Məhkəmə qərarları › İş №e-2-2(113)-1471/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1471/2020

03.12.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1471/2020 03.12.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh “Cavabdeh2 İB-yə qarşı “qaz sərfiyyatına dair yaranmış borc məbləğinin silinməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər “Cavabdeh2 İB və Mənzil İnşaat Dövlət Agentliyinə qarşı “İstifadə hüquqlarının bərpası, qaz sərfiyyatına dair yaranmış borc məbləğinin silinməsi, dəymiş maddi zərər və ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, “istifadəçi hüquqlarının pozulmasını nəzərə almaqla İddiaçı MMC olaraq istifadə edilən qaz sərfiyyatına dair yaranmış 27891,40 manat borc məbləğinin cəmiyyətə aid edilməməsi, cəmiyyətin inzibati ərazisindən 4 km kənarda yerləşən yeraltı qaz borusunun kəsilməsi ilə dəymiş ziyan və zərərin əvəzi olaraq 6065,80 manatın cəmiyyətə ödənilməsi, kəsilmiş qaz borusunun tapılması, yenidən bərpa olunması istiqamətində “xxxx” QSC-yə ödənilmiş olan 1298 manat və zədələnmiş borunun bərpasına dair fiziki şəxs X2 ödənilmiş 450 manat, cəmi 7813.80 manat xərclərin əvəzinin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (abonent kodu: **********00110) ilə Cavabdeh2 İ.B. arasında qaz alqı-satqısı barədə müqavilə bağlanılmışdır. Müqavilə bağlandığı tarixdən bu günə kimi iddiaçı tərəfindən qaz təchizatından irəli gələn ödənişlərlə bağlı heç bir narazılıqlar yaranmamış və Cavabdeh2 İB tərəfindən müəssisəyə qaz təchizatı ilə bağlı aylıq ortalama qaz sərfiyyatına dair kəsdiyi qaimə əsasında ödənişlər iddiaçı tərəfindən həyata keçirilmişdir. Lakin, son bir neçə ayda onlara kəsilmiş qaimələrdəki məbləğlərin sərfiyyata uyğun olmadığı və aşırı dərəcədə artıq olması iddiaçıda bir çox narahatlıqlar yaratmışdır. Bu səbəbdən “xxxx” QSC ilə Cəmiyyətin istifadəsində olan qaz xəttində sızmaların olub olmaması faktının müəyyən edilməsi üçün xx.xx.2020-ci il tarixdə müqavilə bağlanılmışdır. Müqavilə əsasında “xxxx” QSC-yi, Cəmiyyətin inzibati ərazisindən 4 km kənarda yerləşən yeraltı qaz borusunun kəsilməsi, qaz çəkilişi qaydalarına və təlimatlarına uyğun olmadan yumşaq tərkibli rezin materiallardan (rezin su borusu ilə) istifadə etməklə birləşdirilməsi faktını müəyyən etmişdir. Araşdırmalar zamanı əlavə olaraq müəyyən olundu ki, kəsilmiş qaz borusunun aşağı hissəsindən torpaq daxili yüksək cərəyanlı elektrik naqilləri çəkilmişdir. İddiaçıda olan məlumata əsasən adı çəkilən ərazidə elektrik naqillərinin çəkilməsi işlərini “Azərbaycan Respublikası Mənzil İnşaat Dövlət Agentliyi” (Cavabdeh1) həyata keçirilmişdir. Bu faktla bağlı sızma olan ərazidə akt tərtib olunaraq sübutlar götürülmüşdür. Yaranmış qaz sızmasının qarşısının alınması və həmin hissənin qaz çəkilişi qaydalarına və təlimatlarına uyğun olması üçün “xxxx” QSC ilə əlavə müqavilə bağlanmışdır. Bundan sonra “xxxx” QSC sözügedən ərazidə sızma ilə bağlı təmir-bərpa işlərini həyata keçirərək istifadəçiyə yəni iddiaçıya təhvil vermişdir. Hal-hazırda qaz sərfiyyatı daha öncəki aylarda olduğu kimi bərpa edilmişdir. Qeyd olunanlardan belə nəticəyə gəlmək olur ki, son aylarla bağlı qaz sərfiyatı Cəmiyyətimiz tərəfindən istifadə edilməmiş, bizə kəsilmiş qaimələrdə qeyd olunan məbləğlər qəzalı yerdə baş vermiş qaz sızmasının nəticəsidir. Bundan başqa 2019-cu ilin orta aylarından başlayaraq Cavabdeh2 iddiaçıya kəsdiyi qaimələrdən də görünür ki, qaz sərfiyyatı 472.61 manat və 1084.80 manat arası dəyişir. Qeyd olunanlarla bağlı Cavabdeh2nə və Mənzil İnşaat Dövlət Agentliyinə dəfələrlə rəsmi və şifahi müraciət edilməsinə baxmayaraq istifadəçi hüquqlarının bərpası və dəymiş maddi ziyanla bağlı heç bir tədbirlər görülməmişdir. Yuxarıda qeyd olunanlardan da görünür ki, bu istiqamətdə İddiaçı MMC-nin qaz sərfiyyatında istifadəçi kimi heç bir pozuntusu olmamışdır. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, Mənzil İnşaat Dövlət Agentliyinin cavabdehlər sırasından çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək, bildirdi ki, “Cavabdeh2 İB qazın satışı və dəyərinə görə məsuliyyət daşıyır. Qaz sayğacından keçən qazın həcmi tam dəqiq qeydə alınıb və bu barədə istehlakçıya məlumat verilib. Dəymiş zərər də isə Cavabdeh2 İB-nin ümumiyyətlə təqsiri yoxdur. Qaz kəməri iddiaçının balansındadır və ona nəzarətə görə hüquqi şəxs özü məsuliyyət daşımalı idi. Qeyd edilənlərə əsasən, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Cavabdeh2 (Paylayıcı) ilə İddiaçı MMC (İstehlakçı) arasında bağlanmış xx.xx.2019-cu il tarixli AMX-3056/19 saylı “Qaz paylayıcıları ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin təsdiq olunmuş surətindən görünür ki, Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən bu Müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 (bir) m3 üçün 0,20 manat məbləğində müəyyən edilir. Həmin müqavilənin 3.4-cü maddəsinə əsasən hesab İstehlakçıya Paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən bu müqavilə hər iki tərəfdən imzalandığı andan qüvvəyə minir və tərəflər üçün məcburidir. Podratçı “xxxx” QSC və sifarişçi İddiaçı MMC arasında bağlanmış 3-013/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qaz xəttinə texniki baxış keçirilməsinə dair podrat müqaviləsindən görünür ki, podratçı bu müqaviləyə müvafiq olaraq sifarişçi tərəfindən ediləcək ödənişlərin müqabilində qiymət cədvəlində təsvir sifarişçiyə məxsus yeraltı və yerüstü daşıyıcı qaz kəmərlərinə texniki baxışın keçirilməsini öz üzərinə götürür. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən “xxxx” QSC-yə xx.xx.2020-ci il tarixli müqvailəyə əsasən, 1100 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Hövsan qaz paylama məntəqəsindən İddiaçı MMC-yə gələn diametri 110 mm olan yer altı politelin qaz xəttində işlərin görülməsinə görə İddiaçı MMCnin kassasından X2 450 manat ödənilmişdir. “xxxx” QSC-nin Qaz təsərrüfatında həyata keçirilən texniki baxışın nəticələrinə dair 000026 nömrəli xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Hövsan qəsəbəsində sifarişçi İddiaçı MMC-yə məxsus yeraltı və yerüstü qaz xətlərində aşkar olunmuş qaz sızmaları sifarişçi tərəfindən aradan qaldırılmışdır. - İddiaçı MMC-nin (abonent kodu:**********00110) saldosundan görünür ki, abonentə 2020-ci ilin fevral ayı üçün 27891,40 manat borc yazılmışdır. - Cavabdeh2 İB tərəfindən İddiaçı MMC-yə ünvanlanan xx.xx.2020-ci il tarixli 56 nömrəli hesab fakturadan görünür ki, fevral 2020-ci il tarix üçün 27891,40 manat məbləğində pulun ödənilməsi tələb edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Cavabdeh2 (Paylayıcı) ilə İddiaçı MMC (İstehlakçı) arasında “Qaz paylayıcıları ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı müəyyən edilmiş şərtlərə uyğun olaraq cavabdehi keyfiyyətli qazla təmin etməyi, cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq iddiaçı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Hər iki tərəf öz öhdəliyini yerinə yetirmişdir. Lakin 2020-ci ilin fevral ayı üçün istehlakçıya təbii qazdan istifadəyə görə 27891,40 manat borc hesablanmışdır. Bununla razılaşmayan İddiaçı MMC “xxxx” QSC ilə müqavilə bağlamış və müqavilə əsasında “xxxx” QSC iddiaçının qaz xətlərinə baxış keçirmişdir. “xxxx” QSC-nin Qaz təsərrüfatında həyata keçirilən texniki baxışın nəticələrinə dair 000026 nömrəli xx.xx.2020-ci il tarixli aktı ilə isə Hövsan qəsəbəsində sifarişçi İddiaçı MMC-yə məxsus yeraltı və yerüstü qaz xətlərində qaz sızmalarının aşkar olunduğu və həmin qaz sızmalarının sifarişçi tərəfindən aradan qaldırıldığı qeyd olunmuşdur. Hazırki iddia tələbində iddiaçı 27891,40 manat borcun abonent hesabından silinməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Məhkəmə qeyd edir ki, abonentin saldosundan görünür ki, istehlakçı tərəfindən 2019-cu ilin üçün cəmi qaz sərfiyyatının məbləği 25441,20 manat təşkil etmişdir ki, bununla da orta aylıq sərfiyyatın təxmini 2000 manat olması müəyyənləşir. Həmçinin qaz xəttindən sızmalar aradan qaldırıldıqdan sonra sərfiyyat məbləği mart ayı üçün 908,20 manata enmişdir. Yəni 27891,40 manat borcun yaranma əsası istehlakçının istifadəsi deyildir. Orta aylıq sərfiyyat 2000 manat qəbul edildiyi halda, abonentə 25891,40 manat borcun əsassız hesablandığı müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə belə nəticəyə gəlir ki, abonentə artıq hesablanmış 25891,40 manat borc əsassızdır və iddiaçıdan tələb edilməməlidir. Məhkəmə iddia tələbinin cəmi 7813.80 manat zərərin əvəzinin cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq qeyd edir ki, Cavabdeh2 İB-nin hər hansı birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd hərəkət və ya hərəkətsizliyi müəyyən edilmədiyindən zərərin əvəzinin ödənilməsi üçün hər hansı öhdəlik daşımır. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 İB tərəfindən İddiaçı MMC-nin adına olan abunə hesabına əsassız hesablanmış 25891,40 (iyirmi beş min səkkiz yüz doxsan bir manat qırx qəpik) manat məbləğində borc abunə hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 İB tərəfindən İddiaçı MMC-nin adına olan abunə hesabına əsassız hesablanmış 25891,40 (iyirmi beş min səkkiz yüz doxsan bir manat qırx qəpik) manat məbləğində borc abunə hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar