Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1466/2024 25.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh2 qarşı “kreditin qaytarılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi,əsas, faiz borcu, iddia müddəti) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh2 qarşı “kreditin qaytarılması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Kommersiya mübahisəsinin mahiyyəti
1. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi məhkəməyə ilə müraciət edərək, Cavabdeh2 181268.86 manat əsas və 76622.74 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 257891.60 manat məbləğində kredit borcunun, 548 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Bank”) ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2010-cu il tarixli, KT 007/10 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 60 ay müddətinə, illik 7% faiz ödənilmək şərtilə 200000 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Lakin buna baxmayaraq Cavabdeh2 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin Banka ödənilməmiş 181268.86 manat əsas və 76622.74 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 257891.60 manat məbləğində borcu mövcuddur. Cavabdehə xx.xx.2010-cu il tarixli, KT 007/10 saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Cavabdehə təklifə cavab vermədiyi üçün Mediasiya Şurasına yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün müraciət olunmuşdur. Təyin olunan mediator tərəfindən banka və cavabdehə mediasiyaya dəvət məktubu göndərilmişdir.
3. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, həmin iddia ərizəsi əsassız olduğundan və qanunla nəzərdə tutulmuş iddia müddəti keçirildiyinə görə təmin edilməməlidir. Belə ki, LPO İddiaçı ASCi ilə Cavabdeh2 arasında xx.xx.2010-cu il tarixli KT 007/10 saylı kredit müqaviləsi imzalanmışdır. Kredit müqaviləsi üzrə iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən kassa məxaric orderi təqdim edilməmişdir. Bununla bağlı iddiaçı tərəfə müraciət olunsa da təqdim edə bilməmişlər. Həmçinin xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə bu günə qədər ona qarşı hər hansı bir tələb irəli sürülməmişdir. Onunla Bank arasında bağlanılmış Kredit müqaviləsinin icra müddəti 21 iyun 2015-ci il tarixdə bitmiş və həmin tarixdən iddia müddətinin axımı başlanmışdır. 3 illik iddia müddəti 21 iyun 2018-ci il tarixdə başa çatmışdır. Bank isə məhkəməyə iddia müddəti keçdikdən sonra yəni 06 fevral 2024-cü il tarixdə müraciət etmişdir. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respubiikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Sadalanlar onu deməyə tam əsas verir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini keçirmişdir.
Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun olaraq çıxış edərək iddia ərizəsinin tam təmin edilməsini məhkəmədən xahiş edi.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri iddia müddətinin tətbiqi barədə ərizəyə uyğun çıxış edərək iddia tələbinin rədd olunmasını xahiş etdi.
Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən:
8. Müqavilənin 1.1-ci bəndinə əsasən borc verən borc alana 200000 manat məbləğində 21 iyun 2015-ci il tarixinədək illik 7% ödənilmək şərti ilə bu müqavilənin 1.2-ci bəndində göstərilmiş məqsədlər üçün kredit verir.
9. Müqavilənin 1.2-ci bəndinə əsasən kredit meyvə bağının salınması məqsədi ilə verilir.
10. Müqavilənin 3.2-ci bəndinə əsasən borc alan aşağıda göstərilən öhdəlikləri öz üzərinə götürür:
11. Müqavilənin 3.2.1-ci bəndinə əsasən kreditdən bu müqavilədə göstərilən məqsədlər üçün istifadə etmək.
12. Müqavilənin 3.2.2-ci bəndinə əsasən tam və vaxtında kredit üzrə hesablanmış faizləri və əsas borc məbləğini, həmçinin borc verən tərəfindən penya və cərimələri ödəmək.
13. xx.xx.2010-cu il tarixli müddətli öhdəçilik haqqında cədvəldən göründüyü kimi Cavabdeh2 xx.xx.2015-ci il tarixinə kimi 200000 manat məbləğində kredit ayrılmışdır.
14. 01.02.2012-ci il tarixli ödəniş qəbzinə əsasən Cavabdeh2 tərəfindən 150 manat məbləğində,xx.xx.2021-ci il tarixli ödəniş qbzinə əsasən 6000 manat məbləğində, xx.xx.2012-ci il tarixli ödəniş qəbzinə əsasən 150 manat məbləğində, xx.xx.2012-ci il tarixli ödəniş qəbzinə əsasən 150 manat məbləğində və xx.xx.2012-ci il tarixli ödəniş qəbzinə əsasən isə 3200 manat məbləğində kredit ödənişi həyata keçirilmişdir.
15. Cavabdeh2 məxsus hesabdan çıxarışa əsasən xx.xx.2016-xx.xx.2023-cü il üzrə 181268,87 manat ödənilməmiş kredit borcu qalmışdır.
16. Cavabdeh2 məxsus xx.xx.2019-xx.xx.2023-cü il tarix aralığından olan hesabdan çıxarışa əsasən sonuncu ödəniş tarixi kimi xx.xx.2015-ci il tarix qeyd olunmuşdur.
17. 26.10.2023-cü il tarixli, **********464 saylı arayışa əsasən Cavabdeh2 xx.xx.2023-cü il tarixinə ümumi borcu 257891,60 manat müəyyən edilmişdir.
18. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir.
19. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2010cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Bank tərəfindən cavabdeh fiziki şəxsə illik 7 faiz ödəmək şərti ilə 200000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin müddəti xx.xx.2015-ci il tarixində bitmişdir. Hesabdan çıxarışa əsasən müqavilə üzrə son ödəniş xx.xx.2015-ci il tarixdə olmuşdur.
20. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir.
21. Göstərilən ərizəyə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.1, 377.2, 377.3-cü, 375.2-ci, 378 və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
23. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
24. Məhkəmə cavabdehin ərizəsinə hüquqi qiymət verərkən ilk növbədə iddiaçının hazırkı iddia tələbi üzrə müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsini aydınlaşdırmağı zəruri hesab edir.
25. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilən hüquqi mövqeyə əsasən, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.
26. Məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əmələ gəlmişdir.
27. Belə ki, bu hüquq münasibəti çərçivəsində iddiaçının Cavabdehdən götürülən kredit üzrə əsas, faiz borcunu tələb etmək hüququ (subyektiv tələb hüququ) yaranmışdır. Cavabdeh xx.xx.2018-ci il tarixində müqavilə müddətinin bitdiyinə, iddia müddətinin keçməsinə əsaslanmaqla iddianın rəddini xahiş edir. MM-in 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
28. İş materiallarında olan sənədlər ilə Cavabdeh2 Banka ödənilməmiş borcun mövcudluğu müəyyən olunur.
29. Beləliklə, cavabdeh müqavilə üzrə kreditin ödənilməsini öhdəsinə götürməsinə baxmayaraq tərəflər arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya hazırkı iddia tələbini (əsas borc, müqavilə üzrə nəzərdə tutulmuş faiz, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu) irəli sürmək hüququ vermişdir.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
31. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
32. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
33. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
34. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
35. Məhkəmə, iddiaçının subyektiv tələb hüququna malik olmasını müəyyən etsə də, iddia tələbinin təmin edilməsini mümkün saymır. Ona görə ki, iddiaçı, MM-in 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır.
36. Belə ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsində iddiaçının iddia müddətini ötürərək 5 ildən sonra yəni xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etməsini qeyd etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2010-cu il tarixli KT007/10 saylı saylı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən son ödəniş xx.xx.2015-ci il tarixdə edilmiş və həmin tarixdən sonra heç bir ödəniş edilməmiş, müqaviləyə əsasən öhdəliyin icrası müddətinin son tarixi xx.xx.2015-ci il olaraq müəyyən edilmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə son ödəniş tarixi kimi xx.xx.2015-ci il nəzərə alındıqda və həmin tarixdən hesablanan 3 illik iddia müddəti isə xx.xx.2018-ci ildə başa çatmışdır. Lakin iddiaçı iddia ərizəsi ilə məhkəməyə yalnız xx.xx.2024-cü il tarixində müraciət etmişdir. Bununla belə, iddia müddətinin kəsilməsi və dayandırılmasına əsas olan hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir.
37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
38. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
39. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
40. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
41. Beləliklə, işin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapır ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddianı 2024-cü ilin fevral ayının 6-da verməklə müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətini buraxmışdır. Odur ki, iddia tələbi rədd edilməlidir.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
44. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli.
Nəticə hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı Cavabdeh2 181.268,86 manat əsas və 76.622,74 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan RespublikasıMM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 257.891.60 manat məbləğində kredit borcunun, 548 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova