Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1388/2025 23.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit və zaminlik müqaviləsi,) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə - 056R********** saylı krеdit razılaşması üzrə 2959.64 manat məbləğində krеdit bоrcu, 218.70 manat məbləğində faiz bоrcu və 47.36 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3225.70 manat, - xx.xx.2023-cü il tarixli razılaşma üzrə 10256.76 manat məbləğində krеdit bоrcu, 1031.91 manat məbləğində faiz bоrcu və 244.12 manat məbləğində cərimə borcu olmaqla,cəmi 11532.79 manat, ümumilikdə cəmi 14758 manat 49 qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 134.27 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC iləCavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 056L**********51 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Cavabdeh1na 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) manat məbləğində krеdit хəttiaçılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh1 İddiaçı QSC iləxx.xx.2022-ci il tarixli 056R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 24 ay müddətinə,aylıq faiz dərəcəsi 2.0833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024- cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Tərəflərin imzaladıqları xx.xx.2024-cü il tarixli 056R**********S saylısazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 7040.36 manat ödəmiş, onun 2959.64 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 80 gün üçün hesablanmış faiz borcu 218.70 manat təşkiledir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 80 gün üçün hеsablanmış cərimə 47.36 manat təşkiledir. Bundan başqa, uzunmüddətlikredit və təminat müqaviləsi üzrə Cavabdeh1 SMS vasitəsilə imza etməklə xx.xx.2023-cü il tarixində 36 ay müddətinə,aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, hissə-hissə qaytarmaq şərti ilə 13000 (on üç min) manat məbləğində krеdit verilmişdir. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli analoq imzanın tətbiq edilməsi barədə razılaşmanın 2.1-ci maddəsinə əsasən müştərinin Banka göndərdiyi SMS-in və ya elektron poçtun mətinində təsdiq xarakterli söz və ya ifadəni, habelə Banka tərəfindən tələb olunduğu təqdirdə müştərinin telefon nömrəinə göndərilmiş xüsusi kodu qeyd etməsi müştərinin müvafiq əqd (həmçinin ərizə və digər sənəd) üzrə imzası hesab olunur. Analoq imzanın tətbiq edilməsi barədə razılaşmanın 3.1-ci maddəsinə əsasən müştəri analoq imzadan istifadə etməklə Banka yazılı ərizə ilə müraciət etmək, habelə digər əqdləri, o cümlədən müqavilələti və sənədləri imzalamaq hüququna malikdir. Müqavilənin 3.2-ci maddəsinə əsasən müştəri qəbul edir ki, Bank müştərinin analoq imza ilə ərzilərin, tapşırıqların, sərəncamların, etirazların, müqavilələrin və sairə sənədlərin təsdiq edilməsinimüştərinin həmin sənədlər üzrə iradəsinin ifadəsi hesab edəcək. Müqavilənin 3.3cü maddəsinə əsasənbu müqaviləni imzalamaqla müştəri təsdiq edir ki, müştərinin analoq imza ilə imzalamaqla Banka göndərdiyi müqavilələr, habelə müqavilələrin bağlanması üçün Azərbaycan Respublikasının hüquqi aktları ilə tələb olunan əlaqəli saənədlər müştərinin şəxsən kağız üzərində yazılı qaydada imzaladığısənədlər ilə eyni hüquqi qüvvəyə malik olur. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024- cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 2743.24 manat ödəmiş, onun 10256.76 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024cü il tarixə 149 gün üçün hesablanmış faiz borcu 1031.91 manat təşkiledir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. 1.10.2024-cü il tarixə 149 gün üçün hеsablanmış cərimə 244.12 manat təşkiledir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır.
II. Tərəflərin mövqeləri:
3. İddiaçinin nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, o banka da bir neçə dəfə yaxınlaşaraq yeni qrafik açılmasını və həmin qrafik üzrə ödənişlər etmək istədiyini bildirsə də, heç bir razılıq əldə edilməmişdir, ödənişi isə bir dəfəyə ödəyə bilmir. Yeni qrafik açılmırsa, məhkəmənin verəcəyi qərarı gözləyir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər.
6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən digər cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı QSC ilə Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 056L**********51 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Həmin müqavilənin 2.13-cü bəndinə əsasən, Zamin, bu müqavilə üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır.
9. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixli 056R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 24 ay müddətinə, illik faiz dərəcəsi 25 % оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində məbləğində kredit götürmüşdür.
10. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh1 SMS vasitəsilə imza etməklə xx.xx.2023-cü il tarixində 36 ay müddətinə, hissə-hissə qaytarmaq şərti ilə 13000 manat məbləğində krеdit verilmişdir.
11. 12 mart 2024-cü il tarixli 056R**********S nömrəli 16 sentyabr 2022-ci il tarixli kredit sazişinə və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişə əsasən Kredit alan 16 sentyabr 2022-ci il tarixdə bağlanmış 056R********** Kredit Sazişi üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri, habelə nəzərdə tutulduğu halda gecikdirilmə faizi və cərimə borcunu bu sazişə əlavə olunan 12 mart 2024-cü il tarixli Ödəniş Planına uyğun olaraq Ödəniş Planında göstərilən müddətdə və tarixdə Banka ödəməyi öhdəsinə götürmüşdür.
12. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən borclu Cavabdeh1 xx.xx.2022-ci il tarixli 056R********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə cəmi borc məbləği 3225,70 manat (əsas borc 2959,64 manat, faiz borcu 218,70 manat, cərimə borcu 47,36 manat), gecikdirilən günlərin sayı 80 gün, xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixli 056R********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə cəmi borc məbləği 11532,79 manat (əsas borc 10256,76 manat, faiz borcu 1031,91 manat, cərimə borcu 244,12 manat), gecikdirilən günlərin sayı 149 gün müəyyən edilmişdir
13. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh1 ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 056R********** saylı krеdit razılaşmasının və xx.xx.2023-cü il tarixli 056R********** saylı kredit razılaşmasının şərtləri və aparılmış ödənişlər nəzərə alınmaqla maliyyə arayışında göstərilən (və pretenziya məktubunun göndərildiyi) xx.xx.2024-cü il tarixinə əsas, faiz və cərimə borcunun (ayrı-ayrılıqda) məbləği nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in xx.xx.2025-ci il tarixli, 9/1314 saylı ekspert rəyinə əsasən Cavabdeh1 iddiaçı "xxxx" QSC-yə xx.xx.2024-cü il tarixə olan borcu 16 sentyabr 2022-ci il tarixli, 056R********** saylı krеdit razılaşması üzrə əsas borcu 2.959,26 manat, faiz borcu üzrə 226,05 manat məbləğində, 04 iyul 2023-cü il tarixli, 056R********** saylı kredit razılaşması üzrə əsas borc üzrə 10.970,61 manat, faiz borcu üzrə 1.058,14 manat məbləğində müəyyən edilmişdir.
15. Məhkəmə, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
18. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
20. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
21. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
22. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
23. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
24. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
25. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqaviləsindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
26. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, xx.xx.2022-ci il tarixli 056R********** saylı kredit razılaşması üzrə iddiaçının müqavilə üzrə tələb etdiyi əsas borc məbləği ekspert rəyində göstərilən məbləğdən daha çox olduğu üçün rəydə göstərilən məbləğdə, faiz borcu isə ekspert rəyindən daha az tələb edildiyi üçün iddia tələbində göstərilən məbləğdə müəyyən edilməklə, xx.xx.2023-cü il tarixli 056R********** saylı kredit razılaşması üzrə iddiaçının müqavilə üzrə tələb etdiyi əsas və faiz borc məbləği ekspert rəyində göstərilən məbləğdən daha az olduğu üçün iddia tələbində göstərilən məbləğdə müəyyən edilməklə cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
27. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 056R********** saylı kredit razılaşmasına əsasən hesablanmış 47,36 manat məbləğində, xx.xx.2023-cü il tarixli 056R********** saylı kredit razılaşmasına əsasən hesablanmış 244,12 manat məbləğində cərimə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.
28. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
29. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
30. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
31. Məhkəmə tələb olunan dəbbə pulunun hər iki müqavilə üzrə əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulları tənasübsüz surətdə yüksək olmadığından, cavabdehlərdən kredit razılaşması üzrə hesablanmış 47,36 manat və 244,12 manat məbləğində dəbbə pulu tutulmalıdır.
32. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin uzunmüddətli kredit və təminat müqaviləsi əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə cavabdеhlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada müştərək qaydada 056R********** saylı krеdit razılaşması üzrə 2959,26 manat əsas borc, 218,70 manat faiz borcu, 47,36 manat dəbbə pulu, 056R********** saylı razılaşma üzrə 10256,76 manat əsas borc, 1031,91 manat faiz, 244,12 manat dəbbə pulu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, borc məbləğləri cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
33. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 134,27 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
34. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
35. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 134,27 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir.
V. Nəticə:
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 056R********** saylı krеdit razılaşması üzrə 2959,26 manat əsas borc, 218,70 manat faiz borcu, 47,36 manat dəbbə pulu, 056R********** saylı razılaşma üzrə 10256,76 manat əsas borc, 1031,91 manat faiz, 244,12 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 134,27 manat tutularaq İddiaçı QSC-yə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova