Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1396/2023 13.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Qulamirzə oğluna qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit xətti, kredit razılaşması, zaminlər, prosessual maraq, ekspertiza xərci, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Xəlilli Səmral Vasif oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Qulamirzə oğluna qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (İddiaçı QSC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Qulamirzə oğluna qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh4 Qulamirzə oğlu arasında bağlanmış 21 avqust 2020-ci il tarixli kredit razılaşması üzrə 22607,55 manat məbləğində krеdit bоrcu, 4173 manat məbləğində faiz bоrcu və 6886,78 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 33666,06 manat məbləğində pulun, 203 manat məbləğində mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. Cavabdeh4 iddiaçı ilə bağladığı xx.xx.2019-cu il tarixli 021L**********37 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 100000 manat məbləğində krеdit хətti açılmış, bu müqaviləyə əsasən cavabdehə vеriləcək kredit məbləği və müddətinin ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunması şərtləndirilmişdir. Həmin uzunmüddətli kredit müqaviləsi çərçivəsində Cavabdeh4 xx.xx.2020-ci il tarixli 021R********** saylı krеdit razılaşması əsasında 34 ay müddətinə aylıq faiz dərəcəsi 1.8333% оlmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 manat məbləğində krеdit verilmişdir. 2.2. Cavabdeh4 krеdit razılaşmasının tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Belə ki, Cavabdeh4 götürdüyü krеdit bоrcundan 7392,45 manat ödəmiş, onun 22607,55 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasına əsasən, qaytarılmalı kredit məbləği üzrə faiz bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hər gün üçün hesablanır, bir gün üçün faizi aylıq faizin 1/30 hissəsi təşkil edir. Belə olan halda Cavabdeh4 xx.xx.2022-ci il tarixə 402 gün üçün kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün hesablanmış faiz borcu 4173 manat təşkil edir. Bundan başqa kredit razılaşmasında nəzərdə tutulmuşdur ki, borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 402 gün üçün hеsablanmış cərimə məbləği isə 6886,78 manat təşkil edir. 2.3. Qeyd edilən uzunmüddətli krеdit müqaviləsinə əsasən, krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Cavabdeh4 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinə əsasən, adıçəkilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh4 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Belə olan halda qeyd edilən məbləğlər cavabdehlərdən müştərək qaydada tutulmalıdır.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 448.1, 467, 472-ci və s. maddələri göstərilmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndələri iddianın məzmununa uyğun izahat vermiş və eyni zamanda bildirmişlər ki, Cavabdeh4 Qulamirzə oğlu xx.xx.2020-ci il tarixli kredit razılaşması üzrə sonuncu ödənişi xx.xx.2021-ci il tarixdə həyata keçirmişdir. Eyni zamanda qeyd etmişlər ki, məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspert rəyi ilə razıdırlar və həmin rəydən sonra da cavabdehlər tərəfindən heç bir ödəniş olmamışdır.
5. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh4 vəkili Vəkil əsas borca münasibətdə ekspert rəyi ilə, faiz borcuna münasibətdə isə iddia tələbi ilə razı olduqlarını bildirdi. Həmçinin dəbbə pulunun yanlış hesablandığını qeyd edərək həmin tələbin rədd edilməsini xahiş etdi.
6. Cavabdeh4 Qulamirzə oğlu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmənin sonuncu iclasında iştirak etməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
7. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşayış yeri üzrə məhkəmə bildirişləri və mobil telefon nömrələrinə “SMS” bildiriş göndərilməklə, məhkəmə bildirişinin mətni telefonoqramla ötürülməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə adıçəkilən cavabdehlərin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İddia ərizəsinə əlavə olunmuş İddiaçı QSC (bank qismində) ilə Cavabdeh4 Qulamirzə oğlu (kredit alan qismində) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 021L**********37 saylı uzunmüddətli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 100000.00 (bir yüz min) manat məbləğində uzunmüddətli kredit xəttini açır. Uzunmüddətli kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Həmin müqavilənin 1.2-ci bəndinə görə, kreditlər tərəflər arasında “kredit razılaşması”, “bank qarantiyası verilməsi haqqında müqavilə”, “akkreditiv açılması üçün razılaşma” və “bank hesabının kredltləşməsi barədə razılaşma” formasında bağlanacaq ayrıca razılaşmalar əsasında veriləcək. Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir. Adıçəkilən müqavilənin 1.3-cü bəndində göstərilmişdir ki, bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 (bir yüz iyirmi) ay, 29 may 2029-cu il tarixdən gec olmayaraq verilməlidir. Bu müqavilə və kredit razılaşmaları əsasında verilmiş kreditlərin illik faiz dərəcəsinin yuxarı həddi 28 (iyirmi səkkiz) faiz müəyyən olunur.
12. İş materiallarında olan İddiaçı QSC (bank qismində) ilə Cavabdeh4 Qulamirzə oğlu (kredit alan qismində) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 021R********** saylı kredit razılaşmasının 1.1-ci bəndində göstərilmişdir ki, bank məbləği 30000.00 (otuz min manat) manat olan krediti aylıq faiz dərəcəsi 1.8333 (bir tam on mində səkkiz min üç yüz otuz üç) % olmaqla 34 (otuz dörd) ay müddətinə kredit alana verir. Həmin razılaşmanın 1.2-ci bəndinə əsasən kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür.
13. Məhkəməyə təqdim edilən xx.xx.2020-ci il tarixli, 021R********** saylı kredit razılaşmasının ödəniş planından görünür ki, ilk ödəniş 10 sentyabr 2020-ci il, son ödəniş tarixi isə 12 iyun 2023-cü il olmaqla 30000 manat kredit məbləği və 10488,75 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.
14. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 021S**********02 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 xx.xx.2019-cu il tarixli, 021L**********37 saylı Uzunmüddətli Kredit Müqaviləsi və Uzunmüddətli Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditlaşdirilməsi barədə razılaşma” formasında bağlanan ayrıca Razılaşmalar üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.
15. Məhkəməyə təqdim olunan xx.xx.2020-ci il tarixli, 021S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli, 021L**********37 saylı Uzunmüddətli Kredit Müqaviləsi və Uzunmüddətli Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditlaşdirilməsi barədə razılaşma” formasında bağlanan ayrıca Razılaşmalar üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.
16. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 021S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 021L**********37 saylı Uzunmüddətli Kredit Müqaviləsi və Uzunmüddətli Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditlaşdirilməsi barədə razılaşma” formasında bağlanan ayrıca Razılaşmalar üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.
17. İddiaçı tərəfindən təsdiq edilmiş maliyyə arayışına əsasən xx.xx.2020-ci il tarixli, 021R********** saylı kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixə Cavabdeh4 əsas borcu 22607,55 manat, faiz borcu 4173 manatdır.
18. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1396/2023 nömrəli qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış 15 may 2023-cü il tarixli 9/2276 nörməli ekspert rəyindən görünür ki, xx.xx.2020-ci il tarixli, 021R********** saylı kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixə (maliyyə arayışının verildiyi) əsas borc 22469,03 manat, faiz borcu 6374,98 manat təşkil edir.
19. Məhkəməyə təqdim edilən xx.xx.2020 – xx.xx.2023-cü illəri əhatə edən Cavabdeh4 məxsus hesabdan çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixli, 021R********** saylı kredit razılaşması üzrə sonuncu ödəniş xx.xx.2021-ci il tarixdə edilmişdir.
20. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə Cavabdeh4 arasında xx.xx.2019-cu il tarixli, 021L**********37 saylı uzunmüddətli kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2020-ci il tarixli, 021R********** saylı kredit razılaşmasından irəli gələn öhdəlik münasibəti yaranış, iddiaçı 30000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu razılaşmada göstərilən şərtlərlə Cavabdeh4 verməyi, cavabdeh isə aldığı pul vəsaitini hissə-hissə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin sözügedən uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq isə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. Borcalan kredit məbləğini təşkil edən 30000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.
21. İddiaçı adıçəkilən kredit müqaviləsi üzrə 22607,55 manat əsas, 4173 manat faiz borcunun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir.
22. Cavabdeh4 iddiaya əsas borca münasibətdə etiraz edir və ekspert rəyinin nəzərə alınmasını xahiş edir.
23. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.
24. Məhkəmə adıçəkilən cavabdehlərin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xarvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
26. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
27. Buna görə də məhkəmə cavabdehlərin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında onlardan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqelərini ifadə etməmələrini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
28. Məhkəmə mübahisənin həllində tətbiq ediləcək hüquq normaları ilə bağlı aşağıdakıları qeyd edilməsini zəruri hesab edir.
29. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
30. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
31. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
33. X2 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.
34. Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.
35. Həmçinin Qərarda əks olunan hüquqi mövqeyə görə ... tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır... Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.
36. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2019-cu il tarixli, 021L**********37 saylı uzunmüddətli kredit müqaviləsində və zaminlik müqavilələrində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilmiş, xx.xx.2020-ci il tarixli, 021R********** saylı kredit razılaşması uzunmüddətli kredit müqaviləsində və zaminlik müqaviləsində razılaşdırılmış ümumi məbləğ, valyuta, müddət və faiz çərçivəsində bağlanmışdır. Buna görə də cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adıçəkilən kredit razılaşması üzrə digər Cavabdeh4 iddiaçı qarşısında öhdəliklərinin icrası üçün birgə məsuliyyət daşıyırlar.
37. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
38. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
39. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
40. Məhkəmə iddiaçının tələbini təşkil edən borcun məbləği ilə bağlı qeyd edir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, iddiaçı və ya cavabdehlər ekspert rəyinə etiraz etməmiş, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət də verməmişlər.
41. Məhkəmə qeyd edir ki, xx.xx.2020-ci il tarixli, 021R********** saylı kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixə (maliyyə arayışının verildiyi) faiz borcu ekspert rəyinə əsasən 6374,98 manat müəyyən olunsa da, iddiaçı 4173 manat faiz borcu tələb edir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələbinə uyğun olaraq məhkəmə iddia tələbi həddində işə baxmalı olduğundan hesab edir ki, cavabdehlərdən 4173 manat fazi borcu tutulmalıdır. Həmçinin əsas borc da ekspert rəyinə uyğun olaraq 22469,03 manat tutulmalıdır.
42. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2020-ci il tarixli, 021R********** saylı kredit razılaşması üzrə 22469,03 manat əsas borc və 4173 manat faiz borcu cavabdehlər Cavabdeh4 Qulamirzə oğlu, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir.
b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
43. İddia ərizəsində iddiaçı 6886,78 manat cərimənin də cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.
44. Cavabdeh4 vəkili Vəkil cərimə borcunun tutulması hissəsində iddianın rədd olunmasını xahiş etmişdir.
45. xx.xx.2020-ci il tarixli, 021R********** saylı kredit razılaşmasının 4.2 və 4.2.2-ci bəndinə görə, kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyə bocludur.
46. xx.xx.2020-ci il tarixli 021S**********02 saylı, 021S**********01 saylı və 021S**********01 saylı zaminlik müqavilələrinin 3.1.2-ci bəndinə əsasən, Uzunmüddətli Kredit Müqaviləsi üzrə verilmiş istənilən kredit üzrə ödənməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə, verilmiş müvafiq Kredit məbləğinin qalığının 0,1% məbləğində hər gecikdirilən gün üçün tətbiq olunan cəriməni Zamin ödəyir.
47. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
48. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
49. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
50. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödəniş etmədiyi halda iddiaçının uzun müddət iddia ilə məhkəməyə müraciət etməməsi, Cavabdeh4 və digər cavabdehlər tərəfindən öhdəliyin pozulma dərəcəsi, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri nəzərə alındığında cərimə məbləğinin 1120 manat müəyyən olunması ağlabatan və ədalətlidir.
51. Məhkəmə belə qənaətə gəlir ki, cərimə olaraq 1120 manat pul cavabdehlər Cavabdeh4 Qulamirzə oğlu, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir.
d) Məhkəmə xərcləri ilə bağlı
52. İddiaçı eləcə də 203 manat mediasiya xərcinin cavabdehlərdən tutulmasını xahiş etmişdir.
53. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 6111 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdehlər xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak etməmiş və iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 203 manat məbləğində mediasiya xərcini ödənmişdir.
54. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, 15 may 2023-cü il tarixli 9/2276 nörməli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat təşkil edir.
55. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
56. Həmin Məcəllənin 115.0, 115.0.4 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
57. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
58. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
59. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
60. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 168 manat cavabdehlər Cavabdeh4 Qulamirzə oğlu, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməli, mediasiya xərci qalan hissədə iddiaçıya aid edilməli, ekspertiza xərci olaraq 83 manat cavabdehlər Cavabdeh4 Qulamirzə oğlu, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq, 17 manat məbləğində pul İddiaçı QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. V. Nəticə:
61. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. 30 may 2019-cu il tarixli uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış 21 avqust 2020-ci il tarixli 021R********** nömrəli kredit razılaşması üzrə 22469 (iyirmi iki min dörd yüz altmış doqquz) manat 03 (üç) qəpik əsas borc, 4173 (dörd min yüz yetmiş üç) manat faiz borcu, 1120 (bir min yüz iyirmi) manat cərimə borcu olmaqla, ümumilikdə 27 762 (iyirmi yeddi min yeddi yüz altmış iki) manat 03 (üç) qəpik məbləğində pul cavabdehlər Cavabdeh4 Qulamirzə oğlu, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 168 (yüz altmış səkkiz) manat məbləğində pul cavabdehlər Cavabdeh4 Qulamirzə oğlu, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza xərci olaraq 83 (səksən üç) manat məbləğində pul cavabdehlər Cavabdeh4 Qulamirzə oğlu, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, 17 (on yeddi) manat məbləğində pul İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova