Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1467/2020 08.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndələri İddiaçı2 və Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı1 (MMC) Cavabdehnə qarşı zərərin əvəzinin ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilə öhdəliklərinin pozulmasına və cavabdehin əməkdaşlarının əməlləri nəticəsində dəymiş maddi və işgüzar nüfuzun itirilməsi zərərə görə, habelə əldən çıxmış gəlirə görə 200000 manat məbləğində pulun Cavabdeh MMC-dən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “xxxxxxxxx” MMC, daha sonra isə öhədliklərin ötürülməsi müqaviləsi əsasında İddiaçı1 MMC olaraq 3 il müddətində Cavabdeh MMC ilə əməkdaşlıq edilmişdir. Cavabdeh tərəfindən birtərəfli qaydada müqavilənin vaxtından əvvəl xitam edilməsinə görə təşkilatımıza müəyyən məbləğdə təzminat ödənilmişdir. Ödənilmiş məbləğ Cavabdeh MMC-nin birtərəfli qaydada müqaviləyə xitam verməsi nəticəsində dəymiş ziyanı qarşılamasa da, uzun müddətli əməkdaşlığı nəzərə alaraq, İddiaçı1 MMC həmin məbləğlə razılaşmışdır. Lakin cavabdeh tərəfindən müqavilə müddəti ərzində Cavabdeh MMC-nin əməkdaşlarının qanunsuz və qərəzli əməlləri nəticəsində dəymiş ziyan ödənməmişdir. Belə ki, müqavilə müddəti ərzində müştəri xidmətlərinin rəhbəri Edqar Abdullayev və digər əməkdaşların keçirdiyimiz viktorina oyunlarına görə müştərilərlə apardıqları danışıqları nəticəsində çoxsaylı müştərilər itirilmişdir ki, bu da həm gəlirlərin azalmasına, həm iddiaçının işgüzar nüfuzuna, habelə dövlət orqanları tərəfindən cərimələnməyə səbəb olmuşdur. Bu danışıqlardakı müqavilə şərtlərinə zidd hərəkət və hərəkətsizliklər aşağıdakılardır: keçirilən viktorina oyununu lotoreya oyunu kimi müştəriyə təqdim etmək, bununla da aidiyyatı orqan tərəfindən lisenziyasız lotoreya oyunları keçirdiyimiz üçün cərimə təhlükəsi yaratmaq, müştəriyə SMS göndərərək “lütfən oyunu dayandırın” kimi ifadələrlə müştəri bazasına zərbə vurmaq; zəng edən müştəriyə ətraflı məlumat verməli olduqları halda qeyd olunan oyunların Cavabdehə aidiyyətinin olmamasını bildirməklə birgə təşkil edilən oyunları kölgədə qoymaq, müştəriylə qeyri-etik formada, böhtan xarakterli, habelə qeyri-professional danışıqlar aparmaq, hətta Edqar Abdullayevin hansı məqsədlə iddiaçının zəng mərkəzinə zəng edərək qərəzli danışıqlar aparmaq. Dəfələrlə bu barədə şəxsən Edqar Abdullayevin özünə rəsmi irad bildirilsə də, o, məsələyə laqeyd yanaşmış, müqaviləyə zidd hərəkətlərinə davam etmişdir. Tərəflər arasında olan müqavilədə də, hər bir tərəfin digər tərəfə vurduğu ziyanı ödəmək öhdəliyi nəzərdə tutulmuşdur. Cavabdeh MMC-nin əməkdaşı Edqar Abdullayevin, habelə müştəri xidmətlərinin digər əməkdaşlarının müqaviləyə zidd hərəkətləri nəticəsində iddiaçıya 200000 manat ziyan dəymişdir. İddiaçının nümayəndəsi İddiaçı2 iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi və əlavə olaraq izahatında göstərdi ki, iddiaçı 2017-ci ildən Cavabdeh MMC ilə əməkdaşlığa başlamışdır. Bir müddət əməkdaşlıq etdikdən sonra gəlirlərin kəsin şəkildə azalması ilə bağlı daxili araşıdırma aparılarkən müəyyən olunmuşdur ki, bunun səbəbi Cavabdeh MMC tərəfindən müştərilərə təqdim olunan xidmətləri tərk etmək təklif olunmasıdır. Cavabdeh MMC həmin təklifdə “lütfən” sözündən də istifadə edirdi. Bundan başqa Cavabdeh MMC-nin “call center” xidmətinə zəng vurarkən şirkətin Elvina adlı işçisi qəsdən lotereya sözünü işlətmiş, yəni, viktorinanı lotereya kimi təqdim etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X5 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, İddiaçı1 MMC-nin gəlirlərinin kəskin azalmasının Snin əməkdaşı Edqar Abdlullayevin hərəkətləri nəticəsində baş verməsi təsdiqini tapmır. xx xxxxxx 2019-cu il tarixdə İddiaçı1 MMC ilə Cavabdeh MMC arasında olan müqaviləyə xitam verilmişdir, üzləşmə aktı tərtib olunmuş və sonuncu tərəfindən kompensasiya ödənilmişdir. Buna görə də İddiaçı1 MMC – yə qarşı iddia irəli sürülə bilməz. Sonda E.D.Ələmov məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı iddianın faktiki əsası kimi Cavabdeh MMC-nin əməkdaşlarının hərəkətləri nəticəsində zərər vurulmasına, hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1099-cu maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1099.1 və 1099.2-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. İddiaçı tərəfindən zərərin mövcud olmasını təsdiq edən sübut olaraq məhkəməyə İddiaçı1 MMC – nin 2017 – 2019-cu illər ərzində gəlirlərini əks etdirən hesabdan çıxarış təqdim olunmuşdur. Həmin sənəddə gəlirlərin əvvəlki aylara nisbətən azalması əksini tapsa da, yalnız bu əsasla iddianın təmin olunması mümkün deyildir. Yəni, iddianın təmin olunması üçün yuxarıda göstərilən əsasların hər birinin mövcud olması zəruridir. Zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması ilə bağlı isə məhkəməyə sübut kimi 555 nömrəsindən göndərilmiş SMS mətni təqdim olunmuşdur. Həmin mətnin məzmunu isə aşağıdakı kimidir: “Hormetli abunechi, F-Telecom provayderin teqdim etdiyi Gizli Reqem lotereyasında ishtiraki dayandirmaq üchün lütfen STOP ve ya STOP REQEM yazib 7787 qisa nomresine gonderin. Adi geden xidmete dair daxil olan reklam xarkterli SMS-i dayandirmaq uchun isə STOP REKLAM yazıb 7787 qisa nomresine gondere bilersiniz. Daha etrafli melumat uchun (012) ******* nomresine zeng ede bilersiniz.” İlkin olaraq onu qeyd etmək lazımdır ki, həmin sübut məhkəməyə fotosurət kimi kağız formatda təqdim olunmuşdur, yəni, həmin SMS mətninin ümumiyyətlə 555 nömrəsindən göndərilməsi, kimə göndərilməsi və digər xüsusatları müəyyən etmək mümkün deyildir, sübut olaraq mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş meyarlara cavab vermir. Lakin cavabdeh tərəfindən həmin sübutun tədqiq edilməsinə heç bir etiraz olmadığını nəzərə alıb məzmunun araşdırıldıqda belə məlum olur ki, qeyd olunan SMS mətninin göndərilməsi yuxarıda göstərilən şərtlərdən biri olan “zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması” qənaətinə gəlməyə əsas vermir. Çünki, həmin SMS mətnində abunəçilərdən provayderin təqdim etdiyi xidmətin keyfiyyətsizliyi və hər hansı mənfi xüsusiyyəti barədə heç bir söz və ya söz birləşməsi mövcud deyildir, həmçinin, xidməti tərk etmək də tələb olunmur. Həmin SMS mətni abunəçiyə xidmətdən istifadəni dayandırmaq istədikdə bu prosedurun hansı qaydada həyata keçirilməsini izah edir. Buna görə də məhkəmə hesab edir ki, qeyd olunan xüsusat zərərin məhz cavabdehin hərəkəti və ya hərəkətsizliyi nəticəsində vurulmasını təsdiq edən hal kimi qiymətləndirilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı” 19 aprel 1994-cü il tarixli işində məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün nəzərdə tutulmuş əsaslardan biri mövcud olsa da, digər əsaslar, yəni, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması halları mövcud olmadığından iddia rədd edilməli, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 Cavabdehnə qarşı zərərin əvəzinin ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1467/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1467/2020
08.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver