Məhkəmə qərarları › İş №e-2-2(113)-143/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-143/2023

10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-143/2023 10.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, iddia müddəti, cərimə, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsi əsasında yaranmış 1269 manat icarə haqqının, ona hesablanmış 1142,10 manat cərimə borcunun və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 70 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar iddiaçı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixli, 2117 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən - iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi, 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksində yerləşən, sahəsi 34,0 kv.m olan “2117” nömrəli mağazanı icarəyə verməyi, icarəçi - cavabdeh isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə sözügedən müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqaviləyə uyğun olaraq icarəyə verilən sahədən istifadəyə görə icarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla 121 manat (ƏDV daxil) həcmində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Adıçəkilən müqaviləyə 31 may 2019-cu il tarixdə xitam verilmişdir. Lakin icarəçi ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, bununla da sonuncunun icarə müqaviləsi üzrə 2018-ci ilin aprel, may, iyun, iyul, avqust, noyabr, dekabr və 2019-cu ilin yanvar, fevral, mart, aprel, may ayları üzrə ümumilikdə ödənilməmiş 1269 manat icarə haqqı borcu və ona hesablanmış 1142,10 manat cərimə borcu yaranmışdır. Borcun ödənilməsi ilə əlaqədar iddiaçı tərəfindən cavabdehin ünvanına məktublar (pretenziya) göndərilmiş, cavabdeh tərəfindən isə borc ödənilməmiş, pretenziyalara rəsmi münasibət bildirilməmişdir. Həmçinin mübahisənin mediasiya ilə həll edilməsi cavabdehə təklif olunmuş, cavabdeh təklifə münasibət bildirməmiş, eləcə də ilkin mediasiya sessiyasında iştirak etməmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 425.1, 700.1-ci və s. maddələri göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndələri iddianın məzmununa uyğun izahatlar vermiş və eyni zamanda bildirmişlər ki, iddiaçı ilə cavabdeh arasında qeyri-yaşayış sahəsinin icarəsi müqaviləsi imzalanmış, lakin cavabdeh müqavilə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, cavabdeh tərəfindən yalnız 487 manat icarə haqqı ödənmiş, ödənilməmiş 1269 manat icarə haqqı borcu yaranmış, bu səbəbdən müqaviləyə vaxtından əvvəl, yəni 31 may 2019-cu il tarixdə xitam verilmişdir.

5. Məhkəmənin sonuncu baxış iclasında iddiaçının nümayəndəsi X2 məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, icarə müqaviləsi üzrə icrarə haqqı hər ayın əvvəlində hesablanmış, müqavilənin 4.2-ci bəndinə əsasən hesablandığı müvafiq ayın 10-na kimi ödənilməsi nəzərdə tutulmuşdur. Sonuncu dəfə 2019-cu ilin may ayı üçün icarə haqqı hesablanmışdır və may ayının 10-na kimi ödənilməli idi.

6. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclaslarında iştirak edərək bildirmişdir ki, cavabdeh 10 ildən artıq müddətdə qeyd edilən obyektdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, həmin müddət ərzində ödənilən ödənişlər (icarə haqları) üzrə hər hansı qəbz təqdim edilməmişdir. Yalnız təxminən 6 ay müddətinə kompleksdə gedən təmir işləri ilə bağlı güzəşt tətbiq edilərkən, yəni icarə haqqı 50 faiz azaldılarkən ödənilmiş icarə haqları üçün qəbzlər verilmişdir. Həmin qəbzlərlə iddia ərizəsində göstərilmiş tarixlər arasında da ziddiyyət mövcuddur, qəbz üzrə ödənişlər edildiyi halda, iddiaçı iddia tələbi ilə həmin aylar üçün icarə haqqını tələb etmişdir. İddiaçının korporativ siyasəti belə olmuşdur ki, ödəniş gecikən kimi icarəçilərə icarə obyektlərinə giriş məhdudlaşdırılır və hətta icarəçilərə məxsus əmlakın çıxarılmasına icazə verilmirdi. İddia olunan borc mövcud olmadığından 2019-cu ilin əvvəllərində obyektdən heç bir problem yaşamadan çıxmışlar.

7. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, 2117 saylı icarə müqaviləsinə 31 may 2019-cu il tarixdə xitam verilmişdir. Belə olan halda, iddiaçının cavabdehə qarşı icarə müqaviləsi üzrə iddia tələbinin müddəti ötürülmüşdür və bu əsasla iddianın rədd olunmalıdır.

8. Cavabdehin nümayəndəsinin arqumentləri ilə bağlı iddiaçının nümayəndəsi bildirmişdir ki, cavabdehin təqdim etdiyi bəzi qəbzlərdə ödənilmiş icarə haqqının iki ay üçün əks olunması texniki xəta ilə əlaqədardır. İddia müddətinin tətbiqi ilə bağlı cavabdehin nümayəndəsinin ərizəsinə münasibətdə isə qeyd edilmişdir ki, mülki qanunvericilikdə müqavilə tələbləri üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) İcarə müqaviləsi üzrə icarə haqqının tutulması tələbi ilə bağlı

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

12. İş materialları əsasında müəyyən olunur ki, icarəyə verən İddiaçı MMC ilə icarəçi Cavabdeh arasında 15 fevral 2018-ci il tarixli, 2117 nömrəli icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən icarəyə verən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında yerləşən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzində yerləşən 34 kvadrat metr qeyri-yaşayış sahəsini aylıq icarə haqqı 121 manat olmaqla xx.xx.2030-cu il tarixədək icarəçiyə icarəyə vermişdir.

13. İddiaçı tərəf bildirir ki, cavabdeh 2019-cu ilin may ayının sonunadək icarə obyektindən istifadə etmiş, lakin icarə müqaviləsi üzrə öz öhdəliklərini tam yerinə yetirməmiş və 1269 manat məbləğində icarə haqqını ödəməmişdir.

14. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, 2019-cu ilin əvvəlində icarə obyektindən çıxmış və həmin dövrədək icarə haqqını tam ödəmişdir. Təxminən 6 ay müddətinə kompleksdə gedən təmir işləri ilə bağlı güzəşt tətbiq edilərkən, yəni icarə haqqı 50 faiz azaldılarkən ödənilmiş icarə haqları üçün qəbzlər verilmiş, qalan aylar üzrə icarə haqqının ödənilməsini təsdiq edən qəbzlər verilməmişdir.

15. Tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən hər iki tərəfin digər tərəfi 15 təqvim günü əvvəlcədən xəbərdarlıq etməklə müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ var. İcarəçi bu müqavilə və ya qanunvericilik üzrə öz vəzifəsini və ya öhdəliyini icra etməzsə, icarəyə verən müqaviləyə dərhal xitam vermək hüququna malikdir (9.3).

16. İddia ərizəsinə əlavə olunmuş 31 may 2019-cu il tarixli, 178 nömrəli əmrdən görünür ki, iddiaçı 15 fevral 2018-ci il tarixli icarə müqaviləsinə 31 may 2019-cu il tarixdən birtərəfli qaydada xitam vermişdir.

17. İş materiallarında olan Cavabdeh ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, icarə haqqı borcunun 3 gün ərzində ödənilməsi tələb olunmuşdur.

18. İddiaçı tərəfindən təqdim edilmiş obyektin əməliyyat tarixçəsindən görünür ki, xx.xx.2018-xx.xx.2019-cu il tarixlər üçün cavabdehə 1756 manat icarə haqqı borcu hesablanmış, həmin borcdan 487 manat ödəniş edilmişdir.

19. İş materiallarında olan 20 may 2022-ci il tarixli, 02-07/218 nömrəli maliyyə arayışından görünür ki, cavabdeh xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixlərində müvafiq olaraq 121 və 122 manat, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərində isə 61 manat olmaqla, ümumilikdə 487 manat ödəniş etmiş, xx.xx.2019-cu il tarixə isə cavabdehin iddiaçıya 1269 manat icarə haqqı borcu, 1142,10 manat ona hesablanmış cərimə borcu olmaqla, cəmi 2411,10 manat təşkil edir.

20. Cavabdehin nümayəndəsinin təqdim etdiyi mədaxil qəbzlərindən görünür ki, xx.xx.2018-ci il tarixdə 121 manat, xx.xx.2018-ci il tarixdə 61 manat , xx.xx.2018-ci il tarixdə 122 manat, xx.xx.2018-ci il tarixdə 61 manat, xx.xx.2018-ci il tarixdə 61 manat məbləğində olmaqla pul iddiaçıya ödənilmiş, ödənişlər möhürlə təsdiq edilmişdir.

21. Məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh 2019-cu ilin əvvəlində icarə obyektindən çıxdığını bildirsə də, bununla bağlı məhkəməyə sübut təqdim edə bilməmiş, cəmi 426 manat icarə haqqının ödənilməsini təsdiq edən sənəd təqdim etmişdir.

22. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq iddia müddətinin tətbiq edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

23. İddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir.

24. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

25. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

26. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. (L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 8 may 2008-ci il tarixli Qərar).

27. Belə olan halda, məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilibedilməməsindən asılı olmayaraq iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri hər bir halda araşdırılmalıdır.

28. Məhkəmə təqdim edilmiş icarə müqaviləsi, maliyyə arayışı, qəbzlər, obyektin əməliyyat tarixçəsinə birgə hüquqi qiymət verərək hesab edir ki, iddiaçının icarə müqaviləsi üzrə icarə haqqını tələb etmək hüququ mövcud olmuşdur. Cavabdeh tərəf icarə obyektindən 2019-cu ilin əvvəlində çıxdığını, yəni icarə münasibətlərinə xitam verildiyini bildirsə də, bunu təsdiq edəcək sənəd təqdim edə bilməmişdir. Həmçinin cavabdehin nümayəndəsi bəzi aylar üzrə qəbzlər təqdim edərək maliyyə arayışı və obyektin əməliyyat tarixçəsi ilə göstərilən ödənişləri təsdiq etsə də, digər aylar üzrə icarə haqqının ödənişlərini təsdiq edən hər hansı sənəd təqdim etməmişdir. Həmçinin cavabdehin yalnız icarə haqqı 50 faiz azaldılarkən ödənilmiş icarə haqları üçün qəbzlər verilməsi barədə arqumentləri də ağlabatan deyildir. Belə ki, xx.xx.2018-ci il tarixli qəbzdən də görünür ki, icarə haqqı tam ödənilsə də, qəbz təqdim edilmişdir. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, iddiaçının subyektiv hüququ cavabdeh tərəfindən pozulmuşdur.

29. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli Qərar).

30. Mülki Məcəllənin 373.3-cü maddəsinə görə, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.

31. Həmin Məcəllənin 377.2-ci maddəsinə görə, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

32. İddiaçı tərəfindən sonuncu icarə haqqı borcu 01 may 2019-cu il tarixdə may ayı üçün hesablandığından icarə müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış icarə haqqı 10 may 2019-cu il tarixinədək ödənilməli idi.

33. İcarə müqaviləsinin xx.xx.2018-ci il tarixdə bağlandığını və cavabdeh tərəfindən ödənilmiş 487 manat pulun 4 aylıq icarə haqqı məbləğini təşkil etdiyini, eyni zamanda sonuncu icarə haqqının 2019-cu ilin may ayı üçün hesablanmaqla may ayının 10-na qədər ödənilməli olduğunu nəzərə alan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsində qeyd olunan aylar üzrə hər biri ayrı-ayrılıqda hesablanmaqla, sonuncu ayın icarə haqqı borcu tələbi üçün iddia müddəti 11 may 2022-ci il tarixdə başa çatmışdır.

34. Mülki Məcəllənin 379.1 və 379.1.6-cı maddəsinə görə iddia müddətinin axımı tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə, dayandırılır.

35. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.5-ci maddəsinə əsasən mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır.

36. Məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, iddiaçı mediatorun təyin olunması üçün mediasiya təşkilatına həmin tarixdə müraciət etmişdir.

37. Məhkəməyə təqdim edilən mediasiya prosesinin tətbiqi barədə təklifdən aydın olur ki, təklif 22 iyun 2022-ci il tarixdə imzalanmışdır.

38. Göründüyü kimi, mediasiya prosesi xx.xx.2022-ci il tarixdə başlanmış, beləliklə, iddia müddətinin axımı dayandırılanadək hazırkı tələb üzrə qanunla müəyyənləşdirilmiş iddia müddəti keçmişdir.

39. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

40. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı 15 fevral 2018-ci il tarixli, 2117 nömrəli icarə müqaviləsi üzrə 1269 manat icarə haqqının tutulması tələbi üzrə iddia müddəti keçidiyindən, həmin tələb rədd olunmalıdır.

b) İcarə müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

41. İddiaçı cavabdehə qarşı 15 fevral 2018-ci il tarixli, 2117 nömrəli icarə müqaviləsi üzrə 1141,10 manat məbləğində cərimənin tutulması tələbini də irəli sürmüşdür.

42. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 4.3-cü bəndində göstərilmişdir ki, icarəçi icarə haqqını vaxtında ödəməzsə və ya ödənişdən imtina edərsə, bu halda icarəyə verənin tələbi ilə ona hər ayın 11-dən etibarən ödənişini gecikdirdiyi məbləğin 1 (bir) faizi həcmində cərimə ödəməlidir.

43. Mülki Məcəllənin 460-cı maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.

44. Mülki Məcəllənin “iddia müddətinin əlavə tələblərə tətbiqi” adlanan 376-cı maddəsində, göstərilmişdir ki, əsas tələb üzrə iddia müddəti keçdikdə, əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.

45. Yuxarıda qeyd olananlara əsasən məhkəmə hesab edir ki, əsas tələb üzrə iddia müddəti tətbiq edildiyindən, dəbbə pulunun tutulması tələbi üzrə iddia müddəti də keçmiş hesab olunur. Belə olan halda, İddiaçı MMC-nin Cavabdeh qarşı 1141,10 manat məbləğində cərimənin tutulması tələbi rədd olunmalıdır.

c) Mediasiya xərcinin tutulması tələbi ilə bağlı

46. İddiaçı cavabdehə qarşı həm də ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 70 manat pul vəsaitinin tutulması tələbini irəli sürmüşdür.

47. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

48. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.

49. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

50. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, kommersiya mübahisələri üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunduğundan, ödənilmiş ilkin mediasiya haqqı işə baxılması ilə əlaqədar olan məsrəf hesab olunmalıdır.

51. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

52. Məhkəmə iddia tələbinin rədd edildiyini nəzərə alaraq bu qənaətə gəlir ki, mediasiya xərcinin əvəzi olaraq 70 manat pul vəsaitinin tutulması tələbi təmin edilə bilməz.

V. Nəticə:

53. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar