Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1423/2022 14.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqaviləyə xitam verilməsi və pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh qarşı (bundan sonra – cavabdeh) “müqaviləyə xitam verilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixdə 06/1713/DLİZ nömrəli X1 Müqaviləsinə xitam verilməsi, iddiaçıya məxsus “Range Rover” markalı **-AB- *** dövlət qeydiyyat nişanlı avtomobilin öz mülkiyyətçisinə qaytarılması, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 06/1713/DLİZ nömrəli X1 Müqaviləsinə əsasən yaranmış 83750,67 manat əsas borc, 42859,41 manat mükafat borcu, 1002,85 cərimə faizi, cəmi 127612,93 manat lizinq borcu məbləğinin, iddiaçı tərəfindən ödənilmiş 400 manat ilkin mediasiya prosesində iştirak üçün ödənilmiş xərc və əlavə 18,40 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 06/1713/DLİZ nömrəli X1 Müqaviləsinə əsasən iddiaçı təsviri bu müqavilədə göstərilən 1 ədəd, 2013-cü il buraxlışı olan, “Range Rover” markalı, ban SALGA2EF8DA001166 nəqliyyat vasitəsini xx.xx.2019-cu il tarixdən etibarən cavabdehin istifadəsinə vermişdir. Müqavilənin 9.4-cü bəndinə əsasən lizinq alanın “Lizinq verən”ə ödəməli olduğu lizinq ödənişlərinin ümumi dəyəri 95500 manat təşkil edir. Bu ümumi məbləğdən 37584 manat “lizinq verən”nin mükafatını təşkil edir. Tərəflərin razılığı əsasında bu müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Hər ay 3696.78 manat ödəniş etməlidir. Lizinq müqaviləsi üzrə illik faiz dərəcəsi 23 % olmaqla 36 ay müddətinə verilmişdir. Cavabdeh müqaviləsinə əlavə edilmiş Lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Belə ki, cavabdeh xx.xx.2019-cu il tarixdən etibarən hər ay 3696.78 manat olmaqla ödəniş etməli olduğu təqdirdə xx.xx.2019-cu il tarixdən etibarən heç bir ödəniş etməmişdir. Cavabdeh etibarnamə əsasında idarə etdiyi **-AB-*** dövlət qeydiyyat nişanlı “Range Rover” avtomobilini etibarnamə olmadan idarə edərək özündə saxlamaqdadır. Yaranmış borcla bağlı iddiaçı tərəfindən cavabdehlərə müxtəlif tarixlərdə yazılı və şifahi xəbərdarlıqlar edilmiş, əks halda tərəflər arasında bağlanmış müqavilənin bir tərəfli qaydada xitam edilməsi və yarnmış borcun məhkəmə qaydasında tələb edilməsi məqsədi ilə aidyyatı üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1423/2022 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Daha sonra cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2-(113)-1423/2022 saylı qiyabi qətnaməsinin ləğv edilməsi və mülki işi təzələyərək mahiyyəti üzrə baxışa təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-1423/2022 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş ərizə təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2-(113)-1423/2022 saylı qiyabi qətnaməsi ləğv edilmiş, kommersiya mübahisəsinə dair iş üzrə icraat təzələnmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, müqavilə üzrə yaranmış borcun cavabdehdən tələb edilməsi ilə yanaşı lizinq obyektinin də cavabdehdən geri götürülməsi qanunvericiliyin tələblərinə ziddir. Belə ki, həmin ödənişlər ödənildiyi təqdirdə lizinq obyekti lizinq alanın mülkiyyətinə daxil olur. Bundan əlavə, lizinq verənlə lizinq alan arasında əldə edilmiş şifahi razılaşmaya əsasən lizinq obyekti olan avtomobil başqa şəxsə verilmiş, ödənişlər də həmin şəxs tərəfindən edilməli idi. İddiaçının nümayəndəsi Z.Quliyev xx.xx.2022-ci il tarixdə Məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iş üzrə yekun məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 24 may 2019-cu il tarixli 06/1713/DLİZ nömrəli X1 müqaviləsinə əsasən lizinq verən əvvəlcədən lizinq vermək məqsədilə öz vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan və ya lizinq alan tərəfindən seçilmiş, lizinq verənlə satıcı arasında bağlanılan alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş 1 ədəd 2013-cü il buraxılışlı olan, Range Rover markalı, mühərrik, ban SALGA2EF8DA001166 nömrəli, nəqliyyat vasitəsini lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi öz öhdəsinə götürür. Lizinq alan isə bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən hazırkı maliyyə lizinqi müqaviləsi 36 ay müddətinə bağlanılmaq şərti ilə lizinq obyektinin lizinq alana təhvil-təslim aktının imzalanmaqla təhvil verildiyi andan hüquqi qüvvəyə minir və xx.xx.2022-ci il tarixənədək qüvvədədir. Müqavilənin 9.4-cü bəndinə əsasən lizinq alanın lizinq verənə ödəməli olduğu lizinq ödənişlərinin ümumi məbləği 95500 manat təşkil edir. Bu ümumi məbləğdən 37584 manat lizinq verənin mükafatını təşkil edir. Müqavilənin 11.3-cü bəndinə əsasən lizinq verənin müəyyən etdiyi müddət ərzində lizinq obyekti, onun ayrılmaz hissəsi olan ləvazimat və sənədlər lizinq verənə təhvil verilməyibsə, lizinq verən lizinq obyektini məcburi qaydada geri ala bilər və onların təhvil verilməsinin hər gecikdirilmiş günü üçün lizinq obyektinin cari dəyərinin 0,5 faizi məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər. "xxxx" MMC, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC-yə məxsus “Range Rover” markalı Salga 2EF8DA001166 şassi, mühərrik **-AB-*** qeydiyyat nişanları olan avtomobil müştəriyə təhvil verilib. 24 may 2019-cu il tarixli iltizamdan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə bağlanan 06/1713/DLİZ saylı müqavilədə göstərilən öhdəlik bitənə qədər, sığorta hadisəsi baş verdikdə yaranan çətinliklər – sığorta şirkəti və ya servis ilə bağlı narazılığın bank qarşısında olan aylıq öhdəliyinə heç bir təsir etməyəcəyini öz öhdəsinə götürmüşdür. Mİ – 010517 nömrəli Nəqliyyat vasitələrinin kasko sığortası şəhadətnaməsinə əsasən ** AB *** dövlət nömrə nişanlı Range Rover markalı avtomobil yol nəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, üçüncü şəxsin qanuna zidd hərəkəti, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, yanğın və partlayış risklərinə qarşı kasso sığortası etdirilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2021-ci il tarixli 06/1413/DLİZ nömrəli sonuncu xəbərdarlıqdan görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 06/1713/DLİZ saylı maliyyə lizinqi müqaviləsinə əsasən “Range Rover” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil müqavilənin şərtlərinə əsasən sonuncu dəfə xx.xx.2019-cu il tarixdə ödəniş aparılmışdır. Odur ki, yaranmış 103476,41 manat borcun tam şəkildə ödənilməsini 5 gün müddətində təmin etməsini tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 06/1713/DLİZ nömrəli maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 06/1713/DLİZ nömrəli X1 müqaviləsinə əsasən cavabdehin xx.xx.2022-ci il tarixə əsas borcu 83750,67 manat, mükafat borcu 42859,41 manat, cərimə faizi 1002,85 manat, cəmi 127612,93 manat lizinq borcu mövcuddur. İddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2019-cu ildə 4150 manat, xx.xx.2019-cu ildə 3700 manat, xx.xx.2019-cu ildə 4530 manat, xx.xx.2019-cu ildə 10853 manat lizinq ödənişləri ödənilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli MŞB/6- 035 nömrəli arayışdan görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli 06/1713/DLİZ nömrəli X1 müqaviləsi bağlanmış, lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektini müqavilə şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri tam icra etməmiş, nəticədə lizinq müqaviləsi üzrə iddiaçıya 83750,67 manat gecikdirilmiş əsas borcu, 42859,41 manat mükafat borcu yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-2.5-ci maddəsinə əsasən maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının gecikdirilmiş borcun ödənilməsi ilə bağlı tələbi tərəflər arasında bağlanmış lizinq müqaviləsindən irəli gəlir. Cavabdehin öz öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya lizinq müqaviləsi, habelə Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 11.3cü bəndinə əsasən hesablanmış 1002,85 manat məbləğində cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Cavabdeh iddiaya borcun tutulması hissəsində etiraz edərək həmin ödənişlərin tərəflər arasında əldə edilmiş şifahi razılığa əsasən lizinq obyekti istifadəsinə verilmiş üçüncü şəxs tərəfindən edilməli olmasını bildirsə də, məhkəmə cavabdehin bu dəlili ilə razılaşmır. Belə ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 4.4.3 və 5.5-ci bəndlərinə əsasən lizinq verənin yazılı razılığı olmadan lizinq obyekti lizinq alan tərəfindən digər şəxslərin istifadəsinə, habelə sublizinqə verilə bilməz. Cavabdeh tərəfindən isə lizinq verənin buna dair yazılı razılığının olmadığı bildirilmişdir. Digər tərəfdən iddia ərizəsində tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 03/0055/DLİZ saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi tələbi də irəli sürülmüşdür. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 03/0055/DLİZ saylı daxili lizinq müqaviləsinin 3.1-ci bəndində lizinq müqaviləsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olması göstərildiyindən və həmin tarixdə də müqavilənin müddəti başa çatdığından Məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. İddia ərizəsində iddiaçıya məxsus “Range Rover” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin öz mülkiyyətçisinə qaytarılması tələbi də irəli sürülmüşdür. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı lizinq ödənişlərinin ödənilməsinin gecikdirilməsi müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən lizinq verən xx.xx.2022-ci il tarixə yaranmış borcları tələb etməklə yanaşı lizinq obyektinin geri qaytarılmasını da tələb etməkdə haqlıdır. Cavabdeh bu hissədə iddiaya etiraz edərək bildirir ki, müqavilə şərtlərinə görə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan əsas borc və mükafat, lizinq obyektinin cavabdehin mülkiyyətinə keçməsi müqabilində ödənilməli idi. Lizinq obyektinin iddiaçıya qaytarıldığı təqdirdə cavabdeh iddiaçıya avtomobilin dəyərini təşkil edən məbləği və mükafatı ödəməli deyildir. Məhkəmə cavabdehin bu dəlilləri ilə razılaşmır və öz mövqeyini aşağıdakılarla əsaslandırır. Belə ki, Mülki Məcəllənin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən “... lizinq müqaviləsinin bağlandığı an əşyanın lizinq alanın mülkiyyətinə keçməsi və bununla da, mülkiyyətçinin dəyişməsi baş vermir. Satın alma şərtləşdirildiyi halda (bir qayda olaraq lizinqin cəlbediciliyi bu şərtə görə mövcud olur) həmin əşya sonda lizinq alana satılır. Lizinq müqaviləsi lizinq verənin öz əmlakından daha yüksək dəyər əldə etməsinə, lizinq alanın isə aylıq haqq ödənişi müqabilində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən istifadə etməsinə) imkan yaradır. Beləliklə, lizinq daha çox mülkiyyətçinin öz əmlakını nisyə alğı-satqı yolu ilə hissəvi ödəniş əsasında satılmasına yönələn hərəkəti kimi xarakterizə edilir. Kredit şərtləri və ya hər hansı digər əsasla əldə olunan əmlakdan fərqli olaraq, lizinq şərtləri ilə əldə olunan əmlak üzərində onun mülkiyyət hüququ dərhal yaranmır. Qeyd edildiyi kimi, lizinq obyekti üzərində mülkiyyət hüququ lizinq ödənişinin tam ödənilməsindən və müqavilə şərtlərinin tam icra olunmasından sonra lizinq verənin iradəsi ilə lizinq alana keçir. Lizinq alan ödənişi geri tələb etmir və lizinq alan müqavilənin hər hansı şərtini icra etmədiyinə görə lizinq verənin tələbi ilə lizinq obyekti üzərində sahiblik və istifadə hüquqlarından əvəzsiz olaraq məhrum edilə bilər”. Bundan əlavə, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 4.4.7-ci bəndinə əsasən maliyyə lizinqi müqaviləsinə xitam verildikdə, lizinq obyekti müqavilə şərtləri pozulduğuna görə lizinq alandan geri təhvil alınmalı olduqda lizinq obyektini normal köhnəlmə (amortizasiya) nəzərə alınmaqla lizinq verəndən aldığı vəziyyətdə geri qaytarmaq, əks halda lizinq obyektinə dəyən bütün zərər məbləğini qeyd-şərtsiz ödəmək lizinq alanın vəzifəsidir. Müqavilənin 5.3-cü bəndinə əsasən maliyyə lizinqi müqaviləsinə əsasən lizinq obyektinə mülkiyyət hüququ bütün lizinq ödənişlərinin verilməsi və lizinq alanın lizinq verən qarşısında mövcud olan digər bütün öhdəlikləri icra edildikdən sonra lizinq alana keçir. Müqavilənin 5.7-ci bəndinə əsasən lizinq alan lizinq müddətinin başlanğıcından ən tezi 6 ay sonra müqavilə ilə nəzərdə tutulmuş ödənişlər üzrə borc olmadığı halda lizinq alan və ya sublizinq əsasında lizinq obyektini əldə edən üçüncü şəxs lizinq obyektini lizinq obyektinin cari dəyərini tam ödəməklə və müqavilə üzrə mövcud bütün öhdəlikləri tamamilə icra etməklə satın almaq hüququna malikdirlər. Müqavilənin 5.9-cu bəndinə əsasən maliyyə lizinqinin müddəti bitdikdən və müqavilə üzrə öhdəliklər tam şəkildə yerinə yetirildikdən sonra, habelə lizinq obyekti lizinq alanın istifadəsində olduğu müddətdə lizinq obyekti ilə bağlı yaranmış bütün cərimələrin ödənilməsi üzrə öhdəliklərin yerinə yetirilməsi şərtilə lizinq alan və ya sublizinq əsasında lizinq obyektini istifadə edən şəxs lizinq obyektini öz mülkiyyətinə qəbul edə bilər. Bunun üçün lizinq alan maliyyə lizinqi müddətinin bitməsinə ən azı bir ay qalmış və öhdəliyi tam icra etdikdən sonra lizinq verənə lizinq obyektinin öz mülkiyyətinə əldə etməyə hazır olmasını yazılı formada bildirməlidir. Müqavilənin 5.11-ci bəndinə əsasən lizinq alan lizinq obyektini mülkiyyətə qəbul etməyib onu lizinq verənə geri təhvil vermədikdə bununla bağlı yaranacaq bütün hallara görə məsuliyyət daşıyır. Müqavilənin 9.12-ci bəndinə əsasən lizinq alan müqavilə ilə müəyyən edilmiş bütün ödənişləri ödədikdən sonra bu müqavilə üzrə öhdəliklər icra edilmiş sayılır. Müqavilənin 11.1.4-cü bəndinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə və ya iki dəfədən artıq ödənişləri gecikdirirsə, lizinq verənin müqaviləni vaxtından əvvəl ləğv etmək və lizinq obyektini geri almaq hüququ vardır. Müqavilənin 11.2-ci bəndinə əsasən yuxarıda göstərilən hallardan biri baş verdiyi təqdirdə lizinq alan lizinq verənin tələbində göstərilmiş müddət ərzində lizinq obyektini və lizinq obyektinin ayrılmaz hissəsi olan ləvazimat və sənədləri lizinq verənə qaytarmağa borcludur. Belə ki, borcun gecikdirilməsi və cavabdehin müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməməsi faktı işin materialları ilə təsdiq olunduğundan, habelə lizinq obyekti üzərində mülkiyyət hüququnun lizinq ödənişinin tam ödənilməsindən və müqavilə şərtlərinin tam icra olunmasından sonra lizinq verənin iradəsi ilə lizinq alana keçməsi nəzərdə tutulduğundan məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır və təmin edilməlidir. Nəticə: Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun lizinq müqaviləsi üzrə iddiaçıya 83750,67 manat gecikdirilmiş əsas borcu, 42859,41 manat mükafat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini və lizinq obyektinin geri qaytarılmasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya məxsus “Range Rover” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisinə qaytarılmalı, cavabdehdən 83750,67 manat əsas borc, 42859,41 manat mükafat borcu və 1002,85 manat cərimə, cəmi 127612,93 manat pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı 400 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 400 manat mediasiya xərci cavabdehə, 18,40 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC-yə məxsus “Range Rover” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq mülkiyyətçisi İddiaçı MMC-yə qaytarılsın. İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 06/1713/DLİZ nömrəli X1 Müqaviləsinə əsasən yaranmış 83750,67 (səksən üç min yeddi yüz əlli manat altmış yeddi qəpik) manat əsas borc, 42859,41 (qırx iki min səkkiz yüz əlli doqquz manat qırx bir qəpik) manat mükafat borcu, 1002,85 (bir min iki manat səksən beş qəpik) manat gecikdirilmiş cərimə məbləği, cəmi 127612,93 (bir yüz iyirmi yeddi min altı yüz on iki manat doxsan üç qəpik) manat pul, ödənilmiş 400 (dörd yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 18,40 (on səkkiz manat qırx qəpik) manat dövlət rüsumu İddiaçı MMC-yə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1423/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1423/2022
14.09.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver