Məhkəmə qərarları › İş №e-2-2(113)-1379/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1379/2024

22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1379/2024 22.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Qanuni nümayəndə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, iddia müddətinin tətbiqi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Qanuni nümayəndə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra LPO İddiaçı ASC) cavabdeh Qanuni nümayəndə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 11712,85 manat əsas, 3094,19 manat faiz, 1397,77 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 4555,85 manat faiz borcu olmaqla ümumilikdə 20760,66 manat məbləğində pulun və ödənilmiş 153 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış bağlanmış xx.xx.2013-cü il tarixli 076/13 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə illik 6% ödənilmək şərtilə 15000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq, cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin iddiaçıya ödənilməmiş 11712,85 manat əsas, 3094,19 manat faiz, 1397,77 manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 4555,85 manat faiz borcu olmaqla cəmi 20760,66 manat borcu mövcuddur. İddiaçı tərəfindən cavabdehə xx.xx.2013-cü il tarixli 076/13 saylı müqavilə üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, lakin nəticə əldə edilməmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 445, 448.1, 739-cu və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndələri X2 və X3 iddianın məzmununa uyğun izahat verdilər və təmin olunmasını xahiş etdilər.

6. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək göstərmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2013-cü il tarixli 076/13 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən 36 ay müddətinə illik 6% ödənilmək şərtilə 15000 manat məbləğində kredit verilmişdir. Yəni müqavilə üzrə öhdəliyin son icra tarixi xx.xx.2016-cı il olmuşdur. Lakin iddiaçı kredit müqaviləsi üzrə hesablanmış borcun tələbi ilə bağlı iddia ərizəsini qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddətinin ötürülməsi ilə, yəni 01 fevral 2024-cü il tarixdə vermişdir. Hətta kimin tərəfindən ödənişin aparıldığı məlum olmayan son ödəniş tarixi olan xx.xx.2019-cu il tarixindən hesablanmış olsa belə, yenə də iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə verilən zaman iddia müddəti ötürülmüşdür. Bu səbəbdən iddia müddəti tətbiq edilməklə iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Qanuni nümayəndə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiası rədd olunmalıdır.

7. Cavabdeh məhkəmənin baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Kredit müqaviləsi üzrə əsas, faiz, qanuni faiz və dəbbə pulu borcunun tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2013-cü il tarixli 076/13 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı 15000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu razılaşmada göstərilən şərtlərlə cavabdehə verməyi, cavabdeh isə aldığı pul vəsaitini 11 aprel 2016-cı il tarixinədək 36 müddətinə illik 6% dərəcəsi ilə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əlavəyə əsasən, ilk ödəniş tarixi 11 aprel 2013-cü il, sonuncu ödəniş tarixi isə 11 aprel 2016-cı il kimi şərtləşdirilmişdir. Cavabdeh Qanuni nümayəndə kredit məbləğini təşkil edən 15000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.

12. İddiaçı adıçəkilən kredit müqaviləsi üzrə 11712,85 manat əsas, 3094,19 manat faiz, 1397,77 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 4555,85 manat faiz borcunun cavabdehdən tutulmasını xahiş edir.

13. Cavabdeh Qanuni nümayəndə iddia müddətinin tətbiq edilərək iddianın rədd olunmasını xahiş edir.

14. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün kredit müqaviləsinin hüquqi təbiətinin müqavilə bağlanarkən qüvvədə olan maddi hüquq normaları əsasında şərh edilməsini zəruri sayır.

15. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən (müqavilə bağlanarkən qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

16. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

17. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

18. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.

19. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 8 may 2008-ci il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyinə görə, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.

20. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1379/2024 nömrəli qərardadı ilə aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının 17 may 2024-cü il tarixli 9/2957 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2013-cü il tarixli 076/13 nömrəli kredit müqaviləsi üzrə əsas borc 11712,82 manat, faiz borcu 352,3 manat, Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu isə 4537,1 manat təşkil edir. Həmçinin müqavilə üzrə xx.xx.2019-cu il tarixdə (366,11 manat) sonuncu ödəniş həyata keçirilmişdir.

21. Məhkəmə qeyd edir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, tərəflər ekspert rəyinə etiraz etməmiş, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət verməmişdir.

22. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2013-cü il tarixli 076/13 nömrəli kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya olan borcu aşağıdakı kimidir: 11712,82 manat əsas borc, 352,3 manat faiz borcu.

23. Beləliklə, iddiaçının subyektiv hüquqa malik olması, bu hüququn cavabdeh tərəfindən pozulması müəyyən edilir. Məhkəmə cavabdeh tərəfindən təqdim olunan iddia müddətinin tətbiqi barədə ərizə üzrə aşağıdakıları qeyd edir.

24. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

25. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

26. Həmin Məcəllənin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

27. Göründüyü kimi, mülki qanunvericilikdə müqavilə tələbləri (daşınmaz əşyalarla bağlı istisna olmaqla) üzrə iddia müddəti üç il müəyyən olunmuşdur.

28. Digər tərəfdən, Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.

29. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli Qərar).

30. Həmin Qərarda ifadə olunan hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

31. Məhkəmə qeyd edir ki, xx.xx.2013-cü il tarixli 076/13 nömrəli kredit müqaviləsi üzrə sonuncu ödəniş müddəti 11 aprel 2016-cı il (kreditin müddəti həmin tarixdə başa çatmışdır) olmuş, həmin tarixdən 3 illik iddia müddətinin axımı başlamış və 12 aprel 2019cu il tarixdə başa çatmışdır. İddia müddəti ərzində müddətinin axımının dayandırılması və ya kəsilməsi isə müəyyən olunmur. Belə ki, 19 aprel 2019-cu il tarixli ödəniş iddia müddəti ərzində edilmədiyindən iddia müddətinin axımının kəsilməsinə də səbəb olmamışdır.

32. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

33. Digər tərəfdən, Mülki Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.

34. Məhkəmə əsas tələblər üzrə iddia müddətinin keçdiyini və bu səbəbdən də qanuni faiz və dəbbə pulu kimi əlavə tələblər üzrə də iddia müddətinin ötdüyünü nəzərə alaraq bu qənəaətə gəlir ki, iddiaçı LPO İddiaçı ASC-nin cavabdeh Qanuni nümayəndə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiası rədd edilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

35. İddiaçı həmçinin ödənilmiş 153 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

36. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

37. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Məhkəmə iddia tələbinin təmin edilmədiyini nəzərə alaraq hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

V. Nəticə:

39. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Qanuni nümayəndə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar