Məhkəmə qərarları › İş №e-2-2(113)-1417/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1417/2022

09.03.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1417/2022 09.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, Cavabdehin vəkili Vəkil iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh “Firuzə” firmasına qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh “Firuzə” firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 12.02.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 8.000 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 8.000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan “Firuzə” firması Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 12.02.2021-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 12.02.2021-ci il tarixə yaranan 8.000 manat borcuna görə 8.000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 17.02.2021-ci il tarixli **********7 saylı protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafıq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə 23.02.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 12.02.2021-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 8.000 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil məhkəməyə verdiyi izahatında iddiaçının qeyd edilən tarixə tələb edilən vergi borcunun səyyar vergi yoxlaması nəticəsində hesablanmış vergi borcu olduğunu və həmin tarixə olan borc tərəflərindən ödənildiyini, həmin vaxtı onların da xəbəri olmadan Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən onların və digər daş karxanalarının fəaliyyəti barədə yoxlamalar aparıldığını, bəzi karxanaların qanunsuz fəaliyyət göstərdiyi aşkar olunduğunu və bu səbəbdən toplanmış materialların Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərildiyini, daha sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən karxanaların qanunsuz fəaliyyətinin vergi baxımından da yoxlanılmasının vergi orqanından istənildiyini, “Firuzə” firması ilə bağlı hissədə isə nə firmanın nə də ki direktorun barəsində cinayət işinin açılmadığını, əksinə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi firmanın qanunsuz fəaliyyət göstərmədiyi əsası ilə yenidən araşdırılması üçün materialların təkrar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qaytarıldığını və zərərin vurulmadığının aşkar edildiyini, bu barədə akt tərtib edildiyini, amma materialların Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qaytarılana qədər vergi orqanı tərəfindən səyyar vergi yoxlamasının aparıldığını və nəticədə “Firuzə” firmasına əsassız vergi borcunun hesablandığını, hesablanmış vergi borcu əsassız olduğundan əmlakın siyahya alınmasına yol verilə bilmədiyini bildirərək, iddianın rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 18 yanvar 2021-ci il tarixdə cavabdehə dövlət büdcəsinə borcunun ödənilməsinə dair **********8 saylı bildiriş göndərilərək, 18.01.2021-ci il tarixinə ümumilikdə 87.158,83 manat, o cümlədən vergilər üzrə 43.060,54 manat, maliyyə sanksiyası üzrə 29.845,66 manat, faizlər üzrə 14.252,63 manat məbləğində borcların 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 11.02.2021-ci il tarixdə iddiaçının vergi öhdəliyini yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında **********7 nömrəli qərarı ilə “Firuzə” firmasının vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün əmlakının siyahıya alınması qərara alınmışdır. 17.02.2021-ci il tarixdə cavabdeh “Firuzə” firmasına məxsus əmlak siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında protokol və akt tərtib edilmişdir. 23.02.2021-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Firuzə” firmasına vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə xəbərdarlıq ünvanlanaraq bildirilmişdir ki, 11.02.2021-ci il tarixli qərara əsasən 17.02.2021-ci il tarixdə 8.000 manat dəyərində olan əmlak siyahıya alınmışdır. Əmlakın siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacaqdır. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, vergi ödəyicisi olan cavabdeh “Firuzə” firması vergi öhdəliyini qanunvericiliklə müəyyən edilmiş müddətdə yerinə yetirməyərək, vergi borcunun dövlət büdcəsinə ödənilməsini təmin etməmişdir. Vergi orqanı tərəfindən cavabdehin sözügedən borclarının ödənilməsinin təmin olunması məqsədilə Vergi Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulmuş tədbirlər görülmüşdür. Həmin tədbirlər nəticə vermədiyindən 17.02.2021-ci il tarixdə cavabdeh “Firuzə” firmasının 12.02.2021-ci il tarixə vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 8.000 manat dəyərində əmlakı siyahıya alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin: 23.1 və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. 1.4-ci maddəsinə görə Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Vergi Məcəlləsinin 90.1-ci maddəsinin iddia ərizəsi verilərkən qüvvədə olmuş redaksiyasına uyğun olaraq, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. “Sosial Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.1-ci maddəsinə görə məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh “Firuzə” firmasının vergi öhdəliklərini tam həcmdə və vaxtında ödəmək üzrə vəzifəsini lazımınca icra etməsini təmin etmək məqsədilə vergi orqanı tərəfindən cavabdehə məxsus əmlak qanunda nəzərdə tutulmuş qaydada siyahıya alınsa da, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində vergi borcunun tam şəkildə ödənilməsi təmin edilmədiyindən iddiaçı həmin borcun cavabdehin əmlakına yönəldilməsini tələb etməkdə haqlıdır. Cavabdehin vəkilinin istinad etdiyi dəlillərə münasibətdə məhkəmə qeyd edir ki, hazırkı mübahisə cavabdehin şəxsi hesab vərəqəsində əks olunmuş vergi borcunun ödənilməsini təmin etmək məqsədilə cavabdehə məxsus siyahıya alınmış əmlakın açıq hərracdan satılması ilə bağlı olmaqla, cavabdehə hesablanmış borcun əsaslı olubolmaması məhkəmə araşdırmasının predmetinə daxil deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddələrinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun iddia ərizəsi verilərkən qüvvədə olmuş 8.4.7-ci maddəsinin tələbinə görə vergi ödəmələri barədə mübahisələr üzrə iddia ərizələrindən 10 manat dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 10 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh “Firuzə” firmasının 12.02.2021-ci il tarixə olan 8.000 manat məbləğində dövlət büdcəsinə olan borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış 8.000 manat dəyərində olan əmlakları ixtisaslaşdırılmış açıq hərracda satılmalı, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən 8.000 manat məbləğində vergi borcu tutulmalı, satışdan artıq qalan məbləğ “Firuzə” firmasına qaytarılmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Firuzə” firmasının 12.02.2021-ci il tarixə dövlət büdcəsinə olan 8.000 (səkkiz min) manat məbləğində vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış 8.000 (səkkiz min) manat dəyərində olan əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılsın. Göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən 8.000 (səkkiz min) manat məbləğində borc və 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Satışdan artıq qalan məbləğ cavabdeh “Firuzə” firmasına qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar