Məhkəmə qərarları › İş №e-2-2(113)-1410/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1410/2024

29.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1410/2024 29.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh qarşı borc tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, borc tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 yanvar 2023-cü il tarixli, **********13012023 saylı Bank Xidmətlərinin Göstərilməsi X2 və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair 26 aprel 2023-cü il tarixli, KBSK 0937418B252 saylı Əlavəsinə əsasən 13 993.29 manat əsas, 1 070.25 manat faiz, 535.96 manat cərimə, ümumilikdə 15 599.5 manat kredit borcu və iddia ərizəsini verilməsinə görə ödənilmiş 200 manat mediasiya xərci olaraq ödənilmiş rüsumunun Cavabdeh ona ödənilməsi barədə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, **********13012023saylı Bank Xidmətlərinin Göstərilməsi X2 və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair 26 aprel 2023-cü il tarixli, KBSK 0937418B252 saylı Əlavəsinə əsasən 7054.04 manat məbləğində əsas borcun və iddia ərizəsini verilməsinə görə ödənilmiş 200 manat mediasiya xərci olaraq ödənilmiş rüsumun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 13 yanvar 2023-cü il tarixli, **********13012023 saylı Bank Xidmətlərinin Göstərilməsi X2 və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair 26 aprel 2023-cü il tarixli, KBSK 0937418B252 say Əlavəsinə əsasən Cavabdeh 24 ay müddətinə illik 22% olmaqla 15000 manat kredit verilmişdir. Kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafikinə əsasən Cavabdeh hər ay ödəniş etməli olduğu halda, o bu öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Beləliklə 22 yanvar 2024-cü il tarixə olan maliyyə arayışına əsasən cavabdehin Banka 13993.29 manat əsas, 1070.25 manat faiz, 535.96 manat cərimə, ümumilikdə 15599.5 manat borcu qalmışdır. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, ödəniş cədvəli, kredit borcuna dair maliyyə arayışdır. Cavabdehə kreditin qaytarılması haqqında iddiaçı tərəfindən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görülməmişdir. İlkin olaraq İş kommersiya mübahisəsi olduğuna görə razılıq əldə olunması məqsədilə Mediasiya Şurasına müraciət olunmuş, lakin cavabdeh Mediasiya Sessiyasında iştirak etməmişdir. Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən26 yanvar 2024-cü il tarixli, MŞB/6-00021 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş və arayışın əsli iddia ərizəsinə əlavə edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Bank olaraq öz hüququmuzu müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: xx.xx.2023-ci il tarixli, **********13012023 saylı Bank xidmətlərinin göstərilməsi X2 Kreditləşmənin Xüsusi Şərtlərinə dair KBSK0937418B252 Saylı Əlavənin 2-ci bəndinə əsasən Bank Cavabdeh illik 22% faizlə 24 ay müddətinə 15000 manat məbləğində borcalana kredit ayırır, Borcalan isə kreditdən Müqavilənin və Əlavənin şərtlərinə uyğun olaraq istifadə etməyi, habelə krediti (əsas borcu), kreditdən istifadəyə görə hesablanacaq faizləri, komisyon haqq(lar)ı Müqavilə (Əlavə) ilə müəyyən olunan müddətdə və qaydada Banka ödəməyi öhdəsinə götürür. xx.xx.2023 tarixli KBSK0937418B252 saylı kredit müqaviləsinə Əlavə üzrə tərtib edilmiş ödəniş qrafikindən görünür ki, ümumi məbləği 15000 manat olan illik faiz dərəcəsi 22% olmaqla verilmiş kreditə görə Cavabdeh 26 may 2023-cü il tarixdən 28 aprel 2025-cü il tarixinə qədər hər ayın 26 (və ya 27-i olmaqla) 778,17 manat, sonuncu ay 783,88 manat ödəməlidir. xx.xx.2024-cü il tarixli İddiaçı ASC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə müştərisi olan Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixli, **********13012023 saylı Bank Xidmətlərinin Göstərilməsi X2 və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair 26 aprel 2023-cü il tarixli, KBSK 0937418B252 saylı Əlavəsi üzrə 7054.04 AZN əsas borcu yaranmışdır. 26 yanvar 2024-cü il tarixli MŞB/6-00021 nömrəli mediasiya arayışından məlum olurki, ilkin mediasiya xərci olaraq 200 manat ödəniş həyata keçirilmişdir. Cavabdehin borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası keçirilmiş və 20 may 2024-cü il tarixli, 9/2627 №-li ekspert rəyi ilə tərəflər arasında bağlanmış 26 aprel 2023-cü il tarixli, KBSK0937418B252 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh 26 aprel 2023-cü il tarixli, KBSK0937418B252 saylı kredit müqaviləsi üzrə banka ödənilməli olan kredit borcu 29 yanvar 2024-cü il tarixinə əsas borc 14007,25 manat, faiz borcu 1.568,88 manat, 20 may 2024-cü il tarixinə əsas borc 8795,57 manat, faiz borcu 451,51 manat olması müəyyən edilmişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı 13 yanvar 2023cü il tarixli, **********13012023 saylı Bank Xidmətlərinin Göstərilməsi X2 və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair 26 aprel 2023-cü il tarixli, KBSK 0937418B252 say Əlavəsinə əsasən Cavabdeh illik 22% faizlə 24 ay 15000 manat məbləğində kredit vermişdir. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Nəticədə iddiaçının cavabdehə qarşı kredit müqaviləsi əsasında borcu tələb etmək hüququ yaranmışdır. Bununla belə ekspertiza nəticəsində müəyyən edilmişdir ki, 26 aprel 2023-cü il tarixli, KBSK0937418B252 saylı kredit müqaviləsi üzrə ekspert rəyi ilə xx.xx.2024-cü il tarixə və xx.xx.2024-cü il tarixinə müəyyən edilmiş əsas borcun məbləğləri iddia ərizəsində tələb edilən əsas borcun məbləğindən çoxdur. Məhkəmə MPM-in 218.3-cü maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə borcun məbləği iddia tələbinə nisbətdə ekspert rəyində daha çox göstərildiyindən əsas borc həmin kredit razılaşmaları üzrə iddia tələbinə uyğun, 7054,04 manat məbləğində tutulmalıdır. Məhkəmə iddianın təmin edildiyini və cavabdehin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 200 manat mediasiya xərcinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 13 yanvar 2023-cü il tarixli, **********13012023 saylı Bank Xidmətlərinin Göstərilməsi X2 və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair 26 aprel 2023-cü il tarixli, KBSK 0937418B252 saylı Əlavəsinə əsasən 7054 (yeddi min əlli dörd) 04 (dörd) qəpik əsas borc və ödənilmiş 200 (iki yüz) manat mediasiya xərcinin əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. Məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar