Məhkəmə qərarları › İş №e-2-2(113)-1416/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1416/2025

09.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1416/2025 09.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, eyni zamanda Cavabdeh2 MMC-nin qanuni nümayəndəsi (direktoru) Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 16 noyabr 2022-ci il tarixli, 3M-1570 reyestr nömrəli icarə müqaviləsi üzrə 40.558 manat məbləğində qalıq borcun və məhkəməyə mürciət edilməsi üçün ödənilmş 223,67 manat pul vəsaitinin Cavabdeh2 MMC-dən və Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış “16” noyabr 2022-ci il tarixli, 3M-1570 reyestr nömrəli icarə müqaviləsinə əsasən, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2023 il tarixədək Cavabdeh2nə icarəyə verilmişdir. Qeyd edirik ki, hazırki iddia üzrə digər Cavabdeh1 yuxarıda göstərilən icarə müqaviləsi üzrə icarəyə götürən Cavabdeh2 MMC-nin direktoru və qanuni təmsilçisidir. “07” dekabr 2023-cü il tarixli, 3M-1645 nömrəli “müqavilənin ləğvinə dair” sazişə əsasən, tərəflər, xx.xx.2022-cü il tarixdə bağlanmış 3M-1570 reyestr nömrəli icarə müqaviləsinin ləğv edilməsi və icarə münasibətlərinə xitam verilməsinə dair ümumi razılığa gəlmişlər. Müqavilə ləğv edilməzdən öncə - “15” noyabr 2023-cü il tarixdə tərəflər borcların və inventarların müəyyən edilməsi və təsdiqlənməsi məqsədilə üzləşmə aktı tərtib etmişlər. Tərtib edilmiş üzləşmə aktına əsasən, icarə münasibətləri dövründə cavabdehlərin İcarəyə verənə yaranmış borcları öz əksini tapmışdır. Qalıq borcundan 2 dəfə 2000 manat ödəmiş Həmin sənədə əsasən, İddiaçı 44.558 manat məbləğində qalıq borcun olduğu təsdiq edilmiş və həmin akt cavabdehin, mülkiyyətçinin və digər şahidlərin iştirakı ilə imzalanmışdır. Qalıq borcundan 2 dəfə 2000 manat ödəmiş və 40.558 manat borc qalmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh, eyni zamanda Cavabdeh2 MMC-nin qanuni nümayəndəsi (direktoru) Cavabdeh1 izahat verərək iddianı qismən qəbul etdiyini, qaz plitəsi üçün 2.000 manat, icarə borcu üzrə 17.000 manat hissəsində razı olmadığını bildirmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: -14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. - 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

7. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

8. İş materiallarında olan İddiaçı (icarəyə verən) və Cavabdeh2 MMC (icarəçi) arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini (otel) aylıq 15.000 manat olmaqla xx.xx.2023 il tarixədək Cavabdeh2nə icarəyə verməyi öhdəsinə götürmüşdür.

9. İş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin ləğvi barədə saziş bağlanmışdır.

10. İş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2023-cü il tarixə borclar və inventar siyahı tərtib edilmiş və hər iki tərəf qeyd edilən sənədi imzalamışlar.

11. Qeyd edilmiş sənəddən görünür ki, Cavabdeh2-nin direktoru Cavabdeh1 44.558 manat borcunun olması halını qəbul etmiş və bunu imzası ilə təsdiq etmişdir.

12. İddiaçı tərəf qeyd edilmiş borcdan 4.000 manat ödənildiyini və 40.558 manat borcunun qaldığını bildirmişdir.

13. Məhkəmə iclasında iştirak edən cavabdeh, eyni zamanda Cavabdeh2 MMC-nin qanuni nümayəndəsi (direktoru) Cavabdeh1 qeyd edilmiş qrafada əks olunmuş əmək haqqı 2.870 manat, booking xərci 9.883 manat, otelin sınaq boşqab və inventarları üçün hesablanmış 4.900 manat, qaz pulu 500 manat, işıq pulu 2.375 manat pulun hesablanması ilə razı olduğunu bildirmişdir.

14. Göründüyü kimi, cavabdeh qeyd edilmiş puldan 20.558 manat hissəni mübahisələndirmir.

15. Cavabdeh tərəf qeyd edilmiş qrafada əks olunmuş 3 “bəndi” mübahisələndirir.

16. Cavabdeh tərəf, həmin qrafada əks olunmuş otelin restoranın digər şəxs icarəyə verilməsi ilə bağlı aldığı 5.000 manat depozit məbləği ilə bağlı qeyd etmişdir ki, bu pulu icarəyə verənin razılığı ilə reklam işlərinin görülməsinə xərclənmişdir.

17. İddiaçı tərəf isə qeyd etmişdir ki, elə bil razılıq olmamış və cavabdehin digər İİİ şəxs olan icarəçidən aldığı 5.000 manat pulu qaytarmadığını və həmin pulu restoranın icarəçisinə iddiaçının qaytardığını bildirmişdir.

18. Bu xüsusda Məhkəmə qeyd edir ki, Cavabdeh1 oteldə yerləşən restoranın İİİ şəxsə icarəyə verərkən 5.000 manat pulu alması halını qəbul etmiş, ancaq mülkiyyətçinin razılığı ilə bu pulun reklam işlərinə xərcləməsi halını sübuta yetirə bilməmişdir.

19. Ona görə də, Məhkəmə hesab edir ki, qeyd edilmiş cədvəldə restoranın depoziti üçün hesablanmış 5.000 manat pul əsaslıdır.

20. Cavabdeh tərəf qeyd edilmiş cədvəldə əkə olunmuş qaz plitəsi üçün 2.000 manat pulun hesablanması ilə razı olmadığı və sınmış qaz plitəsinin pulunu Nüsrət müəllim adlı şəxsin sürücücüsə verdiyini bildirmişdir.

21. İddiaçı tərəf isə Nüsrət müəllim adlı şəxsi və sürücüsünü tanımadığını, iddiaçı və onun mülkiyyətində olan əmlaka heç bir aiddiyatı olmadığını bildirmişdir.

22. Bu xüsusda da, Məhkəmə qeyd edir ki, cavabdeh tərəf qaz plitəsinin sınması halını və onun əvəz etməli olduğu halını qəbul etmiş, ancaq qaz plitəsinin pulunu iddiaçıya ödənilməsi halını sübut edə bilməmişdir.

23. Ona görə də, Məhkəmə hesab edir ki, qeyd edilmiş cədvəlin müvafiq qrafasında hesablanmış pul əsaslıdır.

24. Bundan başqa cavabdeh tərəf qeyd edilmiş icarə sahəsindən tam olaraq noyabr ayının ortalarında çıxdığını, ona görə də, icarə haqqı üçün 10 noyabr-10 dekabr tarixləri üçün hesablanmış 17.000 manat pulu ödəməli olmadığını bildirmişdir.

25. İddiaçı tərəf isə, icarə müqaviləsində icarə haqqının 15.000 nəzərdə tutulsa da, faktiki 17.000 manat olduğunu, cavabdehin noyabr ayının ortalarında çıxsa da, onları xəbərdar etmədən və müqavilənin 7-ci bəndinin tələblərinə əməl etməyərək bir ay qabaqcadan xəbərdar etmədiyini və buna görə də, 10 noyabr-10 dekabr tarixləri üçün icarə haqqını ödəməli olduğunu bildirmişdir.

26. Məhkəmə iclasında cavabdeh tərəfdən nəyə görə noyabr ayının təxmini ortasında çıxması və onun çıxmasının səbəbinin nə olması, 1 ay öncədən iddiaçıya bildirib-bildirməsi halı soruşulmuşdur.

27. İddiaçı tərəf 1 ay öncədən yazılı qaydada xəbərdar etmədiyini, çıxmasının səbəbin iddiaçı tərəfindən müdaxilələrin olmasını, örnək olaraq iddiaçı tərəfindən kameralara baxıldığını, foyedə oturan şəxs kimdi kimi sualların telefon zəngləri vasitəsi ilə verildiyini və obyektdən çıxmasını iddiaçının tələb etmədiyini bildirdi.

28. Bu xüsusda Məhkəmə qeyd edir ki, göründüyü kimi, cavabdeh tərəf icarə sahəsindən noyabr ayının ortalarında çıxsa da, bu barədə iddiaçını müqavilədə nəzərdə tutulmuş qaydada 1 ay öncədən xəbərdar etməmişdir. Əksinə hər iki tərəfin iştirakı ilə xx.xx.2023-cü il tarixdə müqavilənin ləğvinə dair saziş imzalamışlar.

29. Ona görə də, Məhkəmə hesab edir ki, 10 noyabr-10 dekabr tarixləri üçün icarə haqqı tutulmalıdır və bu icarə haqqı müqavilədə nəzərdə tutulmuş aylıq 15.000 manat hesablanmalıdır.

30. Məhkəmə həmçinin qeyd edir ki, tərəflərin imzaladığı xx.xx.2023-cü il tarixə borclar və inventar siyahıda 44.558 manat borc Cavabdeh1 şəxsi borcu kimi göstərilsə də, xx.xx.2022-ci il tarixli icarə müqaviləsi məhz İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlandığından bu borc Cavabdeh2 MMC-nin borcudur.

31. Ona görə də, Məhkəmə hesab edir ki, 38.558 manat (cavabdehin qəbul etdiyi 20.558 manat və 4.000 manat ödədikdən sonra 16.558 manat qalmış, 5.000 manat restoranın depozit məbləği, qaz plitəsi üçün 2.000 manat, 15.000 manat icarə haqqı borcu) məbləğində pul Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ödənilməlidir.

32. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

33. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. 38.558 (otuz səkkiz min beş yüz əlli səkkiz) manat məbləğində pul Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 205 (iki yüz beş) manat 67 (altmış yeddi) qəpik məbləğində pul Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar