Məhkəmə qərarları › İş №e-2-2(113)-1471/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1471/2025

01.12.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1471/2025 01.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: qaz borcunun silinməsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsinin iştirakı olmadan, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdehnə qarşı “190.967 manat məbləğində borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçılar İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçı"xxxx" MMC-yə məxsus Şirvan MQKS, İmişli, M.Əzizbəyov, Bina:0050, Mənzil: 0034 (Abonent kodu: **********00034) ünvanında yerləşən istixanaya görə hesablanmış 190967 (yüz doxsan min doqquz yüz altmış yeddi) manat pul məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Azəriqaz abonentidir (abonent kodu: **********00034) və sayğac göstəricilərinə uyğun olaraq daimi istifadə etdiyi qaza görə ödənişlər həyata keçirir. Cavabdeh İB tərəfindən Baxus MMC-yə məxsus müəssisədə xx.xx.2023-cü il tarixdən bu günədək istifadə olunan qazın hesabatı G-650 markalı 83045283 nömrəli qaz sayğacı vasitəsilə aparılmışdır. Müəssisə fəaliyyətə başladığı müddətdən 2021-ci ilin yanvar ayınadək, Salyan RQİİ-nin ərazisində fəaliyyət göstərən bütün iri həcmli müəssisələr kimiaylar üzrə istifadə olunan qazın həcmi orta hesabla 1,60- 1,70 əmsalla nəzərə alınmış, yəni sayğacın mexaniki hissəsindən keçən qaz həcmi 1,60-1,70 aralıqda əmsala vurularaq elektron hissədə qeydə alınmışdır. Bu da qaz xəttində təxminən 0,6-0,7 atmosfer təzyiq olduğu deməkdir. Lakin, müəssisədə hərhansı bir güc artımı, müəssənin həcmi, istifadə olan cihazlarla bağlı dəyişiklik olmadığı halda qaz sayğacı birdən-birə sərfiyyatı 2,0-4,9 əmsalla hesablamağa başlamışdır. Qaz sayğacının 2,0-4,9 əmsalla hesabat apardığı illərdə qaz xəttində təzyiq 0.7 atmosfer təzyiq olsaydı belə, 2021-ci il yanvar ayı üçün 15949 m3 (həmin dövrdə faktiki hesablanıb 24640 m3), 2021-ci il noyar ayı üçün 67457 m3 (həmin dövrdə faktiki hesablanıb 84478 m3), 2021-ci il dekabr ayı üçün 52601 m3 (həmin dövrdə faktiki hesablanıb 79488 m3), 2022-ci il yanvar ayı üçün 59588 m3 (həmin dövrdə faktiki hesablanıb 82736 m3), 2022-ci il fevralayı üçün 36296 m3 (həmin dövrdə faktiki hesablanıb 42063 m3), 2022-ci il mart ayı üçün 45201 m3 (həmin dövrdə faktiki hesablanıb 56393 m3), 2022-ci il noyabr ayı üçün 124319 m3 (həmin dövrdə faktiki hesablanıb 158481 m3), 2023-cü ilmart ayı üçün 42304 m3 (həmin dövrdə faktiki hesablanıb 69354 m3), 2023-cü il noyabr ayı üçün 166503 m3 (həmin dövrdə faktiki hesablanıb 236581 m3), 2023-cü il dekabr ayı üçün 377483 m3 (həmin dövrdə faktiki hesablanıb 517798 m3), 2024-cü il yanvar ayı üçün 139461 m3 (həmin dövrdə faktiki hesablanıb 401752 m3), 2024-cü il mart ayı üçün 76505 m3 (həmin dövrdə faktiki hesablanıb 115802 m3), 2024-cü il noyabr ayı üçün 45864 m3 (həmin dövrdə faktiki hesablanıb 79489 m3) hesabat aparılmalı idi. Qeyd edim ki, biz hesablamanı faktiki qaz xəttində olan təzyiqə (0.7 atmosfer) əsasən aparmışıq. Beləliklə ümumilikdə məntiqlə qaz sayğacı qeyd olunan dövr ərzində təxminən 1,249,531 kub, yəni 274896 manat hesabat aparmalı olduğu halda 428792 manat (153896 manat çox) hesabat aparmışdır. Bundan başqa qeyd olunan tarixlərdə (09/2022, 12/2022, 01/2023, 02/2023, 03/2023) ümumilikdə 37071 manat 32 qəpik dəyərində heç bir əsası olmadan Cavabdeh İB tərəfindən əlavə qaz həcmləri qanunsuzşəkildə hesaba işlənmişdir. Məhkəmənin diqqətinə çatdırırıq ki, Baxus MMC-yə məxsus müəssisədə sənaye tipli elektron qaz sayğacı vasitəsilə qazdan istifadə olunmuşdur. Sənaye tipli elektron qaz sayğacları iki hissədə ibarət olur; mexaniki və elektron hissələr. Mexaniki hissədən keçən qazın sərfi impuls ötürücü vasitəsilə elektron hissəyə ötürülür. Qaz sayğacının korrektoru avtomatik olaraq sayğaca verilən qazın təzyiq və temperaturunu ölçür və standartın tələblərinə əsasən korrektorda mexaniki hissədən keçən qazın həcminə temperatur (+-16o selsi) və təzyiqə görə korreksiya əmsalı tətbiq olunur. Məsələn xəttdə 0,6 atmosfer təzyiq olarsa, sayğac (temperatur fərqindən asılı olaraq) mexaniki hissədən keçən qazı təxminən 1,6 əmsala vuracaq. Qeyd olunanlardan müəyyən olunur ki, Cavabdeh İB tərəfindən 2021-ci ildən 2024-cü ilin noyabr ayınadək Baxus MMC-yə məxsus müəssisəyə **********00034 nömrəli abonent kodu üzrə 190967 manat məbləğində əsassız qaz sərfiyyatı hesablanmışdır. Cavabdeh İB-nin nümayəndələri müəssisədə quraşdırılan qaz sayağacının qaz sərfiyyatını artıq qeydə almasını bildikləri halda bizə heç bir məlumat verməmişdir. Çünki sayğacın artıq sərfiyyat hesablamasıCavabdeh İB-nin maraqlarına xidmət göstərir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (qida məhsulları barəsində isə; həm də qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, tərkibindəki allergenlər, mənşəyi), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Lakin Cavabdeh İB mənim istehlakçı hüquqlarımı pozaraq müəssisədə quraşdırılan qaz sayağacının qaz sərfiyyatını artıq qeydə alması barədə mənə məlumat verməmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını,alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qazsayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.. Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü,əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimalsaatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-cimaddəsinə uyğun olaraq həyata keçirilir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndələri iddia tələbinə etiraz edərək rədd edilməsini xahiş etdilər. Əlavə olaraq bildirdilər ki, Cavabdeh İB-də Şirvan Kommersiya Məhkəməsində hazırkı iş üzrə iddiaçıya qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Və İddiaçı MMC vəd vermişdir ki, borcu ödəyəcək, həmin iddia baxılmamış saxlanıldı, lakin iddiaçı tərəf onları aldatmış və ödəniş etməmişdir. 30 iyun 2024-cü il tarixində 266212,14 manat borcun olması ilə bağlı üzləşmə aktı imzalanmışdır. Hazırki iddia ərizəsi əsassızdır. Formal xarakter daşıyır. Qarşı tərəf 2021-ci il tarixindən borcla bağlı heç bir irad bildirməmişdir.

4. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir.

5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. 13.12.2022-ci il tarixli, AMX-4604/22 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilədən görünür ki, cavabdeh, iddiaçını keyfiyyətli qazla təmin etməyi, iddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq cavabdehin hesabına ödəməyi öhdələrinə götürmüşlər.

8. Cavabdeh ilə İddiaçı MMC arasında bağlanan debitor borcun ödənilməsi haqqında 20 noyabr 2023-cü il tarixli razılaşma protokoluna əsasən:

9. 1.1-ci bəndinə əsasən təbii qazdan istifadəyə görə Cavabdehnə xx.xx.2023-cü il tarixinə 121084.60 manat məbləğində debitor borcunun olmasını qəbul edir;

10. 1.2-ci bəndinə əsasən həmin borcdan ilkin olaraq 40000.00 manat ödəniş edildi, qalan 81084.60 manat borcu xx.xx.2023-cü il tarixinə 27028.00 manat, 19.01,2024-cü il tarixinə 27028.00 manat və xx.xx.2024-cü il tarixinə 27028.60 manat “Azəriqaz" İstehsalat Birliyinə ödəməyi öhdəsinə götürür;

11. 1.3-cü bəndinə əsasən bu Razılaşma Protokolunun 1 2-ci bəndində göstərilən məbləğdən əlavə olaraq hər ay ərzində carı istifadə olunmuş təbii qaza görə yaranmış borcu "Qazdan istifadə Qaydalarç”nın 5.5-ci və qazın alqı-satqısı müqaviləsinin 3.4-cü bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürür;

12. 1.4-cü bəndinə əsasən hər ay hesab faktura təqdim edildikdən sonra bu Razılaşma Protokolunun 1 2-ci və 1.3-cü yarımbəndlərinin tələblərinə uyğun olaraq götürdüyü öhdəlikləri icra və ya vaxtında icra etmədiyi təqdirdə təbii qazın verilməsinin dayandırılmasını qəbul edir və bununla bağlı Cavabdehnə qarşı heç bir tələb irəli sürməyəcəyini bildirir.

13. 2-ci bəndinə əsasən bu Razılaşma Protokolu üzrə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.

14. 3-cü bəndinə əsasən "İstehlakçı" bu Razılaşma Protokolu üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə “Azəriqaz" İstehsalat Birliyi borcun tələb edilməsi üçün məhkəməyə müraciət etmək hüququnu öz üzərində saxlayır.

15. Abonentin saldosundan görünür ki, 2016-ci ildən 2024-cü ilədək olan borc ümumilikdə sayğac oxunması üzrə 768052,58 manat, aktlar üzrə 94251,52 manat olmaqla, ümumi ödəmələr üzrə 543726,52 manat ödəniş çıxıldıqdan sonra cavabdehin iddiaçıya olan borcu 318577,58 manat təşkil edir.

16. Tərəflər arasında 31 dekabr 2022-ci ilə qalıq borc 68591,86 manat, 31 mart 2023-cü il tarixinə qalıq borc 131084,60 manat, 30 iyun 2023-cü il tarixə qalıq borc 131084,60 manat, 30 sentyabr 2023-cü il tarixinə qalıq borc 121084,60 manat, 31 dekabr 2023-cü il tarixə qalıq borc 219047,98 manat, 30 iyun 2024-cü il tarixinə qalıq borc 266212,14 manat olması barədə Qarşılıqlı hesablaşmalar haqqında üzləşmə Aktları imzalanmışdır. Aktlar hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.

17. Qarşılıqlı hesablaşmalar haqqında üzləşmə Aktına əsasən İddiaçı MMC Cavabdehnə 2024-cü ilə qalıq borcunun 266212,14 manat olduğu müəyyən edilmidir.

18. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir.

19. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın:

25. - 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

26. - 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

27. “Qaz təchizatı haqqında” Qanunun:

28. 1-ci maddəsində müəyyən edilmişdir ki, istehlakçı – alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir.

29. 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir.

30. 13-cü maddəsinin 6-cı bəndinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər.

31. 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

32. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. Hazırda iddiaçı iddia ərizəsi ilə əsassız hesablanmış borcun silinməsini tələb etmişdir. Lakin, əvvəla məhkəmə qeyd edir ki, iddiaçı tərəf bir dəfə də olsun nə hazırlıq iclasında, nə də ki, baxış iclasında iştirak etməmişdir, yalnız hər iclas qabağı ya iclasın təxirə salınması, ya da işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə ərizələr ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəf isə məhkəmədə iştirak edərək iddianın əsassız olmasına dair çoxsaylı sübutlarını (abonent saldosu, hesab fakturalar, tərəflər arasında hər il üzrə imzalanmış borcların qarşılıqlı üzləşmə aktları, borcun hissə-hissə ödənişinə dair razılaşma protokolu və s.) təqdim etmişdir.

33. Belə olan halda, məhkəmə, iddiaçı tərəfindən mübahisələndirilən borcun əsassız olmasına, qaz sayğacının artıq əmsalla hesablamasına dair hər-hansı sübutun məhkəməyə təqdim edilməməsi, həmçinin heç bir məhkəmə iclasında iştirak etməməklə, öz iddialarına etinasızlıq nümayiş etdirərək iddianın formal olaraq (sadəcə kəsilmiş qazın müvəqqəti təminat tədbiri ilə uzun müddətli bərpa olunması məqsədi ilə) məhkəməyə verildiyi və əsassız olduğu qənayətinə gəlir.

34. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia tələbi əsassız olduğu üçün təmin edilə bilməz.

35. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 481 manat dövlət rüsumu ödənilmişdir.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

37. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

38. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar