Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1403/2023 17.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı “X2» MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı və cavabdeh arasında 27 fevral 2021-ci il tarixində bağlanmış 419 saylı Ofis icarəsinə dair müqaviləyə əsasən, cavabdehdən iddiaçının xeyrinə ödənilməmiş icarə haqqı üzrə 7475 manat məbləğində əsas, 1345.5 manat məbləğində ƏDV, ümumilikdə 8820,50 manat icarə haqqı borcu və 800 manat məbləğində cərimə borcu olmaqla, cəmi 9,620.5 manat məbləğində pul, habelə 100 manat məbləğində mediasiya xərclərinin və 18 manat məbləğində ödənilmiş dövlət rüsumun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 27 fevral 2021-ci il tarixində iddiaçı və cavabdeh arasında bağlanan 419 saylı ofis icarəsinə dair müqavilənin ayrılmaz hissəsi olan, 1 saylı Əlavəsinə əsasən, iddiaçı cavabdehə binanın 13-cü mərtəbəsində yerləşən 65 m sahəni icarəyə verir, cavabdeh isə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 1365 AZN+18% ƏDV olan aylıq icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2 saylı Əlavəsinə əsasən, cavabdeh xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 65 m ofis sahəsinə görə aylıq 1495 AZN+18% ƏDV olan, toplam 4485 AZN+18% ƏDV 3 aylıq avans icarə haqqını, 3 aydan bir olmaq şərti ilə ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 3 saylı Əlavəsinə əsasən, cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək 65 m sahəsinin icarəsinə görə 1495 AZN+18% ƏDV olan, toplam 4485 AZN+18% ƏDV 3 aylıq avans icarə haqqını 3 aydan bir olmaq şərti ilə ödəməyi öz öhdəsinə götürür. Ödəniş hesab faktura və elektron qaimə təqdim olunan gündən 10 gün ərzində nağd və ya köçürmə yolu ilə ödənilməlidir. İcarə müqaviləsinin 4.2-cimaddəsinin (a) bəndinə əsasən, İcarəçi Əlavə 1-də göstərilən qaydada və vaxtda icarə haqqını ödəməlidir. Müqavilənin 9-cu maddəsinə əsasən, “İcarəçi” Əlavə 1, maddə 2.1-də göstərilən məbləği həmin maddədə göstərilən qaydada “İcarəyə verən”ə ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 3.1-ci maddəsinin (f) bəndinə əsasən, İcarəçi tərəfindən icarə haqqının ödənilməsi hesab-faktura və elektron qaimə təqdim edildiyi gündən etibarən 15 (on beş) gündən çox gecikdirildikdə İcarəçiyə binanın istifadəsi Texniki xidmətlərdən yararlanmada məhdudiyyətlər qoya bilər. Elektron qaimələrin siyahısından görünür ki, cavabdehlə iddiaçı arasında icarə müqavilə münasibətləri mövcud olmuşdur və cavabdeh - 461416 saylı, xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə cavabdeh tərəfindən 2021-ci il mart, aprel, may ayları üçün cəmi 4,832.1 manat icarə haqqı ödənilmişdir; - 651328 saylı, xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə cavabdeh tərəfindən 2021-ci il iyun, iyul, avqust ayları üçün cəmi 4,832.1 manat icarə haqqı ödənilmişdir; - 045178 saylı, xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə cavabdeh tərəfindən 2021-ci il sentyabr, oktyabr, noyabr ayları üçün cəmi 5,292.3 manat icarə haqqı ödənilmişdir; - 584124 saylı, xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə cavabdeh tərəfindən 2021-ci il dekabr ayı üçün cəmi 1,764.1 manat icarə haqqı ödənilmişdir; - 187618 saylı, xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə cavabdeh tərəfindən 2022-ci il yanvar ayı üçün cəmi 1,764.1 manat icarə haqqı 2 2 2 ödənilmişdir; - 571549 saylı, xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə cavabdeh tərəfindən 2022-ci il fevralayı üçün cəmi 1,764.1 manat icarə haqqı ödənilmişdir; - 436783 saylı, xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə cavabdeh tərəfindən 2022-ci il mart ayı üçün cəmi 1,764.1 manat icarə haqqı ödənilmişdir; - 831314 saylı, xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə cavabdeh tərəfindən 2022-ci il aprel ayı üçün cəmi 1,764.1 manat icarə haqqı ödənilmişdir; - 891603 saylı, xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə cavabdeh tərəfindən 2022-ci il may ayı üçün cəmi 1,764.1 manat icarə haqqı ödənilmişdir. Ümumilikdə cavabdeh tərəfindən 34,361.60 (otuz dörd min üç yüz altmış bir manat altmış qəpik) manat icarə haqqı ödənilməli olduğu halda cəmi 25,541.10 (iyirmi beç min beş yüz qırx bir manat 10 qəpik) manat məbləğində icarə haqqı ödənilmiş və cavabdehin ödənilməmiş 8,820.50 (səkkiz min səkkiz yüziyirmi manat əlli qəpik) manat icarə haqqı borcu qalmışdır. 460336 saylı, xx.xx.2022-ci il tarixli iyun ayı üçün; 408840 saylı, xx.xx.2022 -ci il tarixli iyul ayı üçün; 179264 saylı, xx.xx.2022 -ci il tarixli avqust ayı üçün; 011199 saylı, xx.xx.2022-ci tarixli sentyabr ayı üçün; 379498 saylı, xx.xx.2022 -ci il tarixli oktyabr ayı üçün elektron qaimələr üzrə isə cavabdeh tərəfindən hər hansı ödəniş edilməmişdir. Hazırkı müqavilə üzrə elektron qaimələr və hesab kartından göründüyü kimi cavabdehin 2022-ci ilin iyun, iyul, avqust, sentyabr və oktyabr ayları olmaqla 5 ay üçün (İyun – 1495 əsas borc+ 269.1 ƏDV= ,764.1 AZN, İyul – 1495 əsas borc+ 269.1 ƏDV= 1764.1 AZN, Avqust – 1495 əsas borc+ 269.1 ƏDV= 1764.1 AZN, Sentyabr – 1495 əsas borc+ 269.1 ƏDV= 1764.1 AZN, Oktyabr – 1495 əsas borc+ 269.1 ƏDV= 1764.1 AZN ) cəmi7 4 7 5 (yeddi min dörd yüz yetmiş beş) manat əsas borc, 1345.5 (min üç yüz qırx beş manat əlli qəpik) manat ƏDV borcu, ümumilikdə 7475+1345.5=8,820.50 (səkkiz min səkkiz yüziyirmimanat əlli qəpik) manat icarə haqqı borcu mövcuddur. Əlavə olaraq, hazırkı müqavilənin 5.1-ci maddəsinə əsasən, İcarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə hər gecikdirilmiş gün üçün icarə haqqının 1 faizini ödəməlidir. Belə ki, cavabdehin icarə haqqını gecikdirməyə görə 800 manat cərimə borcu vardır. Bununla bağlı, cavabdehlə dəfələrlə görüşləri, şifahi və telefon danışıqları olsa da heç bir nəticəsi olmayıb. İddiaçı tərəfindən cavabdehə “Mediasiya prosesin tətbiqi barədə Təklif” göndərilmişdir. Cavabdeh tərəfindən həmin Təklif qəbul edildikdən 10 gün ərzində yəni, xx.xx.2023-cü il tarixində iddiaçı Mediasiya Şurasına müraciət etmişdir. Cavabdehin “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli Arayış iddiaçıya verilmiş və mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən 100 manat məbləğində mediasiya xərcləri ödənilmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixində iddiaçı tərəfindən cavabdehə elektron məhkəmə portalı vasitəsilə Pretenziya məktubu göndərilmiş və 3 gün müddətində müqavilə öhdəliklərinin icra olunması tələb edilmişdir. Lakin bu günə kimi cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bildirmək istəyir ki, cavabdeh və iddiaçının xx.xx.2022-ci il tarixli razılaşmasına əsasən 27 fevral 2021-ci il tarixli, 419 saylı müqaviləyə xitam verilmişdir. Tərəflərin izahatı: İddiaçının nümayəndəsi məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia ərizəsinin təmin edilməsini Məhkəmədən xahiş etmiş, cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə işə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı (icarəyə verən) ilə cavabdeh (icarəçi) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 419 nömrəli icarə müqaviləsinə əsasən icarəyə verən Azərbaycan Respublikası Bakı şəhəri AZ 1025, Xətai rayonu, Xocalı pr.ti 55 ünvanında yerləşən X1 Əlavə 1-də göstərilmiş ofis sahəsini, icarə haqqı qarşılığında icarəçiyə verir. Müqavilənin 5.1-ci bəndinə əsasən icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə hər gecikdirilmiş gün üçün icarə haqqının 1 faizini ödəməlidir. Müqaviləyə 01 saylı Əlavəyə əsasən icarəyə verən icarəçiyə binanın 13-cü mərtəbəsində yerləşən 65 m2 sahəni icarəyə verir. Əlavənin 2.1-ci bəndinə əsasən icarəçi xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 1365 manat +18 % ƏDV olan aylıq icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Ödəniş 3 aylıq olmaq şərti ilə hesab faktura və elektron qaimə təqdim olunan gündən 10 gün ərzində nağd və ya köçürmə yolu ilə ödənilməlidir. Müqaviləyə xx.xx.2021-ci ildə bağlanmış 419 nömrəli icarə müqaviləsinə edilmiş dəyişikliklər haqqında 20 avqust 2021-ci il tarixli 2 nömrəli Əlavəyə əsasən icarəçi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək 65 m2 ofis sahəsinə görə aylıq 1495 manat + 18% ƏDV olan, toplam 4485 manat + 18% ƏDV 3 aylıq avans icarə haqqını, 3 aydan bir olmaq şərti ilə ödəməyi öz öhdəsinə götürür. Müqaviləyə xx.xx.2021-ci ildə bağlanmış 419 nömrəli icarə müqaviləsinə edilmiş dəyişikliklər haqqında 20 avqust 2021-ci il tarixli 3 nömrəli Əlavəyə əsasən icarəçi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək 65 m2 ofis sahəsinə görə aylıq 1495 manat + 18% ƏDV olan, toplam 4485 manat + 18% ƏDV 3 aylıq avans icarə haqqını, 3 aydan bir olmaq şərti ilə ödəməyi öz öhdəsinə götürür. İddiaçı ilə cavabdeh arasında bağlanmış 02 noyabr 2022-ci il tarixli 419 nömrəli xx.xx.2021-ci il tarixli müqaviləyə xitam verilməsinə dair razılaşmaya əsasən tərəflər aralarında bağlanmış 419 nömrəli xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə 02 noyabr 2022-ci il tarixindən xitam verilməsi barədə razılığa gəlmişlər. İddiaçıya məxsus bank hesabından xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə EBBP 187618 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən yanvar ayının icarə haqqı olaraq 1495 manat, xx.xx.2022-ci il tarixdə EBBN 584124 nömrəlli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən dekabr ayının icarə haqqı olaraq 1495 manat köçürülmüşdür. İddiaçıya məxsus bank hesabından xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə EBBT 831314 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən aprel ayının icarə haqqı olaraq 1495 manat, xx.xx.2022-ci il tarixdə EBBS 436783 nömrəlli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən mart ayının icarə haqqı olaraq 1495 manat, xx.xx.2022-ci il tarixdə EBBQ 571549 nömrəli xx.xx.2022ci il tarixli elektron qaiməyə əsasən fevral ayının icarə haqqı olaraq 1495 manat köçürülmüşdür. İddiaçıya məxsus bank hesabından xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə EBBV 891603 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən fevral ayının icarə haqqı olaraq 1495 manat köçürülmüşdür. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin yaranmış borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 419 saylı icarə müqaviləsi və ona əlavələrdən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 7475 manat məbləğində əsas, 1345.5 manat məbləğində ƏDV, ümumilikdə 8820,50 manat icarə haqqı borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 8820,50 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 419 nömrəli müqavilənin 5.1-ci bəndinə əsasən hesablanmış 800 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 400 manat məbləğində müəyyən edilməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 8820,50 manat məbləğində əsas borc, 400 manat cərimə, ümumilikdə 9220,50 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan iş üzrə ödənilmiş 118 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən ƏDV daxil olmaqla 8820,50 (səkkiz min səkkiz yüz iyirmi manat əlli qəpik) manat məbləğində əsas borc, 400 (dörd yüz) manat cərimə, ümumilikdə 9220,50 (doqquz min iki yüz iyirmi manat əlli qəpik) manat pul və ödənilmiş 118 (bir yüz on səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1403/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1403/2023
17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver