Məhkəmə qərarları › İş №e-2-2(113)-140/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-140/2020

08.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-140/2020 08.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Cavabdeh2 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh1 MMC-dən kredit müqaviləsi üzrə hesablanmış 55.948,27 ABŞ dolları məbləğində faiz borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx xxxxxxxx 2015-ci il tarixli, KM 01 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasənCavabdeh1 MMC-yə xx.xx.2016-cı il tarixədək illik 12% ödəmək şərti ilə 3.000.000 ABŞ dollarıməbləğində kredit verilmişdir. Bank tərəfindən kredit müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsinə baxmayaraq Cavabdeh1 MMCkeçən müddət ərzində öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun qaytarılmasını təmin etməmişdir. Bu barədə xəbərdarlıqlar edilməsinə baxmayaraq borcun ödənilməsindən yayınmışdır. Hal-hazırda xx.xx.2015-ci il tarixli, KM 01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC-nin ləğv prosesində olan İddiaçı ASC-yə olan əsas borcu 0 ABŞ dolları, kredit müqaviləsi üzrə hesablanmış faiz borcu 55.948,27 ABŞ dolları, cəmi borcu isə 55.948,27 ABŞ dolları təşkil edir.Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icraedilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2-1(102)-147/2016 saylı qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2- 1(81)1594/2016 saylı qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici təyin edilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Cavabdeh1 MMC-nin banka heç bir borcu yoxdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2-2(82)-1188/2016 saylı qətnaməsi ilə Cavabdeh1 MMC ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, KM 01 saylı kredit müqaviləsi üzrə borcun “X3 (CDB)” ASC ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli banklararası depozit müqaviləsi ilə əvəzləşdirilməsi və həmin borcun qeyd olunan depozit hesabına silinməsi qət edilmişdir. Həmin qətnamədən şikayət verilməmiş, qətnamə qanuni qüvvəyə minmişdir. Borc məbləği silinməli idi. Bu halda borcun ödənilməsinin gecikdirilməsinə görə faiz hesablanması üçün əsas yoxdur. Qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: - - İddiaçı ASC (borc verən) ilə Cavabdeh1 MMC (borc alan) arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli, KM 01 saylı kredit müqaviləsinə əsasən bank/borc verən həmin xx.xx.2016-cı il tarixinə qədər illik 12 faiz ödəmək şərti ilə 3.000.000 ABŞ dolları məbləğində krediti MMC-nin/borc alanın mülkiyyətinə verməyi və borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və kredit müqaviləsinə edilmiş 1 saylı əlavəyə əsasən borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2-2(82)- 1188/2016 saylı qətnaməsi ilə Cavabdeh1 MMC ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, KM 01 saylı kredit müqaviləsi üzrə borcun “X3 (CDB)” ASC ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli banklararası depozit müqaviləsi ilə əvəzləşdirilməsi və həmin borcun qeyd olunan depozit hesabına silinməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli,1053 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2015-ci il tarixli, KM 01 saylı müqavilə şərtləri əsas götürülməklə Cavabdeh1 MMC-nin xx.xx.2020-ci il tarixə banka olan borcu 57.681,76 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən, əsas borc üzrə 0,00 ABŞ dolları, illik 5 faizlə hesablanmış faiz borcu 57.681,76 ABŞ dolları məbləğindədir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. İşin mübahisəedilməyən halları ilə təsdiq edilir ki, iddiaçı İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanılmış xx xxxxxxxx 2015-ci il tarixli, KM 01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC-yə xx.xx.2016-cı il tarixədək illik 12 faiz ödəmək şərti ilə 3.000.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2-1(102)- 1471/2016 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmış və İddiaçı ASC müflis elan edilərək bank barəsində iflas proseduruna başlanılmışdır. Hazırda iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 MMC ilə aralarında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli, KM 01 saylı kredit müqaviləsi üzrə hesablanmış 55.948,27 ABŞ dolları məbləğində faiz borcunun cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. İş materiallarından isə görünür ki, iddiaçı iddia ərizəsində cavabdehdən faiz borcunun tutulmasını tələb etsə də, ödənilməsini tələb etdiyi həmin borcun kreditin verilməsi müddəti üçün hesablanmış kreditdən istifadəyə görə faiz borcunun və ya həmin müddətdən sonrakı dövr üçün hesablanmış faiz formasında zərərin (illik 5% hesabı ilə) olmasını konkretləşdirməmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbini kreditin verilmə müddəti üçün hesablanmış kreditdən istifadəyə görə faiz borcunun tutulması tələbi kimi qəbul etsək, həmin tələbin əsassız olması ortadadır. Belə ki, əvvəla ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehin banka xx xxxxxxxx 2015-ci il tarixli, KM 01 saylı kredit müqaviləsi üzrə müqavilə müddəti üçün hesablanmış kreditdən istifadəyə görə 55.948,27 ABŞ dolları məbləğində faiz borcunun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir, əksinə göstərilən hal məhkəmə iclasında tədqiq edilmiş sübutlar, o cümlədən məhkəmə-mühasibatlıq ekpertizası üzrə ekspert rəyi ilə təkzib edilmişdir. Bununla yanaşı Mülki Məcəllənin 432.4-cü maddəsinə görə əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Maddənin məzmunundan da göründüyü kimi borclu tərəfindən ödənilən məbləğ bütün borcların ödənilməsi üçün kifayət etmədikdə, həmin məbləğ əvvəl faizlərin hesabına, sonra əsas öhdəliyin hesabına daxil edilməlidir. Belə olan halda isə kredit müqaviləsi üzrə cavabdehin əsas borcunun olmadığı halda kredit müqaviləsi üzrə faiz borcunun ödənilməmiş qalması barədə iddiaçının irəli sürdüyü dəlillər inandırıcı görünmür. Digər tərəfdən məhkəmə qeyd etməyi zəruri sayır ki, iddiaçının faiz borcu tələbinin cavabdehə kredit müqaviləsi üzrə borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış faiz formasında zərərin (illik 5 % hesabı ilə) ödənilməsi tələbi olması ehtimal olunduğu halda da, həmin iddianın təmin edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar müəyyən edilmir. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Maddənin məzmunundan göründüyü kimi kreditor yalnız borclu tərəfindən pul məbləğinin ödənilməsi gecikdirildiyi halda, həmin maddənin tələblərinə əsasən gecikdirilmiş müddət üçün əsas borc məbləğinə illik 5%-lə hesabı ilə faiz hesablaya və ödənilməsini borcludan tələb edə bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından isə görünür ki, mübahisəli kredit müqaviləsi üzrə kreditin verilmə müddəti xx xxxx 2016-cı ildə bitmişdir. Kredit müqaviləsi üzrə əsas və faiz borcu isə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2-2(82)-1188/2016 saylı qətnaməsinə əsasən 2016-cı ilin noyabr və dekabr aylarında cavabdehin depozit hesabında olan məbləğlə əvəzləşdirilərək silinmişdir. Göründüyü kimi hazırkı işdə kredit verilməsi müddəti bitdikdən sonra borclu tərəfindən borcun ödənilməsində gecikdirilməsinə yol verilməmişdir, borc məbləği ümumiyyətlə borclu tərəfindən ödənilməmiş, qanuni qüvvədə olan məhkəmə qətnaməsinə əsasən bir neçə ay gecikdirmə ilə depozit hesabında olan pul məbləği ilə əvəzləşdirilərək bank tərəfindən silinmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda cavabdehə müqavilə müddəti bitdikdən sonrakı müddət üçün Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə əsasən faizlərin hesablanması üçün əsasların mövcudluğu iş materialları ilə öz təsdiqini tapmır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, işə məhkəmədə baxılarkən Cavabdeh1 MMC tərəfindən mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. Göstərilən ərizəyə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin: 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.1-ci maddəsinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göstərilən normaların məzmunundan göründüyü kimi iddia müddətinin buraxılması şəxsin hüququnun müdafiəsi üçün məhkəmədə iddia qaldırılmasını istisna etmir. Lakin bu halda cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərsə, iddia əsaslı olmasına baxmayaraq məhkəmə tərəfindən rədd edilir. Başqa sözlə desək, iddia müddəti mahiyyətinə görə şəxsin qanunla qorunan hüquq və maraqlarının pozulmasından irəli gələn əsaslı iddiasının təmin oluna biləcəyi müddəti ifadə etdiyindən yalnız iddia əsaslı olduğu hallarda məhkəmə tərəfindən tətbiq edilir. Göstərilən hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxx 2008-ci il tarixli qərarında, eləcə də bir sıra digər qərarlarında əks edilmişdir. Həmin qərara görə iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Belə olan halda məhkəmə hazırkı iş üzrə iddianın əsassız olmasının işin yuxarıda göstərilən halları ilə təsdiq edildiyini nəzərə alaraq hesab edir ki, hazırkı mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibət bildirilməsinə ehtiyac qalmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, eyni zamanda iddiaçıdan 200 manat ekspertiza tədqiqatının dəyəri tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinədarlığı Agentliyi, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 MMCyə qarşı pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 MMC-yə qarşı pul tələbinə dair iddiası rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinədarlığı Agentliyi, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) köçürülsün. İddia verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar