədbirlər görülmüşdür. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən icarə müqaviləsinin ləğvi ilə bağlı qanunvericiliyin tələbinə və müqavilənin şərtlərinə əməl edilmiş və tərəflər arasında artıq icarə hüquq münasibəti mövcud deyildir. Belə olan halda iddiaçı tərəfindən cavabdehdən icarə müqaviləsindən irəli gələn öhdəliyin icrasının tələb edilməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən 1.549.446 manat miqdarında maddi zərər, 1 000 000 (bir milyon) manat məbləğində əldən çıxmış faydanı tələb etsə də, qeyd olunan real zərərin və əldən çıxmış faydanın nədən ibarət olduğunu izah edə bilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddianın işgüzar nüfuza vurulmuş zərərə görə ******* (beş milyon) manat məbləğində və məhkəməyə müraciət edilməsi ilə bağlı olan çəkilən xərclər, vəkillə bağlanan müaqavilə üzrə 20000 (iyirmi min) manat pulun tələb edilməsi ilə bağlı hissəsi, iddianın əsas hissəsi ilə bağlı olduğundan, bu hissədə də, iddia təmin edillə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş pul vəsaiti iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi və s.” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar