Məhkəmə qərarları › İş №e-2-2(113)-1448/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1448/2021

07.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1448/2021 07.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil3, Cavabdehin nümayəndəsi və vəkili Vəkil4 iştirakları ilə, İddiaçı cavabdeh "X7 ()" Şirkətinə qarşı maddi və mənəvi ziyan tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "X7 ()" Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 46700 ABŞ dolları və 26000 Avro məbləğində maddi ziyanın və 100000 manat məbləğində mənəvi ziyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2016-cı ildən “visitqatar.com” domenin rəsmi sahibidir. Qeyd edilən domen əmtəə nişanı kimi 17 iyul 2018-ci il tarixindən ABŞ Patent və Əmtəə nişanı Ofisində qeydiyyatdan keçmişdir. Cavabdeh şirkət tərəfindən uzun zamandır ki, “qatarairways.com” veb saytından istifadə edilir. Bu isə həmin veb saytın legitim məqsədlər xaricində istifadə edilməsi deməkdir. Belə ki, qeyd edilən veb saytda iki söz iddiaçıya məxsus olan əmtəə nişanındakı və domendəki iki sözlə eynilik təşkil edir. “Qatar” sözü və “com” domeni müştərilərin fikrini yanıldır ki, bu da iddiaçının qeyd edilən domendən istifadəsini məhdudlaşdırır və istədiyi formada gəlir əldə etməyini məhdudlaşdırır. Hələ bu azmış kimi, “X11” şirkəti iddiaçıya qarşı haqsız olaraq iddia qaldırmış və iddiasının əsaslarından biri də odur ki, iddiaçının mülkiyyətində və sahibliyində olan visitqatar.com domenindən istifadə guya onlarla haqsız rəqabətə səbəb olur. Hansı ki, bu tamamilə əksinədir. İddiaçının sahibliyində olan domenə bənzərə veb saytından onların istifadəsi iddiaçının əmtəə nişanı ilə bağlı hüquqlarının pozulmasına səbəb olur. Qeyd edilən məhkəmə prosesində özləri də etiraf edir ki , “visit qatar” əmtəə nişanından 2015-ci ildən istifadə edirlər. Halbuki “visitqatar.com” domeni 2004-cü ildən yaradılmış və istiafədə edilmiş, 2016-cı ildən isə iddiaçı tərəfindən alınmış və əmtəə nişanı kimi 2018-ciilin iyulun 17-dən qeydiyyata alınmışdır. Qatar Turizm Komitəsinin iddiaçıya qarşı qaldırdığı əsassız iddianın məzmunu və əks arqumentləri aşağıda qeyd edilir: Qatar Turizm Komitəsi tərəfindən iddiaçıya qarşı irəli sürülən dəlillərin heç biri öz həqiqiliyini tapmır. İddiaçı tərəfindən vicdanlı davranmama (bono fide prinsipinin pozulması) “visitqatar.com” domenindən legitim biznes üçün istifadə etməməyi. “VisitQatar” markasından istifadə edilməsinin haqsız rəqabətə yol açması. “Visitqatar” domenini sadəcə yüksək qiymətə satılması niyətinin olması. “VisitQatar” biznes markası altında hər hansı fəaliyyətin olmaması. “VisitQatar” markasından Qatar Turizm Komitəsi tərəfindən daha əvvəlki tarixdən istifadə edilməsi. Yuxarıda qeyd edilən bəndlər üzrə qoyulacaq əks arqumentlər iddiaçının haqlı olduğunu isbat edir. Birincisi iddiaçı tərəfindən bono fide prinsipinin pozulması tamamilə əsassızdır. Belə ki, “visitqatar.com” domeninin iddiaçı tərəfindən rəsmi reyestrdə qeydə alındığı tarixindən tamamilə legitim biznes üçün istifadə edilib. Niyyət isə sadəcə sözügedən domen vasitəsi ilə turistlərə online tursit xidmətlərinin həyata keçirilməsi olmuşdur. Bunun əksini sübut edəcək hər hansı bir arqument ümumiyyətlə mövcud deyildir və mövcud ola bilməz. Tam əksini Qatar Turizm Komitəsinin iddiaçıya qarşı irəli sürülmüş iddialardan da aydın olur ki, domen iddiaçı tərəfindən sadəcə turistlərə xidmət göstərilmək üçün istifadə edilmişdir. Doğrudur xidmətlərin təşkil edilməsi adətən mövcud olan xidmətlərin təklif edilməsi olmuşdur. Bunu isə iddiaçıya qadağan edən heç bir məhdudiyyətin olmaması bono fide prinsipinin pozulmaması deməkdir. İkinci əsasla bağlı əslində yuxarıdakı bənddə ətraflı şəkildə qeyd edilmişdir. Sadəcə əlavə olaraq bildirir ki, “visitqatar.com” domenindən yüksək gəlirin əldə edilməsi sadəcə satılmaqla mümkün olması fikri tamamilə gülüncdür. Belə ki, qeyd edilən domenlə turistlərə xidmətlərin təklif edilməsi iddiaçıya yüksək gəlir gətirə bilər. İddiaçı tam əksinə vicdanlı davranaraq “visitqatar.com” domeni iddiaçı tərəfindən Qatar Turizm Komitəsinə təklif edilmişdir. Qeyd edilən domen rəsmi qaydada qeydiyyatdan keçdiyi tarixdə ümumiyyətlə Visit Qatar deyə bir marka olmamışdır. Bu hal hazırda Colorada məhkəməsində gedən iş üzrə Qatar Turizm Komitəsi tərəfə və məhkəməyə sübut ediləcəkdir. Tam əksinə Qatar Turizm Komitəsi tərəfindən WİPO-da gedən məhkəmə (arbitraj) işində həqiqəti əks etdirməyən məlumatlar məhkəməyə təqdim edilmiş, guya Qatar Turizm Komitəsi tərəfindən Visit Qatar markasından hələ 2012-ci ildən tvitter və digər saytlarda istifadə edilmişdir. Halbuki bu halı özü təkzib edərək, Colorada məhkəməsində verdiyi iddianamədə inkar edir. Bu fakt sübut edir ki, “visitqatar.com” domeni Qatar Turizm Komitəsinin Visit Qatar markasından istifadə etdiyi tarixdən çox əvvəl mövcud olmuşdur. X9 Komitəsinin mövcud olan bir markadan istifadə etməyini, bono fide prinsipinə ziddir, ya rəsmi reyestrdə iddiaçının adına mövcud olan domendən istifadə etməsin. Təbii ki, rəsmi reyestrdə iddiaçının adına qeydiyyatda olan domendən istifadə iddiaçı üçün təbii hüquqdur. Təbii hüquq ona görədir ki, bir mənalı olaraq iddiaçının gözləntili mülkiyyət haqqı var. X8 Komitəsi sadəcə əsassız arqumentlərlə iddiaçının haqqını əlindən almaq istəyir. Üçüncü məqam haqsız rəqabətin iddia edilməsidir ki, bu da əsassızdır. Belə ki, iddiaçıya məxsus olan domendən istifadə edənlər üçün tamamilə aydın olur ki, Qatar Turizm Komitəsi iddiaçıdan sonra istifadə etdiyi Visit Qatar markası ilə domenin heç bir bağlılığı yoxdur. X6 Komitəsinin domeni “visitqatar.qa”, iddiaçıya məxsus olan domen isə “visitqatar.com”-dur. Hər iki domenin oxşar tərəfləri olsa da, sondakı “.com” və “.qa” hissəcikləri hər şeyi açıqlayır. Çünki NTC tərəfindən istifadəyə verilmiş domen uzun müddətdir ki eynidir. Yəni istifadəçilər üçün çaşdırıcı mahiyyətdə ola bilməz. Çünki istifadəçi asanlıqla müəyyən edə bilir ki, “visitqatar.com” NTC-yə aid deyildir. Çünki görünüş (panellər saytlar) tamamilə fərqlidir və bu da haqsız rəqabətin olması ehtimalını aradan qaldırır. Dördüncü məqam guya “visitqatar.com” domeninin yüksək qiymətə satılması niyyətinin olmasıdır. Bu da tamamilə absurddur. Qatar Turizm Komitəsi tərəfindən iddia edilir ki, domenin 400000 avroya təklif edilməsi qeyd edilən domenin yüksək qiymətə satılması niyyətini ehtiva edir. Əvvəla domen birmənalı olaraq iddiaçıya məxsusdur. Həmin domenlə bağlı satışın Qatar Turizm Komitəsinə təklif edilməsi sadəcə vicdanlı davranışdır. Qiymətlə bağlı irada gəldikdə isə qeyd edilən domendən istifadə etməklə əldə ediləcək gəliri düşündükdə bunun heç də ədalətsiz olmadığı aydın olur. X10 Komitəsinə edilmiş vicdanlı təklifin iddiaçıya qarşı arqument kimi istifadə edilməsi heç də bono fide davranışına uyğun deyildir. Qatar Turizm Komitəsinə olan təklif sadəcə vicdanlı davranışın göstəricisidir. Qatar Turizm Komitəsi iddia edir ki, Visit Qatar markası altında hər hansı biznes fəaliyyəti yoxdur. Əslində irəli sürülən bu iddia Qatar Turizm Komitəsinin yuxarıda iddiaçıya qarşı irəli sürdüyü arqumentləri alt-üst edir. Belə ki, əgər iddiaçı Visit Qatar markası altında hər hansı fəaliyyət göstərmirsə, (yəni turist agentliyi və s yoxdursa) necə haqsız rəqabət ola bilər, necə vicdanlı olmayan biznes fəaliyyəti ola bilər. İddiaçının fəaliyyəti həmin domen vasitəsi ilə turistik xidmətin təşkil edilməsidir. Qatar Turizm Komitəsi tərəfindən iddia edilir ki, guya Visit Qatar markasından domenin qeydiyyatından əvvəl istifadə edilmişdir. Bu isə tamamilə əsassızdır. Çünki iddianamədə qeyd edilir ki, Visit Qatar markasından 2015-ci ildən bu tərəfə istifadə edir. Bu domen isə 2004-ci ildən qeydiyyatdan keçib, 2016-cı ilin yanvar ayından etibarən isə rəsmiləşdirilmişdir. X10 Komitəsinin iddiaçıya qarşı irəli sürdüyü bu arqument də əsassızdır. Həm Qatar AirWays Şirkətinin, həmdə Qatar Turizm Komitəsinin qaldırdıqları əsassız iddialara görə 46700 ABŞ dolları və 26000 Avro məbləğində maddi zərər dəymişdir. Əmtəə nişanları və coğrafi göstəricilər haqqında Qanunun 3-cü maddəsinə əsasən “Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir.” Qeyd edilən Visit Qatar (visitqatar.com) X2 Qeydiyyatı üzrə Madrid Protokoluna əsasən X3 və Əmtəə nişanı Ofisi tərəfindən qeydiyyata alınmışdır. AR X2 Qeydiyyatı üzrə Madrid Protokolunu tanıdığına görə həmin protokol çərçivəsində olan əmtəə nişanını da qeyd edilən Qanunun yurisdiksiyasına düşür. Əmtəə nişanları və coğrafi göstəricilər Haqqında AR Qanunun 25-ci maddəsinə əsasən “Əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir.Əmtəə nişanı üzərində hüquqa malik şəxsin özü tərəfindən və ya onun razılığı əsasında ona məxsus əmtəə nişanı ilə Azərbaycan Respublikasında ticarət dövriyyəsinə buraxılan əmtəələrlə bağlı başqa şəxslərin həmin əmtəə nişanından istifadə etməsinə qadağa qoymaq hüququ yoxdur.Əmtəə nişanının sahibi “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan ölkələrin birində həmin Konvensiyanın 6 septies maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə onun istifadəsinə icazə vermədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir.Geniş tanınmış əmtəə nişanının sahibi onun nişanı barədə yanlış təsəvvür yarada bilən reproduksiyadan, oxşatmadan, transliterasiyadan və tərcümə olunmuş sözdən ibarət olan əmtəə nişanının və ona aid olan əmtəələrin və xidmətlərin, geniş tanınmış əmtəə nişanına aid olan əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olduğu, qeydə alınmış əmtəə nişanının sahibi isə əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olmadığı təqdirdə də yanlış təsəvvür yarada bilən nişanın qadağan olunmasını tələb edə bilər.Müstəsna hüquq əmtəə nişanının müstəqil əmtəə nişanı kimi qeydə alına bilinməyən elementlərinə şamil edilmir.” Əmtəə nişanları və coğrafi göstəricilər Haqqında AR Qanunun 32-cimaddəsinə əsasən “Aşağıdakı hallar internet şəbəkəsində, xüsusilə domen adlarda və ya ünvanlamanın başqa üsullarında əmtəə nişanının və ya firma adının sahibinin hüquqlarının pozulması hesab edilir: domen adları eyni mallar və ya xidmətlərə görə firma adları və əmtəə nişanları ilə eynilik təşkil etdikdə; domen adları kommersiya məqsədləri üçün istifadə edildikdə.Domen adı və ya onun əsas hissəsi geniş tanınmış əmtəə nişanının təkrarlandığı, ona oxşadıldığı, tərcümə və ya transliterasiya edildiyi hallarda qeydiyyata alınmışsa və ya internet şəbəkəsində haqsızistifadə edilərsə, (xüsusən domen adlarında və ya ünvanlamanın başqa üsullarında), geniş tanınmış əmtəə nişanının sahibinin hüquqlarının pozulması hesab edilir. Geniş tanınmış əmtəə nişanının sahibi məhkəmə qaydasında tələb edə bilər ki, qarşıdurma yaradan domen adının qeydiyyatını aparan orqan onun qeydiyyatına xitam versin və ya həmin adı geniş tanınmış əmtəə nişanının sahibinə qaytarsın”. Qanunvericiliyin qeyd edilən normasının məzmunundan da görünür ki, oxşar domen adından istifadə edilməsi qadağandır. Cavabdeh tərəfindən istifadə olunun “qatarairways.com” domenindən istifadəsi hüquqa ziddir və istifadəsi dayandırılmalıdır. Həmçinin hüquqa zidd hərəkətlər nəticəsində dəymiş zərərin ödənilməsi ilə bağlı MM-in aşağıdakı normalarını qeyd etməyi zəruri hesab edir. MM-in 21.1- ci maddəsinə əsasən “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.”MM-in 21.2-ci maddəsinə əsasən “Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (realzərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. ”MM-in 21.3-cü maddəsinə əsasən “Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır”. Qeyd edilən normaların məzmunundan aydındır ki, zərərə düşən tərəf düşdüyü zərərin məbləğini zərər vurandan tələb edə bilər. Zərərin tələb edilməsinin əsası isə, cavabdehin hüquqdan sui istifadə etməsidir. Belə ki, cavabdeh hüquqdan sui istifadə edərək, iddiaçıya qarşı əsassız iddialar qaldırmaqla mənə külii miqdarda zərər vurmuşdur. Cavabdeh iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh “X7 (.)” şirkətinə qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldıraraq məhkəmədən onun xeyrinə Cavabdehdən 46700 ABŞ dolları və 26000 avro məbləğində maddi ziyanın və 100000 manat məbləğində mənəvi ziyanın əvəzi kimi pulun tutulmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, guya cavabdeh tərəfindən “qatarairways.com” domeni olan internet saytından istifadə qanunsuzdur və belə istifadə iddiaçının “Visit Qatar” adlı əmtəə nişanı və “visitqatar.com” domeni olan internet saytı üzərində hüquqlarını pozur, guya cavabdeh tərəfindən “qatarairways.com” domeni olan internet saytından istifadəsi İddiaçıya maddi və mənəvi zərər vurmuşdur və guya cavabdeh və “Qatar Turizm Komitəsi” adlı təşkilatın iddiaçıya qarşı qaldırdığı “əsassız iddialar” nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Cavabdeh iddia ərizəsini və iddia ərizəsinin əsaslandırılması üçün iddiaçının gətirdiyi bütün dəlilləri tamamilə əsassız hesab edir. İddia aşağıdakı səbəblərə əsassızdır. Qatar Airvays şirkəti - xarici hüquqi şəxsdir və onun Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış filialı vardır. Baş ofisi Qətər Dövlətində yerləşən Qatar Airvays dünyanın ən qabaqcıl hava yollan şirkətidir. İki yüzdən artıq təyyarəsi olan Qatar Airvays şirkəti dünyanın müxtəlif yerlərinə 170-dən çox məntəqəyə uçuşlar edir. Qatar Airvays şirkəti “qatarairways.com” domeni olan internet saytını idarə edir. Bu internet saytı vasitəsilə istifadəçilər həmçinin Qatar Airvays şirkətinin həyata keçirdiyi uçuşlara biletlər ala bilirlər. Azərbaycan Respublikasında Qatar Airways şirkəti özündə “Qatar Airways” söz birləşməsinin daxil olduğu işarə üzərində qeydiyyata alınmış əmtəə nişanının sahibidir. Bu əmtəə nişanı Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən 20 aprel 2015-ci il tarixdə dövlət qeydiyyatına alınmış və bu qeydiyyatın təsdiqi kimi cavabdehə 2015 0542 nömrəli X4 verilmişdir. Adıçəkilən X4ndə əmtəə nişanının 28 yanvar 2024-ci il tarixinədək qüvvədə olması göstərilir. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanunun (12 iyun 1998-ci il tarixli, 504-İQ nömrəli) 25-ci maddəsində qeyd edilir ki: əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Cavabdeh “Qatar Airways” söz birləşməsinin daxil olduğu nişan üzrə qeydiyyata alınmış əmtəə nişanı sahibi olduğundan və bu əmtəə nişanının qeydiyyatı hal-hazırda qüvvədə olduğundan cavabdeh bu əmtəə nişanmdan Azərbaycan Respublikasının ərazisində istifadə etməyə müstəsna hüququ vardır. Buna görə də Cavabdeh tərəfindən “qatarairways.com” domen adında “Qatar Airways” söz birləşməsindən istifadə etməsi tam qanunidir. Bundan əlavə, AR Mülki Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilir ki, firma adı qanunla müəyyənləşdirilmiş qaydada qeydə alınmış hüquqi şəxsin həmin addan istifadəyə müstəsna hüququ vardır. “Qatar Airways” söz birləşməsi cavabdehin qeydə alınmış adının bir hissəsidir və Mülki Məcəllənin adıçəkildə maddəsinə görə Cavabdehin bu söz birləşməsindən istifadəyə müstəsna hüququ vardır. Buna görə də Cavabdeh tərəfindən “qatarairways.com” domen adında “Qatar Airways” söz birləşməsindən istifadə etməsi Mülki Məcəllə baxımından da tam qanunidir. Burada xüsusi qeyd etmək istəyirik ki, İddiaçı “Qatar Airways” söz birləşməsinə müstəsna istifadə hüququnun olduğunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəfindən pozulması iddia edilən “Visit Qatar” adlı əmtəə nişanı Azərbaycan Respublikasında hüquqi mühafizə olunan əmtəə nişanı deyildir və hesab edilə bilməz. Belə ki, İddiaçı qeyd edir ki, “Visit Qatar” adlı əmtəə nişanı ABŞ-ın Patent və Əmtəə Nişanları İdarəsi tərəfindən qeydiyyata alınmışdır. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı bu Qanma uyğun olaraq mühafizə edilir. Adıçəkilən qanundan aydın görünür ki, hər hansı bir əmtəə nişanının Azərbaycan Respublikasında hüquqi mühafizə olunması üçün aşağıdakı iki şərtlərdən biri mövcud olmalıdır. Əmtəə nişanı Azərbaycan Respublikasında qeydiyyata alınmış olmadıdır; və yaxud Azərbaycan Respublikasında qeydə alınmayan (xarici ölkədə qeydiyyata alman) əmtəə nişanının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olmalıdır (yəni, əmtəə nişanın “beynəlxalq qeydiyyatı” olmalıdır). Qeyd edilən Qanundan görünür ki, hər hansı bir əmtəə nişanın xarici ölkədə (o cümlədən ABŞ-da) qeydiyyata alınması faktı həmin əmtəən nişanın Azərbaycan Respublikasında avtomatik olaraq hüquqi mühafizə edilməsinə səbəb olmur. Xarici ölkədə qeydiyyata alınan əmtəə nişanın Azərbaycan Respublikasında hüquqi mühafizə olunması üçün həmin əmtəə nişanın beynəlxalq müqaviləyə əsasən qüvvəsi olmaldır. İddiaçı “Visit Qatar” adlı əmtəə nişanın nə Azərbaycan Respublikasında əmtəə nişanı kimi qeydiyyata alınmasına dair, nə də ki həmin əmtəə nişanının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı olduğunu təsdiq edən hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Belə olan halda, Azərbaycan Respublikası qanunvericiliyinə görə xarici ölkədə qeydiyyata alınmış əmtəə nişanının Azərbaycan Respublikasında hüquqi cəhətdən qorunması mümkün deyildir. Buna görə İddiaçı ABŞ-da qeydiyyata alınmış “Visit Qatar” əmtəə nişanının Azərbaycan Respublikasında hüquqi mühafizəsini tələb edə bilməz. Hətta əgər ABŞ-da iddiaçının adına qeydiyyata alınmış “Visit Qatar” əmtəə nişanının Azərbaycan Respublikasında hüquqi mühafizəsi olmuş olsaydı belə, cavabdeh tərəfindən “qatarairways.com” domen adı olan internet saytından istifadəsi İddiaçının X5 üzərində hüquqlarının pozulmasına səbəb olmayacaqdır. Birinci, cavabdeh öz internet səhifəsinin domenində “Qatar Airways” ifadəsindən istifadə edir. Lakin, İddiaçının adına ABŞ-da qeydiyyata alınmış X4nə görə isə İddiaçı “Visit Qatar” ifadəsi üzərində əmtəə nişanın sahibidir. “Qatar Airways” ifadəsi ilə “VİSİT QATAR” ifadəsi eyni və ya qarışdırılacaq qədər oxşar olan ifadələr deyildirlər. İkincisi, İddiaçının adma ABŞ-da qeydiyyata alınmış X4ndə aydın şəkildə göstərilir ki, İddiaçı “Qatar” sözü üzərində müstəsna istifadə hüququna malik deyildir. Buna görə cavabdeh “qatarairways.com” domen adında “Qatar” sözündən istifadə etməklə iddiaçının heç bir hüququnu pozmur. İddiaçı iddia edir ki, guya cavabdehin “qatarairways.com” domen adında olan internet saytından “qanunsuz” istifadəsi iddiaçıya maddi və mənəvi zərər vurmuşdur. AR Mülki Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi o halda tələb edilə bilər ki, əgər şəxsin hüququ pozulmuş olsun və hüququn pozulması nəticəsində o hər hansı məbləğdə xərc çəkmiş olsun və ya çəkməli olsun. Cavabdehin “qatarairways.com” domen adında olan internet saytından istifadəsi qanunidir və iddiaçının hüquqlannı pozmur. Buna görə də cavabdeh “qatarairways.com” domen adında olan internet saytından qanuni istifadə etməklə iddiaçının hüquqlarını pozmuş və iddiaçıya hər hansı zərər (maddi və ya mənəvi) vurmuş hesab edilə bilməz. İddiaçı qeyd edir ki, guya cavabdehin və Qətər Turizm Komitəsi tərəfindən ona qarşı əssassız iddiaların qaldırması səbəbindən ona maddi ziyan dəymişdir. İddiaçı cavabdehin ona qarşı hər hansı iddia qaldırması və bu iddianın məhkəmə tərəfindən “əsassız” hesab edilmiş olması barədə heç bir sübut məhkəməyə təqdim etməyibdir. İkincisi, iddiaçı qeyd edir ki, “əsassız” iddialar ona qarşı həmçinin “Qətər Turizm Komitəsi” adlı hüquqi şəxs tərəfindən də qaldırılmışdır. Qeyd edilməlidir ki, iddiaçı “Qətər Turizm Komitəsi” adlı hüquqi şəxsin ona qarşı hər hansı iddia qaldırması və bu iddianın məhkəmə tərəfindən “əsassız” hesab edilmiş olması barədə heç bir sübut məhkəməyə təqdim etməyibdir. Bundan əlavə, cavabdeh digər hüquqi şəxslərin hər hansı hərəkətlərinə görə hüquqi məsuliyyət daşımır. Buna görə “Qətər Turizm Komitəsi” adlı hüquqi şəxs tərəfindən İddiaçıya qarşı guya “əsassız” iddianın qaldırılması barədə dəlilin hazırkı işə heç bir aidiyyəti yoxdur. Üçüncüsü, iddiaçı öz iddia ərizəsində “Qətər Turizm Komitəsi” adlı hüquqi şəxsə aidiyyətdə müxtəlif dəlillər irəli sürür. İddiaçının nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclasında iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil4 məhkəmə iclasında iddiaya etiraz edib, etiraz ərizəsində göstərilənləri təsdiq edərək, iddianın rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə olunmuş: - 000661 nömrəli X4ndən görünür ki, “Qatar Airways” əmtəə nişanı Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən 20 aprel 2015-ci il tarixdə dövlət qeydiyyatına alınmış və "X7 ()" Şirkətinə 2015 0542 nömrəli X4 verilmişdir. - Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentlyinin tabeliyində olan Patent və X1 Mərkəzinin əmtəə nişanının qeydiyyata alınması haqqında qərara əsasən “Visit Qatar” əmtəə nişanı İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı Elektron Məhkəmə İnformasiya Sistemində hazırkı iş üzrə cavabdeh qismində "X7 ()" Şirkətinin Azərbaycan Respublikasındakı Filialını qeyd etsə də, elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş iddia ərizəsinin skan edilmiş nüsxəsində cavabdeh kimi "X7 ()" Şirkətini qeyd etmişdir. Qeyd olunan uyğunsuzluq tərəflərin iştirakı ilə keçirilmiş ilk məhkəmə iclasından müzakirə edilmiş və iddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, Elektron Məhkəmə İnformasiya Sistemində cavabdeh qismində xarici hüquqi şəxsləri əlavə etmək mümkün olmadığından cavabdehin Azərbaycan Respublikasındaki Filialı qeyd edilmişdir. İddiaçının iddia tələbi "X7 ()" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı deyil, "X7 ()" Şirkətinə qarşı yönəlmişdir. Məhkəmə iclaslarında da cavabdeh "X7 ()" Şirkətinin etibarnamə üzrə nümayəndəsi iştirak etmiş və o, hazırkı iddia tələbi ilə cavabdeh tərəfin tanış olduğunu bildirmişdir. İddia tələbini cavabdehin əsassız iddiaları nəticəsində iddiaçıya dəymiş maddi və mənəvi ziyanın vurulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericilikdə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88ci maddələri). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallarla mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya maddi və mənəvi ziyanın vurulması sübuta yetirilmədiyindən, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar