Məhkəmə qərarları › İş №e-2-2(113)-1444/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1444/2023

23.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1444/2023 23.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: akt, abonent saldosu) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı MTK-nın cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Nur” MTK (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli, 012858 saylı aktının ləğv edilməsi, hesablanmış 6500 manat əlavə borcun, cərimənin əsassız hesab edilməklə iddiaçının abunə hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdehin xx.xx.2022-ci il tarixli 012858 saylı akt üzrə hesabladığı 17850 manat borcun iddiaçının abunə hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının Bakı şəhəri Binəqədi rayonu, Mir Cəlal 63 A ünvanında yerləşən hündürmərtəbəli çoxmənzilli yaşayış binasının qarşısında yerləşən "xxxx" ASC-yə məxsus qapalı məkanda yerləşdirilmiş elektrik sayğacı mövcuddur. Həmin elektrik sayğacı uzun illərdir ki, orada yerləşdirilmiş, "xxxx" ASC-yə məxsus qapalı məkanda olduğu üçün sayğaca nəzarəti həmişə "xxxx" ASC-nin əməkdaşları həyata keçirmişlər. Məkanın da açarları yalnız onlarda olmuş, istədikləri vaxt sayğaca baxış keçirmişlər. Onlardan istifadə olunmuş elektrik enerjisinə görə pul tələb edilərkən məlum olmuşdur ki, xx.xx.2022-ci ildə "xxxx" ASC-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilən zaman sayğacın işləməməsi aşkar olunmuş, buna görə 012858 saylı akt tərtib edilərək onlara 6500 manat borc yazılmışdır. Bildirilir ki, elektrik sayğacı "xxxx" ASC-nin əməkdaşları tərəfindən müəyyən edilmiş və yalnız onların nəzarətində olan yerdə quraşdırılmışdır. Həmin sayğaca heç vaxt tərəflərindən hər hansı müdaxilə edilməmiş, onların nəzarətində olmayan yerdə olduğu üçün müdaxilənin də edilməsi mümkün deyildir. Digər tərəfdən də həmin əraziyə nəzarət edən "xxxx" ASC-nin əməkdaşları tərəfindən hər ay sayğaca baxış keçirilmişdir. Belə olan halda tərəflərindən sayğaca müdaxilə edilməsi ağlabatan hesab oluna bilməz. İstifadə olunan elektrik enerjisi üzrə mütəmadi olaraq ödənişlər həyata keçirmiş və sayğıcın nasaz vəziyyətdə olması barədə onlarda məlumat olmamışdır. Bu səbəbdən tərtib edilmiş aktı və akta əsasən hesablanmış cəriməni əsassız hesab edirlər. Aktın ləğv edilməsini, ona əsasən hesablanmış cərimənin, borcun silinməsi barədə cavabdehə rəsmi müraciət etmələrinə baxmaraq bunun nəticəsi olmamışdır. "xxxx" ASC-nin əməkdaşları dəfələrlə əsassız və qanunsuz yazılmış borca görə çoxmənzilli yaşayış binasına verilən elektriki dayandırmış, bu da binada yaşayan yüzlərlə ailənin işıqsız qalmasına, bina sakinlərinin liftdə qalmasına səbəb olmuşdur. Cavabdeh tərəfindən tərtib edilmiş akt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”-nın tələblərinə də ziddir. Bundan əlvə, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli 012858 saylı akt üzrə 17850 manat borcun yazıldığı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, akt onların iştirakı olmadan tərtib edilmiş, sayğaca baxış keçirilməsi barədə onlara ümumiyyətlə məlumat verilməmiş, aktda imzası olan şəxs isə sadəcə həmin binanın sakinidir, həmin MTK-nın işçisi deyildir. Cavabdehin tərtib etdiyi akt əsassızdır, belə ki, onlara hər ay iddiaçı tərəfindən hesab fakturalar təqdim edilir, həmin fakturalar üzrə ödənişlər aparılır. Bundan əlavə, onlara akt təqdim edildikdə, borcun 6500 manat olması bildirilmiş, lakin sonradan cavabdehin təqdim etdiyi sənədlərdən borcun 17850 manat olması ona məlum olmuşdur. Bu səbəbdən iddia tələbinin həcminin artırılması barədə ərizə verilmişdir. Hazırda iddia tələbinin həcminin artırılması barədə ərizədə qoyduğu tələbi müdafiə edir.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, aparılmış yoxlama dövlət reyestrində qeydiyyata alınmışdır, baxmayaraq ki, orada qeyd edilmiş VÖEN başqa sahibkarlıq subyektinə məxsusdur. Sayğaca baxış keçirilərkən sayğacın sərf edilmiş elektrik enerjisini tam qeydə almaması müəyyən edilmiş, bu səbəbdən akt tərtib edilərək əlavə olaraq iddiaçıya sayğacın nasaz olduğu xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək olan dövr üzrə əlavə olaraq 17850 manat borc hesablanmış, bu barədə iddiaçıya hesab faktura təqdim edilmişdir. Sayğacda olan qüsur texniki qüsurdur, həmin qüsur iddiaçının təqsiri olmadan yaranmışdır. Sayğacın sxemi daha sonra bərpa edilmişdir. Bu səbəbdən borc əsaslıdır.

III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Cavabdehin Binəqədi rayon Enerji Təchizat və Satışı İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixi Bgn-23/407 saylı müraciətin araşdırılmasına dair məktubdan görünür ki, araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixində cavabdehin Nəzarət Departamentinin əməkdaşları tərəfindən elektrik sayğacına baxış keçirilən zaman alt qapaq möhürünün pozulması və sayğacın işləməməsi aşkar olunmuşdur. Buna görə də 012858 saylı akt tərtib olunmuş və itirilmiş elektrik enerjisinin miqdarı bərpa edilmişdir.

8. Cavabdehin Nəzarət Departamenti Satışa Nəzarət İdarəsi tərəfindən tərtib edilmiş 30 iyun 2022-ci il atrixli 012858 nömrəli aktdan görünür ki, həmin tarixdə iddiaçıya məxsus binada yerləşən sayğaca baxış keçirilmiş və müəyyən olunmuşdur ki, sayğacın göstərici tablosu sönüb və sayğac xətdən axan yükü qeyd etmir. Sayğac sxeminə baxış keçirən zaman məlum oldu ki, sayğacın qoşulma sxemi səhvdir, belə ki, gərginlik transformatorundan gələn “B” (100V) gərginlik fazası sayğacın “B” cərəyan sıxacına, cərəyan transformatorundan gələn “B” cərəyan fazası isə sayğacın “B” gərginlik sıxacına daxil olur. Bu halda sayğac xətdən axan yükü düzgün qeyd etmir. Belə ki, sayğac dövrəsindən axan cərəyan iq=0,5 A, ib=0,49 A, ic=0,5A. Sayğac sxeminin səhv olduğu halda 1 impuls=85 saniyə, səhv halda sayğacın göstəriciləri ua=59 V, iA=0,47A, cosq=0,66, ub=72V, ib=0,05A, cosq=0,13, uc=64V, uc=0,42 A, cosq=-0,89. Pfan=173, Psay=85kvt. AP= - 50 %

9. Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra vərəqindən görünür ki, iddiaçının ünvanında sayğaca baxış zaman məlum olmuşdur ki, elektrik sayğacının ekran tablosu sönüb, sayğac dövrədən axan yükü qeyd etmir. Bunun əsasında 17850 manat zərər hesablanmışdır. (Tarif (0,11 man) – 162280 kvts x 0,11 = 17850 manat).

10. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 216018 nömrəli enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsinə əsasən abonentə illik buraxılacaq elektrik enerjisinin təxmini miqdarı 249072,72 kvts və dəyəri 27398 manat təşkil edir.

11. Müqavilənin 9-cu bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar yalnız tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstəricisinə əsasən aparılır.

12. Müqavilənin 12-ci bəndinə əsasən hesablaşma elektrik sayğaclarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun mülkiyyətçisinin abonentin üzərinə düşür.

13. Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, NDQ012858EİQ nömrəli akta əsasən iddiaçıya 17850,80 manat borc hesablanmışdır.

14. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisinin haqqının ödənişi üçün xx.xx.2022-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, iddiaçının xx.xx.2022-ci il tarixə 3192,17 manat qalıq borcu var.

15. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisinin haqqının ödənişi üçün xx.xx.2022-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, iddiaçının xx.xx.2022-ci il tarixə 3043,37 manat qalıq borcu var.

16. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisinin haqqının ödənişi üçün xx.xx.2022-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, iddiaçının xx.xx.2022-ci il tarixə 1468,18 manat qalıq borcu var.

17. İddiaçı tərəfindən verilmiş NDQ012858EİQ xx.xx.2022-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, iddiaçının 17580,80 manat akt əsasında borc hesablanmışdır.

18. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisinin haqqının ödənişi üçün xx.xx.2022-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, iddiaçının xx.xx.2022-ci il tarixə 8664,16 manat qalıq borcu var.

19. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisinin haqqının ödənişi üçün xx.xx.2022-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, iddiaçının xx.xx.2022-ci il tarixə 9677,18 manat qalıq borcu var.

20. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisinin haqqının ödənişi üçün xx.xx.2022-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, iddiaçının xx.xx.2022-ci il tarixə 9325,67 manat qalıq borcu var.

21. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisinin haqqının ödənişi üçün xx.xx.2022-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, iddiaçının xx.xx.2022-ci il tarixə 9526,63 manat qalıq borcu var.

22. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisinin haqqının ödənişi üçün xx.xx.2022-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, iddiaçının xx.xx.2022-ci il tarixə 10693,88 manat qalıq borcu var.

23. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə qədər istifadə olunan elektrik enerjisinin haqqının ödənişi üçün xx.xx.2023-cü il tarixli ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, iddiaçının xx.xx.2023-cü il tarixə 12593,72 manat qalıq borcu var.

24. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

25. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus sayğaca baxış keçirilmiş, baxış nəticəsində sayğacda nasazlıq olması halı müəyyən edilmiş, bu barədə 012858 saylı, xx.xx.2023-cü il tarixli akt tərtib edilərək iddiaçıya həmin akt əsasında 17850 manat borc hesablanmışdır.

26. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi borc məbləği cavabdeh tərəfindən sayğacın nasazlığı səbəbindən sayğacın xətdən axan yükü qeydə almamasına istinad edilməklə hesablanmış borcdur.

27. Məhkəmə hesab edir ki, cavabdehin göstərilən aktda istinad etdiyi hallar borcun hesablanmasının düzgün hesab edilməsi üçün əsas vermir.

28. Belə ki, Mülki Məcəllənin 443.7-cü maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.

29. Həmin maddənin məzmunundan göründüyü kimi, tərəflər arasında müqavilədə ayrı qayda nəzərdə tutulduğu hallar istisna olmaqla, öhdəliyin icra edilməməsi ilə əlaqədar yaranmış zərərə görə məsuliyyət yalnız o zaman borclunun üzərinə qoyula bilər ki, həmin zərər borclunun qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində yaranmış olsun, başqa sözlə desək, borclu həmin zərərin yaranmasında təqsirli olsun.

30. Materiallardan isə görünür ki, cavabdeh həmin aktla sayğacın yararlı olmaması ilə əlaqədar ona dəymiş maddi ziyan üçün məsuliyyəti iddiaçının üzərinə qoysa da, tərəflər arasında bağlanılmış müqavilədə istehlakçının sayğacda mövcud qüsurlara görə təqsirindən asılı olmayaraq məsuliyyət daşımalı olmasını nəzərdə tutan müddəa yer almamış, sayğacın yararsız vəziyyətə düşməsinin və belə olan halda ziyanın yaranmasının iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi isə materiallarda olan sənədlərlə öz təsdiqini tapmamışdır.

31. Belə ki, cavabdeh tərəfindən tərtib edilmiş akta əsasən müəyyən edilir ki, sayğacda mövcud qüsur (sayğacın göstərici tablosunun sönməsi və axan yükü qeydə almaması) sayğacın nasazlığı üzündən yaranmış, yəni sayğaca kənar müdaxilə ilə bağlı olmamışdır.

32. Məhkəmə həmçinin qeyd edir ki, “X1 qaydalarının” 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

33. Materiallarda olan abonent saldosundan, cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş hesab fakturalardan, iddiaçı tərəfindən Məhkəməyə təqdim edilmiş ödəniş sənədlərindən görünür ki, sayğac göstəricilərinə əsasən sayğacın olmadığı müddətdə xx.xx.2022-ci il tarixli aktda göstərilən müddət üçün iddiaçıya sayğac göstəricilərinə əsasən borc hesablanmış və həmin borc iddiaçı tərəfindən ödənilmişdir. Belə olan halda istehlakçının təqsiri olmadan düzgün hesablanmamış elektrik enerjisinin dəyərinin yenidən hesablanaraq istehlakçıdan tələb edilməsi “X1 qaydalarının” 8.2-ci maddəsinə və tərəflər arasında bağlanmış müqavilənin tələblərinə ziddir.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya məxsus sahədə quraşdırılmış və xx.xx.2022-ci il tarixdə çıxarılmış sayğacın nasazlığının istehlakçının təqsiri üzündən yaranması materiallar ilə təsdiqlənmədiyindən, eyni zamanda həmin borcun hesablandığı müddət üçün iddiaçıya “X1 qaydaları” və müqavilənin tələblərinə əsasən istifadə edilmiş elektrik enerjisinə görə hesablanmış borc iddiaçı tərəfindən ödənildiyindən iddiaçıya cavabdeh tərəfindən həmin müddət üçün əlavə borcun hesablanması qanunsuz və əsassızdır.

35. Digər tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun:

36. 2.1-ci maddəsinə əsasən, həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.

37. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə həmin Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.

38. 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

39. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin:

40. 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) həmin Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

41. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

42. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.

43. “7.18-ci bəndə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

44. Cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə elektrik sayğacının yoxlanılması – yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınma təmin edildikdən sonra həyata keçirilməsi mümkün olduğu halda, qanunvericiliyin qeyd olunan tələblərinə əhəmiyyət verilməmiş, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb bu barədə çıxarış almadan, birbaşa olaraq, iddiaçıya məxsus obyektə baxış keçirilmiş, akt tərtib edərək borc hesablamışdır.

45. Cavabdeh həmin yoxlamanın Vahid məlumat reyestrində qeydə alındığını bildirsə də, nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 04 aprel 2023-cü il tarixli KY221751741 nömrəli çıxarışdan görünür ki, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin VÖEN-i kimi ********** göstərilmişdir.

46. Elektron məhkəmə iformasiya sistemindən çıxarışa əsasən həmin VÖEN iddiaçıya (iddiaçıya məxsus VÖEN – **********) deyil, fərdi sahibkar kimi dövlət qeydiyyatına alınmış F.Məhərrəmova məxsusdur.

47. Göründüyü kimi, cavabdeh elektrik enerjisinin təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.

48. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlamalar heç bir hüquqi nəticə yaratmır.

49. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya ümumilikdə 17850 manat məbləğində borc hesablamaqda haqlı olmamışdır.

50. Belə olan halda, həmin yoxlamanın (baxışın) nəticələri, yəni iddiaçının abonent hesabına işlənmiş 17850 manat məbləğində borcun hesablanması yuxarıda göstərilən normativ hüquqi aktların tələblərinin pozulması ilə aparıldığından yoxlamanın hüquqi nəticəsi olmamışdır. Bu səbəbdən yoxlamanın nəticəsi olaraq hesablanmış borc da əsaslı hesab edilə bilməz.

51. Qeyd olunanlara əsasən iddiaçının abonent hesabına hesablanmış borc məbləği cavabdeh tərəfindən tərtib edilmiş akt əsasında olduğundan və həmin aktın tərtib edilməsinə əsas olmuş halların mövcudluğu məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Ona görə də məhkəmə hesab edir ki, həmin akta görə iddiaçının abonent hesabına hesablanmış ümumilikdə 17850 manat məbləğində borc silinməlidir.

V. Nəticə:

52. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı MTK-ya əsassız olaraq hesablanmış 17850 (on yeddi min səkkiz yüz əlli) manat məbləğində borcun silinməsi öhdəliyi cavabdeh "xxxx" ASC-yə həvalə edilsin. Ödənilmiş 143 (bir yüz qırx üç) manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı MTK-ya ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar