Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-142/2024 14.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X5” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2nə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin tutulması) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, X4 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “X5” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2nə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı “X5” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2nə (Cavabdeh2 MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən gecikdirilmiş əsas borc məbləğinə illik 5%-lə hesablanmış 16624,07 (on altı min altı altı yüz iyirmi dörd ABŞ dolları yeddi sent) ABŞ dolları məbləğində faiz borcu və mediasiya xərci olaraq ödənilmiş 200 (iki yüz manat) pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-37/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 MMC, X2 və Cavabdeh1 253443,66 ABŞ dolları əsas borc, 14777,43 ABŞ dolları faiz borcu, illik 5%-lə hesablanmış 5948,89 ABŞ dolları faiz borcu olmaqla, cəmi 274169,98 ABŞ dolları məbləğin Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla tutularaq "xxxx" Açıq Səhmdаr Cəmiyyətinə ödənilməsi, tutmanın ilkin satış qiyməti ******* manat olan Cavabdeh2 MMC-yə məxsus ümumi sahəsi 669.3 m2 olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına (Nübar kafesi) yönəldilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldılması, məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı olan 150 manat məbləğində xərcin 6,45 manatının "xxxx" ASC-dən, 143,55 manatının isə cavabdehlər Cavabdeh2 MMC, X2 və Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdehlər məhkəmənin qəbul etdiyi qətnamədən sonrakı müddət ərzində qət edilmiş 253443,66 ABŞ dolları əsas borc və hesablanmış faiz borcunun ödənilməsi ilə bağlı əməli tədbir görməmiş, nəticədə İddiaçı ASC-yə zərər dəymiş və dəyən zərərin ödənilməsi zərurəti yaranmışdır. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən cavabdehlərin ödənilməsi gecikdirilmiş əsas borc məbləğinə hesablanmış illik beş faiz borcu 16624,07 ABŞ dolları təşkil edir. Göründüyü kimi, qətnamənin qəbul edilməsindən xeyli müddət keçməsinə baxmayaraq, cavabdehlər kredit borcunun ödənilməsinə əməl etməmiş və nəticədə onların vurduğu zərər nəticəsində İddiaçı Açıq Səhmdar Cəmiyyətini müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022ci il tarixli, e-2-2(113)-37/2022 saylı qətnaməsi qəbul edildikdən sonrakı müddət ərzində cavabdehlər tərəfindən heç bir ödəniş olmadığı üçün bank tərəfindən faiz hesablanmışdır və bu faiz borcu cavabdehlərdən tutulmalıdır.
3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, cavabdehlər Cavabdeh2 MMC, X2 və Cavabdeh1 birgə qaydada gecikdirilmiş əsas borc məbləğinə illik 5%-lə hesablanmış 16624,07 (on altı min altı altı yüz iyirmi dörd ABŞ dolları yeddi sent) ABŞ dolları məbləğində faiz borcu və mediasiya xərci olaraq ödənilmiş 200 (iki yüz manat) pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 445.7, 449-cu maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarına istinad olunmuşdur.
5. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
6. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
7. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarxili, e-2-2(113)-37/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 MMC, X2 və Cavabdeh1 253443,66 ABŞ dolları əsas borc, 14777,43 ABŞ dolları faiz borcu, illik 5%-lə hesablanmış 5948,89 ABŞ dolları faiz borcu olmaqla, cəmi 274169,98 ABŞ dolları məbləğində pulun Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla tutularaq "xxxx" Açıq Səhmdаr Cəmiyyətinə ödənilməsi, tutmanın ilkin satış qiyməti ******* manat olan Cavabdeh2 MMC-yə məxsus ümumi sahəsi 669.3 m2 olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasına (Nübar kafesi) yönəldilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldılması, məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı olan 150 manat məbləğində xərcin 6,45 manatının "xxxx" ASC-dən, 143,55 manatının isə cavabdehlər Cavabdeh2 MMC, X2 və Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(103)-515/2023 saylı qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-37/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması qət edilmişdir.
10. “X5” QSC tərəfindən tərtib edilmiş arayışda qeyd edilmişdir ki, “Paritet B" MMCnin xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövr ərzində "Azər-Türk Bank” ASC-yə olan faiz borcu 16624,07 ABŞ dolları təşkil edir.
11. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarxili, e-2-2(113)-37/2022 saylı qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 MMC, X1 və Cavabdeh1 qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbinə iddiası qismən təmin olunmuşdur. Həmin qətnamədən cavabdehlər apellyasiya şikayətləri vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(103)-515/2023 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin olunmamış, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-37/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdehlər kassasiya şikayətləri vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-63/2024 saylı qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(103)-515/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Hazırda iddiaçı iddia tələbində xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək qətnamənin icra edilmədiyini bildirərək, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin cavabdehlərdən tutulmasını tələb edir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla,zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
15. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Məhkəmənin mövqeyi
16. İddia tələbini cavabdehlər Cavabdeh2 MMC, X2 və Cavabdeh1 birgə qaydada gecikdirilmiş əsas borc məbləğinə illik 5%-lə hesablanmış 16624,07 (on altı min altı altı yüz iyirmi dörd ABŞ dolları yeddi sent) ABŞ dolları məbləğində pulun tutulması təşkil edir.
17. Məhkəmənin qənaətinə əsasən iddia qismən təmin olunmalıdır.
18. Belə ki, “Cavabdeh2 xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövr ərzində "Azər-Türk Bank” ASC-yə olan faiz borcunun hesablanması barədə” “X5” ASC tərəfindən təqdim edilən arayışda “Paritet B" MMC-nin xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövr ərzində "Azər-Türk Bank” ASC-yə 5%-lə hesablanmış faiz borcunun 16624,07 ABŞ dolları təşkil etdiyi qeyd olunur. Həmin arayışdan görünür ki, göstərilən dövr üzrə hesablama aparılarkən il üzrə günlərin sayı 360 gün götürülmüş, eləcə də gecikmə günlərinin sayında bəzi yanlışlıqlara yol verilmişdir.
19. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixinə qalıq borc məbləğini təşkil edən 253443,66 ABŞ dolları məbləğinə illik 5%-lə hesablanmış məbləğin tutulmasının xahiş etmişdir. Maliyyə cədvəlindən göründüyü kimi, xx.xx.2022-ci il tarixdə həmin borcdan 1500 ABŞ dolları ödəniş edilmiş, qalıq borcun məbləği 251943,66 ABŞ dolları təşkil etmişdir. Həmin tarixə gecikmə günlərinin sayı 86 gün (fevral 20 (9-u da daxil olmaqla) gün+31+30+5), 253443,66 ABŞ dolların 5%-lə hesablanmış məbləği isə 2985,80 ABŞ dolları (253443,66X5:365X86=2985,774) olmuşdur. İddiaçı isə gecikmə günlərinin sayını 87 gün olaraq göstərmişdir.
20. xx.xx.2022-ci il tarixə qalan 251943,66 ABŞ dolları məbləğdən xx.xx.2022-ci ildə 2670 manat ödəniş edilmiş, qalıq məbləğ 249273,66 ABŞ dolları olmuşdur. İddiaçı həmin müddət üzrə gecikmə günlərinin sayını 209 gün götürmüş və müvafiq olaraq 5% məbləğ hesablamışdır. 251943,66 ABŞ dolların 5%-lə hesablanmış məbləği isə 7213,20 ABŞ dolları (251943,66X5:100:365X209=7213,20) təşkil edir.
21. xx.xx.2022-ci il tarixə qalan 249273,66 ABŞ dolları məbləğdən xx.xx.2023-cü ildə 1170 manat ödəniş edilmiş, qalıq məbləğ 248103,66 ABŞ dolları olmuşdur. İddiaçı həmin müddət üzrə gecikmə günlərinin sayını 69 gün götürmüş və müvafiq olaraq 5% məbləğ hesablamışdır. 249273,66 ABŞ dolların 5%-lə hesablanmış məbləği isə 2356,15 ABŞ dolları (249273,66X5:100:365X69=2356,15) təşkil edir.
22. xx.xx.2023-cü il tarixə əsas borcdan qalıq məbləğ 248103,66 ABŞ dolları olmuşdur. İddiaçı həmin müddət üzrə 112 gecikmə gününə 5% məbləğ hesablamışdır. 248103,66 ABŞ dolların 5%-lə hesablanmış məbləği isə 3806,50 ABŞ dolları (248103,66X5:100:365X112=3806,521) təşkil edir.
23. Beləliklə, mübahisələndirilən dövr üzrə əsas borca 5%-lə hesablanmış ümumi məbləğ 16367,90 ABŞ dolları (2985,80+7213,20+2356,15+3806,50=16367,90) təşkil etmişdir.
24. Məhkəmə yuxarıda qeyd olunanları, qanunvericilik normalarını, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, cavabdehlər (borclu və zaminlər) pul məbləğinin ödənilməsini gecikdirdiyindən iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin cavabdehlərdən tutulmasını tələb etməkdə haqlıdır və iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2ndən birgə qaydada pulun ödənilməsinin gecikdirilməsinə görə illik 5 (beş) faizlə hesablanan 16367,90 ABŞ dolları (on altı min üç yüz altmış yeddi dollar doxsan sent) məbləğində pul vəsaiti manatın ödəniş gününə məzənnə nisbəti ilə iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır.
25. Eləcə də, iddiaçı mediasiya xərci olaraq ödənilmiş 200 manat pulun cavabdehlərdən birgə qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.
26. Məhkəmə hesab edir ki, 200 (iki yüz) manat mediasiya xərci cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2ndən birgə qaydada pulun ödənilməsinin gecikdirilməsinə görə illik 5 (beş) faizlə hesablanan 16367,90 ABŞ dolları (on altı min üç yüz altmış yeddi dollar doxsan sent) məbləğində pul vəsaiti manatın ödəniş gününə məzənnə nisbəti ilə və 200 (iki yüz) manat mediasiya xərci iddiaçı “X5” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova