Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1389/2024 07.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı icarə müqaviləsinin ləğvi, icarə haqqının və dəymiş ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilənin ləğvi, icarə, tapşırıq, özgə işlərinin tapşırıqsız icrası, delikt) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı icarə müqaviləsinin ləğvi, icarə haqqının və dəymiş ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nümayəndə şəxsində Cavabdeh MMC ilə bağladığı 25 may 2023-cü il tarixli, 01 nömrəli “İcarə haqqında” müqaviləsinin ləğv edilməsi, həmin müqaviləyə əsasən iddiaçının icarəyə verdiyi “Toyota Prius” markalı, dövlət qeydiyyat nişanı 77XV526, seriya nömrəsi BB381613 və “Toyota Prius” markalı, dövlət qeydiyyat nişanı 10UO037, seriya nömrəsi BB370784 olan nəqliyyat vasitələrinin ödənilməmiş iki aylıq icarə haqqına görə 2600 manatın, müqavilənin 4.2-ci maddəsinə əsasən, hər gecikdirilmiş gün üçün iki nəqliyyat vasitəsinə dəymiş maddi zərərin ümumi məbləğinin, 1300 manatın 1 %-i həcmində cərimə məbləği kimi 13 manat, iyun ayının icarə haqqının bu günə kimi gecikdirilməsini 210 gün hesablamaqla, 2730 manat və iyul ayının icarə haqqının bu günə kimi gecikdirilməsini 180 gün hesablamaqla, 2340 manat, ümumilikdə cərimə məbləği kimi 5070 manatın, xx.xx.2023-cü il tarixli “Avtomobillərin təhvil təslim” aktına əsasən cavabdehin istifadəsində olduğu müddətdə DYP tərəfindən həmin nəqliyyat vasitələrinə yazılmış və onun tərəfindən cərimə məbləği kimi ödənilmiş 332 manatın, həmçinin, həmin akta əsasən nəqliyyat vasitələrində aşkarlanan nöqsanlara və təmir xərclərinə görə ödədiyi 799 manatın, 29 may 2023-cü il tarixli, “İcarə əsaslı Sığorta haqqında” 02 saylı Müqaviləyə əsasən “Kasko sığortasına” görə ödədiyi və cavabdeh (icarəçi) tərəfindən mənimsənilmiş 900 manatın, həmin müqavilənin 4.2-ci maddəsinə əsasən, hər gecikdirilən gün üçün vaxtında ödənilməyən 900 manatın 2%-i həcmində cərimə kimi 18 manat, gecikdirilmiş günləri 210 gün hesablamaqla, ümumilikdə cərimə kimi 3780 manatın, yəni, cavabdehin müqavilə öhdəliklərini yerinə yetirmədiyinə görə ona dəymiş maddi zərərin ümumi məbləğin, 13481 manatın, habelə dövlət rüsumu üçün ödədiyi 130 manatın və vəkilə ödədiyi 120 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Nümayəndə şəxsində Cavabdeh ilə 25 may 2023-cü il tarixli, 01 nömrəli “İcarə haqqında” müqavilə bağlamışdır. Həmin müqavilənin 1.1-ci, 1.2-ci, 2.1.1-ci və 2.2.1-ci maddələrinə əsasən özünə məxsus “Toyota Prius” markalı, dövlət qeydiyyat nişanı 77XV526, seriya nömrəsi BB381613 və “Toyota Prius” markalı, dövlət qeydiyyat nişanı 10UO037, seriya nömrəsi BB370784 olan nəqliyyat vasitələrini müqaviləyə əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Avtomobillərin təhvil təslim” aktı ilə həmin tarixdən 36 ay müddətinə Cavabdehnə icarəyə vermişdir. Müqavilənin 3.1-ci, 3.2-ci və 4.2-ci maddələrinə əsasən hər bir nəqliyyat vasitəsi üçün icarə haqqı, ayda bir dəfə olmaqla, növbəti ayın ilk 5 iş günü ərzində bütöv ödənilməklə 650 AZN müəyyən edilmişdir və hər gecikdirilmiş gün üçün dəymiş maddi zərərin ümumi məbləğinin 1 %-i həcmində cərimə nəzərdə tutulmuşdur. İddiaçı, həmçinin, Nümayəndə şəxsində Cavabdeh ilə 29 may 2023-cü il tarixli, 02 nömrəli “İcarə əsaslı Sığorta haqqında” müqavilə imzalamışdır. Bu müqavilənin şərtlərinə görə icarəyə verilmiş nəqliyyat vasitələrinin bir illik “Kasko sığortası” üçün hər bir nəqliyyat vasitəsinə görə müəyyən edilmiş 450 manatı, ümumilikdə 900 manatı cavabdehə nağd formada ödənilmişdir. İcarəyə verən tərəf olaraq iddiaçı müqavilə öhdəliklərinə tam əməl etsə də, cavabdeh ilk aydan müqavilə şərtlərini pozaraq ödəniş etməkdən yayındı. Daha sonra ona məlum oldu ki, cavabdeh 29 may 2023-cü il tarixli, 02 nömrəli “İcarə əsaslı Sığorta haqqında” müqavilənin şərtlərinə əməl etməyərək icarəyə verilmiş nəqliyyat vasitələrinin “Kasko sığortası” üçün ödədiyi 900 manatı mənimsəyərək həmin nəqliyyat vasitələrini sığortalamamışdır. Cavabdehin müqaviləyə əməl etmək istəmədiyini, icarə müddətində nəqliyyat vasitələrində nöqsanların yarandığını və DYP tərəfindən yazılmış cərimələrin ödənilmədiyini nəzərə alıb icarəyə verilmiş nəqliyyat vasitələrini 25 may 2023-cü il tarixli, 01 nömrəli “İcarə haqqında” müqaviləyə əlavə edilmiş xx.xx.2023-cü il tarixli“Avtomobillərin təhvil təslim” aktı ilə təhvil almışdır. Cavabdeh ona dəymiş zərəri ödəməkdən imtina edərək və telefon zənglərinə cavab vermədiyinə görə iddiaçı sentyabr ayının əvvəlində Bakı şəhəri Xətai RPİ-nin 36-cı PŞ-nə ərizə ilə müraciət etmişdir. X3 eyni ilə iddiaçının bu iddia ərizəsində göstərdiyi hallarla bağlı Nümayəndə etiraf edici izahatını alandan sonra işin mülki xarakterli olduğunu əsas gətirərək cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli Qərar qəbul etdi. İddiaçıya dəymiş zərərin ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixində cavabdehə təklif (pretenziya) göndərilmişdir. xx.xx.2023-cü ildə Müqavilənin ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət etmiş və hakim X2 2(011)-9108/2023 saylı, xx.xx.2023-cü ii tarixli qərardadla Kommersiya Məhkəməsinə aid olduğunu əsas gətirərək işi geri qaytarmışdır. İddiaçı xx.xx.2023-cü il tarixində Cavabdehnə elektron qaydada təklif (pretenziya) göndərmiş və bu günə kimi heç bir cavab almamışdır. Yuxarıda qeyd etdiklərini nəzərə alaraq, hələ də qüvvədə olan müqavilənin ləğv edilməsi, habelə, iddiaçıya dəymiş zərəri tələb etmək üçün məhkəməyə müraciət etmiş və dəymiş zərəri aşağıdakı kimi dəyərləndirir: Hər bir nəqliyyat vasitəsinin bir aylıq icarə haqqı 650 manat, iki nəqliyyat vasitəsi üçün 1300 manat, iki nəqliyyat vasitəsinin ikiaylıq icarə haqqı ümumilikdə 2600 manat; müqavilənin 4.2-ci maddəsinə əsasən, hər gecikdirilmiş gün üçün iki nəqliyyat vasitəsinə dəymiş maddi zərərin ümumi məbləğinin, 1300 manatın 1 %-i həcmində cərimə məbləği kimi 13 manat, iyun ayının icarə haqqının bu günə kimi gecikdirilməsini 210 gün hesablamaqla, 2730 manat və iyul ayının icarə haqqının bu günə kimi gecikdirilməsini 180 gün hesablamaqla, 2340 manat, ümumilikdə cərimə məbləği kimi, 5070 manat, xx.xx.2023-cü il tarixli “Avtomobillərin təhvil təslim” aktına əsasən cavabdehin istifadəsində olduğu müddətdə DYP tərəfindən həmin nəqliyyat vasitələrinə yazılmış və iddiaçı tərəfindən cərimə məbləği kimi ödənilmiş 332 manat, həmin akta əsasən nəqliyyat vasitələrində aşkarlanan nöqsanlara və təmir xərclərinə görə ödənilən 799 manat, 29 may 2023-cü il tarixli, “İcarə əsaslı Sığorta haqqında” 02 saylı Müqaviləyə əsasən “Kasko sığortasına” görə cavabdehə ödədiyi və onun tərəfindən mənimsənilmiş 900 manat, həmin müqavilənin 4.2-ci maddəsinə əsasən, hər gecikdirilən gün üçün vaxtında ödənilməyən 900 manatın 2%-i həcmində cərimə kimi 18 manat, gecikdirilmiş günləri 210 gün hesablamaqla, ümumilikdə cərimə kimi 3780 manat. Göründüyü kimi ona dəymiş zərərin ümumi məbləği, 13481 manat təşkil edir. Bundan əlavə iddiaçı dövlət rüsumu üçün ödədiyi 130 manatı və vəkilə ödədiyi 120 manatı cavabdehdən tələb edir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 421.2, 442.1, 443.1, 448.2, 462.1, 462.3, 700.2, 700.3-cü maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı ilə Cavabdeh MMC arasında imzalanmış 25 may 2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, icarəyəverən, qanuni əsaslarla ona məxsus olan dövlət qeydiyyat nişanı **-XV-***, seriya nömrəsi BB381613, dövlət qeydiyyat nişanı **-UO-***, seriya nömrəsi BB370784, dövlət qeydiyyat nişanı **-HT-***, seriya nömrəsi BB327156, olan nəqliyyat vasitəsini icarəçiyə icarəyə verir. İcarəçi həmin Nəqliyyat vasitəsini xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul edir. İcarə müddəti (36 ay) bitdikdən sonra avtomobil icarəyəverənə geri qaytarılır və ya tərəflərin razılığı əsasında müqavilə müddəti uzadılır. Bu müqavilədə qeyd edilən nəqliyyat vasitəsi həm icarədara təhvil verilərkən, həm də icarədardan geriyə təhvil alınarkən nəqliyyat vasitələrinin sazlıq dərəcəsini və ümumi vəziyyətini müəyyən edən “təhvil-təslim haqqında” aktı tərtib edilir, hər iki tərəf bu aktı imzalayır. Müqavilənin 2.1.5-ci bəndinə əsasən icarəçinin istismar zamanı baş vermiş və nəqliyyat vasitəsinin texniki sazlığına, ümumi vəziyyətinə birbaşa təsir göstərən, onu yararsız hala salan və ya tamamilə məhv olması ilə nəticələnən istənilən hadisə zamanı icarəyə verən qarşısında tam maddi məsuliyyət daşıması nəzərdə tutulmuşdur. Müqavilənin 2.2.10-cu bəndinə əsasən icarəyə verənin icarəyə verdiyi nəqliyyat vasitəsinin icbari və kasko sığorta xərclərini öz vəsaiti hesabına təmin etməsi, nəqliyyat vasitəsinin sığortalanması prosesi razılaşma əsasında icarəçi tərəfindən də həyata keçirilə bilməsi şərtləşdirilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən icarəçi icarəyə götürdüyü hər nəqliyyat vasitəsi üçün icarəyəverənə 650 manat ödəməsi, ödəniş nəqliyyat vasitəsi təhvil verildiyi və ya tərəflərin əvvəlcədən müəyyən etdiyi tarixdən etibarən ayda bir dəfə olmaqla, növbəti ayın ilk 5 iş günü ərzində bütöv şəkildə nağd və ya köçürmə yolu ilə ödənilməsi şərtləşdirilmişdir. Müqavilənin 4.2-ci bəndinə əsasən bu Müqavilə üzrə müəyyən olunmuş vəzifələrinin icra edilməməsinə görə hər gecikdirilmiş gün üçün dəymiş maddi zərərin ümumi məbləğinin 1 %-i həcmində zərərçəkmişə cərimə ödəyir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 29 may 2023-cü il tarixli, 02 nömrəli “İcarə əsaslı Sığorta haqqında” müqavilədən görünür ki, sahibkar, qanuni əsaslarla ona məxsus olan dövlət qeydiyyat nişanı **-XV-***, seriya nömrəsi BB381613 istehsal ili: 2007,**-UO- ***, seriya nömrəsi BB370784 istehsal ili: 2005, dövlət qeydiyyat nişanı **-HT-*** seriya nömrəsi BB327156, istehsal ili: 2005, olan minik nəqliyyat vasitələrini Sığortaçı ilə bağladığı bu müqavilə əsasında sığortalayır. Sığortaçı həmin Nəqliyyat vasitəsini bu müqavilənin qüvvədə olduğu müddətdə (36 ay) şirkətdaxili müqavilə əsasında əməkdaşlıq etdiyi “Atəşgah” Sığorta agentliyinin “Kasko sığorta” məhsulu çərçivəsində sığortalayır. Sığorta şərtləri bu müqavilənin 2-ci bölməsində əks olunur. Müqavilənin 3.1-ci bəndinə əsasən, sahibkar dövlət qeydiyyat nişanı **-XV-*** istehsal ili: 2007, təminat məbləği 9000 azn olmaqla 457 (dörd yüz əlli yeddi) AZN, dövlət qeydiyyat nişanı **-UO-*** istehsal ili: 2005 təminat məbləği 9000 AZN olmaqla 457 (dörd yüz əlli yeddi) azn, **-HT-*** istehsal ili: 2005 457 (dörd yüz əlli yeddi) AZN ödəyir. Ödəniş müqavilə müddəti başladığı tarixdən etibarən bir dəfə olmaqla, nağd və ya köçürmə yolu ilə ödənilir. Müqavilənin 4.2-ci bəndinə əsasən Bu Müqavilə üzrə müəyyən olunmuş vəzifələrinin icra müddəti “Sığortaçı” tərəfindən gecikdirildiyi halda, o, hər gecikdirilən gün üçün vaxtında ödənilməyən məbləğin 2 %-i həcmində Sahibkara cərimə ödəyir. Seriya nömrəsi BB370784 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Prius” markalı **-UO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. Seriya nömrəsi BB381613 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Prius” markalı **-XV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. Xətai RPİ-nin 36-cı PŞ tərəfindən qəbul edilmiş 14 sentyabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında Qərardan görünür ki, Nümayəndə izahat verərək sözügedən avtomaşınları icarə müqaviləsi əsasında icarəyə götürüldüyünü, kasko sığortası ilə bağlı digər müqavilə imzalandığını, lakin sistemdə dəyişikliklə bağlı, yəni yeni sistemə keçidlə bağlı 40 gün müddətində avtomaşının sığortası deaktiv olduğunu, daha sonradan vətəndaşla şirkət arasında yaranmış anlaşmazlıq səbəbilə icarə müqaviləsinə xitam verildiyini, müqavilə tərəfi olaraq müqavilənin bitmə tarixinə kimi öhdəlikləri icra etməyə hazır olduqlarını göstərmişdir. 01 iyun 2023-cü il tarixli Avtomobillərin təhvil-təslim aktına əsasən Cavabdeh MMC 25 may 2023-cü il tarixli 01 nömrəli müqavilə üzrə 10UO037 dövlət qeydiyyat nişanlı JTDKB20U253107218 BAN nömrəli boz metallik rəngdə “Toyota Prius” markalı və 77XV526 dövlət qeydiyyat nişanlı JTDKB20U687724747 BAN nömrəli gümüşü metallik rəngdə “Toyota Prius” markalı avtomobillər Nümayəndə təhvil vermişdir. 31 iyul 2023-cü il tarixli Avtomobillərin təhvil-təslim aktına əsasən Cavabdeh MMC 25 may 2023-cü il tarixli 01 nömrəli müqavilə üzrə 10UO037 dövlət qeydiyyat nişanlı JTDKB20U253107218 BAN nömrəli boz metallik rəngdə “Toyota Prius” markalı və 77XV526 dövlət qeydiyyat nişanlı JTDKB20U687724747 BAN nömrəli gümüşü metallik rəndə olan “Toyota Prius” markalı avtomobillər, aşkarlanan nöqsanlarla (10UO037 dövlət qeydiyyat nişanlı avtomobil üzrə 497 manat dəyərində və 77XV526 dövlət qeydiyyat nişanlı avtomobil üzrə 302 manat dəyərində dəymiş ziyan, 10UO037 dövlət qeydiyyat nişanlı avtomobilə görə yazılmış 274 manat və 77XV526 dövlət qeydiyyat nişanlı avtomobilə görə yazılmış 58 manat DYP cəriməsi) birlikdə İddiaçı təhvil vermişdir. İddiaçı, Məmmədov Orxan və Nümayəndə arasında tərtib olunmuş və hər üçü tərəfindən imzalanmış 07 iyun 2023-cü il tarixli cədvəldən görünür ki, 10UO037 dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobil üzrə icarə günü 3 gün müəyyən edilməklə, icarə məbləği 63 manat və kasko məbləği 450 manat olmaqla, qalıq məbləğ 387 manat hesablanmışdır; 77XV526 dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobil üzrə icarə günü 8 gün müəyyən edilməklə, icarə məbləği 168 manat və kasko məbləği 450 manat olmaqla, qalıq məbləğ 282 manat hesablanmışdır; 77BP396 dövlət qeydiyyat nişanlı avtomobil üzrə icarə günü 8 gün müəyyən edilməklə, icarə məbləği 168 manat və kasko məbləği 450 manat olmaqla, qalıq məbləğ 282 manat hesablanmışdır; 37BD697 dövlət qeydiyyat nişanlı avtomobil üzrə icarə günü 8 gün müəyyən edilməklə, icarə məbləği 168 manat və kasko məbləği 450 manat olmaqla, qalıq məbləğ 282 manat hesablanmışdır. xx.xx.2024-cü il tarixli, 15697 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına 120 manat köçürülmüşdür Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 682-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 685.1-ci maddəsinə əsasən əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 786.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinin hər bir iştirakçısı istənilən vaxt müqaviləni ləğv edə bilər. Əgər müqavilə əvəzlidirsə, ləğvetməyə dair bildirişi verən tərəf digər tərəfin düşdüyü zərərin əvəzini ona ödəməlidir, bu şərtlə ki, müqavilənin ləğvinə səbəbin bilavasitə digər tərəfin hərəkəti nəticəsində baş verdiyini və ya həmin hərəkətlərlə bağlı olduğunu sübut etməsin. 1087.1-ci maddəsinə əsasən özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. 1090-cı maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur(1090.1). İşlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər(1090.2). İşlərin tapşırıqsız aparılmasında sahibkarın mənafeyi və ehtimal olunan istəyi o halda nəzərə alınmır ki, belə işlərin aparılması sahibkarın ictimai vəzifələrinin və ya digər tələblərinin yerinə yetirilməsi ilə bağlı olsun(1090.3). 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Plenum Qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Məhkəmə baxışının hədləri Mülki Prosessual Məcəllənin: 4.1 və 5.1-ci maddələrinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, icarəyəverən ona məxsus olan **-XV-*** və **- UO-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı avtomobilləri icarəçiyə icarəyə verməyi öhdəsinə götürmüş, icarəçi isə icarəyə götürdüyü hər nəqliyyat vasitəsi üçün icarəyəverənə, ödəniş nəqliyyat vasitəsi təhvil verildiyi və ya tərəflərin əvvəlcədən müəyyən etdiyi tarixdən etibarən ayda bir dəfə olmaqla, növbəti ayın ilk 5 iş günü ərzində bütöv şəkildə nağd və ya köçürmə yolu ilə 650 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək hər avtomobil üçün 2 ay ərzində 1300 manat olmaqla cəmi 2600 manat aylıq ödənişləri ödəmədiyi, avtomobillərə 799 manat məbləğində ziyan vurduğu və inzibati xəta törədərək 332 manat miqdarında cərimələri ödəmədiyi üçün iddiaçı avtomobilləri xx.xx.2023-cü il tarixdə cavabdehdən təhvil alıb faktiki olaraq müqavilə münasibətlərinə xitam vermişdir. Bu hallar iş üzrə tədqiq olunmuş sübutlarla (aktlar) da öz təsdiqini tapmışdır. Buna görə də iddiaçı cavabdehdən öhdəliyin icra edilməsini və dəymiş zərərin ödənilməsini tələb etməkdə haqlıdır. İddia tələbinin birinci hissəsi icarə müqaviləsinin ləğv edilməsindən ibarətdir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə münasibətlərinə faktiki xx.xx.2023-cü il tarixdən xitam verildiyindən və davam etmədiyindən, cavabdeh müqaviləni əhəmiyyətli dərəcə pozduğu üçün müqavilə münasibətlərinə xitam verildiyindən tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsi ləğv edilmiş hesab edilməlidir. Məhkəmə qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək iki aylıq icarə haqqını, yəni 2600 manat pulu ödəmədiyini, iddiaçının icarə haqqını tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, 2600 manat icarə haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı tərəflər arasında bağlanmış 29 may 2023-cü il tarixli, 02 nömrəli “İcarə əsaslı Sığorta haqqında” müqaviləsinin 2.2.2-ci maddəsinə əsasən iddiaçı qarşı tərəfə əvvəlcədən ödədiyi 900 manat məbləğində kasko sığorta ödənişinin də geri qaytarılmasını tələb edir. Məhkəmə hesab edir ki, tərəflər arasında həmin müqavilədən irəli gələn tapşırıq münasibətləri əmələ gəlmişdir. Cavabdeh MMC isə tapşırığı qəsdən kifayət qədər vicdanla icra etməməsi nəticəsində İddiaçı dəyən zərər üçün məsuliyyət daşıyır. Həmçininin, İddiaçı, Məmmədov Orxan və Nümayəndə arasında tərtib olunmuş və hər üçü tərəfindən imzalanmış 07 iyun 2023-cü il tarixli cədvəllə də təsdiq olunur ki, cavabdeh tərəfindən 10UO037 dövlət qeydiyyat nişanlı Toyota Prius (Hibrid) markalı və 77XV526 dövlət qeydiyyat Toyota Prius (Hibrid) markalı avtomobillərin hər biri üzrə ödənilmiş 450 manat ödənişdən müvafiq olaraq 387 manat və 282 manat məbləğində borc qalmışdır. Buna görə də tapşırıq üzrə cəmi 669 manat məbləğində dəymiş zərər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eləcə də, iddiaçı cavabdehdən İcarə müqaviləsinin 4.2-ci bəndinə əsasən müqavilə üzrə müəyyən olunmuş vəzifələrinin icra edilməməsinə görə hər gecikdirilmiş gün üçün dəymiş maddi zərərin ümumi məbləğinin 1 %-i həcmində, yəni 5070 manat, o cümlədən 29 may 2023-cü il tarixli, 02 nömrəli “İcarə əsaslı Sığorta haqqında” müqavilənin 4.2-ci bəndinə əsasən müqavilə üzrə müəyyən olunmuş vəzifələrinin icra müddəti “Sığortaçı” tərəfindən gecikdirildiyi halda, hər gecikdirilən gün üçün vaxtında ödənilməyən məbləğin 2 %-i həcmində cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış hər iki müqavilə üzrə ödənişlərin gecikdirildiyi təqdirdə cərimə haqqında razılaşma öz əksini tapmışdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, cərimə məbləği azaldılaraq 25 may 2023-cü il tarixli icarə müqaviləsi üzrə 130 manat və 29 may 2023-cü il tarixli, 02 nömrəli “İcarə əsaslı Sığorta haqqında” müqaviləsi üzrə 33 manat müəyyən olunmalıdır. Tərtib olunmuş 31 iyul 2023-cü il tarixli Avtomobillərin təhvil-təslim aktında DYP tərəfindən 10UO037 dövlət qeydiyyat nişanlı və 77XV526 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə müvafiq olaraq 274 və 58 manat cərimə yazıldığı qeyd olunmuşdur. Göründüyü kimi İddiaçı tərəfindən 332 manat cərimə məbləği ödənilməklə, cavabdehin yerinə yetirməli olduğu ictimai vəzifə icra olunacağından, nəticədə iddiaçının MM-in 1090.3-cü maddəsinə əsasən həmin məbləğin geri ödənilməsini tələb etmək hüququ yaranmışdır. Bu səbəbdən məhkəmə iddiaçının 332 manat cərimə məbləğinin ödənilməsi tələbini də əsaslı hesab edir və həmin hissədə iddia tələbinin təmin olunması qənaətinə gəlir. Tərəflər arasında imzalanmış İcarə müqaviləsinin 2.1.5-ci bəndinə əsasən icarəçinin istismar zamanı baş vermiş və nəqliyyat vasitəsinin texniki sazlığına, ümumi vəziyyətinə birbaşa təsir göstərən, onu yararsız hala salan və ya tamamilə məhv olması ilə nəticələnən istənilən hadisə zamanı icarəyə verən qarşısında tam maddi məsuliyyət daşıması nəzərdə tutulmuşdur. Göründüyü kimi müqavilədə nəqliyyat vasitəsinin texniki sazlığı və ümumi vəziyyətinə birbaşa təsir göstərən halla əlaqədar icarəyə verən qarşısında konkret öhdəlik nəzərdə tutulmuşdur. Həmçinin təsdiq olunmuş 31 iyul 2023cü il tarixli Avtomobillərin təhvil-təslim aktından da görünür ki, 10UO037 dövlət qeydiyyat nişanlı Toyota Prius (Hibrid) markalı və 77XV526 dövlət qeydiyyat Toyota Prius (Hibrid) markalı avtomobillərdə müvafiq olaraq 497 manat və 302 manat dəyərində nöqsanlar aşkar edilmişdir. Göründüyü kimi İddiaçı əmlakına cavabdeh tərəfindən 799 manat məbləğində zərər vurulduğundan, iddiaçının MM-in 1097.1-ci maddəsinə əsasən vurulmuş zərərin əvəzini cavabdehdən tələb etmək hüququ vardır. Buna görə də məhkəmə hesab edir ki, avtomobillərə vurulmuş cəmi 799 manat məbləğində ziyan da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, vəkil üçün tələb edilən xidmət haqqının ağlabatan olduğundan 120 manat xidmət haqqı, eyni zamanda, iddia tələbi qismən təmin edildiyi üçün ödənilmiş 130 manat dövlət rüsumunun 64 manatının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 25 may 2023-cü il tarixli, 01 nömrəli “İcarə haqqında” müqavilə ləğv edilmiş hesab edilsin. Cavabdeh MMC-dən 25 may 2023-cü il tarixli, 01 nömrəli “İcarə haqqında” müqaviləyə əsasən 2600 manat məbləğində icarə haqqı borcu və icarə haqqı üzrə 130 manat cərimə, ödənilmiş inzibati cəriməyə görə 332 manat, nəqliyyat vasitələrinin nöqsan və təmirlərinə görə 799 manat, 29 may 2023-cü il tarixli “İcarə əsaslı Sığorta haqqında” 02 saylı Müqaviləyə əsasən ödənilmiş vəsaitin 669 manatı, “İcarə əsaslı Sığorta haqqında” 02 saylı Müqaviləyə əsasən 33 manat cərimə olmaqla, ümumilikdə 4563 (dörd min beş yüz altmış üç) manat məbləğində pul vəsaiti, ödənilmiş dövlət rüsumunun 64 (altmış dörd) manatının və 120 (bir yüz iyirmi) manat vəkil xərcinin əvəzi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1389/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1389/2024
07.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver