Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1445/2023 20.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı cavabdehdən qaiməfakturalara əsasən aldığı soyuduculara görə yaranmış 20.155 manat borcun və 228 manat dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı cavabdehdən qaiməfakturalara əsasən aldığı soyuduculara görə yaranmış 20.155 manat borcun və 228 manat dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının anbarından qaiməfakturalara əsasən ədəd “Çinar-7MS” markalı, məişət soyuducularını alaraq dəyərini ödəməyi üzərinə götürmüşdür. Bir müddət üzərinə düşən vəzifəni yerinə yetirərək qəbul etdiyi soyuducuların dəyərinin bir hissəsini ödəsə də, 12 aprel 2022-ci il tarixə 20.155 manat qalıq borcu yaranmışdır. Bu barədə 12 aprel 2022-ci il tarixdə onun qeydiyyatda olduğu ünvana rəsmi qaydada pretenziya göndərilərək 10 gün müddətində borcunun ödənilməsi xahiş edilmiş, lakin o, borcu könüllü ödəməmişdir. Borcu ödəmədiyinə görə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə şikayət edilmiş və İstintaq şöbəsinin araşdırma apararaq cavabdehdən izahat alınmış və o, izahatında göstərmişdir ki, dəfələrlə zavoddan soyuducular götürərək yerlərdə ki, dukanlara vermiş və qarşılığında zavoda soyuducuların pulunu ödəməmişdir. Onun tərəfindən həqiqətən də, 19.000 manat dəyərində mallar götürsə də, lakin verdiyi soyuducuların pullarını həmin şəxslər geri qaytarmamışdır. Göründüyü kimi istintaqda araşdırma zamanı cavabdeh iddiaçıya borcu olduğunu etiraf etmişdir və ona görədə 17 iyul 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilərək, mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Bundan sonra Mediyasiya Şurasına müraciət edilmişdir, lakin cavabdeh çağrışa gəlmədiyinə görə onun əvəzinə də rüsum ödənilmiş və Mediyasiya Şurası bu barədə arayış vermişdir. Cavabdeh iddiaçıdan aldığı malın dəyərini müəyyən bəhanələrlə ödəmədiyinə görə ondan 20.155 manat tutularaq iddiaçının hesabına ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1445/2023 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. İş üzrə Cavabdeh ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)-1445/2023 saylı qiyabi qətnaməsinin ləğv edilməsini və iş üzrə icraatın təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1445/2023 saylı qərardadı ilə ərizə təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1445/2023 saylı qiyabi qətnaməsi ləğv edilmiş və kommersiya mübahisəsinə dair iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 məhkəmə iclasında ona verilən suala cavab olaraq bildirdi ki, cavabdeh işçiləri olub, müştəri olmayıb. Və malları işçi olaraq satış məqsədilə götürüb. Tam maddi məsuliyyət barədə müqaviləyə əsasən götürdüyü əşyalara görə məsuliyyət daşımalıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəmə iclasında ona verilən suala cavab olaraq bildirmişdir ki, o şirkətin işçisi idi. Satış meneceri ilə birlikdə müştərilər axtarırdılar, müştərilərlə ASC-nin adından müqavilə bağlanırdı. Sonra ASC ödənilməmiş məbləğləri müştərilərdən tələb edirdi. Hazırda müştərilər pulu ödəmədiyindən ona qarşı iddia qaldırılıb. Sədrlik edən tərəflər ilə işin məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Yasamal rayon Məhkəmsinə göndərilməsi məsələsini müzakirə edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək tərəflər ilə işin məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Yasamal rayon Məhkəmsinə göndərilməsi məsələsini müzakirə edir. İddiaçının nümayəndəsi işin məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Yasamal rayon Məhkəmsinə göndərilməsinə etiraz etmədiyini, cavabdeh isə məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, Mülki Prosessual Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman kommersiya mübahisəsinin subyektləri qismində hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər çıxış edə bilərlər. Kommersiya mübahisəsinin predmeti isə tərəflərin həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olmalıdır. İş materiallarından isə görünür ki, hazırkı mübahisə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə fərdi sahibkar statusuna malik fiziki şəxs Cavabdeh arasında yaransa da, Cavabdeh həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gəlmir. Belə ki, iddiaçı "xxxx" ASC ilkin olaraq iddiasını tərəflər arasında malların alqı-satqısı müqaviləsinin bağlanması və həmin müqavilə əsasında Cavabdeh mal təqdim edilməsi ilə əsaslandırsa da, məhkəmə araşdırması zamanı (o cümlədən tərəflərin izahatlarına əsasən) müəyyən edilmişdir ki, mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə Cavabdeh "xxxx" ASC-də mühəndis vəzifəsində çalışmış, işlədiyi müddətdə ASC-nin anbarından müştərilərə təqdim edilməsi üçün soyuducular götürmüş, lakin müştərilər tərəfindən həmin soyuducuların dəyəri ASC-yə tam ödənilməmişdir. Hazırkı mübahisənin Cavabdeh fərdi sahibkar kimi həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən deyil, işəgötürən və işçi arasında yaranmış əmək münasibətlərindən irəli gəlməsi həmçinin onunla da təsdiq edilir ki: Birincisi, iddiaçının özü Cavabdeh anbardan götürülmüş soyuduculara görə məsuliyyət daşımasını təsdiq etmək üçün tərəflər arasında bağlanmış tam maddi məsuliyyət haqqında müqaviləni məhkəməyə təqdim etmişdir, yəni faktiki olaraq hazırkı mübahisənin əmək münasibətlərindən irəli gəlməsini təsdiq etmişdir. İkincisi, iş materiallarından da göründüyü kimi "xxxx" ASC tərəfindən Cavabdeh soyuducuları təqdim etdiyi müştərilərə və Daxili İşlər Nazirliyinə soyuduculara görə yaranmış borcun ödənilməsi barədə müraciət edilmişdir. Göstərilən hal isə Cavabdeh anbardan götürdüyü soyuduculara dair müştərilərlə alqı-satqı müqavilələrini öz adından deyil, ASC-nin adından bağlamasına dəlalət edir. Bundan əlavə EMİS-dən əldə olunan məlumata əsasən isə müəyyən edilir ki, Cavabdeh fərdi sahibkar kimi “məişət maye yanacağı, balon qazı, kömür və ağac yanacağının pərakəndə” satışı ilə məşğul olur (hazırda fəaliyyətini müvəqqəti dayandırmışdır). İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11-ci bəndinə görə o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin qərarın 12-ci bəndinə görə bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Beləliklə, hazırkı iş üzrə mübahisə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sahibkarlıq fəaliyyəti ilə bağlı olsa da, Cavabdeh fərdi sahibkar kimi fəaliyyətindən irəli gəlməsi iş materiallarına əsasən müəyyən edilmir. Odur ki, hazırkı iş məhkəmə aidiyyəti qaydalarına əsasən ümumi məhkəməyə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin rəsmi qeydə alındığı ünvan Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşdiyindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı cavabdehdən qaimə-fakturalara əsasən aldığı soyuduculara görə yaranmış 20.155 manat borcun və 228 manat dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.5, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı cavabdehdən qaiməfakturalara əsasən aldığı soyuduculara görə yaranmış 20.155 manat borcun və 228 manat dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1445/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1445/2023
20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver