Məhkəmə qərarları › İş №e-2-2(113)-1414/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1414/2024

05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1414/2024 05.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun tutulması və əmlakın boşaldılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması və əmlakın boşaldılması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması və əmlakın boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçıya mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi,ev 255, 255A, 225B ünvanında yerləşən ümumisahəsi 202 kv.metr olan qeyri-yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması; cavabdehdən ödənilməyən icarə haqqı 22000 (iyirmi ikimin) manat və ödənilmiş dövlət rüsumu 156 manatın iddiaçının xeyrinə tutulması; icarə müqaviləsinin müddətinin sonu – 20 dekabr 2023-cü il tarixdən etibarən qətnamə icra edilən müddətə aylıq 3000 (üç min) manat hesabı ilə dəymiş ziyanın əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X2 ilə İddiaçı mülkiyyət hüququ ilə məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 202 kv.metr olan qeyriyaşayış sahəsinin icarəyə verilməsi barədə 25 noyabr 2022-ci ildə icarə müqaviləsi bağlanmış və qeyd edilən qeyri-yaşayış sahəsi cavabdehə təhvil verilmişdir. Müqavilənin şərtlərinə görə icarə müddəti 20.12.22-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər müəyyən edilmiş, onun bitməsinə bir ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müqaviləsi daha bir ilmüddətinə uzadılmış hesab edilir. İcarə haqqı ilk üç ay aylıq 2500 manat, sonrakıaylar üçün 3000 manat müəyyən edilmişdir. İcarə haqqı vaxtında ödənilməzsə, icarəyə verən tərəfindən müqavilə ləğv oluna və əmlakın boşaldılmasını tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin daha bir şərtinə görə, icarəçi icarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir tikinti işləriapara bilməz. Cavabdeh üzərinə düşən öhdəlikləri vaxtı-vaxtında yerinə yetirməmiş, ödəməli olan icarə haqqının cüzi hissəsini ödəmişdir, eyni zamanda icarə müqaviləsinin müddətinin bitməsinə və ona xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, mülkiyyət hüququ ilə mənə məxsus qeyri-yaşayış sahəsini boşaltmaqdan imtina etmişdir. İcarə müqaviləsinin müddətinin bitən günə cavabdehin İddiaçı ödənilməyən icarə haqqı 22000 manat təşkiledir. Bundan əlavə,cavabdeh İddiaçı məxsus qeyri-yaşayış sahəni boşaltmaqdan imtina etdiyinə görə iddiaçı həmin əmlakdan təyinat üzrə istifadə edə bilmir, bununla da cavabdehin hərəkətləri nəticəsində iddiaçıya maddiziyanın vurulması davam edir. Bununla bağlı iddiaçıcavabdehə pretenziya qaydasında rəsmi bildirişi göndərərək, icarəçi qismində üzərinə düşən öhdəliklərin yerinə yetirmədiyinə görə tərəflər arasında bağlanmış icarə müqaviləsinin uzadılması niyyətində olmadığını bildirmiş, icarə haqqı ilə bağlı yarancaq borcun tam məbləğində ödənilməsini cavabdehdən xahiş etmişdir. Cavabdeh X1 həm şifahi, həm də yazılı qaydada edilmiş xəbərdarlıqlara baxmayaraq, cavabdeh öhdəliklərini yerinə yetirməyib. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, icarə müqaviləsi üzrə cavabdeh öz öhdəliklərini icra etmədiyi, yəni icarə haqqı borcunu ödəmədiyi üçün iddiaçı müqavilənin 4.2-ci bəndinə əsasən müqavilə müddəti bitən kimi, yəni xx.xx.2023-cü il tarixdə müqaviləni ləğv etmiş, müqavilə müddətinin uzadılmayacağı barədə cavabdehə məlumat verilmişdir. Lakin cavabdeh icarə haqqı borcunu ödəməmiş, habelə icarə sahəsini boşaldıb iddiaçıya təhvil verməmişdir. Bu səbəbdən iddiaçı əlavə olaraq cavabdehdən icarə sahəsi geri təhvil verilən günə qədər kompensasiya ödənilməsini tələb edir. Hazırda cavabdeh icarə sahəsindən qeyri-yaşayış sahəsi kimi (avtosalon) istifadə edib gəlir əldə edir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.

5. Məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı (icrəyə verən) və cavabdeh (icarəçi) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, qeyri-yaşayış sahəsinin icarə müqaviləsinə əsasən, iddiaçı (“icarəyə verən”) ünvan 3 ünvanında yerlənən ümumi sahəsi 202 m2 qeyri-yaşayış sahəsini xx.xx.2023-cü il tarixədək cavabdehə (“icarəyə götürən”) icarəyə vermişdir.

8. Müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər müəyyən edilir.

9. Müqavilənin 4-cü bəndinə əsasən icarəçi tərəfindən icarəyə verənə ilk 3 ay üçün ayda 2500 manat, sonrakı aylar üzrə aylıq 3000 manat icarə haqqı ödənilməlidir.

10. Müqavilənin 4.2-ci bəndinə əsasən icarəçi icarə haqqını vaxtında ödəməzsə, icarəyə verən tərəfindən icarə müqaviləsi ləğv edilə və əmlakın boşaldılması tələb edilə bilər.

11. İddiaçının bank hesabından çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdə 2500 manat, xx.xx.2023-cü ildə 2500 manat, xx.xx.2023-cü ildə 2500 manat, xx.xx.2023-cü ildə 700 manat, xx.xx.2023-cü ildə 2500 manat, xx.xx.2023-cü ildə 700 manat, xx.xx.2023-cü ildə 2500 manat, xx.xx.2023-cü ildə 700 manat, xx.xx.2023-cü ildə 700 manat (ümumilikdə 15300 manat) vəsait ödənilmişdir.

12. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

13. Belə ki, iddia tələbləri üç hissədən ibarətdir: 1. cavabdehin qeyri-yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması; 2. icarə haqqı borcunun tutulması; 3. icarə sahəsi boşaldılan vaxta qədər kompensasiya ödənilməsi.

14. Məhkəmə iddia ərizəsini birinci hissədə əsaslı hesab edir.

15. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli icarə müqaviləsi bağlanmış, həmin müqavilə üzrə icarə sahəsi iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, icarə sahəsi hazırda da cavabdehin sahiblik və istifadəsindədir. İcarə müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə bitmiş, iddiaçı müqavilə müddətinin uzadılmasına razılıq verməmişdir.

16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

17. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

18. Həmin Məcəllənin 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər.

19. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, cavabdeh qeyri-yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılmalıdır.

20. Məhkəmə iddia ərizəsini ikinci hissədə qismən əsaslı hesab edir.

21. Belə ki, xx.xx.2022-ci il tarixli icarə müqaviləsində icarə müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər müəyyən edilmiş, həmin müddət üçün cavabdeh icarə müqaviləsinin 4-cü bəndinə əsasən ümumilikdə 34500 manat (2500 manat * 3 ay + 3000 manat * 9 ay) ödəməli olduğu halda, iddiaçının özü tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən ümumilikdə 15300 manat ödəmiş, qalıq 19200 manat (34500 manat – 15300 manat) ödənilməmişdir.

22. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdehdən yaranmış 19200 manat icarə haqqı borcu tutularaq iddiaçıya ödənilməlidir.

23. Məhkəmə iddia tələbini üçüncü, icarə sahəsi geri təhvil verilənə qədər aylıq 3000 manat kompensasiyanın tutulması hissəsində də qismən əsaslı hesab edir.

24. Belə ki, iddiaçıya xx.xx.2024-cü il tarixli məhkəmə iclasında bu hissədə tələbin dəqiqləşdirilməsi təklif edilsə də, iddiaçının nümayəndəsi və vəkili Vəkil qətnamə icra edilən günə qədər kompensasiya tutulmalı olmasının qət edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından icarə sahəsinin cavabdeh tərəfindən icarə müddəti bitdikdən sonra iddiaçıya geri qaytarılmadığı müəyyən edildiyindən iddiaçı hazırda cavabdehdən kompensasiya tələb etməkdə haqlıdır.

26. Belə ki, Mülki Məcəllənin 705-ci maddəsinə əsasən əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir.

27. Məhkəmə qeyd edir ki, kompensasiyanın məbləği xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər (5 ay 16 gün * 3000 manat = 16600 manat) olan müddət üçün müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

28. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh iddiaçıya mülkiyyət hüququ ilə məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 202 kv.metr olan qeyri-yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılmalı, cavabdehdən 19200 manat icarə haqqı, 16600 manat kompensasiya tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 156 manat dövlət rüsumu cavabdehə aid edilməli, 49,80 manat dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir.

V. Nəticə:

31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyət hüququ ilə məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 202 kv.metr olan qeyri-yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılsın. Cavabdeh 19200 manat icarə haqqı, 16600 manat kompensasiya, ödənilmiş 156 manat dövlət rüsumu, ümumilikdə 35956 (otuz beş min doqquz yüz əlli altı) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 49,80 (qırx doqquz manat səksən qəpik) manat dövlət rüsumu İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar