Məhkəmə qərarları › İş №e-2-2(113)-1378/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1378/2021

12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1378/2021 12.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndələri X1 və o cümlədən Vəkil3 və Cavabdeh MMC-nin nümayəndəsi, vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı icarə müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi və digər tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 30/2020 saylı 01.05.2020ci il tarixli icarə müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklərin icra edilməsi (2.2-ci bəndində göstərilənlər; “İcarəyə verən” tərəfindən maneələr və müdaxilələr olmadan, “İcarəçi”nin əmlakdan sərbəst və müqavilənin şərtləri əsasında müdaxiləsiz istifadəsini təmin etmək), o cümlədən 20 hektar torpaq sahəsində iddiaçı tərəfindən əkilmiş kartofun becərilməsi, kartof və sahəyə qulluğun, kartofun yığılmasına şərait yaradılması, 30/2020 saylı 01.05.2020-ci il tarixli müqavilə üzrə icarəyə verilmiş torpaq sahəsindən cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş 180 hektar ərazinin boşaldılması, İddiaçı MMC-nin hüquqi ünvanında icarəçi kimi fəaliyyətinə Cavabdeh MMC tərəfindən qoyulan məhdudiyyətin nəticəsi olaraq bu günə ******* manat miqdarında maddi zərərin və ******* manat əldən çıxmış faydanın, işgüzar nüfuza vurulmuş zərərə görə ******* manat həcmində pul cavabdehdən alınıb iddiaçıya ödənilməsi və 30 manat dövlət rüsumunun, bundan əlavə məhkəməyə müraciət edilməsi ilə bağlı olan çəkilən xərclər, vəkillə bağlanan müqavilə üzrə 20000 manatın alınıb "xxxx" MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 11.01.2021-ci il tarixdən etibarən iddiaçının hüquqi ünvanında fəaliyyətinə qadağa qoymuşdur, icarə obyekti üzərində sahiblik və istifadə hüquqularını tam məhdudlaşdırmışdır. Nəticədə, müqavilənin predmeti olan Qəbələ rayonu, Nic və Nohurqışlaq kəndinin Qaş torpaqları 201,33 ha sahayə iddiaçının rəhbər və təsisçilərinin, işçilərinin girişi tam qadağan edilmiş, ərazidə mülkiyyətləri olan aqreqatları götürmək, istifadə etməyə girişləri tam məhdudlaşdırılmış, torpaq əkin üçün yararlı vəziyyətə gətirilmiş, gübrələnmiş, əkin üçün toxum alınmışdır, lakin məhv olma təhlükəsi yaranmışdır, bir sözlə bütün biznes fəaliyyəti iflic vəziyyətinə düşmüşdür. Bundan əlavə bu günə kimi işçilər öz əmək müqaviləsi üzrə əmək funksiyalarını yerinə yetirə bilmirlər, 100 nəfərə yaxın işçi işsiz qalmışdır. Bağlanmış müqavilələr üzrə öhdəlikləri icra edə bilmirlər, yəni əkin üçün nəzərdə tutulmuş toxum anbarda qalıb onları istifadə edə, əkə bilmirlər, xammal da anbarda qalıb xarab olur. Vergi və s. öhdəliklər də artıq şirkəti ağır vəziyyətə gətirib. Xüsusilə də bu məqsədlər üçün banklardan kredit cəlb edilmişdir. Banklardan kreditin təcili geri qaytarılmasını tələb edir və kreditlə bağlı faizlərin ödənilməsini tələb edir. Bütün bu problemlər cavabdehin qanunsuz əməlləri nəticəsində baş vermişdir və işgüzar adətlərə, biznes partniyorluğuna, danışıqlara, imzalanan razılıqlara, işgüzar adətlərə, qanunvericiliyə zidd olaraq onların istehsal prosesi məhkəmə qərarı olmadan tam dayandırılmışdır. Bundan əlavə cavabdeh əmlakları onlara təhvil vermir, boyun qaçırır, bəhanələr gətirir. Cavabdehin hərəkətləri, iddiası qanuna ziddir. Qeyd edilən məhsul, əmlak İddiaçı MMC-nin şəxsi mülkiyyətidir. Malların onlara təhvil verilməməsi əsassız, qanunsuz, müqavilə şərtlərinə ziddir, məhkəmə qərarı olmadan hüquqi və ya fiziki şəxsin mal və ya əmlakı, hazır məhsulu girov və ya mənimsənilə bilməz. İddiaçı MMC-nin hüquqi ünvanında, məsul şəxsin iştirakı və razılığı olmadan, müqavilə şərtlərində olan konfidensiallıq şərti pozulmaqla, müstəqil qiymətləndirici ilə xidməti müqavilə imzalamadan mülkiyyətlərində olan məhsul qiymətləndirilib, mənimsənilməsi istənilir. Onlar tərəfindən buna razılıq verilməyib, Azərbaycan Respublikasının Qanunlarına, Konstitusiyon hüquqlarına ziddir və hüquqlarının məhdudlaşdırılmasıdır. Qısa müddətə baxmayaraq, ayırdıqları böyük investisiyalar, idarəetmədə apardıqları köklü islahatlar və xüsusən də təchizat, satış və nəzarətin səmərəliliyinin gücləndirilməsi nəticəsində böyük müvəfəqiyyətlər əldə etmişlər. İş yerləri qorunub-saxlanılmış, istehsal və satış həcmi artırılmış və nəticə etibarilə müəssisə mənfəətə çıxmışdır. Cavabdeh tərəfdən süni şəkildə yaradılan maneələr ümumi maraqlarla zidiyyət təşkil edir. Hazırda “Çipsim” adlı brend ilə istehlak bazarında əcnəbi mənşəli digər beynəlxalq səviyyədə tanınmış məhsullarla çox böyük uğurla rəqabət aparırlar. Həmçinin xarici bazardan asılılığı azaltmaq və ölkə iqtisadiyyatında strateji istiqamət olan aqrar sahədə də payları olsun deyə kartof və digər ana xammalların məhz Azərbaycanda əkilib-becərilməsi işini də təşkil etmişlər. Cavabdehin hərəkətləri əsassız və qanuna ziddir. Müqavilənin 3.1-ci maddəsinə əsasən, İcarə müqaviləsi 11 (on bir) ay müddətinə bağlanır, 01 may 2020-ci il tarixdən başlayır və 31 mart 2021-ci il tarixdə başa çatır. Bu Müqavilə tərəflər arasında iri miqyaslı biznes layihəsinin tərkib hissəsi olaraq, 22.07.2020-ci il tarixli birgə fəaliyyət və iştirak Müqaviləsinin icrası məqsədilə uzunmüddətli bağlandığından, habelə iddiaçı tərəfindən böyük investisiyalar qoyulması nəzərdə tutulduğundan (və artıq qoyulduğundan) bağlanmışdır, müqavilə şərtinə əsasən icarə haqqı qabaqcadan 11 aylıq 1890,42 manat məbləğində tam şəkildə ödənilmişdir. Bundan əlavə bu müqavilə də daxil olmaqla ərazinin yaxşılaşdırılmasına xərc çəkilmişdir, abadlaşdırılmışdır. 01.05.2020-ci il tarixli 30/2020 saylı icarə müqaviləsinin 3.4-cü maddəsinə görə, Tərəflər 2 (iki) ay əvvəlcədən yazılı xəbərdarlıq etməklə istənilən vaxt Müqaviləyə xitam verə bilərlər. Onlara heç ərazini əmlaklarından boşaltmağa belə imkan və şərait yaradılmadı qadağa qoyduqdan sonra bildiriş göndərildi. Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Həmin müqavilənin şərtləri birtərəfli qaydada deyil, yalnız tərəflərin qarşılıqlı razılığı, qanunvericilikdə nəzərdə tutulanarda dəyişdirilə, ləğv edilə və ya etibarsız hesab edilə bilər. Ona görə də qeyd etmək istəyirik ki, icarə müqaviləsi üzrə mübahisə yarandığı halda bu müqavilə yalnız və yalnız məhkəmə qərarı əsasında pozula bilər. Eyni zamada bildirirlər ki, əmlakları olduğu ünvana müəssisədə çalışan bütün işçilərin əraziyə giriş-çıxışına, istehsal prosesinin, əkinin bərpasına məhsulların çıxışına, daşınmasına Cavabdeh MMC tərəfindən qoyulan qadağa və məhdudiyyətin ləğvi barədə cavabdehı dəfələrlə şifahi və rəsmi məktubla müraciət edilib. Cavabdeh tərəfdən isə məhdudiyyət, maneələr aradan qaldırılmayıb. Bununla da, iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edir. Cavabdeh MMC iddiaya etiraz verərək, bildirmişdir ki, bu tələb hazırda öz aktuallığını itirmişdir. Belə ki, iş materiallarına əsasən həmin tələbin faktiki əsasını “İcarəçi” qismində İddiaçı ilə “İcarəyə verən” qismində Cavabdeh arasında bağlanmış 01.05.2020-ci il tarixli 30/2020 saylı icarə müqaviləsi (bundan sonra – İcarə müqaviləsi) təşkil edir. İcarə müqaviləsinə əsasən, cavabdeh Qəbələ rayonu, Nic və Nohurqışlaq kəndlərində yerləşən özünə məxsus ümumi sahəsi 201,33 ha olan Qaş torpaqlarını (bundan sonra - İcarə sahəsi) 11 ay müddətinə (01.05.2020-ci il tarixdən 31.03.2021-ci il tarixədək) iddiaçının icarəsinə vermişdir. İcarə müqaviləsi bağlandıqdan sonra cavabdeh müqavilənin 2.2-ci bəndinə əsasən üzərinə düşən vəzifə və öhdəlikləri yerinə yetirərək, - İcarə sahəsini müqavilə şərtlərinə uyğun olaraq iddiaçının istifadəsinə təhvil vermiş (2.2.1-ci və 2.2.4-cü yarımbəndlərin icrası), - iddiaçının icarə sahəsindən sərbəst və müqavilə şərtləri əsasında özü tərəfindən hər hansı maneələr və müdaxilələr olmadan istifadəsini təmin etmiş (2.2.2ci yarımbəndin icrası), - iddiaçını kommunal xidmətlərlə (su, qaz, elektrik enerjisi, kanalizasiya və s.) təmin etmiş (2.2.3-cü yarımbəndin icrası) və - müqavilənin digər tələblərinə riayət etmişdir (2.2.6-cı yarımbəndin icrası). İcarə müqaviləsinin müddəti 31.03.2021-ci il tarixində başa çatmışdır. Nəzərə alaraq ki, icarə müqaviləsinin 3.2-ci bəndinə əsasən, müqavilənin sonrakı müddətə uzadılması hər iki tərəfin razılığı ilə həyata keçirilə bilər, cavabdeh müqavilənin 2.2.5-ci yarımbəndi ilə üzərinə düşən öhdəliyə (yəni, müqavilənin uzadılması və ya ləğv olunması barədə “İcarəçi”ni müqavilənin tələbinə uyğun qaydada məlumatlandırmaq) uyğun olaraq iddiaçıya 18.03.2021-ci il tarixli bildiriş (bundan sonra – Bildiriş) göndərərək, icarəyə verən olaraq müqavilənin sonrakı müddətə uzadılmasının nəzərdə tutulmadığını və müqavilə üzrə tərəflər arasında yaranmış bütün hüquq münasibətlərinə 31.03.2021-ci il tarixindən etibarən xitam verildiyini bəyan etmişdir. Bildirişdə, həmçinin müqavilənin etibarsız elan edilməsi barədə bundan əvvəl göndərilən 11.01.2021-ci il tarixli bildirişin qüvvədən düşmüş hesab edildiyi iddiaçının diqqətinə çatdırılmaqla, icarə müqaviləsinin 3.6-cı bəndinin və Mülki Məcəllənin 722-ci maddəsinin tələblərinə əsasən icarə sahəsinin təyinatı üzrə lazımi istifadədən sonra qaytarılma məqamında uyğun gəlməli olduğu vəziyyətdə 01.04.2021-ci il tarixində qarşılıqlı təhviltəslim aktı əsasında boşaldılaraq geri qaytarılmasını təmin etmək xahiş olunmuşdur. Lakin bildirişdə göstərilən müddət başa çatmasına rəğmən, iddiaçı tərəfindən icarə sahəsinin boşaldılaraq geri qaytarılması təmin edilməmiş və o, icarə sahəsinə qanunsuz sahiblik və istifadə etməklə cavabdehin mülkiyyət hüquqlarını pozaraq, onu icarə sahəsinə sahiblik və istifadə etmək və həmin sahədən fayda götürmək imkanından məhrum etmişdir. Odur ki, cavabdeh iddiaçıya 09.04.2021-ci il tarixli Pretenziya ilə müraciət edərək, onu aldığı vaxtdan 3 gün ərzində icarə sahəsini boşaldaraq geri qaytarmağı xahiş etmiş, ancaq iddiaçı cavabdehin bu qanuni tələblərini də yerinə yetirməmişdir. Göründüyü kimi, tərəflər arasında icarə münasibətlərinin mövcud olduğu müddətdə cavabdeh tərəfindən icarə müqaviləsinin 2.2-ci bəndi ilə üzərinə düşən vəzifə və öhdəlikləri yerinə yetirilərək, hər hansı pozuntu halına yol verilməmişdir. Hazırda isə, həmin müqaviləyə cavabdeh tərəfindən müddətin bitməsi əsası ilə 01.04.2021-ci il tarixindən etibarən xitam verilməklə, müqavilə artıq qüvvədə olmadığı üçün cavabdehdən həmin müqavilə üzrə öhdəliklərin icrasının tələb edilməsi qanuni və əsaslı sayıla bilməz. İddiaçı bu tələbinin faktiki əsası kimi guya cavabdeh tərəfindən onun icarə sahəsindən istifadəsinə və fəaliyyətinə 11.01.2021-ci il tarixindən etibarən qanunsuz və əsassız maneələr törədilməsinə və məhdudiyyətlər qoyulmasına istinad edərək, bunun nəticəsində ******* manat maddi zərərə, ******* manat əldən çıxmış faydaya məruz qaldığını və işgüzar nüfuzuna ******* manat zərər vurulduğunu iddia etsə də, həmin zərərlərə dair məhkəməyə AR MPM-in 77.1-ci maddəsinə uyğun olaraq hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən, nəzərə alınmalıdır ki, iddiaçının hazırkı iş üzrə məhkəməyə 2 dəfə təqdim etdiyi iddianın təmini tədbirinin tətbiqi barədə ərizələri (1-ci dəfə - icarə müqaviləsi üzrə iddiaçının istifadəsində olan və əmlakının olduğu əraziyə, anbara, əkin və istehsal sahələrinə müəssisənin rəhbərliyinin, təsisçilərinin, iştirak payı olanların, müəssisədə çalışan bütün işçilərin giriş-çıxışına, istehsal prosesinin bərpasına, məhsulların çıxışına və daşınmasına cavabdeh tərəfindən məhkəmə qərarı olmadan qoyulan məhdudiyyətin qadağan edilməsi; əraziyə daxil olmağa şərait yaradılmasının cavabdehə həvalə edilməsi; iddiaçının mülkiyyətində olan əmlaklardan (kartof, xammal, qablaşdırma və s.) istifadə edilməsinin cavabdehə qadağan olunması, bu məhsullardan istehsal prosesində istifadənin və onların satışının dayandırılması barədə; 2-ci dəfə - torpaq sahəsinin özgəninkişləşdirilməsinə, girov qoyulmasına, başqa şəxslərin istifadəsinə və sahibliyinə verilməsinə qadağa qoyulması; hər hansı növ maneələrin (işçilərin, təsisçilərin girişçıxışına məhdudiyyətlər, elektrik, qaz, su təchizatının dayandırılması və s.) yaradılmasının cavabdehə qadağan olunması barədə) qanuni qüvvədə olan məhkəmə qərardadları ilə (1-ci dəfə - Bakı Apellyasiya Məhkəməsinin 29.03.2021-ci il tarixli qərardadı; 2-ci dəfə - Bakı Kommersiya Məhkəməsinin 16.04.2021-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 27.05.2021-ci il tarixli qərardadları) təmin edilməmişdir ki, bu da bir daha “qanunsuz və əsassız maneələr törədilməsi və məhdudiyyətlər qoyulması” iddiasının əsassızlığına dəlalət edir. Belə olan halda, həmin tələbdən doğan hər hansı maddi zərərdən, əldən çıxmış faydadan və ya işgüzar nüfuza ziyandan söhbət gedə bilməz. İddiaçı bu tələbdə məhkəməyə müraciətlə bağlı çəkilən xərclər kimi 30 manat dövlət rüsumunun və vəkilin göstərdiyi hüquqi yardıma görə 20000 manat pulun ödənilməsinə istinad edir. AR MPM-in 107-ci və 115.0.6-cı maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir və vəkillərə etdikləri kömək üçün ödənilən xərclər həmin məsrəflərdən biridir. AR MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu mənada, nəzərə alaraq ki, iddiaçının 1-ci və 2- ci tələbləri hazırkı etirazda şərh olunan dəlillərə görə əsassız olduğu üçün rədd edilməlidir, həmin tələblərlə əlaqədar məhkəməyə müraciət etməsi ilə bağlı çəkdiyi xərclər (əgər həqiqətən də iddia etdiyi məbləğdə varsa belə) onun özünə aid edilməlidir. Digər tərəfdən, iddiaçı vəkillə bağladığı müqavilə üzrə 20000 manat pul ödədiyini iddia etsə də, buna dair məhkəməyə AR MPM-in 77.1-ci maddəsinə uyğun olaraq hər hansı sübut təqdim etməmişdir. Göstərilənləri nəzərə alaraq və AR MPM-in 154-cü maddəsinə əsaslanaraq, məhkəmədən İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iddiasının əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndələri X1 və o cümlədən Vəkil3 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək, iddiaya qarşı verilmiş etirazla eyni məzmunlu izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 30/2020 saylı 01.05.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyəverən (Gilan MMC) ona məxsus olan, ərazinin ümumi sahəsi 201,33 ha təşkil edən Qəbələ rayonu, Nic və Nohurqışlaq kəndlərinin Qaş torpaqlarını icarəçi İddiaçı MMC-yə icarəyə verir, icarəçi isə icarəçi isə icarə sahəsini icarəyə qəbul edir. 30/2020 saylı 01.05.2020-ci il tarixli icarə müqaviləsinin 3.1-ci bəndinə əsasən icarə müqaviləsi 11 (on bir) ay müddətinə bağlanır, 01 may 2020-ci il tarixdən başlayır və 31 mart 2021-ci il tarixdə başa çatır. 3.2-ci bəndinə əsasən müqavilənin sonrakı müddətə uzadılması hər iki tərəfin razılığı ilə həyata keçirilə bilər. 3.3-cü bəndinə əsasən tərəflər 2 (iki) ay əvvəlcədən yazılı xəbərdarlıq edilməklə istənilən vaxt müqaviləyə xitam verə bilərlər. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə və “Az-Pack MMC”-nin payçısına və “X3” MMC-yə ünvanlanmış 18 mart 2021-ci il tarixli icarə müqaviləsinin ləğvinə dair bildirişdən görünür ki, Snack Agriculture” MMC tərəflər arasında olan icarə hüquq münasibətinə 31.03.2021-ci il tarixdən etibarən xitam veriləcəyi barədə xəbərdar edilmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 09 aprel 2021-ci il tarixli pretenziya məktubundan görünür ki, 31.03.2021-ci il tarixdən icarə hüquq münasibətlərinə xitam verildiyindən icarərəyə verilmiş torpaq sahəsinin İddiaçı MMC tərəfindən boşaldılması tələb edilmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 1-ci bəndinə əsasən, icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər, bu isə o, deməkdir ki, müqavilənin ləğv edilməsi ilə tərəflərin öhdəliklərinə xitam verilir. Həmin andan etibarən tərəflər öhdəlik əsasında onlara məxsus olan hüquqdan məhrum olurlar və həvalə edilmiş vəzifələri daşımaqdan azad edilirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Göründüyü kimi hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Hazırki iddia tələbində isə iddiaçı tərəf icarə hüquq münasibətlərindən irəli gələn öhdəliyin icra edilməsini tələb etsə də, tərəflər arasında artıq icarə hüquq münasibətləri mövcud olmadığından yuxarıda qeyd olunan maddələrin dispozisiya şərtləri mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Qeyd olunanlara əsasən belə nəticəyə gəlmək olar ki, müqavilənin ləğv edilməsi tərəflərin razılaşması ilə, tərəflərdən birinin tələbi ilə, həmin müqavilənin ləğv olunmuş sayılması və şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız üç şərtdən birinin mövcud olduğu halda ləğv oluna bilər. Onlara aiddir: müqaviləni əhəmiyyətli dərəcədə pozulması , Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallar. Müqavilənin ləğv edilmiş sayılmasının şərtləri müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edilməsi, belə imtinaya Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verilməsi aiddir. İşin hallarına münasibətdə yuxarıda qeyd edilmiş qanunvericilik müddəalarının tələbləri tətbiq edilərkən belə müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış olan 30/2020 saylı 01.05.2020-ci il tarixli icarə müqaviləsinin 3.3-cü bəndində tərəflərin 2 (iki) ay əvvəlcədən yazılı xəbərdarlıq edilməklə istənilən vaxt müqaviləyə xitam verə bilmə imkanı öz əksini tapmışdır. İşin müəyyən olunmuş hallarından da göründüyü kimi, Cavabdeh MMC tərəfindən İddiaçı MMC ilə icarə hüquq münasibətlərinin 31.03.2021-ci il tarixdən xitam verilməsi barədə sonuncuya 18 mart 2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Bundan əlavə həmçinin qeyd edilməlidir ki, 30/2020 saylı 01.05.2020-ci il tarixli icarə müqaviləsinin 3.1-ci bəndindən də göründüyü kimi, icarə müqaviləsi 11 (on bir) ay müddətinə bağlanmış, 01 may 2020-ci il tarixdən başlamış və 31 mart 2021-ci il tarixdə başa çatmışdır. Müqavilədə onun sonrakı müddətə uzadılmasının hər iki tərəfin razılığı ilə həyata keçirilə bilməsi imkanı göstərilsə də, işin araşdırılmış hallarından da göründüyü kimi, tərəflər arasında icarə hüquq münasibətlərinin davam etdirilməsi niyyətləri olmamış, əksinə Cavabdeh MMC tərəfindən müqavilənin xitamına yönəlmiş tədbirlər görülmüşdür. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən icarə müqaviləsinin ləğvi ilə bağlı qanunvericiliyin tələbinə və müqavilənin şərtlərinə əməl edilmiş və tərəflər arasında artıq icarə hüquq münasibəti mövcud deyildir. Belə olan halda iddiaçı tərəfindən cavabdehdən icarə müqaviləsindən irəli gələn öhdəliyin icrasının tələb edilməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər və maddi zərər başa düşülür. İddiaçı cavabdehdən ******* manat miqdarında maddi zərər, ******* manat məbləğində əldən çıxmış faydanı tələb etsə də, məhkəməyə bununla bağlı kifayət qədər mötəbər sübut təqdim etməmişdir. İddianın işgüzar nüfuza vurulmuş zərərə görə ******* manat məbləğində və məhkəməyə müraciət edilməsi ilə bağlı olan çəkilən xərclər, vəkillə bağlanan müaqavilə üzrə 20000 manat pulun tələb edilməsi ilə bağlı hissəsində məhkəmə qeyd edir ki, əsas tələb təmin edilmədiyi təqdirdə, iddiaçının bu hissədə də olan tələbidə təmin edilə bilməz. Odur ki, qeyd olunanlara əsasən İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı 30/2020 saylı 01.05.2020-ci il tarixli icarə müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklərin icra edilməsi (2.2-ci bəndində göstərilənlər; “İcarəyə verən” tərəfindən maneələr və müdaxilələr olmadan, “icarəçi”nin əmlakdan sərbəst və müqavilənin şərtləri əsasında müdaxiləsiz istifadəsini təmin etmək), o cümlədən 20 hektar torpaq sahəsində iddiaçı tərəfindən əkilmiş kartofun becərilməsi, kartof və sahəyə qulluğun, kartofun yığılmasına şərait yaradılması, 30/2020 saylı 01.05.2020-ci il tarixli müqavilə üzrə icarəyə verilmiş torpaq sahəsindən cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş 180 hektar ərazinin boşaldılması, İddiaçı MMC-nin hüquqi ünvanında icarəçi kimi fəaliyyətinə Cavabdeh MMC tərəfindən qoyulan məhdudiyyətin nəticəsi olaraq bu günə ******* manat miqdarında maddi zərərin və ******* manat əldən çıxmış faydanın, işgüzar nüfuza vurulmuş zərərə görə ******* manatın, 30 manat dövlət rüsumunun və məhkəməyə müraciət edilməsi ilə bağlı vəkillə bağlanan müqavilə üzrə 20000 manat məbləğində çəkilən xərclərin tələbi ilə bağlı iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrin əsasən, məhkəmə QƏT E T D İ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı 30/2020 saylı 01.05.2020-ci il tarixli icarə müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklərin icra edilməsi (2.2-ci bəndində göstərilənlər; “İcarəyə verən” tərəfindən maneələr və müdaxilələr olmadan, “icarəçi”nin əmlakdan sərbəst və müqavilənin şərtləri əsasında müdaxiləsiz istifadəsini təmin etmək), o cümlədən 20 hektar torpaq sahəsində iddiaçı tərəfindən əkilmiş kartofun becərilməsi, kartof və sahəyə qulluğun, kartofun yığılmasına şərait yaradılması, 30/2020 saylı 01.05.2020-ci il tarixli müqavilə üzrə icarəyə verilmiş torpaq sahəsindən cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş 180 hektar ərazinin boşaldılması, İddiaçı MMC-nin hüquqi ünvanında icarəçi kimi fəaliyyətinə Cavabdeh MMC tərəfindən qoyulan məhdudiyyətin nəticəsi olaraq bu günə ******* manat miqdarında maddi zərərin və ******* manat əldən çıxmış faydanın, işgüzar nüfuza vurulmuş zərərə görə ******* manatın, 30 manat dövlət rüsumunun və məhkəməyə müraciət edilməsi ilə bağlı vəkillə bağlanan müqavilə üzrə 20000 manat məbləğində çəkilən xərclərin tələbi ilə bağlı iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar