Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1388/2024 10.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zaminlik, ipoteka, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X2 və X3 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı “ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və pul” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka 34877.36 manat əsas, 3156.92 manat faiz, 408.87 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 38443.15 manat məbləğində borcun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 210 manat dövlət rüsumunun (mediasiya ödənişinin) ödənilməsi, Cavabdeh3 tutulmalı olan məbləğ, yəni cəmi 38443.15 manat, borcun və 210 manat ödənilmiş mediasiya ödənişinin və 5,33 AZN dövlət rüsumunun, bank qarşısında ipoteka ilə yüklü edilmiş və Cavabdeh1 mülkiyyətindəki **-GG-*** dövlət qeydiyyat nişanlı, «BMW»5351 markalı, qara rəngli, ban № WBA5B1C55GG131520 avtomobil açıq hərrac vasitəsilə satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına ona yönəldilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka 34877,36 manat əsas, 3156,92 manat faiz, 408,87 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 38443,15 manat məbləğində borcun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 210 manat dövlət rüsumunun və 5,33 manat dövlət rüsumunun ödənilməsi, Cavabdeh3 tutulmalı olan məbləğ, yəni cəmi 38443,15 manat, borcun və 210 manat ödənilmiş mediasiya ödənişinin və 5,33 AZN dövlət rüsumunun bank qarşısında ipoteka ilə yüklü edilmiş və Cavabdeh1 mülkiyyətindəki **-GG-*** dövlət qeydiyyat nişanlı, «BMW» 5351 markalı, qara rəngli, ban №WBA5B1C55GG131520 avtomobiln açıq hərrac vasitəsilə satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına ona yönəldilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh3 İddiaçı ASC-dən 120 ay müddətinə 300000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh3 İddiaçı ASC-dən illik 19%-lə 18 ay müddətinə 50000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 mülkiyyətindəki **-GG-*** dövlət qeydiyyat nişanlı, «BMW» 5351 markalı, qara rəngli, ban №WBA5B1C55GG131520 avtomobilə xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka ilə yüklülük dövlət qeydiyyatına alınmışdır. borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixli və Cavabdeh1 xx.xx.2021-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 03 noyabr 2023-cü il tarixədək Cavabdeh3 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka 34877.36 manat əsas, 3156.92 manat faiz, 1635.48 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 39669.76 manat borcu vardır. Cavabdeh3 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 1635.48 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 408.87 manat məbləğində tələb olunur. İddiaçı ASC ilə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh3 Cavabdeh1 və Cavabdeh2 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddianın məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddianın məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 20-MCR-1- 232-2 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən borcalana 300000 manat məbləğində aylıq 2.50 % olmaqla kredit xətti açılmış və kredit xəttinin müddəti 120 ay nəzərdə tutulmuşdur. "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış 11 noyabr 2022-ci il tarixli 20-MCR- 1-232-21/3 nömrəli kredit müqaviləsinə əsasən bank müştəriyə 18 ay müddətinə aylıq 1,58 %-lə qaytarmaq şərti ilə 50000 manat məbləğində kredit vermişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli Z/18499/22 nömrəli və Cavabdeh1 ilə bağlanmış xx.xx.2021-ci il tarixli Z/10291/21 nömrəli zaminlik müqavilələrinə əsasən xx.xx.2021-ci il tarixli, 20-MCR-1-232-21 nömrəli kredit müqaviləsinə bankdan kredit götürmüş bocalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminlər öz üzərlərinə götürmüşlər. Müqavilənin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəliklər kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 20-504481-1 nömrəli kassa məxaric qəbzinin surətindən görünür ki, Cavabdeh3 müvafiq olaraq 15000 manat məbləğində pul vəsaiti verilmişdir. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh3 xx.xx.2022-ci il tarixdən 18 ay müddətinə 19% olmaqla 50000 kredit verilmiş, həmin kreditdən əsas borc üzrə qalıq məbləğ 34877,36 manat və faiz borc üzrə qalıq məbləğ 3156,92 manat və cərimə üzrə qalıq borc məbləğ 1635,48 manat, ümumi borc məbləği 39669,76 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli 20-MCR-1-232-21/3 nömrəli kredit müqaviləsi üzrə tərtib edilmiş ödəniş qrafikindən görünür ki, ümumi məbləği 50000 manat olan aylıq faiz dərəcəsi 1,58% olmaqla verilmiş kreditə görə Cavabdeh3 11 dekabr 2022-ci il tarixdən 11 may 2024-cü il tarixinə qədər hər ayın 11-i olmaqla 3214,17 manat, sonuncu ay 3214,28 manat ödəməlidir. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrinin AA143167 saylı 20 oktyabr 2021-ci il tarixli çıxarışından görünür ki, Cavabdeh1 mülkiyyətindəki **-GG-*** dövlət qeydiyyat nişanlı, «BMW»5351 markalı avtomobil xx.xx.2021-ci il tarixli A/00288/21 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmiş, ipoteka saxlayan "xxxx" ASC qeyd olunmuşdur. 20 oktyabr 2021-ci il tarixli, A/00288/21 saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı tərəflər arasında Bakı şəhərində bağlanmış xx.xx.2021-ci il tarixli, 20-MCR-1-232- 21 saylı kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana ipoteka verir. Müqavilənin 2.1-ci bəndinə əsasən ipotekaya verilən əmlakın təsviri: Cavabdeh1 məxsus olan Avtomobil ipotekası. Texniki göstəricilər: BMW, 5351 Qara rəngli, yürüş: 85280 km, ban № WBA5B1C55GG131520, 10GG666 dövlət qeydiyyat nişanlı avtomobil. Cavabdehin borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası keçirilmiş və xx.xx.2024-cü il tarixli, 9/4953 saylı rəyi ekspert rəyi ilə cavabdehin İddiaçı ASC-yə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə əsas borcu 34851,28 manat, faiz borcu 3182,12 manat, ekspert rəyinin tərtib edildiyi xx.xx.2024-cü il tarixə əsas borcu 34851,28 manat, faiz borcu 4653,61 manat müəyyən edilmişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Qanunun: 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 11 noyabr 2022-ci il tarixli 20-MCR-1-232-21/3 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 18 ay müddətinə aylıq 1,58 %-lə qaytarmaq şərti ilə 50000 manat məbləğində kredit verilmişdir. Öhdəliyin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında zaminlik müqavilələri bağlanmış və zaminlər borclu ilə birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər, həmçinin Cavabdeh1 ilə Bank arasında bağlanmış 20 oktyabr 2021-ci il tarixli, A/00288/21 saylı ipoteka müqaviləsinə əsasən nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi Cavabdeh1 mülkiyyətində olan BMW, 5351 Qara rəngli, yürüş: 85280 km, ban № WBA5B1C55GG131520, 10GG666 dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. Kreditor, yəni iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zamin, yəni cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəlikləri tam icra etməmişlər, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. 11 noyabr 2022-ci il tarixli 20-MCR-1-232-21/3 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı 34877,36 manat əsas, 3156,92 manat faiz borcunun ödənilməsini tələb etmişdir. Lakin keçirilmiş məhkəmə ekspertizasının rəyindən görünür ki, maliyyə arayışının tərtib edildiyi tarixə, yəni xx.xx.2023-cü il tarixə əsas borc 34851,28 manat, faiz borcu isə 3182,12 manat hesablanmışdır. Buna görə də məhkəmə hesab edir ki, əsas borcun məbləği ekspert rəyinə uyğun olaraq 34851,28 manat müəyyən olunmalıdır. Lakin MPM-in 218.3-cü maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, faiz borcun məbləği isə iddia tələbində ekspert rəyinə nisbətdə daha az göstərildiyindən faiz borcu iddia tələbinə uyğun olaraq 3156,92 manat müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehlərdən 408,87 manat məbləğində cərimə məbləği tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, cavabdehlərdən müşərək qaydada iddiaçının xeyrinə xx.xx.2022-cu il tarixli kredit müqaviləsi üzrə 34851,18 manat əsas borc, 3156,92 manat faiz borcu və 408,87 manat cərimə borcu tutulmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən ilə 50000 manat məbləğində 18 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər və tərəflərin razılığı olmadan ipoteka ilə yüklü edilmiş avtomobilin satılmasına və digər əməliyyatların aparılmasına icazə verilmir. İpoteka predmeti kimi Cavabdeh1 məxsus BMW, 5351 Qara rəngli, yürüş: 85280 km, ban № WBA5B1C55GG131520, 10GG666 dövlət qeydiyyat nişanlı avtomobil yüklü edildiyindən ipoteka predmetinə tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma avtomobilə yönəldilməli, açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına 38416,94 manat məbləğində borc iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iddia tələbinin, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi hissəsinə münasibətdə qeyd edir ki, qanunvericiliyə uyğun olaraq ipoteka predmeti borcun ödənilməsinə kifayət etmədiyi halda icra mərhələsində icra məmuru tərəfindən zəruri icra tədbirləri həyata keçirilərək qətnamə ümumi qaydada icra olunduğundan həmin hissənin ayrıca tələb formasında təmin olunmasına zərurət yoxdur. Məhkəmə iddianın qismən təmin edildiyini və cavabdehlərin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiklərini nəzərə alaraq hesab edir ki, ödənilmiş 210 manat mediasiya xərcinin və ödənilmiş 5.33 manat dövlət rüsumunun 5 manat hissəsinin əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 1 manat məbləğində hissəsi İddiaçı ASC-dən, 99 manat məbləğində hissəsi isə cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-cu il tarixli kredit müqaviləsi üzrə 34851,18 manat əsas borc, 3156,92 manat faiz borcu, 408,87 manat cərimə borcu olmaqla, ümumilikdə 38416 (otuz səkkiz min dörd yüz on altı) manat 94 (doxsan dörd) qəpik, habelə ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 210 (iki yüz on) manat və ödənilmiş dövlət rüsumunun 5 (beş) manat hissəsinin əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tələb üzrə tutma Cavabdeh1 mülkiyyətindəki ipoteka ilə yüklü edilmiş **-GG-*** dövlət qeydiyyat nişanlı, “BMW” 5351 markalı, qara rəngli, ban №WBA5B1C55GG131520 avtomobilə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına 38416,94 manat məbləğində borc ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 1 (bir) manat məbləğində hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 99 (doxsan doqquz) manat məbləğində hissəsi isə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1388/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1388/2024
10.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver