Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1446/2023 13.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, "xxxx" Bankı ASC tərəfindən verilmiş iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏNETDİM: İddiaçı "xxxx" Bankı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən Azərbaycan Respublikası Mülki Prosessual qanunvericiliyinin normalarına riayət etməmişdir. Belə ki, AR Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. AR Mülki Prosessua Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Cavabdeh ipoteka müqaviləsi üzrə ipoteka qoyan, iddiaçı ipoteka saxlayan, üçüncü şəxs "xxxx" MMC isə iddiaçı ilə bağlanmış kredit müqaviləsi üzrə borcalan kimi çıxış edir. İddiaçı iddia tələbində ipoteka predmetinə tutmanın yönəldilməsini xahiş etmişdir. Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmaması və tərəflər arasında ipoteka müqaviləsindən irəli gələn münasibətlərin yaranması onu deməyə əsas verir ki, hazırki mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmış kommersiya mübahisəsi deyildir. Beləliklə məhkəmə hesab edir ki, iş məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalı olmadığından geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" Bankı ASC-nin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1446/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1446/2023
13.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver