Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1453/2024 21.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “XXXX”nin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xarici şəxs, məhkəmənin beynəlxalq səlahiyyəti və tətbiq edilən hüquq, alqısatqı müqaviləsi, prosessual maraq, dəbbə pulunun ağlabatanlığı, xüsusi qərardad) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı “XXXX”nin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı “XXXX” Cavabdehnə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli alqısatqı müqaviləsi üzrə 1 138 995 manat əsas borc, 68339 manat cərimə məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini, cavabdehin qanuni təmsilçilərinin əməllərində dələduzluq cinayətinin əlamətləri olduğundan barələrində xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat verilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. tərəflər arasında bağlanmış 30 avqust 2023-cü il tarixli 01 nömrəli alqı-satqı müqaviləsinə və onun tərkib hissəsi olan 1 saylı əlavəyə əsasən cavabdeh 965 250 manat dəyərində armaturdan ibarət mal satmaq, iddiaçının Azərbaycan Respublikasındakı filialı isə malın dəyərinin əvəzini ödəmək barədə razılığa gəlmişlər. Həmin müqaviləyə əsasən, cavabdeh sifariş edilən malları müqavilə imzalandıqdan sonra 3 gündən gec olmayaraq iddiaçının mülkiyyətinə verməyi, iddiaçı ona təqdim olunmuş hesab-faktura əsasında malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda tərəflər arasında malın təhvil verilməsinin və alıcıya çatdırılmasının gecikdirilməsi halında satıcının alıcıya hər gecikdirilən gün üçün sifariş edilən malın ümumi məbləğinin 0,5% məbləğində cərimə ödəməsi də şərtləşdirilmişdir. 2.2. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, iddiaçının Azərbaycan Respublikasındakı filialı xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına və həmin tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən 965 250 manat əsas məbləğ və 173 745 manat ƏDV məbləği ödəmişdir. Lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilməmiş, mallar təhvil verilməmişdir. Nəticədə cavabdehin müqavilə üzrə 1 138 995 manat əsas borc və xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər 120 gün üçün hesablanmış 68 339 manat cərimə borcu (1 138 995 x 0.5% x 120 gün) yaranmışdır. 2.3. Eyni zamanda müqavilə bağlanmamışdan öncə cavabdehin nümayəndələri armaturdan ibarət malın mövcudluğu barədə və belə bir mal ilə təmin etmək imkanları barədə israrla söyləsələr, hətta “Dərnəgül Tikinti Bazarı” adlanan yerdə malın mövcudluğunu bildirsələr də, sonradan (pul köçürmələrindən bir qədər sonra) məlum olmuşdur ki, tikinti bazarında olan mal onlara məxsus deyildir. Bununla bağlı onlara telefon vasitəsi ilə irad bildirilsə də, sonradan telefon əlaqələri tamamilə kəsilmiş və araşdırmalar nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Alatava 3, ev 313 saylı evdə belə bir şirkət heç zaman fəaliyyət göstərməmişdir. Göründüyü kimi, cavabdehin belə bir malı olmamış, rəhbərliyi tərəfindən əvvəlcədən iddiaçıya mal satmaq niyyətləri olmamış və iddiaçının etibarından sui-istifadə edərək dələduzluq kimi əməllərə yol vermişlər.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385, 448-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahatlar verdi və təmin edilməsini xahiş etdi.
6. Məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdehin hüquqi ünvanına, qanuni təmsilçisinin yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana göndərilməklə, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilməklə, telefonoqram ötürülməklə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. X1 məhkəməyə teleqram ünvanlayaraq, oğlu Qanuni nümayəndə (cavabdehin qanuni təmsilçisi) iştirakının təmin edilməsi üçün məhkəmənin xx.xx.2024-cü il tarixli iclasının növbəti həftəyə təxirə salınmasını xahiş etmiş, cavabdeh tərəf məhkəmənin sonuncu baxış iclasında da iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Məhkəmənin beynəlxalq səlahiyyəti və tətbiq olunacaq hüquq ilə bağlı
8. Məhkəmə, əvvəla, hazırkı mübahisəyə baxmaqda səlahiyyətli olub-olmamasının müəyyən edilməsi və mübahisənin həllində tətbiq ediləcək maddi hüquq normalarının seçilməsini zəruri hesab edir.
9. Mülki Prosessual Məcəllənin 439.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır.
10. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 2.4-2.5-ci bəndlərinə əsasən, əgər xarici elementli kommersiya mübahisəsinə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılmasını istisna edən, bu Qərarın 2.2-ci bəndində göstərilən hallardan hər hansı biri mövcud deyilsə, MPM-in məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtlərinin təsbit olunduğu 440.1-ci maddəsinin tələbləri əsas götürülməlidir. ... Həmin ümumi şərtlərlə yanaşı, MPM-in 443-cü maddəsi aşağıdakı xüsusi hallarda xarici elementli kommersiya mübahisəsi üzrə Azərbaycan Respublikası məhkəmələrinin beynəlxalq səlahiyyətini müəyyən edir: ... xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyinin Azərbaycan Respublikasının ərazisində olması; ... iddianın icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəlməsi.
11. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilikdə məhkəmənin beynəlxalq səlahiyyəti ilə bağlı ümumi norma və xüsusi normalar əks olunmuşdur. Hazırkı mübahisəyə baxmağa məhkəmənin beynəlxalq səlahiyyəti xüsusi norma olan Mülki Prosessual Məcəllənin 443.0.2 və 443.0.7-ci maddələrindən irəli gəlir. Belə ki, həmin maddələrə əsasən, Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində olduqda, iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə işlərə baxmağa haqlıdır.
12. Digər tərəfdən, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunun 1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir.
13. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 5.7-ci bəndinə əsasən, tətbiq edilməli olan maddi hüququn seçilməsinə dair tərəflərin razılığı ayrıca müqavilə formasında və ya hər hansı müqavilənin şərtlərindən biri kimi ifadə edilə bilər.
14. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 01 nömrəli alqı-satqı müqaviləsinin 5.2-ci bəndinə əsasən, tərəflər müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilir
15. Odur ki məhkəmə hazırkı işə baxmağa səlahiyyətlidir və mübahisə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə həll olunmalıdır.
b) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
16. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
17. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
18. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (Satıcı qismində) ilə cavabdeh (Alıcı qismində) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 01 nömrəli alqı-satqı müqaviləsinin şərtlərindən görünür ki, bu müqavilənin predmetini tərəflərin təsdiq etdiyi bu müqaviləyə əlavə olunan razılaşdırma protokollarında qeyd olunanlar Satıcı tərəfindən Alıcıya təqdim edilməsi, Alıcı tərəfindən isə bunun müqabilində malların dəyərinin ödənilməsi təşkil edir (1.1). Malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən qiymət razılaşma protokoluna müvafiq olaraq qaimə-fakturada göstərilir (1.2). İşlənilən malın 5% itkisi hesablanacaq (1.3). Satılan malların qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşma protokolu ilə müəyyənləşdirilir. Malın qiyməti sabitdir və dəyişdirilə bilməz (2.1). Malın Alıcının ünvanına çatdırılması ilə əlaqədar nəqliyyat xərclər, qablaşdırma xərcləri, vergilər və digər məcburi ödənişlər malın qiymətinə daxildir (2.2). Malın qiyməti sabitdir və 3.3.1 və 3.3.5-ci bəndləri istisna olmaqla hər hansı bir dəyişikliyə məruz qala bilməz (2.3). Alıcı tərəfindən ödəniş Satıcının təqdim etdiyi hesab-faktura tarixindən 15 təqvim günü ərzində həyata keçiriləcəkdir (2.4). Bu müqavilə üzrə ödəmələr Azərbaycan Respublikasının milli valyutası – manatla aparılır (2.5). Təqdim olunmuş mallara dair razılaşdırılmış məbləğ ödənilənədək manatın ABŞ dolları/Avroya nisbətdə kursu 10%-dən artıq yüksələrsə, razılaşdırılmış qiymət müvafiq şəkildə yenidən hesablanacaqdır (2.6). Bu müqavilə əsasında bütün ödənişlər rəsmi bank hesabına köçürmə yolu ilə həyata keçiriləcəkdir (2.7). Əgər sifariş formalarında qiymət digər valyuta ilə göstərilərsə (ABŞ dolları, Avro, GBP və s.) ödəniş Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi xarici valyutanın AZN-ə olan məzənnəsinə əsasən ödəniləcəkdir (əgər sifariş formasında başqa şərt müəyyən olunmayıbsa) (2.8). Malın dəyərinin ödənilməsi üzrə öhdəliyin icrası günü istirahət və ya bayram gününə düşərsə, ödəmə bu tarixdən sonrakı ilk iş günü həyata keçirilməlidir (2.9). Satıcı malın təhvil verilməsi ilə birlikdə hesab-fakturanı və digər zəruri sənədləri Alıcıya təqdim etməlidir (4.1). Satıcı malı təhvil verdikdən sonra hər iki Tərəfin imzası ilə təhvil-təslim aktı tərtib olunur. Lakin təhvil-təslim aktı, malın istifadəsi zamanı ortaya çıxacaq istehsal qüsuruna görə Satıcını bu müqavilə ilə müəyyən olunan öhdəliklərdən azad etmir (4.2).
19. Həmin müqaviləyə 30 avqust 2023-cü il tarixli 01 nömrəli əlavə olan qiymət razılaşması protokolundan görünür ki, ƏDV xaric olmaqla 965250 manat dəyərində malların dəyəri şərtləşdirilmişdir.
20. İş materiallarına əlavə edilən xx.xx.2023-cü il tarixli EBDN 088650 seriya və nömrəli elektron qaimədən görünür ki, ƏDV daxil olmaqla 1 138 995 manat dəyərində mal üçün qaimə-faktura tərtib edilmişdir.
21. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı və icra qeydindən görünür ki, 965250 manat məbləğində pul EBDN 088650 seriya və nömrəli elektron qaimə əsasında cavabdehin bank hesabına köçürülmüşdür.
22. İş materiallarında olan xx.xx.2023-cü il tarixli köçürmə aparılması haqqında bildirişdən görünür ki, iddiaçı tərəfindən EBDN 088650 seriya və nömrəli elektron qaimə üzrə 173 745 manat məbləğində ƏDV köçürülmüşdür.
23. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli 01 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə göstərilən malları cavabdehə satmağı, cavabdeh isə həmin malı qəbul edib razılaşdırılmış qaydada malın dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı və köçürmə aparılması haqqında bildiriş əsasında ƏDV daxil olmaqla 1 138 995 manat məbləğində pul cavabdehə ödənilmişdir.
24. İddiaçı xx.xx.2023-cü il tarixli 01 nömrəli müqavilə üzrə ödənilmiş 1 138 995 manat məbləğində pulun və 68339 manat məbləğində cərimənin tutulmasını tələb edir.
25. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.
26. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.
27. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
28. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
29. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.
30. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
31. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə alqı-satqı müqaviləsi olub, iddiaçının qabaqcadan ödənilmiş məbləğin qaytarılmasını tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 599.3-cü maddəsi təşkil edir.
32. Belə ki, Mülki Məcəllənin 599.3-cü maddəsinə görə, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.
33. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququnu realizə edir. Bu mənada göstərilməlidir ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsindən və mülki qanunvericilik normalarından irəli gələrək məhkəmə vurğulayır ki, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini – müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin dəyərini ödədiyini sübut etməlidir. Lakin cavabdeh xx.xx.2023-cü il tarixli 01 nömrəli alqı-satqı müqaviləsi üzrə öhdəliyini icra etdiyini – razılaşdırılan malları verdiyini sübut edə bilməmişdir.
34. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
35. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
36. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
37. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
38. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
39. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, xx.xx.2023-cü il tarixli 01 nömrəli alqı-satqı müqaviləsi üzrə ƏDV daxil olmaqla 1 138 995 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq iddiaçı “XXXX”nə ödənilməlidir.
40. Məhkəmə tələbin cərimənin tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.
41. xx.xx.2023-cü il tarixli 01 nömrəli müqavilənin 4.3-cü bəndinə əsasən, malın təhvil verilməsinin və Alıcıya çatdırılmasının gecikdirilməsi halında Satıcı Alıcıya hər gecikdirilən gün üçün sifariş edilən malın ümumi məbləğinin 0,5%-i miqdarında cərimə ödəməlidir.
42. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
43. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
44. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
45. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında və mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Həmçinin məhkəmə nəzərə alır ki, cavabdeh müqavilə üzrə öhdəliyini tamamilə icra etməmişdir.
46. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulmalı cərimə məbləğinin 68339 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
47. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cərimənin tutulması hissəsində qismən təmin edilməli, 68339 manat məbləğində cərimə Cavabdeh MMC-dən tutularaq iddiaçı “XXXX”nə ödənilməlidir.
48. Bundan başqa, iddiaçı iddia ərizəsində məhkəməyə vəsatətlə müraciət edərək cavabdehin qanuni təmsilçilərinin əməllərində dələduzluq cinayətinin əməlləri olduğundan barələrində xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat verilməsini xahiş etmişdir.
49. Mülki Prosessual Məcəllənin 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.
50. Məhkəmə xüsusilə qeyd edir ki, mülki məhkəmə icraatını həyata keçirən məhkəmə qarşısında xüsusi qərardadın çıxarılması barədə məsələ qaldırıldıqda, məhkəmənin vəzifəsi icraatı proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxarmaq üçün aparmaq deyildir. Başqa sözlə, məhkəmə cinayət təqibini həyata keçirən orqan deyildir. Belə ki, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Bu mənada, həmin vəzifələri icra edərkən proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxarsa, məhkəmə xüsusi qərardad qəbul edir. Başqa sözlə, cinayət əlamətlərinin aşkara çıxması mülki məhkəmə icraatı üzrə aparılan araşdırmanın kənar nəticəsi kimi ortaya çıxır. Bu səbəbdəndir ki, xüsusi qərardadın çıxarılmasından imtina olunması proses iştirakçılarını törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququndan məhrum etmir.
51. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, hazırda iddiaçı “XXXX”nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə baxılarkən proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətləri aşkara çıxmadığından iddiaçıya hüquq-mühafizə orqanlarına müraciət etmək hüququ izah edilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
52. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MŞB/11/2023-02094 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2023cü il tarixində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş, iddiaçı sessiyada iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir.
53. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).
54. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
55. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyası ilə bağlı müraciət olunarkən və mediasiya sessiyası keçirilərkən (2023-cü ilin noyabr-dekabr ayı) Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsinin tələbinə əsasən ilkin mediasiya sessiyasında iştirak qanunun tələbi olmuşdur. Cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən və iştirak etməsinin səbəbləri və ya mümkünsüzlüyünün üzrlü olması barədə məlumat vermədiyindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə uyğun olaraq bütün mediasiya xərcləri cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.
56. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən ********** nömrəli mədaxil qəbzi əsasında 994 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsinə ödənilmişdir.
57. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
58. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
59. Beləliklə, məhkəmə iddia tələbinin təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 994 manat, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq iddiaçı “XXXX”nə ödənilməlidir. V. Nəticə:
60. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. “XXXX”nin Azərbaycan Respublikasındakı filialı ilə Cavabdeh arasında 30 avqust 2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsi üzrə 1 138 995 (bir milyon yüz otuz səkkiz min doqquz yüz doxsan beş) manat əsas borc, 68339 (altmış səkkiz min üç yüz otuz doqquz) manat cərimə məbləği olmaqla ümumilikdə 1 207 334 (bir milyon iki yüz yeddi min üç yüz otuz dörd) manat məbləğində pul Cavabdehndən tutularaq iddiaçı “XXXX”nə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 994 (doqquz yüz doxsan dörd) manat, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdehndən tutularaq iddiaçı “XXXX”nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova