Məhkəmə qərarları › İş №e-2-2(113)-139/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-139/2020

27.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-139/2020 27.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X1 Cavabdehnə qarşı borcun tutulması tələbinə dair iddiası üzrə kommerisya işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (İddiaçı ASC) ləğvedicisi X2 Cavabdehnə (Cavabdeh MMC) qarşı borcun tutulması tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehdən iddiaçının xeyrinə 29837,52 manat əsas borc, 17423,87 manat cərimə və Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 3878,71 manat olmaqla, cəmi 51049,10 manat məbləğində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 xx.xx.2020-ci il tarixdə iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 29837,52 manat əsas borc, 6862,11 manat müddət sonuna hesablanan faiz, 17423,87 manat cərimə və Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 3878,71 manat olmaqla, cəmi 62386,94 manat məbləğində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 02/14 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik faiz dərəcəsi 23% ödənilmək şərtilə 30000 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Borclu mütəmadi ödənişlər etmişdir. Sonunçu dəfə xx.xx.2017-ci il tarixdə 750 manat ödəniş etsə də, bu günə qədər borcunu ödəməmişdir. Lakin buna baxmayaraq, Cavabdeh MMC kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Cavabdehin nümayəndəsinin etirazı onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi, təsis sənədlərindən də göründüyü kimi, Cavabdeh MMC-nin təsisçilərindən biri olan X4 tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91, 91-2-ci maddələrinə əsasən və Cavabdeh MMC-nin nizamnaməsinə istinadən təsisçi X3 cəmiyyətin adından çıxış etmək və ümumiyyətlə əqd imzalamaq səlahiyyəti olmamışdır. xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin 2.5-ci bəndinə müvafiq olaraq əsas borcun və faizlərin ödənilməsi bu müqavilənin tərkib hissəsi hesab olunacaq Əlavə №1-də razılaşdırılan ödəniş qrafikinə uyğun olaraq aparılacaqdır. Lakin təqdim olunan sübutlar arasında belə bir ödəniş qrafikinə rast gəlinməmişdir.Sözügedən müqavilənin 2.3-cü bəndində qeyd edilir ki, kredit nağd və ya köçürmə yolu ilə verilir, müştərinin bank hesabına daxil edildiyi gün verilmiş sayılır. Bank bu kredit müqaviləsinə əsasən kreditin verilməsini təmin etməklə (əgər bu kredit həqiqətən də verilmişdirsə) Banklarda kreditlərin verilməsi Qaydalarının 3-cü bəndinin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, xx.xx.2012-ci il tarixində dövlət qeydiyyatına alınmış hüquqi şəxsə kreditin risk səviyyəsi, borcalanın ödəmə qabiliyyəti nəzərə alınmadan, heç bir ödəmə təminatı tələb edilmədən ilk dəfə olmaqla 30000manat məbləğində kredit xətti ayrılmışdır. Bu hal deməyə tam olaraq əsas verir ki, bu müqavilə yalançı əqd olaraq bağlanmışdır və müqavilə üzrə faktiki olaraq kreditin borcalana verilməsi reallaşdırılmamışdır. İddiaçı tərəf müqavilədə qeyd edilən 30000 manat məbləğin borcalana təqdim edilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.Həmin müqavilənin 3.4.1-ci bəndində kredit hesab nömrəsi olaraq **********9880000 saylı hesab nömrəsinin qeyd edilməsinə baxmayaraq, iddiaçının təqdim etdiyi hesabdan çıxarışda qeyd edilmiş hesab nömrəsinə rast gəlinmir. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsindən təkidlə kreditin borcalana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi və ya digər sənəd), ödəniş tapşırıqlarının və ya nağd pulun ödənilməsi üçün elanların (mədaxil qəbzlərinin) məhkəməyə təqdim edilməsi tələb edilsə də, iddiaçı tərəf bu sənədləri məhkəməyə təqdim etməkdən yayınmağa çalışmışdır.Belə ki, iddiaçı tərəf məhkəməyə Cavabdeh MMC-nin hesabından çıxarışın və nağd pulun ödənilməsi üçün elanların mədaxil qəbzlərinin əsillərini deyil, təsdiq edilməmiş surətini məhkəməyə təqdim etmişdir.İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi arayış öz-özlüyündə, məhkəməyə özlərinin təqdim etdikləri müqavilə və digər sənədlərlə ziddiyət təşkil edir. Belə ki, hesabatda müqavilə tarixinin xx.xx.2014-xx.xx.2017-ci illəri əhatə etdiyi qeyd edilmişdir. İddiaçı tərəf sözügedən arayışda müqavilənin müddətində dəyişiklik etməklə cavabdehi və məhkəməni yanıltmaq, bununla da cavabdehin iddia müddətinin ötürülməsi ehtimalı ilə bağlı yarana biləcək haqlı etirazının qarşısını almaq olmuşdur. Bu hal arayışda qeyd edilən digər rəqəmlərin, (borc, faiz və s.) məlumatların da yanlış olma ehtimalını artırır, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi arayışda qeyd edilən rəqəmlər aşağıda qeyd edilən səbəblərdən ümumiyyətlə həqiqəti əks etdirmir. Kredit müqaviləsinin 2.5-ci maddəsinə görə əsas borc və faizlər müqavilənin əlavəsi hesab olunan ödəniş qrafikinə uyğun olaraq həyata keçirilir və borc faizləri həmin qrafkə uyğun olaraq hesablanır. Nəzərə alsaq ki, belə bir ödəniş qrafiki mövcud deyil, bu halda iddiaçının təqdim etdiyi hesabdan çıxarışda faizlərin ödənilməsi adı altında həyata keçirilən ödənişlərdə əsas borcdan birbaşa silinməli idi. Cavabdeh MMC tərəfindən artıq ödənilən 33122,31 manat pulun geri qaytarılması məsələsi nəzərə alınmalıdır. Belə olan halda isə iddiaçının cavabdehə yüklü miqdarda borcu yaranmış ola bilər. Yuxarıda qeyd edilmiş məbləğlər iddiaçının məhkəməyə təqdim etdiyi 25 vərəqdən ibarət hesabdan çıxarışdan götürülmüşdür.İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi digər bir vərəqdən ibarət hesabdan çıxarışda isə görünən odur ki, bu vərəq də həqiqəti əks etdirmir. Belə ki, hesabdan çıxarış olan vərəqin yuxarı hissəsində qeyd edilib ki, bu hesabdan çıxarış xx.xx.2016-xx.xx.2019-cu ili əhatə edir. Son əməliyyat tarixi 0 olaraq qeyd edilmişdir. Yəni ki, xx.xx.2016-cı ildən etibarən qeyd edilən hesab üzrə heç bir əməliyyat aparılmamışdır.Vərəqin aşağısında isə xx.xx.2019-cu il tarixdə 29850 manat kreditin verilməsi və xx.xx.2017, xx.xx.2017-ci il tarixlərində isə hər biri 750 manat olmaqla kreditin ödənilməsi öz əksini tapmışdır. İddiaçı ASC 2016-cı ilin iyul ayında ləğv edilmişdir. Belə olan halda həmin ilin dekabr ayında, bank ləğv olunduqdan 5 ay sonra necə bank məbləğində kredit verə bilmişdir? Kredit müqaviləsinin müddəti 2015-ci ilin fevral ayının 5-i bitmişdir. Müqavilə müddətinin bitdiyi tarixdən sonra cavabdehə təqdim edilən kredit məbləğləri həmin müqavilənin təsiri altına düşmür.Yuxarıda qeyd etdikləri hər biri sübut edir ki, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi sübutlar, boş kağız parçasından başqa bir şey deyil, məhkəməni yanıltmaq məqsədilə təqdim edilmişdir və mötəbər sübut hesab edilə bilməz.İddiaçı tərəfin məhkəməyə əsli tələb edilsə də, surətini təqdim etdiyi xx.xx.2017, xx.xx.2017-ci il tarixlərdə nağd pulun ödənilməsi üçün elanın (mədaxil qəbzlərində) surətindən də göründüyü kimi, həmin nağd ödəniş üçün elan (mədaxil qəbzləri) Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasmın təşkili Qaydalarına edilmiş Əlavə 1 ilə təsdiq edilmiş nağd pulun ödənilməsi üçün elanın (mədaxil qəbzinin) nümunəsinə tamamilə uyğun deyil. Həmin sənəddə pulu təhvil verən şəxsin soyadı, adı, atasının adı qeyd edilməlidir. Məhz pulu ödəyən şəxsin kimliyi, borcalan hüquqi şəxsə münasibətdə səlahiyyətli olub-olmaması bu qəbz vasitəsilə müəyyən edilir ki, bu da sonradan həmin ödəniş qəbzinin (nağd pulun ödənilməsi üçün elanin) borcun etirafı kimi hesab edilməsi zamanı əsas götürülməlidir. Belə ki, iddiaçı tərəf məhkəməyə təqdim etdiyi xx.xx.2017, xx.xx.2017-ci il tarixlərdə nağd pulun ödənilməsi üçün elanların (mədaxil qəbzlərinin) məzmununda ödəyən şəxsin kimliyi məlum olmur, bu da borcun etirafı və iddia müddətinin başlanılması anı kimi hesab edilə bilməz. İddia tələbinin məbləğindən (29837,00) aydın olur ki, iddiaçı məhkəməyə təqdim etdiyi 1 vərəqdən ibarət olan hesabdan çıxarışda (təsdiqlənməmişdir) qeyd olunan əsas borc məbləğinə əsaslanmışdır. İddia olunan 29850 manat əsas borc məbləğinin cavabdehə təqdim edilmə tarixi xx.xx.2016-cı ilə təsadüf edir. Guya xx.xx.2017-ci il tarixli ödəniş qəbzi ilə ödənilən 750 AZN məbləğ tam olaraq faizlərin ödənilməsinə, xx.xx.2017-ci il tarixli ödən-iş qəbzi ödənilən məbləğin isə 12,48 manat hissəsi əsas borca, qalan hissəsi isə faizlərin yenə ödənilməsinə çıxılmışdır. Yəni, 29850 manat əsas borcdan 12,48 manat çıxılaraq və hazırda iddia predmetini təşkil edən 29835 manat əsas borc əldə edilmişdir. Hətta Ödəniş qrafıkinin olmamasını, xx.xx.2016-cıildə verildiyi iddia edilən 29850 manat kreditin ümumiyyətlə xx.xx.2013-cü il tarixli müqavilənin təsir altına düşməməsini, yəni həmin müqavilədə nəzərdə tutulan faizlərin bu kreditə şamil edilməsinin mümkünsüzlüyünü gözardı edərək, olmayan borcun faizlərini öz istəklərinə uyğun olaraq hesablayıb, iddia tələbini 51049,10 manat artırmışlar. Çıxarışda həmin kreditin xx.xx.2016-cı ildə, bankın lisenziyasının ləğv edilməsindən 5 ay sonra, hazırda mübahisə predmeti kimi təqdim edilən xx.xx.2013-cü il tarixli, 02 saylı kredit müqaviləsinin bitmə tarixindən (xx.xx.2015) 1 il 10 ay sonra cavabdehin hesabına köçürülməsi və cavabdeh tərəfindən elə həmin gün xx.xx.2016-cı il tarixində 29850 manat məbləğində pulun bankdan təhvil götürülməsi qeyd olunmuşdur. İddiaçının məhkəməyə təqdim etdiyi 26 vərəqdən ibarət xx.xx.2014-xx.xx.2016-cı illəri əhatə edən hesabdan çıxarışların ümumiyyətlə tarix baxımından hazırkı iddia olunan borc məbləğinə heç bir aidiyyəti yoxdur. Bank məhkəməyə xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin 2.5-ci bəndinə müvafiq olaraq əsas borcun və faizlərin ödənilməsi barədə müqavilənin tərkib hissəsi hesab olunan Əlavə №1 təqdim etməmişdir. Bu ödəniş qrafıkinin təqdim edilməsi borcun və faizlərin düzgün hesablanması üçün mütləqdir.Ödəniş qrafiki təqdim edilməzsə, borcun icra müddəti müəyyən edilə bilməz, bu halda da faizlərin hesablanması müzakirə mövzusu belə olmamalıdır. Cavabdehə 29850 manat olaraq ayrılan və ödənildiyi iddia edilən kredit məbləği guya xx.xx.2013-ci il tarixli kredit müqaviləsinin müddətinin bitməsindən (xx.xx.2015) 1 il 10 ay 11 gün sonra verilmişdir. Guya xx.xx.2017-ci il tarixli ödəniş qəbzi ilə ödənilən 750 manat məbləğ tam olaraq faizlərin ödənilməsinə, xx.xx.2017-ci il tarixli ödəniş qəbzi ilə ödənilən məbləğin isə 12,48 manat hissəsi əsas borca, qalan hissəsi isə yenə faizlərin ödənilməsinə çıxılmışdır. Yaranan 29837,52 manat əsas borc məbləği də burdan yaranıbmış. İddiaçı bununla da kifayətlənməyib, ödəniş qrafıkinin olmamasını bir daha unudaraq olmayan borcun faizlərini öz istəyinə uyğun olaraq hesablayıb. Ona görə də iddianın rədd olunmasını məhkəmədən xahiş edir. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında ərizədə göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinə etiraz etdi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 02/14 saylı kredit müqaviləsinə əsasən bank borc alana 24 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 30000 manat (kredit xətti) məbləğində kredit verməyi, borc alan isə krediti qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kredtin məbləğini və ona hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. - xx.xx.2020-ci il tarixli, **********700 saylı maliyyə arayışı ilə müəyyən edilir ki, Cavabdeh MMC-nin xx xxxxxx 2013-cü il tarixli, 02/14 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx xxxxxx 2020-ci il tarixə əsas borcu 29837,52 manat, müqavilə müddəti üçün hesablanmış faiz borcu 6862,11 manat, borcun gecikdirildiyinə görə hesablanmış cərimə 17423,87 manat, gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanan illik faiz dərəcəsi 8263,44 manat təşkil edir. - Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziyadan görünür ki, sonuncuya kredit müqaviləsi üzrə borcun banka ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə bank tərəfindən mülki qaydada kredit müqaviləsi üzrə borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2-1(81)- 3620/2016 saylı qərarının surətindən görünür ki, İddiaçı ASC ləğv edilmiş, X2 xx.xx.2016cı il tarixdən İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. - Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 9/1103 saylı ekspert rəyi iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanılmış xx xxxxxx 2013-cü il tarixli, 02/14 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə soruşulan tarixlərə olan borcunu müəyyən etmək mümkün olmadığı müəyyən edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh MMC ilə İddiaçı ASC arasında xx xxxxxx 2013-cü il tarixli, 02/14 saylı kredit xətti müqaviləsi bağlanmışdır. İddiaçı göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh kredit məbləğini müqavilədə müəyyən edilmiş müddətdə və qaydada iddiaçıya qaytarmamış, bununla kredit müqaviləsi üzrə öhdəlikləri pozmuş, nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Məhkəmə Cavabdeh xx xxxxxx 2013-cü il tarixli, 02/14 saylı kredit xətti müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin iddiaçıya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti müqavilə üzrə yaranmış borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmənin qənaətinə görə göstərilən kredit müqaviləsi üzrə ödəniş qrafikinin, eləcə də kassa məxaric orderinin olmaması hazırkı iş üzrə iddianın rədd olunması üçün əsas sayıla bilməz. Belə ki, iş materiallarından müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının hesabına ödənişlər olunmuşdur. Axırıncı ödəniş xx.xx.2017-ci il tarixdə həyata keçirilmiş, qəbzlərdə “Kimdən” qrafasında Cavabdeh MMC göstərilmişdir. Bu hal kreditin cavabdehə verilməsini təsdiq edir. Cavabdehə müqavilədə göstərilən məbləğdən daha az məbləğdə kredit verilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Müqavilənin təsisçi tərəfindən bağlanması ilə bağlı cavabdehin dəlillərinə münasibət bildirərək məhkəmə qeyd edir ki, həmin hal cavabdeh tərəfindən əvvəllər mübahisələndirilməmişdir və kreditlə bağlı ödənişlərin edilməsi cavabdehin həmin müqavilənin bağlanmasına razılığı kimi qəbul edilə bilər. Ekspert verdiyi rəydə iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə soruşulan tarixlərə olan borcu müəyyən etməyin mümkün olmadığını göstərmiş, cavabdehin iddiaçıya borcunun olmaması nəticəsinə gəlməmişdir. Belə olan təqdirdə məhkəmə hazırkı tələblə bağlı iddiaçı tərəfindən verilən maliyyə arayışı və digər sübutları əsas götürməklə iddia tələbinin qismən təmin olunması qənaətinə gəlmişdir. Cavabdeh MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq olunmasını və iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddianın rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məkhəmə cavabdehin nümayəndəsi tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə bildirir ki, xx.xx.2017 və xx.xx.2017-ci il tarixlərdə sözügedən kredit müqaviləsi üzrə ödənişlər edilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə tərəflər arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 02/14 saylı kredit müqaviləsinin müddətinin xx xxxxxx 2015-ci il tarixdə bitdiyini, cavabdeh tərəfindən həmin müqavilə üzrə sonuncu ödənişin xx.xx.2017-ci il tarixdə edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı xx.xx.2019cu ildə, yəni iddia axımının başladığı tarixdən 3 ildən artıq müddət keçmədən iddia ilə məhkəməyə müraciət etməklə müqavilə tələbləri üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki qanunvericiliyin normalarına, tərəflər arasında bağlanmış müqaviləyə və təqdim olunmuş sənədlərə əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsas və faiz borcu hissəsində tam təmin edilməlidir. Kredit müqaviləsinin müddəti bitdikdən sonrakı dövr üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 faiz hesabı ilə hesablanmış faizlərin ödənilməsinə dair iddia tələbinə münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxx 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı ilə müəyyən edilmişdir ki, kreditor kredit xətti müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit xətti müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi, iddiaçı Konstitusiya Məhkəməsinin Plenumunun qərarında ifadə edilmiş hüquqi mövqeyə görə bank kreditin verilmə müddəti bitdikdən sonrakı dövr üçün borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% hesabı ilə faiz tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, tələb həmin hissədə qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maliyyə arayışında gecikdirilmiş vaxt üçün hesablanan məbləğ 8263,44 manat qeyd edilsə də, iddia tələbində cavabdehdən gecikdirilmiş vaxt üçün 3878,71 manat faiz borcunun tutulması xahiş edilmişdir. Ona görə də gecikdirilmiş vaxt üçün həmin faiz məbləği Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə 17423,87 manat cərimənin cavabdehdən tutulması tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 1000 manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdehndən xx xxxxxx 2013-cü il tarixli, 02/14 saylı kredit müqaviləsi üzrə 29837,52 manat əsas borc, 6862,11 manat faiz borcu, gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanan 3878,71 manat, 1000 manat cərimə tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 10 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 20 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehndən 29837,52 manat (iyirmi doqquz min səkkiz yüz otuz yeddi manat əlli iki qəpik) əsas borc, 6862,11 manat (altı min səkkiz yüz altmış iki manat on bir qəpik) faiz borcu, gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanan 3878,71 manat (üç min səkkiz yüz yetmiş səkkiz manat yetmiş bir qəpik), 1000 (min) manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat olmaqla, cəmi 41598,34 manat (qırx bir min beş yüz doxsan səkkiz manat otuz dörd qəpik) məbləğində pul vəsaiti tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 10 (on) manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar