Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1398/2022 04.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (direktoru) İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Ekologiya vəTəbii Sərvətlər Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Ekologiya vəTəbii Sərvətlər Nazirliyinə qarşı cavabdehin hesabına köçürülən 37000 manat pulun, mediatorun arayışına dair ödənilmiş 200 manat rüsumun və 10.000 manat məbləğində mənəvi zərərin cəmi 47200 manat pulun ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehin hesabına köçürülən 37000 manat pulun, mediatorun arayışına dair ödənilmiş 200 manat rüsumun və 10.000 manat məbləğində mənəvi zərərin cəmi 47200 manat pulun ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə müqavilə bağlamışdır. X4 Stansiyalarının tikintisi və yaşıllıq zolağının salınması üçün su xəttinin çəkilməsi nəzərdə tutulmuşdur. Layihə smeta sənədlərində nəzərdə tutulmuş işlər tam yerinə yetirilmiş və təhvil verlmişdir. İddiaçıya təqdim olunmuş müqavilə və yerinə yetirilmiş işin dəyərini təsdiq edən Forma № 2 Departamentin baş mühasibi tərəfindən əsli deyil kserosurət edilən nüsxəsi iddiaçıya təqdim ediləndə narazılıq edərək bildirmiş ki, ona sənədin əsli təqdim edilsin. Həmin sənədlərin əslini sonra təqdim edəcəyini söz verib bildirmişdir ki, qısa müddətdə sənədin əslini müəssənin ünvanına göndərəcəkdir. Nəzərdə tutulan işlər üzrə Forma № 2 də əks olunmuş məbləğ 37000 manat təşkil edirdi və həmin sənədləri əsli baş mühasib tərəfindən hələdə təqdim edilməmiş qalmaqdadır. Sonradan məlum olmuşdur ki, baş mühasib dələduzluq edərək iddiaçıya çatası pulları mənimsəmiş bunun üçün o, həmin pulları özünün tanışı olan digər müəssənin hesabına köçürmüş, bu səbəbdən də iddiaçıya saxta kserosurət təqdim etmişdir. İddiaçı dəfələrlə həmin sənədlərin əslini və çatası pulu ondan tələb etdikdə, o, müxtəlif bəhanələrlə sənədləri verməkdən yayınmış, pulun tezliklə köçürüləcəyini bildirmişdir. Bu yaxınlarda statistik hesabat aparan zaman həmin sənədlərə rast gəlmiş və artıq Eldar Mahmudov qorxusunun aradan qaldırıldığını bildiyi üçün həmin şəxsi yenədə axtarmış, məlum olmuşdur ki, o başqa yerə işə keçib, nə qədər axtarsa da, Ekologiya və Təbii Sərvətlər Nazirliyində onun yerini bildirməmişlər. Bununla bağlı Nazirliyə dəfələrlə müraciətlər ünvanlamış, lakin hər dəfəsində müxtəlif bəhanələrlə işi həl etməkdən yayınırlar və həmin şəxsin nə yerini bildirirlər, nədəki şikayətini həl etmirlər. Yalnız bu yaxınlarda Respublika Prezidentinə, Prokurorluğa və Korrupsiyaya şikayət etdikdən sonra onu, Ekologiya Nazirliyinə dəvət etmişlər və bildirmişlər ki, bəli həqiqətən də şikayətləri ilə və sənədlərlə tanış olublar, haqlı olduğunu bilirlər, lakin onların iş həll etmək səlahiyyəti olmadığından məhkəməyə şikayət verməyi məsləhət etmişlər. İddiaçının nümayəndəsi (direktoru) İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, izahatında bildirdi ki, 26.05.2009-cu il tarixində X1 su kəmərinin çəkilişi işlərinin aparılması üçün iddiaçı ilə Meşələrin İnkişafı Departamenti arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən nəzərdə tutulmuş işlər görülmüş, su xətti və nasosxana inşa edilərək təhvil verilmişdir. 2003-2010-cu illər üzrə maliyyə sənədləri Meşələrin inkişafı Departamenti tərəfindən 02.10.2012-ci il tarixində X3 Xidmətinin Geoloji informasiya və arxiv fonduna təhvil verilmiş, 2015-ci ildə daxil olan bütün növ sənədlər təftiş yoxlamasından keçirilmişdir. 20 aprel 2015-ci ildə 2008-2010-cu illər üzrə maliyyə sənədləri “İcra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısına əsasən məhv edilmişdir. Sənədlərin məhv edilməsi təftiş komissiyasının üzvləri və X2 və Təbii Sərvətlər Nazirliyinə təhkim olunmuş kuratorun nəzarəti ilə baş vermiş, maliyyə və hüquq orqanları tərəfindən heç bir iddia olmamışdır. 2009-cu ildən bu günə qədər Nazirliyin səlahiyyətli struktur bölməsi tərəfindən Meşələrin İnkişafı Xidmətinin fəaliyyətinin qanunauyğunluğunun təmin edilməsi məqsədilə müvafiq illər ərzində Xidmətdə yoxlamalar, habelə audit araşdırması həyata keçirilmişdir. Bu illər ərzində Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən də Xidmətdə müvafiq yoxlamalar aparılmışdır. Aparılmış yoxlamalar zamanı iddianın predmeti ilə əlaqədar hər hansı pozuntu əməlləri olan faktlar aşkar edilməmişdir. İddiaçı tərəfindən məsələ ilə əlaqədar Hüquq mühafizə orqanlarına və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunmuşdur. Lakin Hüquq mühafizə orqanları tərəfindən hər hansı bir dəlil olmadığından cinayət işi başlanılmamışdır. Nazirlik tərəfindən müraciətdə göstərilmiş xüsusatlar araşdırılmış, məlum olmuşdur ki, sənədlər saxlanma müddətlərinin bitməsi ilə əlaqədar məhv edilmişdir. Bununla əlaqədar İddiaçı müvafiq cavab məktubu ünvanlanmışdır. Müqavilə Meşələrin inkişafı Departamenti ilə 2009-cu ildən bağlanılmışdır. İddiaçı tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Sonda cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: 26.05.2009-cu il tarixli Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsindən görünür ki, iddiaçı Qobustan rayonu, Cəngi kəndində su kəmərinin çəkilişi işlərinin aparılmasını və təhvil verilməsini, cavabdeh isə işlərin qəbul edilməsini və dəyərinin ödənilməsini öhdələrinə götürmüşlər. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin (direktoru), cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin Məcəllənin 372.1-ci və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1, 373.2-ci və 373.3-cü maddələrinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın həmin maddəsinin İİİ hissəsinin müddəalarına əsaslanan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq, işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir”. Bundan başqa, həmin Qərarda iddia müddəti anlayışının tətbiqi ilə bağlı qeyd edilir ki, “iddia müddətinin əhəmiyyəti bunlardır: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli və Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarlarında göstərmişdir, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 26.05.2009-cu il tarixli Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı Qobustan rayonu, Cəngi kəndində su kəmərinin çəkilişi işlərinin aparılmasını və təhvil verilməsini, cavabdeh isə işlərin qəbul edilməsini və dəyərinin ödənilməsini öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən görülmüş işlər cavabdeh tərəfindən qəbul edilmişdir. İddiaçı ilə cavabdeh arasında podrat müqaviləsi bağlanmış və hazırki mübahisə həmin müqavilə tələbinin yerinə yetirilməsi ilə bağlı olmasını nəzərə aldıqda, müqavilə tələbi üzrə iddia müddəti üç ildir. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə 17.02.2022-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilədən irəli gələn tələblər üzrə iddia müddətinin üç il olmasını nəzərə aldıqda, tərəflər arasında bağlanmış 26.05.2009-cu tarixli podrat müqaviləsi üzrə iddia müddəti keçmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.1.maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Mülki Məcəllənin 375.2 maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiq olunması barədə ərizə məhkəmə tərəfindən qəbul olunmalı və iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia rədd edilməli, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Ekologiya vəTəbii Sərvətlər Nazirliyinə qarşı cavabdehin hesabına köçürülən 37000 manat pulun, mediatorun arayışına dair ödənilmiş 200 manat rüsumun və 10.000 manat məbləğində mənəvi zərərin cəmi 47200 manat pulun ödənilməsi barədə iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1398/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1398/2022
04.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver