Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1417/2024 05.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi üzrə borcun ödənilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödənilməyən icarə haqqı olaraq 6000 (altı min) manat və ödənilmiş dövlət rüsumu 80 manatın İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 256,95 kv.m olan yerin icarəyə verilməsi barədə 27 aprel 2022-ci il tarixdə icarə müqaviləsi bağlanmış və qeyd edilən sahə cavabdehə təhvil verilmişdir. Müqavilənin şərtlərinə görə icarə müddəti 27.04.22-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər müəyyən edilmiş, onun bitməsinə bir ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müqaviləsi daha bir il müddətinə uzadılmış hesab edilir. Müqavilənin şərtlərinə görə icarəçi ilk birinci ayın icarə haqqını ödəməməlidir və iyun, iyul və avqust ayları üçün icarə haqqının ödənilməsindən azad edilmişdir. Cavabdeh üzərinə düşən öhdəlikləri vaxtıvaxtında yerinə yetirməmiş, ödəməli olan icarə haqqının bir hissəsini ödəmişdir, qalan vəsaiti ödəməmiş və obyekti tərk etmişdir. İcarə müqaviləsinin müddətinin bitən günə cavabdehin İddiaçı ödənilməyən icarə haqqı 6000 manat təşkil edir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. - 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 02 saylı icarə müqaviləsi imzalanmışdır.
10. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icarəyə verən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 256,95 kv.m olan sahəni icarəçiyə icarəyə verməyi, icarəçi də, icarə haqqı ödəməyi öhdəsinə götürür.
11. Həmin müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti 27.04.22-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər müəyyən edilir, onun bitməsinə bir ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müqaviləsi daha bir il müddətinə uzadılmış hesab edilir.
12. Müqavilənin 4-cü bəndinə əsasən icarəyə verilən sahənin istifadəsinə görə icarəçi icarəyəverən aylıq 2.500 manat məbləğində icarə haqqı ödəməlidir. İcarəçi ilk birinci ayın icarə haqqını ödəməməlidir və iyun, iyul və avqust ayları üçün icarə haqqının ödənilməsindən azad edilmişdir.
13. Məhkəmə ilk növbədə qeyd edir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X1 Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir.
14. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də, məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış icarə müqaviləsindən irəli gəlir.
15. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun istifadəyə görə icarə haqqı ödəmək vəzifəsi və iddiaçının da, müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır.
16. İş materiallarına iddiaçı tərəfindən əlavə olunmuş çıxarışdan görünür ki, icarəçinin xx.xx.2022-ci il tarixə 700 manat, xx.xx.2022-ci il tarixə 2.500 manat, xx.xx.2022-ci il tarixə 700 manat, xx.xx.2022-ci il tarixə 700 manat, xx.xx.2022-ci il tarixə 1.400 (700+ 700) manat olmaqla, cəmi 6.000 manat məbləğində ödənilməmiş icarə haqqı borcu vardır.
17. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılsa da iddiaya münasibət (etiraz) bildirməmiş, icarə haqqı borcunun ödənilməsini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.
18. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehə təkcə məhkəmə iclasının vaxtı və yeri barədə deyil həmçinin də, iddianı qəbul edib-etməməsi, etmədiyi təqdirdə etirazın göndərilməsi təflifi barədə məktub göndərilsə də, cavabdeh tərəf hər hansı mübahisə ilə bağlı hər hansı bir etiraz və yaxud borcun ödənilməsinə dair sənədi Məhkəməyə təqdim etməmişdir.
19. Qeyd edilən olunan halı isə Məhkəmə, dolayı ilə iddianı qəbul etməsi kimi qiymətləndirir.
20. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia əsaslıdır və icarə haqqı borcu üzrə 6.000 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
21. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 80 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
22. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 80 manat məbləğində pul iddiaçı tərəfindən dövlət büdcəsinə ödənmişdir.
23. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
24. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən icarə haqqı borcu üzrə 6.000 (altı min) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 80 (səksən) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov