Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-147/2021 15.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X1, İlkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İlkin iddia üzrə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı xx.xx.2016-cı il tarixli, 022/16 saylı ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə ona məxsus ünvan 1, 107 nömrəli mənzilin girovdan azad edilməsi tələbinə dair qarşılıqlı iddiasına dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra: “xxxx” ASC) cavabdehlər Cavabdeh1 (Cavabdeh1 MMC), Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən iddiaçı “xxxx” ASC-nin xeyrinə 160878,30 manat əsas borc, 12666,73 manat faiz borcu, 28807,75 manat cərimə borcu olmaqla, cəmi 202352,78 manat kredit borcunun, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının, həmçinin, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat bank xidmət haqqının tutulması, tutmanın Cavabdeh3 məxsus ünvan 1, mənzil 107 ünvanında yerləşən, ümumi sahəsi 108.4 m2 olan, 3 otaqlı 107 nömrəli mənzilə yönəldilməsi və Cavabdeh3 qeyd olunan mənzildən istifadə hüququna xitam verilməsi, tutmanın Cavabdeh2 məxsus ünvan 3, mənzil 11 ünvanında yerləşən, ümumi sahəsi 148.95 m2 olan, 4 otaqlı 11 nömrəli mənzilə yönəldilməsi və Cavabdeh2 qeyd olunan mənzildən istifadə hüququna xitam verilməsi, ünvan 1, mənzil 107 ünvanında yerləşən, ümumi sahəsi 108.4 m2 olan, 3 otaqlı 107 nömrəli mənzilin boşaldılması və ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, ünvan 3, mənzil 11 ünvanında yerləşən, ümumi sahəsi 148.95 m2 olan, 4 otaqlı 11 nömrəli mənzilin boşaldılması ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, hər iki ipoteka predmetinin satışından əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 MMC-dən tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 7865/H saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC-yə 36 ay müddətinə, illik 12% hesablanmaqla 420000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi “xxxx” ASC ilə Cavabdeh3 arasında xx.xx.2016-cı il tarixli, 022/16 saylı ipoteka müqaviləsi bağlanmış və Cavabdeh3 məxsus ünvan 1, mənzil 107 ünvanında yerləşən, ümumi sahəsi 108.4 m2 olan, 3 otaqlı 107 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Həmçinin kredit müqaviləsinin təminatı kimi “xxxx” ASC ilə Cavabdeh2 arasında xx.xx.2016-cı il tarixli, 021/16 saylı ipoteka müqaviləsi bağlanmış və Cavabdeh2 məxsus ünvan 3, mənzil 11 ünvanında yerləşən, ümumi sahəsi 148.95 m2 olan, 4 otaqlı 11 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 MMC tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Cavabdeh1 MMC-nin xx.xx.2020-ci il tarixinə 160878.30 manat əsas, 12666,73 manat faiz borcu, 28807,75 manat cərimə borcu, cəmi 202352,78 manat kredit borcu mövcuddur. Cavabdeh1 MMC kreditin qaytarılması haqqında xəbərdar olunmuş, lakin kredit müqaviləsi üzrə öhdəliklər tam olaraq yerinə yetirilməmişdir. Beləliklə, müqavilə üzrə öhdəliklər razılaşdırılmış qaydada icra edilmədiyi üçün Cavabdeh1 MMC-dən hesablanmış kredit borcunun tələb edilməsi, tutmanın Cavabdeh3 və X2 məxsus ipoteka predmetlərinə yönəldilməsi, əmlakların ilkin satış qiymətlərinin müəyyən edilərək açıq hərrac vasitəsilə satılması və boşaldılması zərurəti yaranmışdır. Cavabdehlərə göndərilmiş ipoteka predmetlərinə tutma yönəldilməsi barədə bildirişlər xx.xx.2019-cu il tarixdə AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyatdan keçirilmişdir. İddiaçı tərəfdən iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə verilərək Cavabdeh1 MMC-dən iddiaçı “xxxx” ASC-nin xeyrinə 160878,30 manat əsas, 10929,80 manat müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmaqla faiz borcu, 40509,19 manat cərimə borcu olmaqla, cəmi 212317,29 manat manat borcun tutulması, ipoteka qoyulmuş əmlaklara tutmanın yönəldilməsinə dair bildirişlərin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınmasına dair 41,42 manat dövlət rüsumu və 21,30 manat xidmət haqqının Cavabdeh1 MMC-dən tutulması, tutmanın Cavabdeh3 məxsus ünvan 1, mənzil 107 ünvanında yerləşən, ümumi sahəsi 108.4 m2 olan, 3 otaqlı 107 nömrəli mənzilə yönəldilməsi və Cavabdeh3 qeyd olunan mənzildən istifadə hüququna xitam verilməsi, tutmanın Cavabdeh2 qızma məxsus ünvan 3, mənzil 11 ünvanında yerləşən, ümumi sahəsi 148.95 m2 olan, 4 otaqlı 11 nömrəli mənzilə yönəldilməsi və Cavabdeh2 qeyd olunan mənzildən istifadə hüququna xitam verilməsi, ünvan 1, mənzil 107 ünvanında yerləşən, ümumi sahəsi 108.4 m2 olan, 3 otaqlı 107 nömrəli mənzilin boşaldılması və ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, ünvan 3, mənzil 11 ünvanında yerləşən, ümumi sahəsi 148.95 m2 olan, 4 otaqlı 11 nömrəli mənzilin boşaldılması, ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, hər iki ipoteka predmetinin satışından əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 MMC-dən tutularaq iddiaçıya ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh3 “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixli, 022/16 saylı ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə ona məxsus ünvan 1, 107 nömrəli mənzilin girovdan azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ikin iddia üzrə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. İlkin iddia üzrə iddiaçı xxxx ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış kredit müqaviləsinin təminatını təşkil edən mənzillərdən biri, daha dəqiqi ünvan 1 ünvanında yerləşən 107 nömrəli mənzil mülkiyyət hüququ ilə Cavabdeh3 məxsusdur. Həmin mənzil xx xxxx 2016-cı il tarixli, M-0689-2/xxxx nömrəli ekspert rəyinə əsasən 220000 manat məbləğində qiymətləndirilmişdir. Həmin mənzildən başqa cavabdeh, yəni arvadı Cavabdeh2 məxsus xx xxxx 2016-cı il tarixdə 330000 manat qiymətləndirilmiş ünvan 2 saylı ünvanda yerləşən 11 nömrəli mənzil də sözügedən kredit müqaviləsi üzrə ipoteka ilə yüklü edilmişdir. Hazırda həmin mənzilin real bazar dəyəri inflyasiya dərəcəsinə uyğun olaraq 330000 manatdan daha yüksəkdir. AR MPM-nin 9-cu maddəsində təsbit edilmiş ədalət mühakiməsi, çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipinə uyğun olaraq, mülki prosessual qanunvericilik cavabdehə ona qarşı irəli sürülmüş iddia tələbindən müdafiə olunmaq və öz qanuni hüquq və mənafelərini qorumaq üçün geniş imkanlar tanıyır. Qarşılıqlı iddianın verilməsi də məhz belə imkanlardan biri kimi qəbul edilməlidir. Verilmiş ilkin iddiaya qarşı qarşılıqlı iddia ərizəsinin verilməsinin prosessual qanunvericilikdə nəzərədə tutulmasının məqsədi ondan ibarətdir ki, qarşılıqlı iddiaya ilkin iddia ilə birlikdə baxılması prosessual vasitələrə qənaət edir, məhkəmələrin yükünün azaldılmasına kömək edir, tərəflərin qarşılıqlı tələblərini tənzimləyir və ziddiyyətli qətnamələrin qəbul edilməsini istisna edir. Bunu nəzərə alaraq hazırkı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edir. İlkin iddiaçı “xxxx” ASC Cavabdeh1 MMC-nin əsas, faiz və cərimə daxil olmaqla, 202352,78 manat kredit borcu olduğunu iddia etsə də, xx.xx.2020-ci il tarixə Cavabdeh1 MMC-yə məxsus xxxx MXD İnternetbanking hesabında kredit borcu faizləri ilə birgə 177458,73 manat olaraq göstərilir. İlkin iddiaçı xxxx ASC-nin iddia etdiyi məbləği real qəbul etsələr belə, halbuki həmin məbləğ 177458,73 manatdır ki, həmin məbləğ isə ipoteka ilə yüklü edilmiş mənzillərin 2016-cı ildə qiymətləndirilmiş dəyərindən ən azı 60% azdır. Belə olan vəziyyətdə isə real bazar dəyəri ən azı 550000 manat olan 2 ədəd mənzilin ipoteka ilə yüklü edilməsi zərurəti aradan qalxır. Üstəlik də həmin mənzillərin bu günki bazar qiyməti ilkin qiymətləndirmədən 50% artıqdır. Bu səbəbdən də hesab edir ki, mülkiyyət hüququ ilə ona məxsus ünvan 1 ünvanında yerləşən 107 nömrəli ipoteka ilə yüklü edilmiş mənzil girovdan azad edilməlidir. İlkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçıların nümayəndəsi və vəkilinin ilkin iddia tələbinə etirazı onunla əsaslandırılmışdır ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsi barədə qərardad qəbul edilərək iş materialları tədqiq edilməsi üçün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş, ekspert tərəfindən tədqiqat aparıldıqdan sonra iş üzrə ekspert rəyi verilərək iş məhkəməyə qaytarılmışdır. İş materialları ekspertizadan qayıtdıqdan sonra iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edilmişdir. Həmin ərizədə cavabdehdən iddiaçının xeyrinə 160878,30 manat əsas borc, 10929,80 manat müqavilə müddəti bitdikdən sonra illik 5 ℅ hesablanmaqla faiz borcu, 40509,19 manat cərimə borcu olmaqla, ümumilikdə 212317,29 manat borcun tutulması xahiş olunmuşdur. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə müqavilə müddəti bitdikdən sonra illik 5 ℅ hesablanmaqla faiz borcu, 40509,19 manat cərimə borcu, ümumiyyətlə faiz və cərimə borcu hissələrində əsassız olduğundan onun rədd edilməsinə dair qətnamə qəbul edilməlidir. Mülki məhkəmə icraatında tərəflərin prosessual bərabərliyi və çəkişmə prinsiplərinin hüquqi təminatlarından biri də işdə iştirak edən şəxslərin iddia tələbinə qarşı etiraz etmək və ya iddia tələbinə dair mülahizə bildirmək hüququnun qanunda nəzərdə tutulmasıdır. Bank borcluya münasibətdə öz hüquqlarını həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyərək, iddia tələbinin həcmini artırmışdır. Yəni bank Cavabdeh1 MMC-yə qarşı münasibətdə kredit müqaviləsi üzrə öhdəliklərin icrasını tələb edərkən vicdanlığın tələb etdiyi tərzdə hərəkət etməmişdir. Bundan başqa, nəzərə almaq lazımdır ki, kredit müqaviləsi bağlandıqdan sonra Cavabdeh1 MMC lizinq şirkəti olaraq həmin kreditə götürüdüyü vəsaiti lizinqə versə də, lizinq götürümüş şəxslər ödənişləri vaxtında etmədiyi üçün MMC ilə həmin şəxslər arasında məhkəmə mübahisəsi yaranmışdır. Bu baxımdan da götürülən kredit məbləği nəzərdə tutulan lahiyə üzrə istifadə olunmadığından heç bir gəlir əldə edilməmişdir. Beləliklə də, kredit məbləği üzrə AR MM-nin 445.7-ci maddəsinə əsasən illik 5 faiz əlavə faiz hesablanması qanuni hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Həmin qərarın 1-ci hissəsinin 2-ci bəndinə əsasən hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəflərin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən Plenum qərarında müəyyən etdiyi hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, iddiaçının müqavilə müddəti bitdikdən sonra əlavə olaraq 5% həddində pul tələb edilməsi əsaslı hesab edilə bilməz. Belə ki, kredit müqaviləsində faiz borcunun müqavilə müddəti bitdikdən sonra da müqavilədə nəzərdə tutulmuş faizə uyğun hesablanaraq tutulması barədə müddəa mövcud deyildir. Bu səbəbdən hesab edir ki, həmin hissədə tələb ümumiyyətlə əsassızdır. Göründüyü kimi, müqavilə müddəti bitdikdən sonra bankın müqavilə üzrə illik 5% tələb etməsi tam əsassızdır. İddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirlməsi barədə ərizənin müqavilə müddəti bitdikdən sonra illik 5 ℅ hesablanmaqla faiz borcu, 40.509,19 manat cərimə borcu, ümumiyyətlə faiz və cərimə borcu hissələrində rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin, qaşılıqlı iddianın isə əsassız olduğundan rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbini əsas borc hissəsində qəbul etdiyini, qalan hissədə isə qəbul etmədiyini bildirərək, ilkin iddia tələbinin qismən, qarşılıqlı iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Müştəri Xidməti Departamenti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, 7865/H saylı kredit müqaviləsinə əsasən borcalana illik 12 % olmaqla 36 ay müddətinə 420000 manat məbləğində kredit verilmişdir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. - “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, 021/16 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 3, mənzil 11 ünvanında yerləşən, ümumi sahəsi 148,95 m2 olan 4 otaqlı 11 saylı mənzili xx xxxx 2016-cı il tarixli, 7865/H saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. - “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, 022/16 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1, mənzil 107 ünvanında yerləşən, ümumi sahəsi 108,4 m2 olan 3 otaqlı 107 saylı mənzili xx xxxx 2016-cı il tarixli, 7865/H saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2019-cu il tarixdə **********60 nömrəli məktubla “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məlumat verərək, Cavabdeh2 məxsus ünvan 3 ünvanında yerləşən, 11 saylı mənzilə tutmanın yönəldilməsinə dair bildirirşin dövlət qeydiyyatının aparıldığını bildirmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2019-cu il tarixdə **********62 nömrəli məktubla “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məlumat verərək, Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən, 107 saylı mənzilə tutmanın yönəldilməsinə dair bildirirşin dövlət qeydiyyatının aparıldığını bildirmişdir. - “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2019-cu il tarixdə cavabdehlərə 14/A1026 nömrəli bildiriş göndərilərək kredit müqaviləsi üzrə yaranmış borcun 5 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. - xx.xx.2020-ci il tarixli maliyyə arayışı ilə müəyyən edilir ki, Cavabdeh1 MMC-nin xx xxxx 2016-cı il tarixli, 7865/H saylı kredit müqaviləsi üzrə “xxxx” ASC-yə xx.xx.2020-ci il tarixə kredit öhdəliyi üzrə əsas borcu 160878,30 manat, faiz borcu 12666,73 manat, cərimə faiz borcu 28807,75 manat olmaqla, cəmi 202352,78 manat təşkil edir. - xx.xx.2021-ci il tarixli maliyyə arayışı ilə müəyyən edilir ki, Cavabdeh1 MMC-nin xx xxxx 2016-cı il tarixli, 7865/H saylı kredit müqaviləsi üzrə “xxxx” ASC-yə xx.xx.2021-ci il tarixə kredit öhdəliyi üzrə əsas borcu 160878,30 manat, faiz borcu 10929,80 manat, cərimə faiz borcu 40509,19 manat olmaqla, cəmi 212317,29 manat təşkil edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/3681 saylı ekspert rəyində qeyd olunur ki, maliyyə arayışı, hesabdan çıxarış məlumatları, xx xxxx 2016-cı il tarixli, 7865/H saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh1 MMC-nin xx.xx.2019-cu il tarixə əsas borcunun 160689,31 manat, faiz borcunun 4203,64 manat, xx.xx.2020-ci il tarixə isə əsas borcunun 156892,30 manat, faiz borcunun 0 manat məbləğində olduğu müəyyən edilmişdir. - “X6” MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə 21.0.2021-ci il tarixli, ƏEM/Y 70-070/21 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh3 məxsus ünvan 1, mənzil 107 ünvanında yerləşən mənzilin xx.xx.2021-ci il tarixə bazar dəyəri 235000 manat, likvid dəyəri 211000 manat, Cavabdeh2 məxsus ünvan 3, mənzil 11 ünvanında yerləşən mənzilin xx.xx.2021-ci il tarixə bazar dəyəri 315000 manat, likvid dəyəri 300000 manat təşkil etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia rədd olunmalıdır. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış adıçəkilən təminatlı kredit müqaviləsi əsasında Cavabdeh1 MMC-yə yuxarıda qeyd olunan müddətə və məbləğdə kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq ilkin iddia üzrə iddiaçı ilə ilkin iddia üzrə digər cavabdehlər arasında yuxarıda qeyd olunan ipoteka müqavilələri bağlanmışdır. Kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə Cavabdeh1 xx.xx.2016-cı il tarixli, 7865/H saylı kredit müqaviləsi üzrə “xxxx” ASC-nin qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə ilkin iddia üzrə cavabdehin ilkin iddia üzrə iddiaçıya borcunun yarandığını, ilkin iddia üzrə iddiaçı “xxxx” ASC-nin isə həmin borcun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, ilkin iddia üzrə Cavabdeh1 MMC-dən 156892,30 manat əsas borc (ekspert rəyinə uyğun) məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. İlkin iddia üzrə iddia tələbinin bir hissəsini də müqavilə müddəti bitdikdən sonra hesablanan 10929,80 manat faiz borcunun cavabdehdən tutulması təşkil edir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi, bank kreditin verilmə müddəti bitdikdən sonrakı dövr üçün borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% hesabı ilə faiz tələb etmək hüququna malik olduğundan iddia tələbi müqavilə müddəti bitdikdən sonra hesablanan 10929,80 manat faiz borcunun cavabdehdən tutulması hissəsində də təmin edilməlidir. İlkin iddia tələbinin tələbinin digər hissəsi xx.xx.2016-cı il tarixli, 7865/H saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinin gecikdirilməsinə görə 40509,19 manat cərimənin ilkin iddia üzrə cavabdehdən tutulmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdeh tərəfindən borc ilkin iddia üzrə iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən ilkin iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq ilkin iddia üzrə cavabdehdən tutulacaq dəbbə pulu 2000 manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair ilkin iddia üzrə iddia tələbi qalan hissədə təmin edilməməlidir. İlkin iddia üzrə iddiaçı kredit müqaviləsinə əsasən borcun tutulması tələbi ilə yanaşı borc üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbini də irəli sürmüşdür. Həmin tələblə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqavilələrinə əsasən digər cavabdehlərə məxsus yuxarıda qeyd edilən ünvanlarda yerləşən daşınmaz əmlaklar iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” Qanunun (bundan sonra – Qanun) 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. “İpoteka haqqında” qanunun 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddia tələbi tutmanın ipoteka predmetlərinə yönəldilməsi hissəsində də əsaslı olduğundan təmin edilməli, tutma xx xxxx 2016-cı il tarixli, 022/16 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus olan (DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmış, Reyestr **********13-05301-093106, Qeydiyyat nömrəsi **********, seriya RX № ******* olan çıxarışa əsasən) ünvan 1, mənzil 107 ünvanında yerləşən, ümumi sahəsi 108,4 m2 olan 3 otaqlı 107 saylı mənzilə, xx xxxx 2016-cı il tarixli, 021/16 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus olan (DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmış, Reyestr **********91-05301-093055, Qeydiyyat nömrəsi **********, seriya RX № ******* olan çıxarışa əsasən) ünvan 3, mənzil 11 ünvanında yerləşən, ümumi sahəsi 148.95 m2 olan, 4 otaqlı 11 saylı mənzilə yönəldilməli, həmin əmlaklar açıq hərracda satılmalı, əmlakların satışından əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ müvafiq olaraq cavabdehlərə qaytarılmalıdır. Bundan əlavə “İpoteka” haqqında Qanunun 39.3-ci maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə tərəfindən ipoteka predmetlərinin likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır. Həmin rəyə əsasən ipoteka predmeti olan Cavabdeh3 məxsus ünvan 1, mənzil 107 ünvanında yerləşən mənzilin xx.xx.2021-ci il tarixə likvid dəyəri 211000 manat, Cavabdeh2 məxsus ünvan 3, mənzil 11 ünvanında yerləşən mənzilin xx.xx.2021-ci il tarixə likvid dəyəri 300000 manat təşkil olması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh3 məxsus ünvan 1, mənzil 107 ünvanında yerləşən mənzilin xx.xx.2021-ci il tarixə likvid dəyəri 211000 manat, Cavabdeh2 məxsus ünvan 3, mənzil 11 ünvanında yerləşən mənzilin xx.xx.2021-ci il tarixə likvid dəyəri 300000 manat məbləğində müəyyən edilməlidir. İlkin iddia üzrə iddia tələbinin bir hissəsini də ipoteka predmetlərinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin ilkin iddia üzrə Cavabdeh1 MMC-dən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməsi təşkil edir. Həmin tələbə münasibətdə qeyd edilməlidir ki, borcun “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasının qət edilməsi ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə, qalan məbləğin ilkin iddia üzrə Cavabdeh1 MMC-dən tutulmasını da əhatə edir. İddia tələbinin bir hissəsini də mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması təşkil edir. “İpoteka” haqqında Qanunun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduqda, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin normaya əsaslanaraq, tələbin göstərilən hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia həmin hissədə də təmin edilməli, ipoteka predmeti açıq hərracda satıldıqda cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ipoteka predmeti olan əmlakdan istifadə hüquqları itirilməli və mənzillər boşaldılmalıdır. İlkin iddia üzrə iddiaçı tutmanın ipoteka predmetlərinə yönəldilməsi ilə bağlı bildirişlərin reyestrdə qeydə alınması üçün 41,42 manat dövlət rüsumu və 21,30 manat xidmət haqqının, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilən 30,4 manat məbləğində dövlət rüsumunun ilkin iddia üzrə Cavabdeh1ndən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, tələb həmin hissədə də təmin olunaraq, cavabdehdən tutmanın ipoteka predmetlərinə yönəldilməsi ilə bağlı bildirişlərin reyestrdə qeydə alınması üçün 41,42 manat dövlət rüsumu və 21,30 manat xidmət haqqı və 30,4 manat dövlət rüsumu Cavabdeh1ndən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı xx.xx.2016-cı il tarixli, 022/16 saylı ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə ona məxsus ünvan 1, 107 nömrəli mənzilin girovdan azad edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə qeyd edir ki, sözügedən mənzil “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, 022/16 saylı ipoteka müqaviləsinə əsasən ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. “İpoteka haqqında” Qanunun 48-ci maddəsinə əsasən ipotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Göründüyü kimi, qanunvericilikdə ipotekaya xitam verilməsi halları konkret olaraq göstərilmişdir. Hazırkı iş üzrə “İpoteka haqqında” Qanunun 48-ci maddəsində qeyd olunan hər hansı bir halın mövcud olması öz təsdiqini tapmadığından məhkəmə qarşılıqlı iddianı əsassız sayır və belə qənaətə gəlir ki, qarşılıqlı iddia rədd olunmalıdır. Qarşılıqlı iddia ərizəsi rədd olunduğundan ərizəsinin verilməsi üçün ödənilən dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh1ndən 156892,30 manat (yüz əlli altı min səkkiz yüz doxsan iki manat otuz qəpik) əsas borc, kredit müddəti bitdikdən sonrakı vaxt üçün hesablanmış 10929,80 manat (on min doqquz yüz iyirmi doqquz manat səksən qəpik) məbləğində faiz borcu, 2000 manat (iki min manat) cərimə, tutmanın ipoteka predmetlərinə yönəldilməsi ilə bağlı bildirişlərin reyestrdə qeydə alınması üçün 41,42 manat (qırx bir manat qırx iki qəpik) dövlət rüsumu, 21,30 manat (iyirmi bir manat otuz qəpik) xidmət haqqı və 30,4 manat (otuz manat qırx qəpik) dövlət rüsumu olmaqla, cəmi 169915,22 manat (yüz altmış doqquz min doqquz yüz on beş manat iyirmi iki qəpik) məbləğində pul “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma Cavabdeh3 məxsus ünvan 1, mənzil 107 ünvanında yerləşən, ümumi sahəsi 108,4 m2 olan 3 otaqlı 107 saylı mənzilə və Cavabdeh2 məxsus ünvan 3, mənzil 11 ünvanında yerləşən, ümumi sahəsi 148.95 m2 olan, 4 otaqlı 11 saylı mənzilə yönəldilsin. Həmin əmlaklar açıq hərracda satılsın. Əmlakın satışından əldə olunmuş vəsait hesabına “xxxx” Açıq Səhmdar Cəmiyyətinnə olan borc ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda həmin məbləğ müvafiq olaraq ilkin iddia üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qaytarılsın. Cavabdeh3 məxsus ünvan 1, mənzil 107 ünvanında yerləşən, ümumi sahəsi 108,4 m2 olan 3 otaqlı 107 saylı mənzilin ilkin satış qiyməti 211000 (iki yüz on bir min) manat və Cavabdeh2 məxsus ünvan 3, mənzil 11 ünvanında yerləşən, ümumi sahəsi 148.95 m2 olan, 4 otaqlı 11 saylı mənzilin ilkin satış qiyməti 300000 (üç yüz min) manat məbləğində müəyyən edilsin. Göstərilən mənzillər satıldıqda Cavabdeh3 və Cavabdeh2 müvafiq olaraq həmin mənzillərdən istifadə hüquqlarına xitam verilsin və mənzillər boşaldılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul Cavabdeh1ndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 400 (dörd yüz) manat pul Cavabdeh1ndən tutularaq “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ68İBAZ**********7981193205, “xxxx” ASC, VÖEN: **********, müxbir hesab: AZ03NABZ013501**********2944, kod: 805711, SWİFT: İBAZAZ2X) köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-147/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-147/2021
15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver