Məhkəmə qərarları › İş №e-2-2(113)-1467/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1467/2025

28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1467/2025 28.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, borc, dövlət rüsumu) Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC iddia və dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 485 manat əsas borcc, 133,50 manat dəbbə pulu və 30 manat dövlət rüsumu olmaqla cəmi 676,50 manat pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X1 arasında xx.xx.2024-cü il tarixli “mövcud borcun etirafı haqqında” müqavilə bağlanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən, borclu tələbkara cəmi 485 (dörd yüz səksən beş manant) AZN borcunun olduğunu etiraf edir. Müqavilənin 1.2-ci maddəsinə əsasən borclu borc məbləğini xx.xx.2024-cü il tarixinə qədər 485 (dörd yüz səksən beş manant) AZN-ni hissə hissə xx.xx.2024-cü il tarixindən başlayaraq hər ay 161,67 (yüz altmış bir manat altmış yeddi qəpik) AZN məbləğində olmaqla tələbkara ödəməyi öhdəsinə götürür. Lakin öhdəlik borclu tərəfindən tam yerinə yetirilməmişdir. Həmin müqavilənin 2.3cü maddəsinə əsasən borclu hər gecikdirilən gününə görə qalıq borcun 0.2% həcmində dəbbə pulu ödəyəcəkdir. Yekun nəticədə Cavabdeh 445 manat əsas borc və 5 iyula kimi gecikdirilən hər gün üçün ümumilikdə 68 manat, 5 iyuldan 5 noyabra kimi isə sizin 133,50 qəpik dəbbə pullu olmaqla ümumilikdə Cavabdeh 646,50( altı yüz qırx altı manat əlli qəpik) AZN borcu qalmışdır. Bundan başqa ərizədə qeyd olunan “əməkdaşlıq etmişəm” ifadəsi işçi-işəgötürən arasındakı əmək münasibətlərini əks etdirmir. Həmin ifadə iddia ərizəsində tələb edilən məbləğin cavabdehin özünün müstəqil formada həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gəlməsi ilə bağlıdır. Mübahisənin məhkəmədən kənar qaydada həll еtmək məqsədi ilə cavabdehə dəfələrlə şifahi, xx.xx.2024-cü il tarixində isə pretenziya qaydasında “borcun qaytarılması tələbi” ilə bağlı rəsmi хəbərdarlıq еdilmişdir. Lakin göndərilən pretenziya cavabdehin müqavilədə qeyd etdiyi ünvana təyinatı üzrə çatmamışdır. xx.xx.2024-cü il tarixli “mövcud borcun etirafı haqqında” müqavilənin 2.2-ci maddəsinə əsasən, borclu hər ay vaxtı vaxtında ödəniş etməzsə, Tələbkar qarşı tərəfə yazılı (elektron və ya pretenziya qaydasında) bildiriş göndərməli, borclu isə bildiriş ona çatdığı gündən ən gec 5 (beş) iş gün ərzində ödəniş etməzsə, tələbkar qarşı tərəfə xəbər vermədən xitam verə bilər. Həmin müqavilənin 2.5-cü maddəsinə əsasən, hazırkı müqavilədən irəli gələn mübahisələrin Azərbaycan Respublikasının Abşeron Rayon Məhkəməsində həll edilməsi ilə bağlı müddəanın qeyd olunmasına baxmayaraq tərəfimizdən göndərilən iddia ərizələri dəfələrlə Abşeron Rayon Məhkəməsi tərəfindən ərazi aidiyyatı ilə bağlı olaraq geri qaytarılmış, bu səbəbdən pul tələbinin ödənilməsi ilə bağlı məsələnin həll edilməsi üçün kommersiya məhkəmələrinə iddia ərizəsi ilə müraciət edilir.

II. Məhkəmə baxışının hədləri:

3. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. - 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

III.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli AC-HŞM/24- 04-24/ƏS saylı mövcud borcun etirafı haqqında müqaviləyə əsasən:

5. Müqavilənin 1.1-ci bəndinə əsasən borclu tələbkara cəmi 300 manat borcunun olduğunu etiraf edir.

6. Müqavilənin 1.2-ci bəndinə əsasən borclu borc məbləğini 24 iyul 2024-cü il tarixinə qədər 485 manatı hissə-hissə 24 may 2024-cü il tarixindən başlayaraq 3 ay müddətinə hər ay 161,67 manat məbləğində olmaqla tələbkara ödəməyi öhdəsinə götürür.

7. Müqavilənin 1.4-cü bəndinə əsasən müqavilə xx.xx.2024-cü il tarixinə kimi qüvvədədir.

8. Müqavilənin 2.3-cü bəndinə əsasən borclu hər gecikdirilən gün üçün gecikmə gününə görə qalıq borcun 0.2%-i həcmində dəbbə pulu ödəyəcəkdir.

9. xx.xx.2024-cü il tarixli borc məbləğinin müəyyən edilməsi haqqında akta əsasən Cavabdeh mövcud borcunun 485 manat olması müəyyən edilmiş və akt öz imzası ilə təsdiqlənmişdir.

10. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsində 485 manat məbləğində borcu olmasını qəbul etdiyini və qeyd olunan məbləğin 2024-cü ilin iyul ayının 24-ə qədər ödənilməsi üçün ona vaxt verilməsini xahiş etmişdir.

11. xx.xx.2024-cü il tarixli, XS-962 saylı maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü ilə kimi ödənilməmiş borcu 646,50 manat müəyyən edilmişdir.

12. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

13. Belə ki, məhkəmə sübutetmə predmetinə daxil olan bütün faktları obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar əsasında tədqiq edərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli AC-HŞM/24-04-24/ƏS saylı müqavilə bağlanmış, cavabdeh həmin müqavilə ilə iddiaçıya 485 manat ödənilməmiş borcunun olmasını etiraf etmiş, lakin bügunə kimi borc öhdəliyi üzrə hər hansı hərəkət edilməmişdir.

14. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış xx.xx.2024-cü il tarixli AC-HŞM/24-04-24/ƏS saylı müqavilədən irəli gəlir və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə olan halda hazırkı iddia üzrə tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 882-ci maddəsi nəzərdən keçirilə bilər.

15. Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

16. Mülki Məcəllənin 882.2-ci maddəsinə əsasən həmin Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.

17. Tərəflər arasında borcun etirafı və ödəniş qaydası haqqında müqavilələrin bağlanması, müqavilədə qeyd edilən borc məbləği işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilmədiyindən məhkəmə qeyd olunan xüsusatlara işin mübahisələndirilməyən halları kimi qiymət verir.

18. Buna görə də məhkəmə hesab edir ki, Saziş üzrə iddianın əsas borcun ödənilməsi tələbi ilə təmin olunması üçün əsaslar mövcuddur.

19. İddiaçı həmçinin əsas borcun gecikdirilməsinə görə 133,50 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini irəli sürmüş və əsas olaraq müqavilənin 2.3cü bəndinə istinad etmişdir.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

21. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

22. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

23. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə müqavilədə nəzərdə tutulmuş ödənişləri üzrə borcunun yarandığını, öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğuna görə iddiaçı həmin müqavilə üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

24. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, tənasüb müəyyənləşdirilərkən cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

25. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 24 manat məbləğində müəyyən edilməlidir.

26. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edildiyi üçün 30 manat məbləğində dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

IV.Nəticə:

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh 485 manat əsas borc məbləği, 24 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar