Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1415/2021 16.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əliyeva Leyla Rauf qızı, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC–yə qarşı vergi borcunun tutulması tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən dövlət büdcəsinə olan 5.107,76 manat borcun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kiçik iddia üzrə sadələşdirilmiş qaydada ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Vergi Məcəlləsinin “Vergi orqanlarının hüquqları” adlanan 23.1.15-1-ci maddəsinə əsasən həqiqətən vergi orqanı hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Lakin məhkəmə hesab edir ki, bu maddi hüquq norması ümumi xarakter daşıyır və vergi orqanının vergilər üzrə borcların, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq hüququnun olduğunu təsbit edir, bu hüququn reallaşdırma qaydası isə Vergi Məcəlləsinin 89 və 90-cı maddələri ilə müəyyən edilmişdir. Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı vergi orqanı yalnız siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia ilə məhkəməyə müraciət edə bilər. Qanunverici bu zaman onu da nəzərə almışdır ki, cavabdeh orqan öz səlahiyyətləri daxilində iddia qaldırmadan borcludan müvafiq sərəncam əsasında pul vəsaitini tuta bilər. Vergi Məcəlləsinin 23.1.7-ci maddəsinə görə vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, inzibati cərimələrin alınmasını təşkil etmək vergi orqanlarının hüquqlarıdır. İstinad edilən maddi hüquq normasından da göründüyü kimi, vergi orqanının adıçəkilən sərəncamı icra (ödəniş) sənədidir və vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün hər hansı bir məhkəmə qərarı olmadan həmin digər kredit təşkilatlarına təqdim edilməsi kifayətdir. Bundan əlavə “İnzibati icraat haqqında” Azərbaycan 82.1 və 82.2-ci maddələrinə əsasən pul tələblərinin ödənilməsi aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məhkəmə icraçıları tərəfindən icra edilir. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair xx xxxxxxxx 2011-ci il tarixli qərarı ilə müəyyən edilir ki, vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisinin mülkiyyətində olan əmlakın siyahıya alınaraq ixtisaslaşdırılmış təşkilatda satılması mülkiyyətçinin Konstitusiya ilə təsbit olunmuş əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarına toxunduğu üçün məhz siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.1-ci maddəsinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. İnzibati cərimələrin tətbiq edilməsi isə bu cür proseduru nəzərdə tutmadığından burada mülkiyyət hüququnun məhdudlaşdırılması baş vermir. Şəxsin vergi məsuliyyətinə cəlb edilməsi məsələsini öz səlahiyyətləri çərçivəsində məhkəmə və ya vergi orqanı həll etməlidir. Eynilə vergi orqanı öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə görə hakim ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 284-4.1.1-ci maddəsinə görə bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir. 284-4.2-ci maddəsinə görə bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC–yə qarşı vergi borcunun tutulması tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 268, 284-4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC–yə qarşı vergi borcunun tutulması tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada verdiyi ərizənin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1415/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1415/2021
16.02.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver