Məhkəmə qərarları › İş №e-2-2(113)-1437/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1437/2021

30.04.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1437/2021 30.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi, borcun silinməsi və artıq ödənilmiş pulun geri qaytarılması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh Zaqatala RQİİ-nin təbii qazdan istifadə qaydalarının pozulmasına dair ******* nömrəli, 31.08.2020-ci il tarixli aktın etibarsız, qanunsuz sayılması barədə və həmin akta və Cavabdeh tərəfindən 30.08.2020-ci il tarixdə təsdiq edilmiş tələbnaməyə əsasən 104036 m3 qaz itkisinə görə hesablanmış borcun “xxxx” MMC-yə məxsus abunə hesabından silinməsi və əsassız olaraq ödətdirmiş 20.807,20 manat məbləğində pul vəsaitinin “xxxx” MMC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağdaş Rayonu Babək küçəsi 58-də yerləşən “xxxx” MMC sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla 2010-cu ildən çörəkbişirmə sexi işlədir. Həmin sexi qaz təchizatı ilə təmin etmək üçün cavabdehlə müxtəlif vaxtlarda müqavilə bağlanmışdır. Sexə sayğac quraşdırılaraq, üzərində müəyyən nömrələrlə plomblar vurulur. “xxxx” MMC müqaviləyə əsasən alınan qazın dəyərini uzun müddətdir ki qaz sayğacının göstəricisinə uyğun olaraq ödəmişdir. Qaz paylayıcısı Cavabdeh İB ilə sənaye qaz qurğusu istifadəçisi - “xxxx“ MMC arasında bağlanmış AMX-713U9 nömrəli, 11 aprel 2019-cu il tarixli qazın alqı-satqısı barədə müqavilədən görünür ki, G-65 markalı, zavod nömrəsi 75120406 olan qaz sayğacı Ağdaş Rayonu Babək küçəsi 58-də yerləşən “xxxx “ MMC-yə aid qaz xəttinə 03.05.2016-cı il tarixdə quraşdırılmış və dövlət yoxlamasından keçirilməsinin son tarixi 27.04.2016-cı ildir. Bu müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığına əsasən 1 (bir) il müəyyən edilmişdir. “xxxx “ MMC-yə yerində təqdim edilmiş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli və ******* nömrəli 11 sentyabr 2019-cu il tarixli aklar ilə Cavabdeh İB-nin işçiləri tərəfindən müvəqqəti quraşdırılmış G-65 markalı 75019245 nömrəli sayğacı çıxarılaraq əvəzinə əvvəlki G-65 markalı, zavod nömrəsi 75120406 olan qaz sayğacı quraşdırılmışdır. Cavabdeh İB-nin işçiləri ilə 09 iyul 2020-ci il tarixdə Ağdaş Rayonu, Babək küçəsi 58-də yerləşən “xxxx” MMC arasında bağlanmış AMX-3734\20 nömrəli qazın alqı-satqısı barədə müqavilədən görünür ki, “xxxx “ MMC-yə aid qaz xəttinə 19.05.2020-ci il tarixdə G -160 markalı, zavod nömrəsi 77038224 olan qaz saygacı quraşdırılmış və bu saygacın dövlət yoxlamasından keçirilməsinin son tarixi 04.05.2020-cı il olmuşdur. G-65 markalı, zavod nömrəsi 75120406 olan qaz sayğacının “göstəricilər arasında fərq” olması səbəbi ilə çıxarılması barədə Cavabdeh İB-nin işçiləri tərəfindən qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli 07.08.2020-ci il tarixli akt tərtib edildikdən sonra həmin sayğac laboratoriyada yoxlamadan keçirilmişdir. Metrologiya Departamenti, Sayğacların müayinəsi laboratoriyasının qeyriəhali qaz sayğacının yoxlanılması barədə 26.08.2020-ci il tarixli 29\1640-01549 nömrəli aktında qeyd edilmişdir ki, G-65 markalı, 75120406 nömrəli sayğaca 20.08.2020-ci il tarixdə ilkin baxış zamanı sayğacın daxili çirkli olduğu göstəricilər arasında fərqlərin olması, impuls ötürücüyə vurulan plastmas nömrəli plomb kənar təsir nəticəsində zədələnməsi və plastmas qoruyucu qapağın impuls ötürücü bağladan hissədən deşilməsi, hesablayıçı mexanizmi hərəkətə gətirən dişli çarxların kənar nəticəsində zədələnməsi müəyyən edilmişdir. Həmin akta (rəyə) əsasən Cavabdeh İB Zaqatala RQİİ “xxxx” MMC barəsində qazdan istifadə qaydalarının pozulmasına dair ******* nömrəli, 31.08.2020-ci il tarixli akt tərtib etmiş və bu akta əsasən mövcud sayğacın yeni sayğacla əvəz edilməsi və cəmi 104036 m3 qaz itkisinə hesablanmış borc məbləğinin “xxxx” MMC tərəfindən ödənilməsi tələb edilmişdir. Qaz saygacını yerində yoxlamağa gələn Cavabdeh İB-nin işçiləri tərtib etdikləri qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktları “xxxx” MMC - yə vermişdir. Borcun hesablanmasına əsas olmuş-yuxarıda qeyd edilən qazdan istifadə qaydalarının pozulmasına dair ******* nömrəli, 31.08.2020-ci il tarixli akt və sayğacın yoxlanılması barədə 26.08.2020-ci il tarixli 29\1640-01549 nömrəli labarotoriya aktı və dəymiş ziyanın bərpasına dair tələbnamə “xxxx” MMC-nin Cavabdeh İB-nə ünvanlanmış müraciətindən sonra Cavabdeh İB Zaqatala RQİİ-nin 01\SB-1133 nömrəli, 29.12.2020-ci il tarixli məktubu ilə “xxxx” MMC-yə verilmişdir. Abonentin saldosunu isə 06.01.2021-ci il tarixdə əldə etmişlər. Abonentin saldosundan görünür ki, “xxxx” MMC-nin abonent koduna (**********00000) 20.807,20 manat borc vurulmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, qaz sayğacı, “xxxx” MMC-dən 500 metr aralıda küçədə quraşdırılmışdır. “xxxx” MMC tərəfindən qaz sayğacına hər hansı bir müdaxilə olmamışdır. Cavabdeh İB-nin istinad etdiyi "müdaxilə" istehlakçının iradəsindən asılı olmayaraq da baş verə bilər. Həmçinin sayğacın üzərindəki plombu qırılmadığından onun daxilinə qaz idarəsinin mütəxəssisləri kimi müdaxilə edilməsi fiziki cəhətdən mümkün deyil. “xxxx” MMC -nin işçilərinin belə müdaxilənin qarşısının alınmasını təmin etmək iqtidarında olmağı qeyri- mümkündür. Sayğaca hər hansı bir müdaxilə varsa belə müdaxilə küçədən keçən hər hansı bir kənar şəxslər tərəfindən oluna bilər. Sayğaca hər hansı müdaxilənin edilməsi, sayğacın işləmə prinsipindən və s. anlayışı olan şəxs və ya mütəxəssis tərəfindən də edilə bilər .Belə olan halda “xxxx” MMC-nin hər hansı bir şəkildə ehtimal olunan müdaxiləyə görə məsuliyyət daşımağı yolverilməzdir. Cavabdehin nümayəndəsi X1 məhkəməyə iddia ərizəsinə dair yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “xxxx” MMC-nin Cavabdehnə qarşı tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Qeyd edir ki, iddiaçı “xxxx” MMC-nin **********00000 saylı qaz hesabında 29.04.2021-ci il tarixə 1915 manat borc vardır, həmin borc aprel ayının sərfiyyatına əsasən hazırda istismarda olan G-160 RVG EK-220 markalı 77038224 nömrəli qaz sayğacının 214332 m3 mexaniki və 214332 m3 elektron göstəricisinə əsasən yaranmışdır. İddia tələbinin qısa mahiyyətinə gəldikdə isə iddiaçı “xxxx” MMC təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31.01.2020-ci il tarixli ******* saylı akt və həmin akt əsasında verilmiş Zaqatala RQİİ-nin 31.08.2020-ci il tarixli tələbnaməsi ilə qaz paylayıcısına dəymiş 104036 m3 həcmində maddi zərəri, həmçinin tərəfin ödədiyi maddi zərərin geri qaytarılmasını mübahisələndirir. İlk növbədə bildirir ki, iddiaçının ünvanından açılmış G-65 markalı 75120406 nömrəli qaz sayğacının yararsız hala düşməsi, bunun nəticəsində qaz paylayıcısına dolayısıyla dövlətə vurulmuş maddi zərərin həcminin 104036 m3 və ya onun pul dəyəri olan 20.807,20 manat olması işin mübahisəsiz halıdır. İddia ərizəsindən də göründüyü kimi tərəf sayğacın yararsız vəziyyətdə olmasını və bu zədələnmə nəticəsində qaz paylayıcısının uğradığı maddi zərəri mübahisələndirmir. İddiaçı yalnız onun ödədiyi zərərin dəyərinin geri qaytarılmasında maraqlıdır. Sözügedən qüsurun mövcudluğu sayğacın standartlara uyğun işləməməsinə dəlalət edir və bu fakt eyni zamanda laboratoriya rəyi ilə təsdiq edilmişdir. Belə bir vəziyyətdə həmin sayğacdan keçən təbii qazın həcmini istehlakçının həmin sayğaca cavabdeh olub-olmamasından asılı olmayaraq qeydə almaması şəksizdir və dolayısı ilə uçotsuz təbii qazdan istifadə edilməsi öz təsdiqini tapır. Belə bir vəziyyətin mövcudluğu isə yalnız istehlakçı qismində iddiaçının xeyrinə olan situasiyadan ibarətdir. Məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı “xxxx” MMC-nin ünvanında istismarda olmuş 75120406 nömrəli qaz sayğacı 07.08.2020-ci il tarixdə ******* saylı aktla MMC-nin nümayəndəsinin iştirakı ilə çıxarılmış və təhvil verilərək onun işrirakı ilə dövlət yoxlamasına göndərilmişdir. Sözügedən qaz sayğacı 20.08.2020-ci il tarixdə Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında nümayəndənin iştirakı ilə baxış keçirilmişdir. Yoxlamanın nəticələrini özündə əks etdirən SS № 29/1640-01549 saylı aktın yekununda xətaların normaya uyğun olmadığı müəyyən edilmişdir. Bundan sonra mövcud istismarda olan qaz cihazları nəzərə alınmaqla təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31.08.2020-ci il tarixli ******* saylı akt tərtib edilmiş və akt iddiaçının nümayəndəsinin iştirakı ilə təsdiq edilmişdir. Daha sonra Cavabdeh İB-nin Zaqatala RQİİ-nin 31.08.2020-ci il tarixli tələbnaməsi ilə qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın 104036 m3 həcmində və ya 20807,20 manat dəyərində olması müəyyən edilmişdir. Tələb olunan maddi zərər iddiaçı tərəfindən tam şəkildə ödəməklə bərabər artıq öz hərəkətləri ilə müəyyən edilmiş qazdan istifadə qaydalarının pozulması faktını etiraf etmişdir. Tərəflər arasında bağlanılmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3.5-ci bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Hazırkı vəziyyətdə yuxarıda qeyd olunan qazdan istifadə qaydalarının pozulması nəticəsində qaz paylayıcısına vurulan 20807,20 manat maddi ziyan iddiaçı tərəfindən ödənilmişdir. Bununla yanaşı həmin ziyabn onun müqavilə öhdəliyindən irəli gəlməkdədir və belə bir vəziyyətdə onun həmin halı mübahisələndirməsi öhdəlikdən kənara çıxması kimi qiymətləndirilməlidir. Bundan əlavə iddia ərizəsində sayğacın qorunub saxlanılması ilə bağlı cavabdeh şəxsin mübahisələndirilməsi məsələsinə gəldikdə isə burada hazırkı iddiaçının cavabdeh olması qanunveriliciyin tələbindən irəli gəlməkdədir. Belə ki, hüquqi şəxs statusuna malik olan iddiaçı “xxxx” MMC sənaye qaz qurğusunun istifadəçisi kimi qeyri-əhali sektorunda istehlakçı kimi qeydə alınmışdır. “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bundan başqa sayğacın işlək vəziyyətdə saxlanılmasına dair cavabdehlik məsələsi ilə əlaqədar analoji olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin 01.03.2018-ci il tarixli 2(102)-1758/2018 saylı qərarında göstərilmişdir ki, iddiaçının etibarlılığını mübahsiələndirdiyi 19.03.2015-ci il tarixli aktdan görünür ki, iddiaçının yaşadığı evdə quraşdırılmış sayğacın çıxışındakı plastmas boru deşik alətlə deşilmişdir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satıqısı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qərarın 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların borcudur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci bəndinə əsasən istehlakçı bu Qanunun 3-cü bəndinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Deməli iddiaçı qanunvericiliyin tələblərinə görə yaşadığı ünvan üzrə quraşdırılmış qaz sayğacının toxunulmazlığına cavabdeh olan şəxs hesab olunmaqla həmin sayğaca müdaxilə nəticəsində sayğacın sıradan çıxması nəticəsində paylayıcı Cavabdehnə dəymiş ziyana görə məsuliyyət daşıyır. Bildirir ki, mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdən müdaxilə olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.9-cu bəndinə əsasən, qaz sayğacının zədələnməsi dedikdə onun hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s. başa düşülür. Abonentin və ya onunla razılıq əsasında digər şəxsin müdaxiləsi olmadan sayğacda baş vermiş həmin zədələnmələrə görə abonent heç bir məsuliyyət daşımır və zədələnmiş sayğacın dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilir. Lakin sayğacın zədələnməsi ona müdaxilə nəticəsində baş vermişsə, bu zaman təqsirli hərəkətin törədilməsi faktı mövcud olur. Məhkəmənin nəzərinə çatdırırlar ki, istehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. Tərəflər arasında bağlanılmış müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. ARDNŞ-in Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara əsasən layihədə və müqavilədə nəzərdə tutulmuş qaz işlədən cihazlardan əlavə sayğacın nominal sərfiyyatına uyğun gəlməyən əlavə cihaz və avadanlıqların qoşulması aşkar olunduqda qazın verilməsi qeyd-şərtsiz dayandırılır, qaz kəmərinin əlavə qoşulma aşkarlanan qoşulma nöqtəsindəki en kəsiyindən təziqindən asılı olaraq axırıncı texniki baxış müddətindən sonrakı gün üçün və ya yay aylarında gündəlik 12 saat, qış aylarında isə gündəlik 24 saat hesabı ilə iddia müddəti ərzində qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. Beləliklə, müdaxilə faktı aşkar edilmiş sayğacın çıxarılma aktını və ondan olan qeydlərin mübahisələndirməməsi belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı, sayğaca müdaxilə edilməsi ilə razılaşmışdır. Digər tərəfdən, qaz sayğacı küçədə olduğuna görə onun qorunmasının mümkün olmaması barədə izahatlar istehlakçını məsuliyyətdən azad edilməsinə əsas ola bilməz. Belə ki, istehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsirinin olmaması nəzərə alındıqda, bu dəlil ağlabatan deyildir. Göstərilənlərə əsasən, iddiaçı “xxxx” MMC Cavabdehnə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın qanunsuz sayılması və əsassız olaraq ödənilmiş pul vəsaitinin qaytarılmasına dair iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, “xxxx” MMC barəsində tərtib edilmiş Cavabdeh İB-nin təbii qazdan istifadə qaydalarının pozulmasına dair 31.08.2020-ci il tarixli ******* nömrəli aktının etibarsız hesab edilməsi hissəsində iddia tələbinə məhkəmədə baxılmalı olmadığından həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Cavabdeh İB tərəfindən tərtib edilmiş 31.08.2020-ci il tarixli ******* nömrəli akt özlüyündə iddiaçı ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozuntusu nəticəsinə də gəlmək mümkün deyildir. Belə olan halda isə aktın özünün mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. İddiaçı yalnız akta əsaslanmaqla onun barəsində qəbul edilmiş hüquqi məsuliyyət doğuran qərarı mübahisələndirə və həmin icraatın gedişində aktın əsassızlığına dair dəlillərini təqdim edə bilər. Borcun akta əsasən hesablandığı təsdiq olunsa belə, iddiaçının tələbi aktın etibarsız hesab edilməsinə deyil, məhz əsassız və qanunsuz hesablandığını güman etdiyi borcun onun hesabından silinməsinə yönəlməlidir. Çünki bu halda, aktın özünün mübahisələndirilməsi iddiaçının hüquqi marağına uyğun deyildir. Şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun. Hazırkı halda isə iddiaçı ona Cavabdeh ASC tərəfindən hesablanmış borcun silinməsini istədiyi və bu tələblə iddia qaldırdığı halda həmin məqsədinə daha tez, daha münasib və daha sadə yolla, yəni borcun özünü mübahisələndirmək yolu ilə çatmaq imkanına malikdir ki, iddiaçı borcun silinməsi tələbini də irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı “xxxx” MMC-nin Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi tələbinə dair hissədə kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar