Məhkəmə qərarları › İş №e-2-2(113)-147/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-147/2023

02.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-147/2023 02.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı cavabdehdən 2 fevral 2018-ci il tarixli, RB/FS-3938 saylı müqaviləsi və kredit müqaviləsinə xx.xx.2019-cu il tarixli Əlavə Razılaşma üzrə əsas borcuna görə 1973124,35 manat, faiz borcuna görə 541794,42 manat, dəbbə borcuna görə 394900 manat, cəmi 2909818,77 manat məbləğində pulun, ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 400 manat və 1833,95 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 2 fevral 2018-ci il tarixli, RB/FS-3938 saylı kredit müqaviləsi və kredit müqaviləsinə xx.xx.2019-cu il tarixli Əlavə Razılaşma üzrə əsas borca görə 1973124,35 manat, faiz borcuna görə 519870,82 manat, dəbbə borcuna görə 394900 manat, cəmi 2887895,17 manat məbləğində pulun, ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 400 manat və 1833,95 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2 Fevral 2018-ci il tarixli, RB/FS-3938 saylı müqaviləsi və kredit müqaviləsinə xx.xx.2019-cu il tarixli Əlavə Razılaşma üzrə əsas borcuna görə 1973124,35 manat, faiz borcuna görə 541794,42 manat, dəbbə borcuna görə 394900 manat, cəmi 2909818,77 manat məbləğində pulun, ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 400 manat və 1833,95 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2 fevral 2018-ci il tarixli, RB/FS-3938 saylı kredit müqaviləsinə əsasən illik 5 % faiz dərəcəsi olmaqla 12 ay müddətinə ******* manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1.; 2.3.; 2.4 bəndləri). Daha sonra tərəflər arasında bağlanılmış xx.xx.2018-ci il tarixli RB/FS3938 saylı Kredit müqaviləsinə xx.xx.2019-cu il tarixli Əlavə Razılaşmaya əsasən müqavilənin müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. 2 fevral 2018-ci il tarixli, RB/FS-3938 saylı kredit müqaviləsinin və kredit müqaviləsinə xx.xx.2019-cu il tarixli Əlavə Razılaşmanın şərtlərinə görə cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 2 fevral 2018-ci il tarixli, RB/FS-3938 saylı kredit müqaviləsinə və kredit müqaviləsinə xx.xx.2019-cu il tarixli Əlavə Razılaşmaya görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 2-dən gec olmayaraq hər ay 169031,98 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən cavabdehin 2 fevral 2018-ci il tarixli, RB/FS- 3938 saylı kredit müqaviləsi və kredit müqaviləsinə xx.xx.2019-cu iltarixli Əlavə Razılaşma üzrə borcunun məbləği əsas borcuna görə 1973124,35 manat, faiz borcuna görə 541794,42 manat, dəbbə borcuna görə 394900 manat, cəmi 2909818,77 manat təşkil edir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinin və iddia tələbinin həcminin artırılması barədə ərizənin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, cavabdeh kredit götürmüş və bir müddət sonra krediti ödəyə bilməmişdir. İddianı əsas borc hissəsinə və faiz hissələrinə etiraz edir. Sonda cavabdehin nümayəndəsi və vəkili iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış 02 fevral 2018-ci il tarixli, RB/FS-3938 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə illik 5 % faiz dərəcəsi olmaqla 12 ay müddətinə ******* manat kredit vermişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli RB/FS3938 saylı Kredit müqaviləsinə xx.xx.2019-cu il tarixli Əlavə Razılaşmadan görünür ki, 22 fevral 2018ci il tarixli, RB/FS-3938 saylı kredit müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. xx.xx.2022-ci il tarixli RB-02/PK-6304 saylı Maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 22 fevral 2018-ci il tarixli, RB/FS-3938 saylı kredit müqaviləsi üzrə olan borcu, əsas borca görə 1973124,35 manat, faiz borcuna görə 541794,42 manat, dəbbə borcuna görə 394900 manat, cəmi 2909818,77 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/7874 saylı ekspert rəyi ilə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, 02 fevral 2018-ci il tarixli, RB/FS-3938 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh banka olan borcu xx.xx.2022-ci il tarixə (arayışda qeyd edilən tarixinə) əsas borc üzrə 1973947,06 manat, faiz borcu üzrə 447.976,32 manat müəyyən olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 02 fevral 2018-ci il tarixli, RB/FS-3938 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdehə illik 5 % faiz dərəcəsi olmaqla 12 ay müddətinə ******* manat kredit vermişdir. Sonra iddiaçı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixli RB/FS3938 saylı Kredit müqaviləsinə xx.xx.2019-cu il tarixli Əlavə Razılaşma bağlanmış və razılaşmaya əsasən 22 fevral 2018-ci il tarixli, RB/FS-3938 saylı kredit müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. Bank tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə baxmayaraq, cavabdeh keçən müddət ərzində öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunun qaytarılmasını təmin etməmişdir. Bu barədə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq borcun ödənilməsindən yayınmışdır. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də borc (kredit) müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. İddiaçı cavabdeh X1 borc pul verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan borc müqaviləsinə istinad edir. Məhkəmə tədqiqatı zamanı cavabdehin iddiaçıya olan 02 fevral 2018-ci il tarixli, RB/FS-3938 saylı kredit müqaviləsi üzrə 1973124,35 manat məbləğində əsas kredit borcu iş materialları və ekspert rəyi ilə təsdiq olunduğundan həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Əsas borcla bağlı məhkəmə əlavə olaraq qeyd edir ki, ekspert rəyi ilə əsas borcun məbləği iddiada tələb olunan məbləğdən artıq müəyyən olunsa da, verilmiş tələblər üzrə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan iddiaçı ilə cavabdeh arasında bağlanmış krеdit müqaviləsinə əsasən cavabdeh kredit məbləğinə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Faiz borcunun məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixə 519870,82 manat faiz borcu hesablandığı halda (xx.xx.2022-ci il tarixli maliyyə arayışı), Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/7874 saylı ekspert rəyi ilə həmin tarixə faiz borcu 447976,32 manat müəyyən edilmişdir. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında tədqiq olunan ekspert rəyinə və işin materiallarında olan sənədlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixə iddiaçı tərəfindən hesablanmış məbləğdən ekspert rəyi ilə müəyyən edilən məbləğ çıxılmaqla, qalan məbləğ iddiaçının son olaraq tələb etdiyi faiz məbləğindən çıxılmaqla, iddia, faiz borcu hissəsində qalan 469899,92 manat məbləğində qismən (519870,82 - 447976,32 = 71894,5 - 541794,42 = 469899,92 manat) təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış krеdit verilməsindən irəli gəlir. Belə ki, müqavilənin 4.3-cü bəndinə əsasən cavabdeh ödənişin vaxtında aparılmamasına görə cərimə ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə hesab edir ki, tələb olunan dəbbə pulu məbləği yaranmış borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 90000 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iş üzrə dövlət rüsumunun məbləği 2233,95 manat təşkil edir. İddiaçı tərəfindən mediasiya xərcinə görə 400 manat və dövlət rüsumuna görə 1833,95 ödənilmişdir. İş üzrə dövlət rüsumu məbləğinin 2233,95 manat olmasını və iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 87,05 faizini təşkil etdiyini nəzərə aldıqda, dövlət rüsumu məbləğinin iddianın təmin edilmiş hissəsinə uyğun olaraq iddiaçıya aid edilməli məbləğ 289,3 manat təşkil edir. Buna görə də ödənilmiş mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 1833,95 manat məbləğində dövlət rüsumu xərcindən iddiaçıya aid edilməli 289,3 manat məbləğ çıxılmaqla dövlət rüsumuna görə 1544,65 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, 02 fevral 2018-ci il tarixli, RB/FS-3938 saylı müqaviləsi və kredit müqaviləsinə xx.xx.2019-cu il tarixli Əlavə Razılaşma üzrə əsas borca görə 1973124,35 manat, faiz borcuna görə 469899,92 manat, dəbbə borcuna görə 90000 manat, cəmi 2.533.024,27 manat məbləğində pul, ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 400 manat və dövlət rüsumuna görə 1544,65 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 150 manat məbləğində ekspertiza xərclərinin 130,57 manat məbləği cavabdehdən, 19,43 manat məbləği isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 02 fevral 2018-ci il tarixli, RB/FS-3938 saylı müqaviləsi və kredit müqaviləsinə xx.xx.2019-cu il tarixli Əlavə Razılaşma üzrə əsas borca görə 1973124,35 manat, faiz borcuna görə 469899,92 manat, dəbbə borcuna görə 90000 manat, cəmi 2.533.024,27 manat məbləğində pul, ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 400 manat və dövlət rüsumuna görə 1544,65 manat Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş məhkəm ekspertiza tədqiqatlarının dəyəri 150 manat məbləğində ekspertiza xərclərinin 130,57 manat məbləği Cavabdeh, 19,43 manat məbləği isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X3, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar