Məhkəmə qərarları › İş №e-2-2(113)-1386/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1386/2025

27.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1386/2025 27.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, dəbbə pulunun azaldılması, qanuni faiz və dəbbə pulunun nisbəti) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 20525,95 manat əsas borc, 17639,39 manat cərimə, əsas borca illik 5 faizlə hesablanmış 1026,29 manat olmaqla ümumilikdə 39191,63 manat məbləğində pulun və ödənilmiş 208 manat dövlət rüsumunun, 320 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında 03 fevral 2023-cü il tarixli F030223NB1111S nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı hazırkı müqavilənin şərtlərinə uyğun olaraq, sürtkü yağlarını və filterlərini cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin malı qəbul etməyi və malın dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə görə malların qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşma protokolunda göstərilir. Müqavilənin 4.2-ci bəndində qeyd olunmuşdur ki, cavabdeh malın dəyərini bu müqavilədə nəzərdə tutulan qaydada və müddətdə ödəyir. Müqavilənin 8.1-ci bəndinə görə müqavilə üzrə vəzifələrini icra etməyən və lazımi qaydada icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. 2.2. Tərəflər arasında imzalanmış qiymət razılaşdırılması protokolu və təhvil-təslim aktlarına əsasən qeyd olunmuş elektron-qaimələr üzrə aşağıda dəyəri qeyd olunmuş mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən təhvil alınmışdır: 1. 26 sentyabr 2023-cü il tarixli, EBDP seriyalı, 148906 nömrəli elektron qaiməfakturaya əsasən əsas məbləğ 13304,98 manat, ƏDV 2394,90 manat, ümumilikdə 15 699,88 manat; 2. 28 sentyabr 2023-cü il tarixli, EBDP seriyalı, 283253 nömrəli elektron qaimə-fakturaya əsasən əsas məbləğ 3920 manat, ƏDV 705,60 manat, ümumilikdə 4625,60 manat; 3. 12 oktyabr 2023-cü il tarixli, EBDQ seriyalı, 253695 nömrəli elektron qaimə-fakturaya əsasən əsas məbləğ 169,89 manat, ƏDV 30,58 manat, ümumilikdə 200,47 manat. 2.3. Odur ki yuxarıda qeyd olunanlara əsasən, 20525,95 manat dəyərində borc məbləği cavabdeh tərəfindən iddiaçıya bu günədək ödənilməmiş və cavabdeh tərəfindən tərəflər arasında imzalanmış müqavilə üzrə öhdəliklər pozulmuşdur. Beləliklə, müqavilə üzrə 20525,95 manat əsas borc məbləği, illik 5% ilə hesablanmaqla 1026,29 manat, öhdəliyin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün 0,2% həcmində 17639,39 manat gecikdirmə faizi, ümumilikdə 39191,63 manat borc məbləği yaranmışdır.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 445, 462, 597, 598-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, iddia tələbində gecikdirilən hər gün üçün 0,2 faizlə hesablanan məbləğ cərimə, əsas borca illik 5 faizlə hesablanan məbləğ ilə mülki qanunvericilikdə nəzərdə tutulan faiz məbləğidir.

6. Cavabdehin nümayəndəsi X2 əsas borca münasibətdə iddiaya etiraz etmədiklərini, lakin cərimə və faiz borcu ilə razı olmadıqlarını bildirdi.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

10. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 03 fevral 2023-cü il tarixli F030223NB1111S nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqavilənin şərtlərinə uyğun olaraq, sürtkü yağlarını və filterləri cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin malı qəbul etməyi və malın dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin malların təhvil-qəbulu və ödəniş şərtlərinə əsasən malların qaimə-faktura və (və ya) təhvil-təslim aktı əsasında cavabdehin Bakı şəhərində yerləşən anbarına verilməsi, ödəniş şərtlərinin qiymətlərin razılaşdırılması protokolunda göstərilməsi, həmin protokolda belə şərtlər göstərilmədikdə mallar təhvil verildikdən sonra 5 təqvim günü ərzində ödənişlərin edilməsi razılaşdırılmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ƏDV daxil olmaqla 15699,88 manat, xx.xx.2023cü il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ƏDV daxil olmaqla 4625,6 manat, xx.xx.2023-cü il tarixli qiymətlərin razılaşdırılması protokolu ilə ƏDV daxil olmaqla 200,47 manat dəyərində malın ölçüsü, miqdarı və məbləği razılaşdırılmış, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə ƏDV daxil olmaqla 15699,88 manat, xx.xx.2023-cü il tarixli təhviltəslim aktı ilə ƏDV daxil olmaqla 4625,6 manat, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə ƏDV daxil olmaqla 200,47 manat olmaqla ümumilikdə ƏDV daxil olmaqla 20525,95 manat dəyərində mal cavabdehə təhvil verilmiş, malların verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli EBDP 148906, xx.xx.2023-cü il tarixli EBDP 283253, xx.xx.2023-cü il tarixli EBDQ 253695 seriya və nömrəli elektron qaimələr cavabdehə göndərilmişdir.

11. İddiaçı 03 fevral 2023-cü il tarixli F030223NB1111S nömrəli alqı-satqı müqaviləsi üzrə 20525,95 manat əsas borcun tutulmasını tələb edir.

12. Cavabdeh əsas borc məbləğini qəbul etdiyini bildirir.

13. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.

14. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

15. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

16. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

17. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

18. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

19. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

20. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.

21. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

22. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

24. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

25. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

26. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borca münasibətdə təmin olunmalı, 03 fevral 2023-cü il tarixli F030223NB1111S nömrəli alqısatqı müqaviləsi üzrə ƏDV daxil olmaqla 20525,95 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Alqı-satqı müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı

27. İddia ərizəsində iddiaçı həmçinin 17639,39 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş edir.

28. 03 fevral 2023-cü il tarixli F030223NB1111S nömrəli alqı-satqı müqaviləsinin 7.3cü bəndinə əsasən, ödəniş hər gecikdirilmiş gün üçün ümumi məbləğin 0,2% həcmində cərimə ödəməyi “Alıcı” öz öhdəsinə götürür.

29. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

30. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

31. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

32. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin müqavilə üzrə verilən mallar üçün cavabdeh tərəfindən hər hansı ödənişin edilməməsinə baxmayaraq, iddiaçı da uzun müddət sonra – xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.

33. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulmalı cərimə məbləğinin 1100 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

34. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cərimənin tutulması hissəsində qismən təmin edilməli, 1100 manat məbləğində cərimə Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

c) Alqı-satqı müqaviləsi üzrə qanuni faiz məbləğinin tutulması tələbi ilə bağlı

35. İddiaçı gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmaqla 1026,29 manat məbləğində pulun da cavabdehdən tutulmasını tələb edir.

36. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

37. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma həmin Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.

38. Lakin əvvəla qeyd edilməlidir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqi üçün kreditorun digər əsaslardan çıxış edərək pul məbləğini tələb edə bilməsi istisna olunur. Hazırda iddiaçı 03 fevral 2023-cü il tarixli F030223NB1111S nömrəli alqı-satqı müqaviləsinin 7.3-cü bəndlərindən çıxış edərək müqavilə ilə nəzərdə tutulmuş dəbbə pul məbləğini tələb edir.

39. Digər tərəfdən, Mülki Məcəllənin zərər və dəbbə pulunun nisbətindən bəhs edən 466-cı maddəsinə görə, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər.

40. Hazırkı işin hallarında görünür ki, Mülki Məcəllənin 445.7-ci maddəsi ilə tələb edilən məbləğ dəbbə pulu ilə tam əhatə olunur. Bu halda isə Mülki Məcəllənin 466-cı maddəsinə əsasən də 1026,29 manat məbləğində pulun tutulması mümkün deyildir.

41. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iş üzrə Mülki Məcəllənin 445.7ci maddəsi tətbiq edilməklə 1026,29 manat pul məbləğinin tutulması hissəsində iddia rədd edilməlidir.

d) Məhkəmə xərcləri ilə bağlı

42. İddiaçı eyni zamanda ödənilmiş 208 manat dövlət rüsumunun, 320 manat hüquqi yardım xərcinin də tutulmasını tələb edir.

43. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 208 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

44. İş materiallarında olan qəbzdən görünür ki, hüquqi yardıma görə 320 manat məbləğində pul Bakı şəhəri 20 saylı vəkil bürosunun hesabına köçürülmüşdür.

45. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

46. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.

47. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

48. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması və s.), məhkəmə iclaslarının sayını və müddətini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 320 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır.

49. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

50. Beləliklə, iddia tələbinin qismən təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 115 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 320 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

51. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 03 fevral 2023-cü il tarixli müqavilə üzrə 20525,95 manat əsas borc, 1100 manat cərimə məbləği olmaqla ümumilikdə 21625,95 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 115 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 320 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar