Məhkəmə qərarları › İş №e-2-2(113)-1441/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1441/2020

30.09.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1441/2020 30.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ HakimƏliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsi və barəsində qanunsuz hesablanmış 10.500 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2020-ci il tarixdə “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən ona məxsus istixanaya quraşdırılmış “Viko” markalı, ******* nömrəli sayğaca baxış keçirilmiş və sökülərək götürülmüşdür. “xxxxxxxx” ASC-nin AKT NDQ-007028 saylı, xx xxxxxx 2020-ci il tarixli aktından görünür ki, “xxxxxxxx” ASCnin əməkdaşları olan A.Babayev, B.Hacıyev, R.Əhmədov və E.Abdullayev tərəfindən, şəxsiyyəti ona məlum olmayan və abonentin nümayəndəsi kimi qeyd edilmiş Teymur Məlikovun iştirakı ilə akt tərtib edilmiş, müəyyən eidlmişdir ki, c/t-larının üzərinə vurulmuş möhürlər (417869, 417866,417867) müdaxiləlidir. Qoyuluş gücü güc transformatoruna əsasən s=160 Kva təşkil edir. Bu aktın əsasında ona 10.500 manat məbləğində borc hesablanmışdır. Aşağıdakılara əsasən hesab edir ki, NDQ-007028 saylı, xx xxxxxx 2020ci il tarixli akt və həmin aktın əsasında cərimənin hesablanması tam əsassızdır. İlk öncə qeyd edir ki, aralarındakı münasibətlər imzalanmış mülki-hüquq müqaviləsi ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1 maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 561-ci maddəsinə əsasən mülki hüquqların həyata keçirilməsinin təmin edilməsi, güc və ya məcburetmə tətbiq olunması dövlətin inhisarındadır. Bu məqsədlə dövlət mülki-prosessual qanunla və icra haqqında qanunvericiliklə tənzimlənən metodlar tətbiq edir. Belə olan halda mülki-hüquq müqavilə üzrə bir tərəfin digər tərəf barəsində akt tərtib etməyi mülki qanunvericiliyin normalarına ziddir. Digər tərəfədən, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun: 1.1.1 -ci maddəsinə görə, sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur; 2-1 -ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.3-cü maddəsinə görə, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1 -ci, 20.2- ci və 34.1 -ci maddələri şamil edilir; 3.1 -ci maddəsinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır; 13.1-ci maddəsinə görə, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır; 13.2-ci maddəsinə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; 13.3-cü maddəsinə görə, yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar; 13.4-cü maddəsinə əsasən, yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-İVQ nömrəli Qanununun tətbiqi barədə” xx.xx.2013-cü il tarixli 955 nömrəli Fərmanının 4.3-cü bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 13.1-ci, 13.3-cü, 13.4-cü maddələrində, 15.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 16.11-ci, 33.6-cı, 34.1-ci və 34.5-ci maddələrində nəzərdə tutulmuş müvafıq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir. Cavabdeh mübahisəli yoxlama barədə məlumatı AR Ədliyyə Nazirliyinə verməmiş, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə aparılan və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" AR Qanununun 2.1 -ci maddəsinin tam mənasında bu yoxlama tədbirini əvvəlcədən yoxlamaların vahid məlumat reyestrində qeydə aldırmamışdır. Adıçəkilən Qanunun 3.2-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Belə olan halda hesab edir ki, cavabdeh qanunvericiliyin tələblərinə əməl etməyərək qəbul etdiyi akt qanuni hesab oluna bilməz. Eyni zamanda iddiaçı məhkəməyə ərizə təqdim edərək, Şəmkir rayonunda yerləşən İddiaçı məxsus istixanaya quraşdırılan **********00028 abonent kodlu sayğaca elektrik enerjisinin verilməsinin dayandırılmasının “xxxxxxxx” ASC-yə qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Şəmkir rayonunda yerləşən İddiaçı məxsus istixanaya (abonent kodu **********00028) elektrik enerjisinin verilməsinin dayandırılması cavabdeh “xxxxxxxx” ASCyə qadağan edilmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə etirazı müdafiə edərək iddianın rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: - xx.xx.2020-ci il tarixli, NQD 006802 saylı aktdan görünür ki, Şəmkir rayonunda istehlakçıya məxsus obyektdə (abonent kodu **********7) sayğaca baxış keçirilən zaman dövrədə quraşdırılmış c/t-larının transformasiya əmsalların duzgün olmaması aşkarlanmışdır. Aktda həmçinin qeyd edilmişdir ki, c/t-larının üzərinə vurulmuş möhürlər 417869, 417866,417867 müdaxiləlidir.Sayğacın xəta faizi 50% təşkil edir. -“Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi” barədə 166076 saylı aktdan görünür ki, NQD 006802 saylı akt əsasında sökülən c/t-ləri və sökülən möhürlər torbaya qoyuldu, torbaya ******* saylı möhür vuruldu, rəy verilməsi üçün götürüldü. - Sayğacların və cərəyan transformatorlarının yoxlanılması barədə xx xxxxxx 2020-ci il tarixli, 166198 saylı protokoldan görünür ki, 417869, 417866,417867 saylı narıncı c/t möhürlərin pozulması aşkar olunmuşdur. - “xxxxxxxx” ASC-nin aktlar üzrə komissiyanın üzvləri Qasımov Pərviz, İsgəndərov Vaqif, Əsgərova İlhamə, Binnətov Vasif və Məmmədov Rza tərəfindən tərtib edilmiş (**********00028 saylı abonent kodu) xx xxxxxx 2020-ci il tarixli icra vərəqi – texniki sahə üzrə tələbdən görünür ki, sayğacın yoxlaması zamanı dövrdə quraşdırılmış c/t-larının transformasiya əmsalların düzgün olmaması müəyyən edilmişdir. Faktiki olaraq yerində c/t-larının əmsalı 300/5-ə olduğu halda, kompüter məlumat bazasında əmsal 150/5 (K=30) kimi qeyd olunub. C/t-larının üzərinə vurulmuş möhürlər müdaxiləlidir. Göstərilənlərə əsasən sayğacın göstəricisi 3908,7 x 30 əmsalına vurularaq 117.261 kvts əlavə sərfiyyat hesablanmışdır. Abunə haqqında məlumatdan görünür ki, abonentə 2020-ci ilin yanvarında “Elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında” akta əsasən 10.553,49 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Cavabdeh ASC-də Satışa nəzarət idarəsində aparıcı mühəndis vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə Şəmkir rayon Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində itkili xətlərlə əlaqədar aparılan araşdırma zamanı fiziki şəxs İddiaçı istifadəsində olan cərəyan transformatorları ölçünün düzgün verməməsi aşkar edilmişdir. Cərəyan transformatorlarının üzərinə qurulmuş aparatlara müdaxilə olunmuşdur. Qüsur aktı tərtib edilmiş və cərəyan transformatorları yenisi ilə əvəz edilmişdir. Sayğac laboratoriyada rəy verilmək üçün göndərilmişdir. Sayğac obyektin daxilində yerləşir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, Cavabdeh ASC-də Satışa nəzarət idarəsində aparıcı mühəndis vəzifəsində işləyir.Şəmkir rayonuna ezam olduğu müddətdə tərəfin nümayəndəsinin iştirakı ilə elektrik sayğacına baxış keçirilmiş, qüsur aşkar edilmiş, akt tərtib olunaraq imzalanmışdır. Sayğac laboratoriyada rəy verilmək üçün göndərilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2020-ci il tarixdə İddiaçı məxsus Şəmkir rayonunda yerləşən obyektdə (abonent kodu **********7) cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndələri tərəfindən sayğaca baxış keçirilmiş, baxış zamanı obyektin daxilində quraşdırılmış elektrik enerji sayğacının cərəyan transformatorlarına müdaxilə edilərək daha aşağı əmsallı cərəyan transformatorlarının (150/5=30) daha yüksək əmsalı ( 300/5=60 əmsal) trasnformatorlara dəyişdirilməsi, nəticədə “xxxxxxxx” ASC tərəfindən sayğacın göstəricilərinə əsasən abonentin sərfiyyatının düzgün hesablanmaması aşkar edilmişdir (sərfiyyat 60 əmsalına vurulmalı olmalı olduğu halda 30 əmsalına vurulmuşdur). Pozuntu aşkar edildikdən sonra abunəçiyə sayğacın quraşdırıldığı tarixdən, yəni xx.xx.2017-ci ildən pozuntunun aşkar edildiyi tarixədək-xx.xx.2020-ci il tarixədək olan müddət üçün sayğacın göstəricisi - 3908,7 əsas götürülməklə (3908,7x30) 10.553,49 manat (117.261 kvts) məbləğində əlavə sərfiyyat hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 148 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-ci bəndinə görə istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Mülki Məcəllənin 443.7-cü maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Məhkəmə iddiaçıya məxsus elektrik enerjisi sayğacının cərəyan transformatorlarına müdaxilə edilməsinin məhkəmə iclasında tətbiq edilmiş sübutlarla təsdiq edildiyini, eləcə də sayğacın cərəyan transformatorlarının iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin daxilində quraşdırıldığını nəzərə alaraq hesab edir ki, hazırkı halda sayğacın cərəyan transformatorlarına müdaxiləyə görə məsuliyyəti abonent daşımalıdır. Digər tərəfdən məhkəmə hesablanmış əlavə sərfiyyatın məbləğinə münasibətdə qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi əlavə sərfiyyat sayğacın quraşdırıldığı tarixdən, yəni xx.xx.2017-ci ildən cərəyan transformatorlarının müdaxilənin aşkar edildiyi xx.xx.2020-ci il tarixədək 3 ilə yaxın müddət üçün hesablanmışdır. Əvvəla iş materiallarından görünür ki, iddiaçı “xxxxxxxx” ASC-nin cərəyan transformatorlarına məhz sayğac quraşdırıldığı vaxt müdaxilə edildiyini, yəni ASC-yə dəymiş zərərin həqiqətən də sayğac quraşdırıldığı vaxtdan hesablanmalı olduğunu sübuta yetirə bilməmişdir. Digər tərəfdən isə sayğac göstəricilərinin götürülməsi məqsədilə elektrik enerji sayğacına “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən hər ay baxış keçirildiyini nəzərə alsaq nəzarətçilərin 3 ilə yaxın dövr ərzində möhürlərin müdaxiləli olmasını aşkar etməməsi inandırıcı görünmür. “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən sayğacın göstəriciləri yoxlanılarkən göstərilən qüsurun aşkar edilməməsi ehtimal edildikdə belə üç il ərzində cavabdeh “xxxxxxxx” ASC tərəfindən qüsurun aşkar edilməməsinin cavabdehin (onun işçilərinin) etinadsızlığı (o cümlədən baxışların vaxtaşırı keçirilməməsi) nəticəsində baş verməsi açıq-aşkardır. Mülki Məcəllənin 458.1-ci maddəsinə əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Belə olan halda məhkəmə İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərinin pozulmasının hər iki tərəfin təqsiri üzündən baş verdiyini nəzərə alaraq öhdəliklərin pozulmasına görə dəymiş ziyan pozuntu aşkar edildiyi vaxtdan əvvəlki bir aylıq müddət üçün hesablanmasını ədalətli hesab edir. Beləliklə, pozuntu aşkar edildiyi vaxt iddiaçıya məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış sayğacın göstəricisi 3908,7; 2019-cu ilin dekabr ayın 16-da isə 3673 olduğundan cavabdeh “xxxxxxxx” ASC-nin istifadə etdiyi düsturla sərfiyyatın 30 əmsalına vurulmaqla bir aylıq müddət üçün hesablanmış dəymiş ziyanın məbləği aşağıdakı kimi olmalıdır. (3908,7-3673)x30x0,09 qəpik=636,39 manat Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı “xxxxxxxx” ASC-yə dəymiş zərərə görə hesablanmış borc məbləği 636,39 manat məbləğində müəyyən edilməli, mübahisəli akta əsasən hesablanmış 10.553,49 manat borc məbləğinin qalan 9919 manat hissəsi isə silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinin tələbinə görə iddia qiyməti 500 manatdan çox olduqda iddia ərizələrindən 30 manat dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq iddia verilərkən ödənilmiş dövlət rüsumunun 25 manat hissəsi cavabdehdən tutulmalı, 5 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. İddiaçı cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, NDQ N07028 saylı akta və xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən hesablanmış 9919 manat (doqquz min doqquz yüz on doqquz) məbləğində borc silinsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsi cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. İddia verilərkən iddiaçı tərəfindən ödənilmiş 5 (beş) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar