Məhkəmə qərarları › İş №e-2-2(113)-1400/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1400/2020

16.11.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1400/2020 16.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1iştirakları ilə, İddiaçı İB-nin Cavabdeh ASC-yə qarşı “əsassız hesablanmış pulun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı İB Cavabdeh ASC-yə qarşı “əsassız hesablanmış pulun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən 020100 abonent kodu üzrə əsassız olaraq hesablanmış 20620,01 manat borcun silinməsi və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh ASC-dən tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC-nin Sukanal idarəsi ilə İddiaçı İB-nin Bakı Regional Qaz İstismarı Departamenti (BRQİD) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 19020701 saylı xidmət müqaviləsinə əsasən su təchizatı və tullantı sularının axıdılması xidmətləri həyata keçirilir. Həmin müqavilə şərtlərinə əsasən BRQİSD tərəfindən istifadə edilmiş suya görə yaranmış borcla bağlı tərəflər arasında xx.xx.2019-cu il tarixdə tərtib olunmuş qarşılıqlı üzləşmə aktlarında borc məbləğinin artıq həcmdə göstərildiyi müəyyən edilmişdir. Belə ki, 2016-2019-cu illər ərzində Birlik tərəfindən Suraxanı rayonu üzrə TİX-nin su sərfiyyatına görə Cavabdeh ASC-nə 1600 manat ödənilmişdir. Həmin dövr ərzində 528,00 manat dəyərində sudan istifadə edilmişdir. Cavabdeh ASC tərəfindən 2019-cu ilin mart ayında yaranma səbəbi və müddəti muəyyən olunmayan 20620,01 manat borcu Birliyin hesabına daxil edərək əsasız borc hesablamışdır. Cavabdeh ASC əsassız olaraq üzləşmə aktlarında və hesablarında (xx.xx.2020-ci il tarixdə qalıq borcu haqqında məlumat cədvəlində) Suraxanı rayonu üzrə TİX-nin Cavabdeh ASC-yə 20620,01 manat borcu olduğu qeyd etmişdir. Borc əsasız olduğundan həmin üzləşmə aktları iddiaçı tərəfindən qəbul edilməmişdir. Eyni zamanda cavabdeh təşkilat tərəfindən xidmət sahəsinin su təchizatı dayandırılarkən “X5”nın 8.1-ci bəndinin tələbləri kobud şəkildə pozulmuşdur. “X5”nın 8.1-ci bəndinə əsasən istehlakçının su təchizatı mütləq qaydada xəbərdar etmək şərti ilə aşağdakı hallarda dayandırıla bilər: İstehlakçının müvafiq yazılı müraciəti (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; tikinti, təmir-profilaktika və qəza işlərinin görülməsinə və su tutarlarının təmizlənməsinə ehtiyac yarandıqda; su mənbəyində səth sularının bulanıqlıq dərəcəsi artdıqda və ya su hövzəsində fövqəladə ekoloji böhran vəziyyəti yarandıqda; istehlakçının paylayıcı su kəmərləri şəbəkəsi, su tutarları (su anbarları), qoşulmalar, siyirtmələr, kranlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; STKM ilə müvafiq müqavilə bağlanılmadıqda; məişət (təsərrüfat)–içməli su ehtiyacları üçün nəzərdə tutulmuş magistral su kəmərlərindəki sudan digər məqsədlərlə istifadə olunduqda; məhkəmənin müvafiq qərarı olduqda. Yaranmış əsasız borcun səbəbləri barədə dəfələrlə Cavabdeh ASC-nin nümayəndələri ilə danışıqlar aparılmasına baxmayaraq hər hansı bir sənəd təqdim edilməmiş əsasız yazılmış borcu əsas götürərək Suraxanı rayonu üzrə TİX-nin su təchizatı dayandırılmışdır. Göründüyü kimi cavabdeh su təchizatını dayandırarkən “X5”nın tələblərini kobud şəkildə pozmuş, COVİD-19 pandemiyasının dünyada və ölkədə tüğyan etdiyi bir dövrdə 24 saat əhaliyə xidmət göstərən dövlət təşkilatında sanitar-gigenik qaydalara tam riaət edilməsinə maneələr yaratmışdır. İddiaçı tərəfindən ödənişlərin olunmasına baxmayaraq Cavabdeh ASC tərəfindən Birliyə əsassız olaraq şişirdilmiş borc hesablanmışdır. Bu borcun mənbəyini isə Abonent Saldosundan müəyyən etmək mümkün olmamışdır. Vaxtaşırı ödənişlərin olunmasına baxmayaraq bu cür borc məbləğinin yaranması tamamilə qanunsuzdur. Qeyd olunan mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3 maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli, 725 saylı məktubla pretenziya qaydasında müraciət olunmasına baxmayaraq cavabdeh təşkilat tərəfindən heç bir cavab alınmamışdır. Məktubda cavabdehə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılmaslba dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən 020100 abonent kodu üzrə əsassız olaraq hesablanmış 4675,02 manat borcun silinməsi və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh ASC-dən tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı İB-yə məxsus 020100 kodlu ünvana ilk dəfə xx.xx.2010-cu il tarixində sayğac quraşdırılmışdır. 2017-ci il tarixinə kimi abonentə hər ay sərfiyyat hesablanmışdır. Lakin həmin ildən etibarən 2019-cu ilin mart ayınadək abonentə heş bir sərfiyyat hesablanmamışdır. Lakin 2019-cu ilin mart ayında həmin ünvana baxış keçirilən zaman məlum olmuşdur ki, İddiaçı İB Cavabdeh ASC tərəfindən quraşdırılmış sayğacı heç bir məlumat vermədən, əsassız olaraq yerindən çıxarmış və su təchizatı və tullantı sularının axıdılması xidmətindən haqqı ödənilmədən və qanunsuz olaraq birbaşa xəttə qoşulma yolu ilə istifadə etmişdir. Belə ki, iddiaçıya 2017-ci ildən 2019-cu ilin aprel ayına qədər olan dövr üzrə 4675,02 manat məbləğində su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə əsaslı borc hesablanmışdır. Ona görə də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 020100 saylı abonent kodu üzrə abonent haqqında məlumatdan görünür ki, İddiaçı İB-yə 2016-cı il üçün İSU üçün 644 manat, ÇSU üçün 355,60 manat satış olmuş, 2017 və 2018-ci illər üzrə göstəricilər 0 olmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı İB ilə Cavabdeh ASC arasında su təchizatı və tullantı sularının axıdılması barədə müqavilə olmuşdur. Cavabdeh ASC tərəfindən xidmət göstərilmiş və İddiaçı İB tərəfindən göstərilən xidmət üzrə 2017-ci ilə qədər ödənişlər edilmişdir. 020100 saylı abonent kodu üzrə abonent haqqında məlumatla da müəyyən olunur ki, İddiaçı İB tərəfindən 2017,2018-ci illər üçün olan dövrdə sayğac göstəricilər 0 olaraq qeydə alınmışdır. Lakin İddiaçı İB qeyd edilən illər və cavabdehin etiraz ərizəsində qeyd etdiyi kimi 2019-cu ilin aprel ayına qədər sudan sayğacsız istifadə etmişdir. Azərbaycan Respublikası Su Məcəlləsinin 97-ci maddəsinə əsasən, Bu Məcəllənin 18-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikasında sudan ödənişli istifadə edilir. Sudan ödənişli istifadənin məqsədi su təminatına yönəldilmiş dövlət xərclərini ödəmək, su təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərməsini təmin etmək, su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunmasına və suların mühafizəsinin yaxşılaşdırılmasına maddi maraq yaratmaq, suyun dəqiq uçotunu aparmaq və su təsərrüfatı sahəsinə investisiya qoyuluşunu stimullaşdırmaqdan ibarətdir. Həmin Məcəllənin 43-cü maddəsinə əsasən, Sudan istifadə edənlərin sudan təkrar istifadə etmək; su obyektlərindən xüsusi məqsədlərlə istifadəni həyata keçirmək üçün müvafiq qurğular və tikililər inşa etmək; istifadəyə verilən suyun və tullantı sularının kəmiyyət və keyfiyyətini yoxlamaq; qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla müqavilədə nəzərdə tutulan miqdarda almadığı suyun əvəzini tələb etmək; Azərbaycan Respublikasının su qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək hüquqları vardır. Su obyektlərindən istifadə edənlərin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulan qaydada bərpa edilməlidir. "X5"nın 8.7-ci maddəsinə əsasən, su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. Məhkəmə qeyd edir ki, 2017,2018-ci illər bütünlüklə və 2019-cu ildən 3 ay olmaqla, cəmi 27 ay İddiaçı İB su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən sayğacsız olaraq istifadə etmişdir. 2016-cı ildə isə İSU üçün 644 manat, ÇSU üçün 355,60 manat satış olmuşdur, yəni 2016-cı il üçün ümumilikdə 999,6 manat hesablanmışdır ki, buna da müvafiq olaraq orta aylıq sərfiyyat 83,3 manat təşkil edir. Aylıq sərfiyyat 83,3 manat olmaqla hesablandıqda 27 ay ərzində 2249,1 manat ödəniş edilməli idi. Azərbaycan Respublikasmın Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “Su təchizatı və tullantı sular haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər X5 ilə tənzimlənir. X5 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X5”nın 1.6-cı bəndinə əsasən əsasən su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qaydaların 7.2-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Məhkəmə qeyd edir ki, mübahisələndirilən dövr üçün Cavabdeh ASC tərəfindən İddiaçı İB-dən 4675,02 manat borc tələb edilir. Hazırki iddia üzrə iddiaçı isə həmin məbləğin əsassız olduğunu və silinməsini tələb edir. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, qeyd edilən dövrdə orta aylıq sərfiyyatla hesablandıqda İddiaçı İB tərəfindən 2249,1 manat məbləğində su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, 2425,92 manat (4675,02-2249,1=2425,92) pul İddiaçı İB-dən əsassız olaraq tələb edildiyindən silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Repsublikası Mülki Prosessual Məcəiləsinin 77 1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarmın əsası kimi istinad etdiyi halları sübut etməlidir.Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, hərtərəfli, qərəzsiz və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə, iş üzrə toplanmış sübutlara məcmusu ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı İB-yə 020100 abonent kodu üzrə əsassız hesablanmış 2425,92 (iki min dörd yüz iyirmi beş manat doxsan iki qəpik) manat məbləğində borcun silinməsi vəzifəsi Cavabdeh ASC-nin üzərinə qoyulmalı, Cavabdeh ASC-dən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul tutularaq İddiaçı İB-yə ödənilməli, iddia tələb qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı İB-yə 020100 abonent kodu üzrə əsassız hesablanmış 2425,92 (iki min dörd yüz iyirmi beş manat doxsan iki qəpik) manat məbləğində borcun silinməsi vəzifəsi Cavabdeh ASC-nin üzərinə qoyulsun. Cavabdeh ASC-dən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul tutularaq İddiaçı İB-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar