Məhkəmə qərarları › İş №e-2-2(113)-141/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-141/2021

06.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-141/2021 06.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X5 Fərzalı oglunun katibliyi ilə, İddiaçı “İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 oglunun, Cavabdeh "Cavabdeh" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "Cavabdeh" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdehdən qanunvericiliklə müəyyən olunmuş əmlaka dəymiş zərərə görə 4490 manat məbləğində sığorta ödənişinin, gecikdirilmiş hər günə (09.12.2019-cu il tarixindən 10.06.2020-ci il tarixinədək - 510 gün – 0,1 %) hesablanmış 2289,90 manat dəbbə pulunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən qanunvericiliklə müəyyən olunmuş əmlaka dəymiş zərərə görə 5000 manat məbləğində sığorta ödənişinin, gecikdirilmiş hər günə (09.12.2019-cu il tarixindən 10.06.2020-ci il tarixinədək - 185 gün) hesablanmış 925 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddianın dəyişdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehdən qanunvericiliklə müəyyən olunmuş əmlaka dəymiş zərərə görə 4490 manat məbləğində sığorta ödənişinin, gecikdirilmiş hər günə (09.12.2019-cu il tarixindən 10.06.2020-ci il tarixinədək - 510 gün – 0,1 %) hesablanmış 2289,90 manat dəbbə pulunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 22 noyabr 2019-ci il tarixində Cavabdeh Sığorta Şirkəti ASC-də sığortalı olan “Opel” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi törətmiş və nəticədə İddiaçı ASC-nin mülkiyyətində olan “Volkswagen Transporter” xüsusi markalı (inkassator) **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Cavabdeh ASC-nin məktubunda avtomobilə dəymiş zərərin 530 (beş yüz otuz) manat müəyyən edildiyi göstərilmişdir. Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən İddiaçı ASC-nin mülkiyyətində olan avtomobilə dəymiş ziyanın 530 (beş yüz otuz) manat məbləğində qiymətləndirilməsi mövcud tələblərə ziddir. Belə ki, qiymətləndirmənin hansı metodlara uyğun aparıldığı məlum deyildir. “Volkswagen Transporter” xüsusi markalı (inkassator) **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin hesablanması ilə əlaqədar xxxx LTD şirkətinə müraciət edilmişdir. xxxx LTD şirkətinin qüsur aktına əsasən avtomobilə dəyən ziyan 10130 (on min bir yüz otuz) manat məbləğində müəyyən edilmişdir. Cavabdeh ASC-yə qanunla müəyyən edilmiş qaydada pretenziya qaydasında müraciət edilərək mübahisənin məhkəməyədək həll edilməsi təklif edilsə də, cavabdeh təşkilatdan bununla bağlı heç bir hərəkət aparılmamışdır. İddiaçının nümayəndəsi X7 oglu məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəməyə iddiaya qarşı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Cavabdeh Sığorta Şirkətinə qarşı “pul tələbinə dair” iddiası əsassız olduğu üçün təmin edilə bilməz. Belə ki, İş materiallarına əsasən nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə Cavabdeh Sığorta Şirkəti ASC-də sığorta olunan və X8 tərəfindən idarə olunan “Mercedes Benz 320” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobil 22 noyabr 2019-cu il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X3 idarə etdiyi “Opel” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı və İddiaçı ASC-yə məxsus “Volkswagen” markalı, ** JG *** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Həmin maddənin 2-ci bəndinə əsasən, sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 16.1 -ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dövlət və bələdiyyə əmlakına dəyən zərərin məcburi qiymətləndirilməsi sığortaçı tərəfindən təmin edilməlidir. Adı çəkilən Qanunun 16.2-ci maddəsininin 1 -ci cümləsində göstərilir ki, sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Qeyd edilənlərdən məlum olur ki, Cavabdeh Sığorta Şirkətinin sığorta hadisəsi nəticəsində dəymiş zərəri qiymətləndirmək hüququ qanunvericiliklə təsbit edilmişdir. Bunu nəzərə alaraq cavabdehin texniki ekspertiza şöbəsinin mütəxəssisləri tərəfindən əmlaka dəymiş zərər araşdırılmış və bununla bağlı müvafiq hesabat tərtib edilmişdir. Hesabata əsasən “Volkswagen” markalı, ** JG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün cəmi 530 manat tələb olunur. Mülki Məcəllənin 927.2 və İcbari sığortalar haqqında Qanunun 20.3- cü maddəsinə əsasən əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir. Qeyd edilənlərlə bağlı 19 fevral 2019-cu il tarixində iddiaçıya rəsmi məktub ünvanlanmış, məktubda dəymiş zərər məbləği barədə ona məlumat verilmiş, eyni zamanda cavabdehin onun avtomobilinin təmirini təşkil etməyə, eləcə də zərər məbləğinin qarşılıqlı razılıq əsasında təyin olunan müstəqil ekspert tərəfindən qiymətləndirilməsi təşkil etməyə hazır olduğu bildirilmişdir. Lakin İddiaçı ASC cavabdehin təkliflərinə münasibət bildirməmişdir. İş materiallarından aydın olur ki, İddiaçı ASC 22.04.2020-ci il tarixində Cavabdehlə razılaşdırmadan avtomobilini “xxxx” şirkətinin servis mərkəzinə təqdim etmiş və zərər məbləği əsassız şişirdilmiş qüsur aktı əldə etmişdir. “İcbari Sığortalar haqqında” Qanunun 16.4-cü maddəsinə əsasən Sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. Həmin Qanunun 16.4-cü maddəsinin məzmunundan görünür ki, zərər məbləğinin qiymətləndirməsi müstəqil ekspert və ya mütəxəssis vasitəsilə aparılmalıdır. Lakin iş materiallarında zərərin mütəxəssis və ya müstəqil ekspert vasitəsilə qiymətləndirilməsi təsdiq edilmir. “xxxx” Şirkətinin servis mərkəzinin təqdim etdiyi qüsür aktında müvafiq imza və mütəxəssis adının olmaması onun mötəbərliyini və obyektivliyini şübhə altına alır. İddiaçı ASC gecikdirilmiş hər günə 925 manat dəbbə pulunun Cavabdeh Sığorta Şirkətindən tutularaq ona ödənilməsini xahiş etmişdir. “İcbari Sığortalar haqqında” Qanunun 17-ci maddəsində sığorta ödənişinin verilməsi üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin maddədinin 17.1.1.1 -ci bəndinə uyğun olaraq, sığorta tələbi sığorta ödənişinin verilməsi üçün zəruri sənədlərdən biridir. Həmin Qanunun 18.1 -ci maddəsinə əsasən, bu Qanunun 17.1 -ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Qanunun 18.2-ci bəndinə görə, sığortaçı sığorta ödənişini bu Qanunun 18.1 -ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Cavabdeh Sığorta Şirkəti tərəfindən İddiaçı ASC-yə sığorta hadisəsi ilə bağlı sığorta ödənişinin verilməsindən imtina edilməmişdir. Hal-hazırda yaranan mübahisə zərər məbləği ilə bağlıdır. Eyni zamanda, İddiaçı ASC sığorta ödənişinin həyata keçirilməsi üçün tələb olunan sənədi, yəni sığorta tələbini təqdim etmədiyindən sığorta ödənişinin köçürülməsi mümkün olmamışdır. Əlavə olaraq, sığortalanmış avtomobilin “Opel” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobillə də toqquşması nəzərə alınmalıdır. Belə ki, “İcbari Sığortalar haqqında” Qanunun 20.4-cü maddəsinə əsasən, mülki məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir. Həmin Qanunun 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə sığorta məbləği 5000 manat müəyyən edilmişdir. İş üzrə Cavabdeh Sığorta Şirkəti tərəfindən “Opel” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 510 manat müəyyən edilmiş və sığorta ödənişi həyata keçirilmişdir. Baxılan halda sığorta məbləğinin 5000 manat təşkil etdiyini və həmin sığorta məbləği çərçivəsində 510 manat həcmində digər zərərçəkənin hesabına sığorta ödənişinin köçürüldüyünü nəzərə alaraq, İddiaçı ASC-nin cavabdehə qarşı əmlaka dəymiş zərərə görə iddia tələbi 4490 manatdan çox ola bilməz. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddiaya qarşı etirazın məzmununa uygun izahat verərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Volkswagen Transporter” **-JG-*** dövlət qeydiyyat nişanlı avtomabil İddiaçı ASC-nin mülkiyyətindədir. xxxx LTD tərəfindən tərtib olunmuş 22 aprel 2020-ci il tarixli qüsur aktından görünür ki, İddiaçı ASC-nin mülkiyyətində olan “Volkswagen Transporter” xüsusi markalı (inkassator) **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 10130 manat məbləğində ziyan dəymişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 12 dekabr 2012-ci il tarixli məktubdan görünür ki, sahibinin mülki məsuliyyəti "Cavabdeh" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində icbari sıgortalanmış avtomabil iddiaçıya məxsus “Volkswagen Transporter” xüsusi markalı (inkassator) **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuşdur. Cavabdeh tərəfindən maddi zərərin məbləği 530 manat məbləğində müəyyən edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli e-2-2(113)-1705/2020 saylı qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, ekspertiza qarşısında “Volkswagen Transporter” xüsusi markalı (inkassator) **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobilə iş materiallarında olan xxxx LTD tərəfindən tərəfindən tərtib olunmuş 22 aprel 2020-ci il tarixli qüsur aktında göstərilən məlumatların, yəni material və ehtiyat hissələrinin istifadə olunmuş və ya yeni olması nəzərə alınmaqla dəymiş zərərin miqdarının nə qədər təşkil etməsi barədə sual qoyularaq, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2021-ci il tarixli 9/346 saylı rəyi ilə, iş materiallarında olan xxxx LTD tərəfindən təqdim olunmuş 22.04.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2010-cu il buraxılışlı “Volkswagen Transporter” xüsusi markalı (inkassator) **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 7215,0 manat müəyyən edilmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, 22 noyabr 2019-ci il tarixində Cavabdeh Sığorta Şirkəti ASC-də sığortalı olan “Opel” markalı avtomobil yol nəqliyyat hadisəsi törətmiş və nəticədə İddiaçı ASC-nin mülkiyyətində olan “Volkswagen Transporter” xüsusi markalı (inkassator) **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulmuşdur. Məhkəmə qeyd edir ki, tərəflər sığorta hadisəsinin baş verdiyini mübahisələndirmir. Tərəflərin arasındakı mübahisə yalnız sığorta ödənişinin məbləği barədədir. Mübahisənin mahiyyətini avtomobilin təmir xərcinə dair fikir ayrılığı təşkil edir. Belə ki, cavabdeh bu qiymətin 530 manat, iddiaçı isə 10130 manat təşkil etdiyini bildirir. Ona görə də mübahisənin düzgün həll edilməsi üçün sığorta hadisəsinin baş verməsi nəticəsində avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün tələb olunan xərcin nə qədər təşkil etdiyinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2021-ci il tarixli 9/346 saylı rəyi ilə, iddiaçıya məxsus avtomobilin təmir-bərpa xərci 7215,0 manat müəyyən edilmişdir. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün mənbəyi bəlli məlumatlar tədqiq olunmaqla əldə olunmuş və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia sığorta hadisəsi nəticəsində dəymiş zərər hissəsində əsaslı olduğundan dəymiş zərərin əvəzini təşkil edən 4490 manat sığorta ödənişi iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb qanundan irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Lakin məhkəmə hesab edir ki, tələb olunan 2289,90 manat dəbbə pulu məbləği yaranmış 4490 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 400 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 4490 manat, 400 manat cərimə tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 21,63 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 8,37 manat məbləği isə iddiaçıya aid edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərclərinin 72,12 manat məbləği cavabdehdən, qalan 27,88 manat məbləği isə iddiaçıdan tutulmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "Cavabdeh" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən qanunvericiliklə müəyyən olunmuş əmlaka dəymiş zərərə görə 4490 manat məbləğində sığorta ödənişi, 400 manat dəbbə pulu tutularaq “İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 21,63 manat məbləği "Cavabdeh" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən tutularaq “İddiaçı" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin, qalan 8,37 manat məbləği isə “İddiaçı" Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərclərinin 72,12 manat məbləği "Cavabdeh" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən, qalan 27,88 manat məbləği isə “İddiaçı" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22.AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar