Məhkəmə qərarları › İş №e-2-2(113)-1412/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1412/2024

22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1412/2024 22.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh2 Nazim oğlu və Cavabdeh3 Adın qızına qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit, zaminlik müqaviləsi, mediasiya xərci) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh2 Nazim oğlu və Cavabdeh3 Adın qızına qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh2 Nazim oğlu və Cavabdeh3 Adın qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 Nizami oğlu, Cavabdeh3 Adın qızı və Cavabdeh2 Nazimoğlundanmüştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 13.150,01 manat əsas borc, 1.651,96 manat faiz borcu, 414,83 manat cərimə borcu, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 81 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 15.297,8 borcun və 200 manat dövlət rüsumunun (mediasiya ödənişinin) tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh4 Nizami oğluna 120 ay müddətinə 100.000 manat kredit limiti ayrılmışdır. Cavabdeh4 Nizami oğlu xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 21 faizlə 12 ay müddətinə 25.000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 Nazim oğlu ilə xx.xx.2021-ci il tarixində və Cavabdeh3 Adın qızı ilə xx.xx.2022-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. 2023-cü il dekabrın 1-dək Cavabdeh4 Nizami oğlunun banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 13.150,01 manat əsas borcu, 1.651,96 manat faiz borcu, 1.659,33 manat cərimə borcu, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 81 manat məbləğində əldən çıxmış fayda olmaqla olmaqla ümumilikdə cəmi 16542.3 manat borcu vardır. Cavabdeh4 Nizami oğlunun xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 1659.33 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-i miqdarında olmaqla, yəni 414,83 manat məbləğində tələb olunur.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir.

4. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasına gəlməmişlər, məhkəməyə gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişlər və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

9. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında xx.xx.2021-ci il tarixli Kredit limitinin ayrılmasına dair razılaşma imzalanmış və həmin razılaşmaya əsasən Cavabdeh4 Nizami oğluna 120 ay müddətinə 100.000 manat kredit limiti ayrılmışdır.

11. Daha sonra, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən Cavabdeh4 İddiaçı ASC-dən illik 21 faizlə 12 ay müddətinə 25.000 manat kredit verilmişdir.

12. Sonradan Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 Nazim oğlu ilə xx.xx.2021-ci il tarixində və Cavabdeh3 Adın qızı ilə xx.xx.2022-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır.

13. Kredit və zaminlik müqaviləsi tərəflərin imzaları, hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur.

14. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

15. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

17. X1 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

18. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.

19. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış borc müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

20. İş materiallarına sonuncu əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh4 banka əsas borc üzrə 13.150,01 manat, kreditin bitmə tarixinə faiz borcu üzrə 1.314,43 manat borcu vardır.

21. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə zamin hesabından 1.000 manat, ümumilikdə isə 4.000 manat məbləğində ödəniş edildiyini, həmin ödənişlərin də əsas borcdan silindiyini, hazırda cavabdehlərin əsas borc üzrə 9.150,01 manat məbləğində borcunun qaldığını bildirmiş və xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 9.150,01 manat məbləğində pulun tutulmasını xahiş etmişdir.

22. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəmənin sualına cavab olaraq məhkəməyə iddia ərizəsi ilə müraciət edildikdən sonra edilən ödənişlərin müştərinin vəziyyətini yaşxılaşdırmaq üçün əsas borcdan silindiyini bildirmişdir.

23. Məhkəmə iş materiallarına əlavə edilmiş hesabdan çıxarışları və digər sübutları müqayisəli şəkildə təhlil edərək hesab edir ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 9.150,01 manat, faiz borcu üzrə 1.314,43 manat olmaqla, cəmi 10.879, 27 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

24. Məhkəmə hesab edir ki, müqavilə üzrə dəbbə pulunun tələb edilməsi hissəsində iddia əsaslıdır.

25. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

26. Hazırki işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 414,83 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir.

27. Məhkəmə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 81 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

28. İlk növbədə, iddiaçının əsas borca illik 5 faiz hesablanmış borcu xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tələb edildiyi və cavabdeh tərəfindən 4.000 manat məbləğində ödənişlərin məhkəmə prosesi mərhələsində edildiyini nəzərə alaraq məhkəmə qeyd edir ki, əsas borca illik 5 faiz ilkin tələb olunan məbləğdən yəni, 13.150,01 manat üzrə hesablanmalıdır.

29. Məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixdən (kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən) xx.xx.2023-cü il tarixədək (məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi tarixədək) hesabladıqda görünür ki, təxmini 43 gün keçmişdir.

30. Belə olan halda, məhkəmə hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla 77.45 (13.150,01x5/100=657,5 (1 il üçün), 657,5/365=1,8013 (1 gün üçün), 1,8013x43=77,45 (43 gün üçün) manat məbləğində pul da cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

31. Məhkəmə həmçinin hesab edir ki, iş materaillarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya xərcinin əvəzi olaraq 200 manat məbləğində pul Bakı 9 saylı Mediasiya təşkilatına ödənmişdir.

32. Ona görə də, mediasiya xərcinin əvəzi olaraq 200 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

33. Beləliklə iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

34. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 9.150 (doqquz min bir yüz əlli) manat, 01 (bir qəpik) qəpik, faiz borcu üzrə 1.314 (bir min üç yüz on dörd) manat, 43 (qırx üç) qəpik, cərimə borcu üzrə 414 (dörd yüz on dörd) manat, 83 (səksən üç) qəpik olmaqla, cəmi 10.879 (on min səkkiz yüz yetmiş doqquz) manat, 27 (iyirmi yeddi) qəpik məbləğində pul Cavabdeh4, Cavabdeh2 Nazim oğlundan və Cavabdeh3 Adın qızındandan müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Əsas borca illik 5 % hesablanmaqla 77 (yetmiş yeddi) manat, 45 (qırx beş) qəpik məbləğində pul Cavabdeh4, Cavabdeh2 Nazim oğlundan və Cavabdeh3 Adın qızındandan müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdeh4, Cavabdeh2 Nazim oğlundan və Cavabdeh3 Adın qızındandan müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar