Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1423/2021 03.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Ülkər Təhmasib qızı, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh LPO Cavabdeh1 ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər LPO Cavabdeh1 ASC və Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər LPO Cavabdeh1 ASC və Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC-dəki hesabında olan 56368,96 manat məbləğində vəsaitin cavabdehlərdən tutularaq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında cavabdeh LPO Cavabdeh1 ASC-nin nümayəndəsi Ç.Dibirov yazılı vəsatət verərək “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin tələblərinə əsasən bankın müflis elan olunmasına dair qərarın qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraatı çərçivəsində olan bütün iddiaların dayandırılmalı olmasını, həmin Qanunun 72.1.3-cü maddəsinə əsasən bank barəsində digər məhkəmə icraatına başlanıla bilinmədiyini və banka qarşı bütün tələblərin yalnız həmin Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülməli olduğunu göstərib hazırkı iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 vəsatətlə razılaşmayaraq vəsatətin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Digər cavabdeh Əmanətlərin Sığortalanması Fondu məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə hazırlıq iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırlıq iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilməli və hazırkı iddia tələbinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Materiallara əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(103)- 130/2020 saylı xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi təmin edilmiş, Cavabdeh1 ASC müflis elan edilərək, Əmanətlərin Sığortalanması Fondu həmin ASC-nin ləğvedicisi təyin edilmişdir. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 2004-cü il tarixli Qanununun 72.1-ci maddəsinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır...bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız həmin Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli Qərarına əsasən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. X2 Məhkəməsi Plenumunun gəldiyi qənaətə əsasən “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, hazırkı iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən xitam verilməli, iddiaçıya pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. - 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. - 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. - 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. - 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdehlər LPO Cavabdeh1 ASC və Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul” tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçı MMC-yə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi hüququ izah olunsun. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1423/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1423/2021
03.03.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver