Məhkəmə qərarları › İş №e-2-2(113)-1390/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1390/2025

30.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1390/2025 30.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, borcun ödənilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 23464,13 manat (iyirmi üç min dörd yüz altmış dörd manat on üç qəpik) əsas borc, 2247,34 manat (iki min iki yüz manat qırx yeddi manat otuz dörd qəpik) kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 148,49 manat (yüz qırx səkkiz manat qırx doqquz qəpik) cərimə olmaqla, cəmi 25859,96 manat (iyirmi beş min səkkiz yüz əlli doqquz manat doxsan altı qəpik) məbləğində pul vəsaiti, həmçinin ödənilmiş 167,58 manat (yüz altmış yeddi manat əlli səkkiz qəpik) dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2024-cü il tarixli 24280***-*******01L saylı razılaşmaya əsasən Cavabdeh2 120 ay müddətinə illik faiz dərəcəsi 30%-dən yuxarı olmamaq şərti ilə 100000 (yüz min) manat məbləğində kredit limiti ayrılmışdır. Kredit limitinin açılmasına dair razılaşma üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ilə xx.xx.2024-cü il tarixli 24FİZAM133600403, 24FİZAM203305901 saylı zaminlik müqavilələri bağlanmış və zaminlər razılaşma üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdürlər. Kredit limitinin açılmasına dair razılaşmanın şərtlərinə uyğun olaraq xx.xx.2024-cü il tarixli razılaşmaya əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 36 ay müddətinə illik 21% dərəcəsi ilə 25000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 onunla bağlanmış razılaşmanın şərtlərinə əməl etmədiyindən, qüvvədə olan Mülki Prosessual Məcəllənin müddəalarına uyğun olaraq VÖEN-i olan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 pretenziyalar internet vergi idarəsi vasitəsilə, digər Cavabdeh3 isə VÖEN-i olmadığından poçt vasitəsilə göndərilmişdir. Buna baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit limitinin açılmasına dair razılaşmadan irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Kredit limitinin açılmasına dair razılaşma üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh2 xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 23464,13 manat məbləğində əsas kredit borcu, 2247,34 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 148,49 manat kredit üzrə cərimə borcu olmaqla, cəmi 25859,96 manat məbləğində borcu qalmaqdadır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 421.2, 443.1, 443.2, 472.1, 472.2, 472.3, 739.3, 743.2-ci maddələrinə istinad olunmuşdur.

4. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə verərək, cavabdehlərdən müştərək qaydada 21455,99 manat əsas kredit borcu, 2247,34 manat kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 148,49 manat cərimə olmaqla, cəmi 23851,82 manat məbləğində pul vəsaiti, həmçinin ödənilmiş 167,58 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Cavabdehlər tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.

6. İş üzrə iddiaçının nümayəndəsi “AZEMİS” elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

7. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirdi ki, borc barədə məlumatı vardır və iddia tələbini qəbul edir.

8. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirdi ki, borc barədə məlumatı vardır və iddia tələbini qəbul edir.

9. Cavabdeh3 məhkəmə iclasında izahat verərək bildirdi ki, borc barədə məlumatı vardır və iddia tələbini qəbul edir.

10. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə kredit alan Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 24280***-*******01L nömrəli kredit limitinin açılmasına dair razılaşmanın məzmunundan müəyyən olunur ki, kreditverən borcalana 100000 (yüz min) manat məbləğində, illik faiz dərəcəsinin yuxarı həddi 30 (otuz) faiz olmaqla 120 (yüz iyirmi) ay müddətinə kredit limiti ayırır və kredit limiti çərçivəsində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmanı (bundan sonra - razılaşma) imzalamaqla kredit verməyi öhdəsinə götürür.

11. İddiaçı ASC ilə kredit alan Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 24280***-*******01L saylı kredit limiti daxilində birdəfəlik kreditin verilməsinə dair razılaşmanın məzmunundan müəyyən olunur ki, kreditverən tərəfindən boracalana 25000 (iyirmi beş min) manat məbləğində, illik faiz dərəcəsi 21 (iyirmi bir) faiz olmaqla 36 (otuz altı) ay müddətinə kredit verilməsi tərəflər arasında razılaşdırılmışdır.

12. xx.xx.2024-cü il tarixli, 24FİZAM133600403 nömrəli və xx.xx.2024-cü il tarixli, 24FİZAM203305901 nömrəli zaminlik müqavilələrinin məzmunundan müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 24280***-*******01L nömrəli kredit limiti razılaşması və həmin razılaşmanın ayrılmaz tərkib hissəsi olan kredit razılaşmaları üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 və Cavabdeh3 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Zaminlik müqavilələrinin 2.1-ci bəndinə əsasən zamin faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdıliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər xərclərin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyır.

13. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, “kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında” arayışın məzmunundan müəyyən olunur ki, Cavabdeh2 İddiaçı ASC-yə olan borcu 23464,13 manat əsas borc məbləği, 2247,34 manat faiz borcu və 148,49 manat cərimə borcu olmaqla, ümumilikdə 25859,96 manat təşkil edir.

14. İş materiallarına İddiaçı ASC tərəfindən ödəniş cədvəli və hesabdan çıxarış əlavə olunmuşdur.

15. İddiaçı ASC-nin Cavabdeh2 ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktundan görünür ki, kredit müqaviləsindən irəli gələn borcun 03 (üç) gün müddətində tam ödənilməsi tələb olunmuş, əks təqdirdə borcun tutulması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

16. İddiaçı ASC-nin Cavabdeh3 ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktundan görünür ki, kredit müqaviləsindən irəli gələn borcun 03 (üç) gün müddətində tam ödənilməsi tələb olunmuş, əks təqdirdə borcun tutulması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

17. İddiaçı ASC-nin Cavabdeh1 ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktundan görünür ki, kredit müqaviləsindən irəli gələn borcun 03 (üç) gün müddətində tam ödənilməsi tələb olunmuş, əks təqdirdə borcun tutulması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1605 saylı ekspert rəyindən görünür ki, Cavabdeh2 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan maliyyə arayışı, çıxarış məlumatları və xx.xx.2024-cü il tarixli, 24280***-*******01L nömrəli kredit limiti müqaviləsində qeyd olunan şərtlərə əsasən Cavabdeh2 İddiaçı ASC-yə olan borcu xx.xx.2024-cü il tarixə əsas borc üzrə 24426,99 manat, faiz borcu üzrə 3348,53 manat təşkil edir. Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3) İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin mövqeyi

22. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı ASC ilə kredit alan Cavabdeh2 arasında xx.xx.2024-cü il tarixli 24280***-*******01L nömrəli kredit limitinin açılmasına dair razılaşma bağlanmış və həmin razılaşma çərçivəsində bağlanmış xx.xx.2024-cü il tarixli 24280***-*******01L nömrəli razılaşmaya əsasən Cavabdeh2 bankdan 36 ay müddətinə, illik faiz dərəcəsi 21% olmaqla, 25000 manat məbləğində kredit verilmiş, qeyd edilən razılaşma üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlər Cavabdeh1 və Cavabdeh3 bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirsə də, cavabdehlər (borclu və zaminlər) müqavilələr üzrə öhdəliklərini lazımınca icra etməmiş, ona görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

23. İddia tələbinin bir hissəsini cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə 21455,99 manat əsas borc, 2247,34 manat faiz borcunun müştərək qaydada tutulması təşkil edir.

24. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, cavabdehin aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş faizləri ilə borcverənə qaytarmaq vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, MPM-in 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcu və faiz borcunun tutulması hissəsində təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 birgə qaydada 21455,99 manat (iyirmi bir min dörd yüz əlli beş manat doxsan doqquz qəpik) əsas borc, 2247,34 manat (iki min iki yüz qırx yeddi manat otuz dörd qəpik) faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunmalıdır ki, əsas və faiz borcunun tutulması hissəsində iddiaçının tələbi ekspert rəyində müəyyən edilən məbləğlərdən azdır.

25. İddia tələbinin digər hissəsini cavabdehlərdən 148,49 manat cərimə borcunun tutulması təşkil edir.

26. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, cavabdehlərdən 148,49 manat məbləğində cərimə iddiaçının xeyrinə tutulmalıdır.

27. Eləcə də, iddiaçı 167,58 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.

28. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 161,56 manat (azalmaya uyğun) məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

29. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir heSab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hESab: AZ34CTRE********************) köçürülməlidir.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 21455,99 manat (iyirmi bir min dörd yüz əlli beş manat doxsan doqquz qəpik) əsas borc, 2247,34 manat (iki min iki yüz qırx yeddi manat otuz dörd qəpik) faiz borcu, 148,49 manat (yüz qırx səkkiz manat 49 qəpik) cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 161,56 manat (yüz altmış bir manat əlli altı qəpik) olmaqla, ümumilikdə 24013,38 manat (iyirmi dörd min on üç manat otuz səkkiz qəpik) məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar